“Azərbaycan əməkdaşlıqda vazkeçilməz tərəfdaşdır”
Bakı-Tbilisi-Qars
(BTQ) dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa
da, onun reallaşması yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün olub.
2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan
hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir
yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. Nəhayət, 2007-ci il
fevralın 7-də Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri zamanı BTQ-nin
tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin il fevralın 21-də
dövlətimizin başçısı layihə ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
2007-ci ilnoyabrın21-də üç ölkənin prezidentlərinin iştirakı ilə
Gürcüstanın Marabda kəndində BTQnin tikintisinin təməli qoyulub. 2008-ci il
iyulun 24-də Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin
tikintisinə start verilib. Srağagün isə Bakıda ümumi uzunluğu təxminən 840 km olan BTQ dəmir yolu
xəttinin açılışı olub. Beləliklə də Azərbaycan daha bir beynəlxalq layihəni
reallaşdırıb. Sözügedən hadisə ilə əlaqədar "Kaspi”nin suallarınıtarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı cavablandırır.
- BTQ dəmir yolunun açılışı münasibətilə ötən
gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Bu
mərasimin, tarixi hadisənin ölkəmiz üçün siyasi, iqtisadi əhəmiyyəti nədən
ibarətdir?
- Bakı
Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış
mərasiminin keçirilməsi, bu mərasimdə bir neçə ölkənin dövlət və hökumət
rəhbərlərinin iştirak etməsi böyük tarixi hadisədir. Bunun ölkəmiz üçün siyasi,
iqtisadi, mənəvi-psixoloji əhəmiyyəti var. Siyasi baxımdan əhəmiyyəti budur ki,
Azərbaycan birləşdirici, əlaqələndirici rolunu daha da artırır. Paralel olaraq,
beynəlxalq siyasətdə ölkəmizin mövqeləri güclənir, Azərbaycan şəbəkə ölkə
halına gəlir, qovşaq rolunu oynayır. Qatarların Avropadan Asiyaya və Asiyadan
Avropaya Azərbaycan üzərindən keçib getməsi beynəlxalq aləmdə ölkəmizin rolunun
artdığını bir daha nümayiş etdirir. Bu yolun işə düşməsi Azərbaycanın dünyanın
iki iqtisadi güc mərkəzini birləşdirən mərkəz olduğunu təsdiqləyir. Bu güc
mərkəzlərindən biri Avropa İttifaqı, digəri isə Çin, Cənub-Şərqi Asiya
ölkələridir. Bu yolun işə düşməsi eyni zamanda Azərbaycana böyük iqtisadi
üstünlüklər gətirəcək. Tranzit keçidlərindən dövlət büdcəmizə əlavə vəsaitlər
daxil olacaq, infrastruktur yaranacaq, yeni iş yerləri açılacaq. Dövlət
büdcəmizə daxil olan vəsaitlər Azərbaycan vətəndaşının sosial rifah halının
yüksəldilməsinə, insanlarımızın daha yaxşı yaşamasına yönəldiləcək. Bu dəmir
yolunun işə düşməsinin mənəvi-psixoloji əhəmiyyəti də var. Azərbaycan xalqının
və dövlətinin bu layihə ilə dünyanın ticari-iqtisadi baxımdan güclü olan
ölkələrini birləşdirməsi xalqımızın milli-mənəvi ruhunun artmasına, özünə
inamın güclənməsinə kömək edəcək. Hesab edirəm ki, Prezident İlham Əliyevin
liderliyi, bilavasitə onun siyasi iradəsi və böyük əməyi sayəsində
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi digər beynəlxalq
layihələrin tərkib hissəsidir. Bu, eyni zamanda göstərir ki, Azərbaycan yalnız
neft-qaz istehsal edən, satan ölkə deyil, eyni zamanda dünyanın
nəqliyyat-kommunikasiya mərkəzlərindən biridir. Prezident İlham Əliyevin həyata
keçirtdiyi bu layihə Azərbaycan xalqının təkcə indiki deyil, gələcək
nəsillərinə yönəlmiş tarixi hadisədir. Bu, müstəqillik tariximizin ən mühüm hadisələrindən
biridir.
- BTQ dəmir yolunun istifadəyə verilməsi ümumən regiona necə təsir
edəcək?
-
Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi yalnız Azərbaycan, Gürcüstan və
Türkiyəni deyil, bütövlükdə dəmir yolu boyunca yerləşən ölkələrə, o cümlədən
regionumuza da müsbət təsir göstərəcək. İlk növbədə Azərbaycan və Gürcüstanda
böyük iqtisadi yüksəlişin şahidi olacağıq.
- Sırf işğalçı bir dövlət olduğuna, Azərbaycan ərazilərini uzun
illərdir işğal altında saxladığına görə neçənci dəfədir ki, Ermənistan beynəlxalq
əhəmiyyətli iqtisadi layihələrdən kənarda saxlanılır. Son olaraq BTQ layihəsində də Ermənistan iştirakçı olmadı, bu
dövlətin izolyasiyası bir qədər də gücləndi.
- Digər layihələr kimi Bakı-Tbilisi-Qars dəmir yolundan da Ermənistan kənarda
qalıb. Bunun səbəbkarı bilavasitə Ermənistan siyasi rəhbərliyidir. Ermənistanın
Azərbaycana hərbi təcavüzü nəticəsində ölkəmizin 20 faiz ərazisi işğal olunub,
bir milyondan artıq insanımız qaçqın və məcburi köçkünə çevrilib. Məhz
Ermənistan siyasi rəhbərliyinin qeyri-konstruktiv mövqeyinə görə, Dağlıq
Qarabağ münaqişəsinin həlli indiyə qədər uzanıb, BMT Təhlükəsizlik Şurasının
münaqişəyə dair qəbul etdiyi 4 qətnamə bu günə kimi yerinə yetirilməyib.
1994-cü ildə əldə edilən atəşkəs razılaşmasını bu günün özündə də pozan, hətta
dinc insanları hədəfə alan, müxtəlif təxribatlara əl atan Ermənistan silahlı
birləşmələri, siyasi rəhbərliyi işğalçılıq niyyətindən əl çəkmir. Beləliklə də
Ermənistan regionda gərginlik mənbəyinə çevrilib. İşğalçı dövlət və onun
rəhbərliyi beynəlxalq hüquq normalarını tanımır, onun tələblərinə riayət etmir.
Təbii olaraq bu da işğalçı Ermənistanı regiondakı bir çox layihələrdən, eləcə
də Bakı-Tbilisi-Qars dəmir yolunun iştirakçısı olmaqdan kənarda saxlayır. Yalnız
və yalnız işğalçılıq siyasətinə görə Ermənistan regionda reallaşan layihələrdən
kənarda qalıb, təcrid edilib. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun
işə düşməsi Azərbaycan və Gürcüstanın inkişafına müsbət təsir etməklə,
Ermənistandakı sosial-iqtisadi böhranı daha da dərinləşdirəcək. Bu isə
Ermənistanda siyasi böhran yaradacaq, bütövlükdə erməni cəmiyyətinin
mənəvi-psixoloji durumunu sarsıdacaq, hakimiyyətlə xalq arasında gərginliyi,
ziddiyyətləri artıracaq.
- Sizcə,
Ermənistanın regiondakı bütün layihələrdən izolyasiyası onun işğalçılıq
mövqeyində hansısa dəyişikliyə səbəb ola bilərmi?
- Düşünmürəm ki, Ermənistanın Bakı-Tbilisi-Qars və sair bu kimi layihələrdən təcrid
edilməsi onun işğalçılıq mövqeyinin dəyişməsinə səbəb olsun. Bir vaxtlar Bakı-Tbilisi-Ceyhan
neft kəmərinin tikintisi barədə gərgin müzakirələr gedirdi. Həmin zaman
Ermənistanın bu kəmərə qoşulmaq şansı var idi. Lakin Ermənistan bu şansı
dəyərləndirə bilmədi. Ermənistan siyasi rəhbərliyi təcavüzkar siyasətindən
imtina etmədi. Məhz buna görə də həmin layihədən kənarda qaldı. İndiyə qədər də
bu proses davam etdirilməkdədir. Ona görə də Bakı-Tbilisi-Qars dəmir yolunun
istifadəyə verilməsinin Ermənistanın təcavüzkar siyasətində hər hansı
dəyişikliyə səbəb olacağına inanmıram. Bu, çox mürəkkəb, çətin məsələdir.
- BTQ və digər
bu kimi layihələrin həyata vəsiqə alması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinə hər hansı formada təsir edə bilərmi?
- Fikrimcə, münaqişənin
danışıqlar vasitəsi ilə həllində Bakı-Tbilisi-Qars və
sair bu kimi beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi müəyyən
təsirlər edə bilər. Belə ki, belə layihələrin reallaşması nəticəsində
Azərbaycan iqtisadi, siyasi, hərbi baxımdan daha da güclənəcək. İqtisadiyyatı
tənəzzülə uğrayan, xarici borc içində itib-batan Ermənistan isə Azərbaycanla
müqayisədə daha da geri gedəcək. Təbii ki, Azərbaycanın hərtərəfli güclü olması
danışıqlar prosesində mövqelərimizi də gücləndirəcək. Hadisələrin inkişafından
asılı olaraq, belə vəziyyətdə Ermənistan sülhə məcbur edilə bilər. Lakin bundan
ötrü, gərək bəzi xarici ölkələr də Ermənistanı müdafiə etmək siyasətindən əl
çəksin, işğalçını öz adı ilə çağırsın, beynəlxalq hüquq normalarına riayət
olunmasını tələb etsinlər.
- BTQ ilə Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən
ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat
qovşağı və logistika mərkəzi kimi təqdim edir. Bu baxımdan, BTQ Azərbaycanın
beynəlxalq aləmdəki nüfuzuna, roluna necə təsir edəcək?
- Sualınızda da
qeyd etdiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə
Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə olaraq
tanıtmır. Paralel olaraq, Azərbaycan özünü həm də Şərqi Qərblə, Şimalı Cənubla
birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir. Əgər
Bakı-Tbilisi-Qars Şərq-Qərb nəqliyyat dəhlizidirsə, Azərbaycandan keçən və
yaxın zamanlarda tam gücü ilə işə düşəcək daha bir layihə isə Şimal-Cənub
nəqliyyat qovşağı kimi tarixə düşəcək. Bu, bir daha sübut edir ki, Azərbaycan
dünyanın nəhəng nəqliyyat-kommunikasiya mərkəzlərindən, enerji, neft-qaz
paylayıcılarından biridir. Bütün bunlar sayəsində Azərbaycan əməkdaşlıqda vaz
keçilməz tərəfdaşdır. Sözsüz ki, belə layihələr Azərbaycanın beynəlxalq aləmdə
rolunun güclənməsinə təsir edir və edəcək. Prezident İlham Əliyevin liderliyi
ilə Azərbaycan bir daha təsdiq etdi ki, ərazisi digər ölkələrin ərazisindən
kiçik, əhalisi digər ölkələrin əhalisindən az olmasına baxmayaraq, birləşdirici
gücdür. Azərbaycan qarşısına qoyduğu hədəflərə çatan, məqsədlərə doğru inamla
addımlayan, arzularını reallaşdıran güclü dövlətdir.
- Artıq neçənci dəfədir ki, Azərbaycan beynəlxalq güclərin dəstəyi
olmadan qlobal layihələr reallaşdırır. Bu, ölkəmizin gücünün göstəricisi kimi
dəyərləndirilə bilərmi?
- Azərbaycanın
beynəlxalq əhəmiyyətli layihələri reallaşdırması bir sıra mənalar kəsb edir.
Hər şeydən öncə onu göstərir ki, Azərbaycanın layihələşdirdiyi, müəyyən etdiyi
və həyata keçirmək istədiyi işlərin qarşısını kimsə kəsə bilməz. Digər
tərəfdən, ölkəmiz dövlət müstəqilliyi yenicə bərpa edilən illərdəki Azərbaycan
deyil. Bu gün Azərbaycan borc alan dövlətdən borc verən ölkəyə çevrilib.
Azərbaycan xarici ölkələrə sərmayə qoyur. Bakı-Tbilisi-Qars dəmir yolunun
istifadəyə verilməsi göstərir ki, Azərbaycan iqtisadi baxımdan regionun güclü
dövlətidir, heç bir kənar qüvvədən və ya dövlətdən asılı deyil. Prezident İlham
Əliyevin güclü siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində ölkəmiz bir çox
uğurlara imza atıb. Azərbaycanın beynəlxalq əhəmiyyətli layihələri
reallaşdırmaq üçün həm maliyyə imkanları, həm də potensialı var. Belə
layihələrə xərclənən maliyyə vəsaiti gələcəkdə Azərbaycana dəfələrlə artıq
gəlirlər gətirəcək. Bu baxımdan, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə
verilməsi böyük tarixi hadisədir. Bu, Azərbaycanın dünya siyasətində yerini
daha da gücləndirəcək, əməkdaşlarımızın, dost ölkələrimizin sayını bir qədər də
artıracaq.
Rufik İSMAYILOV