• cümə, 26 Aprel, 09:48
  • Baku Bakı 12°C

Azərbaycan hökumətinin monolitliyi göz qabağındadır

20.05.14 08:36 1386
Azərbaycan hökumətinin monolitliyi göz qabağındadır
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın AzadlıqRadiosunun “İşdən Sonra” proqramına müsahibəsində ölkədaxili proseslər barəsində bildirdiyi fikirlər müəyyən suallar doğurub.
Belə ki, səfir Azərbaycanda demokratiyanın vəziyyəti, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti barədə qeyri-obyektiv mövqe sərgiləyib.
Həmçinin səfir bir qədər də irəli gedərək Azərbaycan hakimiyyətində guya Qərbyönümlü inkişafın, Qərblə isti münasibətlərin əleyhdarlarının olduğunu iddia edib və bu mənada hakimiyyətin monolit olmadığını bildirib: “Mən "Qərbyönümlü qrup hədəfdədir" kimi ifadələri işlətməyi sevmirəm. Amma düşündüyüm budur ki, hökumət monolit deyil. Hökumətdə elələri var ki, ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurmaq istəyir, ona görə də Qərb təşkilatlarının işini çətinləşdirmək, yaxud Birləşmiş Ştatları, Avropanı nədəsə günahlandırmağa çalışırlar».
Səfirin açıqlamalarından göründüyü kimi, o, öz səlahiyyət həddini aşıb və digər dövlətin daxili işlərinə kobud müdaxilə edib. İstənilən ölkənin, xüsusilə də ABŞ kimi özünü demokratiyanın qızğın tərəfdarı, dövlətlərin müstəqilliyinin dəstəkçisi hesab edən bir dövlətin təmsilçisinin bu cür fikirlər səsləndirməsi təəssüf doğurur. Bu hal diplomatik fəaliyyəti tənzimləyən beynəlxalq konvensiyaların tələblərinin də kobud şəkildə pozulması deməkdir.
Digər tərəfdən isə Morninqstar kimi regiona, regionda baş verən proseslərə yaxından bələd olan birisinin bu cür fikirlər səsləndirməsi üzücüdür. Xeyli müddətdir ki, ABŞ-ın region siyasətində aparıcı fiqurlardan biri olmuş səfir Azərbaycanın hansı şərtlər altında müstəqilliyini qoruyub saxladığını, hazırkı nailiyyətləri əldə etdiyini görməmiş deyil.
Müasir Azərbaycan hakimiyyətinin ölkəni modernləşdirməsi prosesi Morninqstarın gözü qarşısında baş verir. Bu mənada, ölkədə həm iqtisadi, həm siyasi və həm də humanitar sahədə ciddi islahatların aparılması, Qərbsayağı modernləşmə xəttinin qazandığı uğurlar görməzdən gəlinməməlidir. Əgər bunun əksi baş verirsə, deməli, hörmətli səfir özünün bir peşəkar diplomat kimi imicinə böyük ləkə vurmuş olur.
Çünki Morqninqstara yaxşı məlumdur ki, Azərbaycanın hazırkı iqtidarı monolit bir şəkildə daim Qərbyönümlü strategiyanın tərəfdarı olub. Ölkəmiz həmişə Avropa strukturlarına inteqrasiyaya can atıb. Daim özünü Avropanın, Qərbin bir parçası hesab edib. Hazırkı hakimiyyətin səylərinin nəticəsidir ki, Azərbaycan Qərb dəyərlərinin tərənnümçüsü olan, istənilən siyasi-mədəni-humanitar tədbirdə ölkəmizin iştirakını təmin edir, hətta belə tədbirlərin ölkəmizdə keçirilməsini təmin edir. Məsələn, «Avroviziya» musiqi yarışması, «Avropa oyunları»nın ilk dəfə ölkəmizdə keçirilməsi və s. Azərbaycan hakimiyyətinin Qərbyönümlü inkişaf strategiyasının bariz nəticələridir.
ABŞ səfirinin Azərbaycan hakimiyyətinin monolit olmaması ilə bağlı fikirlərinin kökündən yanlış olduğunu sübut edən faktorlardan biri isə onun Azərbaycanda xarici siyasət xəttinin prezident tərəfindən müəyyənləşdirməsini nəzərə almamasıdır. Belə ki, səfir unudur ki, Azərbaycan prezidentli respublikadır və ölkənin xarici siyasət kursunu da prezident müəyyənləşdirir. Hakimiyyətin digər bütün səviyyələri isə onun icrası ilə məşğuldurlar. Bu isə digər sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də monolit kursun müəyyən olunmasına gətirib çıxarır.
Ümumiyyətlə Azərbaycanın Avropa və Qərblə bağlı mövqeyi daim birmənalı və monolit xarakter daşıyıb. Bunun kökündə isə Azərbaycan xalqının milli maraqları dayanıb. Məsələn, ötən ilin sonlarında Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı üzrə Vilnüs sammiti ərəfəsində Azərbaycan dövlətinin tutduğu monolit mövqe tam milli maraqlara hesablandığını göstərdi. Lakin Ukrayna hakimiyyətinin milli maraqlar çərçivəsində deyil, bu və ya digər güclərin təsiri altında hərəkət etməsi sonda öz acı nəticəsini verdi. Monolit olmayan hakimiyyət, xalq-dövlət tandemi bax, budur. Lakin Azərbaycan dövləti, hakimiyyəti isə əvvəlcədən nümayiş etdirdiyi monolitliyini bu gün də sərgiləməkdədir. Bunun da nəticəsidir ki, öz xalqına arxalanan İlham Əliyev hakimiyyəti postsovet məkanın bütün digər subyektləri ilə müqayisədə daha güclüdür.
Xarici siyasət kursunda Azərbaycan hakimiyyəti daim bir mövqedən - milli maraqlardan çıxış etməkdədir.
Ölkədə demokratiyanın, vətəndaş cəmiyyəti institutlarının vəziyyətinə dair Morninqstarın fikirlərinə gəldikdə isə demək olar ki, səfir bu məsələdə də qeyri-obyektiv fikirlər səsləndirib. Çünki hər kəsin gözü qarşısında baş verən Azərbaycan dövlətinin, hakimiyyətinin ölkədə vətəndaş cəmiyyətinin, demokratik təsisatların inkişafına verdiyi dəstəyi səfir insafsızcasına inkar edib. Əslində isə Azərbaycan dövləti tərəfindən QHT-lərə dövlət dəstəyi Şurası, KİVDF tərəfindən vətəndaş cəmiyyəti institutlarının inkişafına verilən böyük dəstəyin müqabilində bu kimi fikirlər səsləndirmək doğru deyildir.
Həmçinin xarici QHT təmsilçilərinin də ölkəmizdə fəaliyyətinə geniş imkanlar yaradılmasını inkar etmək ədalətsizlik olardı.
Lakin görünür, ABŞ səfiri üçün Azərbaycanda aparılan islahatlar, hakimiyyətin milli maraqlara əsaslanan siyasi xətti önəmli deyil. O, bütün hallarda tənqidi fikirlər söyləməyi qarşısına məqsəd qoyub. Bu məqamda səfirə xatırladılmalıdır ki, Azərbaycan dövləti, hakimiyyəti xalqın milli maraqlarına uyğun olaraq demokratiya yolunda daim öz monolitliyini qoruyub saxlayacaqdır. Yaxşı olardı ki, ABŞ dövləti də öz maraqlarının, prinsiplərinin monolitliyini təmin etsin. Hansısa qüvvələrin, lobbilərin, qısamüddətli maraqların təsirilə, diqtəsilə hərəkət etməsin.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər