• şənbə, 27 Aprel, 08:25
  • Baku Bakı 12°C

“Azərbaycan ədavət deyil, əməkdaşlıq ölkəsidir”

09.10.14 13:18 1032
“Azərbaycan ədavət deyil, əməkdaşlıq ölkəsidir”
Bakıda keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti olduqca yüksək qiymətləndirilir. Bu barədə fikirlərini bölüşənlər qeyd edirlər ki, forum ölkəyə xeyli sayda xarici nüfuzlu şəxslərin gəlməsinə səbəb olub. Onlar isə ölkəmizdəki inkişafı əyani şəkildə görüb, ağıllı siyasətin şahidi olublar. Ona görə də forumun ölkə üçün xüsusi əhəmiyyət daşıdığı qeyd olunur.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qəzetimizə açıqlamasında dedi ki, Beynəlxalq Humanitar Forum Azərbaycanın ictimai-mədəni həyatında tarixi bir hadisə kimi yadda qaldı: “Hesab edirəm ki, bu, tək Azərbaycanın deyil, regionun və dünyanın tarixində öz yerini tutdu. Bilirsiniz ki, Cənubi Qafqaz həm Avropa, həm də Avrasiya üçün xüsusi əhəmiyyətli bölgələrdən biridir. Hazırda dünyada mürəkkəb proseslərin cərəyan elədiyini nəzərə alsaq, yəni, çətin beynəlxalq münasibətlər şəraitində belə bir dialoqun məhz ölkəmizdə baş tutması olduqca vacib məqamlardan xəbər verir. Məncə, bu, örnək götürüləsi hadisədir. Nəzərə çatdırım ki, hazırkı qlobal məsələlər, dünyada baş verən hadisələr sivilizasiyaların toqquşması kimi yozulur. Bu cür mürəkkəb vəziyyət fonunda Azərbaycanda belə bir forumun baş tutması dövlətimiz tərəfindən həyata keçirilən siyasətin nə qədər düzgün, nə qədər dolğun olduğunu bir daha ortaya qoydu”.
H.Babaoğlu əmindir ki, müxtəlif mövzularda dialoqların, fikir mübadiləsinin aparılması həmin sahələrin inkişafına dəstək verəcək: “Bilirsiniz ki, forum çərçivəsində media haqda da müzakirələr aparıldı. İnanıram ki, baş tutan fikir mübadiləsi yeni dünya KİV-nin keyfiyyətinin təkmilləşməsinə öz töhfəsini verəcək. Zənnimcə, bu forumda bir daha isbat olundu ki, Azərbaycan ədavət deyil, əməkdaşlıq ölkəsidir. Məhz bu cür sağlam münasibətlər, əməkdaşlıqlar ölkəmizin gələcəyi üçün də vacibdir. Azərbaycanın dünya ölkələri içərisində, beynəlxalq münasibətlər sistemində sülhpərvər dövlət imici var. Bu ölkə hər zaman dialoq məkanı kimi tanınıb, tanınmaqdadır. Ona görə də bu cür humanitar forumların keçirilməsi, beynəlxalq idman yarışlarının təşkil olunması və digər mədəni tədbirlərin baş tutmasını hər zaman yüksək qiymətləndirmişəm. Bunların vasitəsilə ölkəmizin qazandığı imici bir daha təsdiqlənir və daha da möhkəmlənir”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də dördüncü humanitar forumun ölkəmiz üçün çox önəmli və yaddaqalan hadisə olduğunu qeyd etdi: “Forumda müxtəlif ölkələrin keçmiş dövlət başçıları, hökumət nümayəndələri, iqtisadçılar, bir sözlə, önəmli şəxslər iştirak edirdilər. Onların Azərbaycan reallıqları barədə ətraflı məlumat almaları, ölkəmizin inkişafını öz gözləri ilə görmələri baxımından forumun rolu əvəzsizdir. Onu da deyim ki, xeyli sayda xarici nümayəndələrin, mötəbər şəxslərin foruma qatılması həm də Azərbaycana olan inamın, etimadın göstəricisidir. Forum çərçivəsində vacib məsələlər haqda danışılması da bu cür deməyə əsas verir. Hesab edirəm ki, bütün mövzularda çox maraqlı debatlar, diskussiyalar təşkil olunmuşdu. Amma forumun ikinci günündə media mövzusunun müzakirə olunması mənim üçün xüsusi əhəmiyyətli məqam oldu”.
V.Rəhimzadə vurğuladı ki, forum təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də vacib əhəmiyyət daşıyır: “Dəyərli fikirlərlə, təkliflərlə başa vurulan forum həm də əvvəlki illərlə müqayisədə daha çox xarici vətəndaşın iştirakı ilə yadda qaldı. Bir vətəndaş kimi ölkəmizdə belə forumun keçirilməsi məni sevindirir. Hesab edirəm ki, bu cür beynəlxalq tədbirlər Azərbaycanın dünya ölkələri sırasında öz yerini tutmasına səbəb olur. İnanıram ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı şəkildə belə tədbirlər keçiriləcək. Çünki onlar dünyanın Azərbaycana axışıb gəlməsinə, ölkədəki inkişafın hər kəsə məlum olmasına səbəb olur. Belə hallar isə hər bir Azərbaycan vətəndaşı üçün qürurverici məqama çevrilir”.
“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev də hesab edir ki, IV Beynəlxalq Humanitar Forumunun Azərbaycanda keçirilməsi və bu nəhəng tədbirə dünya ölkələrinin xüsusi maraq göstərməsi ilk növbədə, Azərbaycan dövləti tərəfindən həyata keçirilən uğurlu siyasətin, o cümlədən, ölkəmizin qlobal məsələlərdə nüfuzunun artması faktorunun bariz nümunəsidir: “Burada əsas mahiyyətlərdən biri də Azərbaycan dövlətinin xarici siyasət kursunda əldə etdiyi davamlı uğurlardır. Azərbaycanın digər dövlətlərlə əməkdaşlıq, sağlam rəqabət aparmaq potensialı, eyni zamanda dialoq tərəfdaşı kimi çıxış etməsi də bu kimi böyük forumların ölkəmizdə keçirilməsinə kifayət qədər zəmin yaradıb. Əbəs yerə deyil ki, nəinki paytaxt Bakıda, həmçinin, bölgələrimizdə bu qəbildən olan nüfuzlu tədbirlər həyata keçirilir”.
B.Quliyev onu da vurğuladı ki, sözügedən beynəlxalq tədbirdə bir çox məsələlərə toxunulub ki, onların hər birinin öz əhəmiyyəti mövcuddur: “Burada təkcə humanitar deyil, həmçinin elmi, mədəni, turizm və s. sahələr üzrə dialoq mühiti qurulub. Məhz bu əhəmiyyətli məqam da onu deməyə zəmin yaradır ki, Azərbaycan regionun iqtisadi, siyasi mərkəzi olduğu kimi, həm də mədəni və elmi mərkəzə çevrilməkdədir. Prezident İlham Əliyev də öz çıxışlarında daima vurğulayıb ki, Azərbaycanın inkişafı və tərəqqisi onun yaxın zamanlarda dünya dövlətləri arasında lider ölkə olmasına şərait yaradan önəmli faktorlardandır. Ona görə də cənab Prezidentimizin tezisinə əsaslanaraq qeyd etmək istərdim ki, IV Bakı Beynəlxalq Humanitar Forumun keçirilməsi ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun məntiqi nəticəsidir. Hesab edirəm ki, Beynəlxalq Humanitar Forumun ölkəmizdə baş tutması Azərbaycanın inkişafının, tərəqqisinin daha da əhatələnməsi istiqamətində stimullaşdırıcı rol oynadı. Məhz bu mühüm amil nəticəsində Azərbaycanda növbəti bu kimi nəhəng tədbirlərin keçirilməsi ənənəvi hal alacaq”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər