• cümə axşamı, 09 may, 01:33
  • Baku Bakı 15°C

Azərbaycan hərbi güc reytinqdə 5 pillə irəlilədi

17.09.18 17:48 1081
Azərbaycan hərbi güc reytinqdə 5 pillə irəlilədi
Bütün müharibələr və münaqişələr dövründə ölkənin ərazi bütövlüyünü qorumaq, düşməni məğlubiyyətə uğratmaq, işğalçı qüvvələrin əməllərinə son qoymaq üçün güclü orduya sahib olmaq əsas şərtdir. Hələ ötən əsrin sonlarından başlanan Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalı bu gün də davam edir. Azərbaycan bu problemin həlli üçün hələlik danışıqlar yolunu seçib. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndirilməsi yolunda ciddi işlər görülür. Ancaq Ermənistan müxtəlif bəhanələrdən istifadə edərək münaqişənin həllinin yubadılmasına çalışır.
Bu gün qürurla deyə bilərik ki, regionun ən qüdrətli ordusu olan Silahlı Qüvvələrimiz qarşıya qoyulan məqsədlər uğrunda hər zaman döyüşə hazırdır. İndiki halda münaqişənin həlli üçün əsas olan döyüş qabiliyyətinin və ruhunun gücləndirilməsidir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu bizim üçün ən başlıca və prioritet məsələ olaraq qalmaqdadır. Görülən bütün işlər də məhz bu prioritet məsələnin əhəmiyyəti nəzərə alınaraq həyata keçirilib. Bu səbəbdən də silahlı qüvvələrin bütün istiqamətlərini əhatə edən islahatlar dövlət başçısının birbaşa rəhbərliyi və tapşırığına əsasən 2018-ci ildə də yüksələn templə davam etdirilib. İslahatların kompleks şəkildə, davamlı həyata keçirilməsi silahlı qüvvələrin aparıcı dövlətlərin orduları səviyyəsinədək yüksəlməsinə imkan verib.
Məhz bunun nəticəsidir ki, Azərbaycan hərbi gücünə görə dünya reytinqində 2017-ci illə müqayisədə 5 pillə irəliləyərək 53-cü mövqedə qərarlaşıb. Bu barədə "Globalfirepower" portalının 2018-ci il üçün hazırladığı siyahıda qeyd olunub. Azərbaycan bu reytinqə görə qonşuları Gürcüstan (82) və Ermənistanı (84) geridə qoyur. Reytinq cədvəlinə görə Türkiyə ötən illə müqayisədə 1 pillə geriləyərək 9-cu pilləyə düşüb, amma İran 8 pillə irəliləyərək 13-cü yerə yüksəlib.
Reytinqdə dünyanın hərbi gücünə görə ən qüdrətli dövləti yenə də ABŞ-dır. Onun ardınca Rusiya, Çin və Hindistan qərarlaşıb. Xatırladaq ki, reytinq siyahısının hazırlanması zamanı dövlətlərin hərbi gücü müəyyən edilərkən 50 müxtəlif amil nəzərə alınır. Burada silahlarla yanaşı, coğrafiya, təbii ehtiyatlar, əhalinin sayı və s. amillər diqqətdən keçirilir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov "Kaspi”yə bildirib ki, Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə təşkil olunan təntənəli mərasimdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bir daha qeyd etdi ki, güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir: "Azərbaycan Ordusunun hər keçən gün bir qədər də güclənməsinin səbəbini də elə bu fikirdə səsləndirilən məzmunda axtarmaq lazımdır. Çox təəssüf ki, bu günə qədər hələ də torpaqlarımızın 20 faizi Ermənistanın ordu birləşmələrinin işğalı altındadır. Dağlıq Qarabağ probleminin həll edilməsi üçün beynəlxalq təşkilatlar və o cümlədən problemi həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu tərəfindən real addımlar atılmır. Azərbaycan isə öz ərazi bütövlüyünü mütləq bərpa edəcək və bunun üçün ən real vasitə elə Azərbaycan Ordusudur”.
H.Məmmədov qeyd etdi ki, əgər danışıqlar nəticə verməsə, Azərbaycan bütün mümkün vasitələrdən istifadə edəcək: "Ona görə də ölkəmizdə ordu quruculuğu işlərinə həmişə çox böyük diqqət yetirilir və bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında son bir ildə bir qədər daha irəliləyərək 53-cü yerə yüksəlib. Bu, qürurverici bir hadisədir. Ancaq Azərbaycan Ordusunun gücü sadəcə statistik deyil, həm də real və praktikdir. Yəni ordumuz həm də döyüş qabiliyyətlidir və yüksək hərbi-psixoloji əhval-ruhiyyəyə malikdir ki, bu da çox vacib şərtdir. Son iki ildə erməni təxribatına qarşı həyata keçirilən Lələtəpə və Günnüt əməliyyatları bir daha göstərdi ki, milli ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Bütün bunlar isə əlbəttə Prezident İlham Əliyevin ordu quruculuğu və milli təhlükəsizliyimizin təmin olunması siyasətinin tərkib hissəsidir. Azərbaycan ordusunun nəyə qadir olduğunu işğalçı Ermənistan da bilir. Çünki öz üzərində artıq bunu hiss edib. Ona görə də Ermənistan bu reallığı qiymətləndirib işğal faktına son qoymalıdır”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, Azərbaycan işğal edilmiş torpaqlarını azad etməyə qadrdır: "Ermənistan son hakimiyyət dəyişikliyindən sonra hərbi yola üstünlük verməyə başlayıb. Təbii ki, belə olan halda Azərbaycan öz silahlı qüvvələrini elə bir vəziyyətdə saxlamalıdır, inkişaf etdirməlidir ki, qısa bir zamanda işğal edilmiş torpaqlardakı erməni qruplaşmalarını darmadağın edib öz ərazi bütövlüyünü bərpa edə bilsin. Ona görə də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində ordumuz daim yüksələn xətt üzrə inkişaf etdirilir. Eyni zamanda, lazımi silah və texnika ilə təmin olunur. Həmçinin Silahlı Qüvvələrin kadr heyətinin, kiçik mütəxəssislərdən tutmuş komandir heyətinə qədər hər birinin peşəkarlığının artırılması, müasir hərbi biliklərə yiyələnməsi istiqamətində bütün tədbirlər həyata keçirilir. Bu addımlar praktiki şəkildə də özünü göstərməkdədir. Azərbaycan keçirdiyi iri miqyaslı təlimlərə görə postsovet məkanında birinciliyə malikdir. Bu da ilk növbədə Silahlı Qüvvələrin komandir heyətinin, qərargahların işini qurma bacarığının göstəricisidir. Çünki hər bir təlim həm hazırlanmalıdır, həm idarə olunmalıdır və həm də qarşıya qoyulan tapşırıqlar yerinə yetirilməlidir. 20 mindən yuxarı hərbiçinin iştirakı ilə keçirilən təlimlərdə 250 texnikanın, 150-200-ə yaxın raket qurğusunun, eləcə də artilleriyanın, hərbi aviasiyanın idarə olunması bu gün Silahlı Qüvvələrdə olan zabitlərin peşəkarlığından xəbər verir”.
Ş.Ramaldanov vurğuladı ki, Azərbaycan bu gün müasir silahlara sahibdir: "Bunlar da açıq məlumatlardır. Eyni zamanda, hərbi mütəxəssislərimiz daim beynəlxalq yarışlara dəvət olunur. Bu yarışlarda demək olar ki, Azərbaycan bütün ixtisaslar üzrə birincilər sırasında yer tutur. Misal üçün, Türkiyədə keçirilən yarışlarda xüsusi təyinatlı əsgərlərimiz 28 dövlət içərisində birinciliyi qazandılar. Topçularımız, snayperçilərimiz, tankçılarımız, dənizçilərimiz birincilər sırasında olublar. Əlbəttə, bunlar hamısı Azərbaycanın hərbi reytinqinin artmasına gətirib çıxarır. Hesab edirəm ki, bu, son deyil və Azərbaycan ilbəil beynəlxalq reytinq siyahılarında öz yerini daha da yaxşıya doğru dəyişəcək”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər