• cümə, 26 Aprel, 23:01
  • Baku Bakı 22°C

Azərbaycan dünyada siyasi plüralizmin hökm sürdüyü dövlət imici qazanıb

07.05.15 08:31 877
Azərbaycan dünyada siyasi plüralizmin hökm sürdüyü dövlət imici qazanıb
"Azərbaycan vətəndaş cəmiyyəti institutlarına, KİV-lərə və QHT-lərə yaratdığı sərbəst və azad mühitə, göstərdiyi maddi və mənəvi dəstəyə, dünyanın qlobal informasiya vasitələrinə, aparıcı xarici mətbuat orqanlarına və nümayəndəliklərinə yaratdığı əlverişli şəraitə görə, dünyada siyasi plüralizmin hökm sürdüyü bir dövlət imici qazanıb". Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Azərbaycan müasir dünyada" adlı konfransda çıxışı zaman deyib.
Ə.Həsənov bildirib ki, bu amil Azərbaycanın beynəlxalq imici və geosiyasi gücünə real təsir göstərib: "Azərbaycanın geosiyasi təsir və diplomatik resursları sırasına xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri, dünyada yaşayan azərbaycanlıları və s. aid etmək olar. Azərbaycan bu resurslar vasitəsilə dünyanın siyasi, mədəni, diplomatik həyatında iştirak edir və müvafiq sahələrdə geosiyasi maraqlarını təmin etməyə çalışır".
Azərbaycanın uğurlu neft strategiyasından danışan Ə.Həsənov qeyd edib ki, hazırda Azərbaycan Xəzər dənizinin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistanla birlikdə üçüncü minillikdə Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində ən əlverişli və ümidverici tərəfdaş hesab olunur. O, qeyd edib ki, dünyada alternativ enerji mənbəyi hesab olunan Xəzər regionunda neft-qaz istehsalı ilə bağlı əsas risklərdən biri məhsulun dünya bazarına təhlükəsiz və sərbəst marşrutlarla çıxarılması ilə bağlıdır: “Bu anlamda Azərbaycanın özünün və tərəfdaşlarının hasil etdiyi neft-qaz məhsullarının xarici bazarlara çıxarılması, ixrac marşrutlarının şaxələndirilməsi sahəsində Xəzər ölkələri içərisində həm Qazaxıstandan, həm də Türkmənistandan daha əlverişli vəziyyətdədir. Onlarla müqayisədə ölkənin enerji ixracı riskləri çox aşağı səviyyədədir".
PA rəsmisi bildirib ki, hazırda Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorosiysk kimi illik gücü təxminən 70 milyon ton təşkil edən 3 neft kəməri, Bakı-Tbilisi-Ərzurum, Bakı-Astara-İran və Bakı-Rusiya kimi illik gücü təxmunən 30-40 milyard kubmetr olan maye qaz kəmərlərinin mövcudluğu Azərbaycanın və tərəfdaşlarının enerji ixracı sahəsindəki geoiqtisadi risklərini sıfra endirib: "Avrasiyanın ən önəmli tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət enerji, yanacaq və nəqliyyat kommunukasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir".
Ə.Həsənov bildirib ki, Azərbaycan regionda yürütdüyü balanslı təhlükəsizlik siyasəti ilə həm Avroatlantik təhlükəsizlik strukturları, həm də regionun aparıcı dövlətləri ilə hərbi geostrateji tərəfdaşlıq xətti yürütməklə dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi fiqura çevrilib: "Keçən dövrdə Azərbaycan Cənubi Qafqazda və Avrasiya məkanında bir-biri ilə toqquşan iki hərbi bloku - NATO və KTMT-nın mövcudluğunu nəzərə alaraq davamlı, tarazlı siyasət aparmağa üstünlük verib. Mütəxəssislər hesab edir ki, Azərbaycanın bu siyasəti Cənubi Qafqazın mövcud reallığına tam adekvatdır".
Ə.Həsənov bildirib ki, dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri Azərbaycanı üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkə kimi qəbul edir: "Azərbaycanın tranzit imkanları artdıqca planetar geosiyasətin dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur. Azərbaycanın qlobal və regional geosiyasi çəkisini artıran başlıca amillərdən biri də onun müstəqil bir dövlət olaraq tam formalaşması, özünü təmin edən milli iqtisadiyyata, maddi, mənəvi və insan resurslarına, milli vətəndaş birliyinə, xalq tərəfindən dəstəklənən milli strategiyaya, güclü ordu və müdafiə potensialına və s. zəruri təsisatlara malik olması və bütün bunlara söykənərək müstəqil daxili və xarici siyasət yürütməsidir".
Ə.Həsənov qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda xristianlıqla islamın sərhədlərinin və sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir arada fəaliyyət göstərdiyi, dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan, öz multikulturast və tolerant cəmiyyəti, sabit ictimai mühiti ilə seçilən dövlət hesab olunur: "Ölkə rəhbərliyinin bu istiqamətdə yürütdüyü ardıcıl siyasət regionda Azərbaycanın geosiyasi nüfuzunu artırmaqla yanaşı, həm də Cənubi Qafqaz və Xəzər hövzəsində regional sabitlik və təhlükəsizliyin təmin olunmasına ciddi təsir göstərir. Bütün bunlar əlbəttə ki, onun xarici aləmlə geosiyasi tərəfdaşlığına müsbət təsir göstərən əsas amil hesab olunur. Azərbaycan özünün regional imicinə, daxili ideoloji-mədəni resurslarına görə dünyada seçilən yerlərdən birini tutur. Bu, həm də keçmiş Azərbaycan Prezidenti Heydər Əliyevin uzun müddət ölkəni beynəlxalq aləmdə təmsil etməsi ilə bağlıdır".
PA rəsmisinin sözlərinə görə, Azərbaycan regionda həm Avroatlantik təhlükəsizlik strukturları, həm də regionun aparıcı dövlətləri ilə hərbi-geostrateji tərəfdaşlıq xətti yürütməklə dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi amilə çevrilib: "Hazırda Azərbaycanın əksər xarici və region ölkələri ilə yaxşı tərəfdaşlıq və əməkdaşlıq münasibətləri var. ABŞ, Avropa Birliyi ilə yanaşı, Azərbaycan Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya, Yaxın Şərq, 2012-cildən Qoşulmama Hərəkatına üzv olduqdan sonra isə bir sıra Cənubi Amerika ölkələri ilə tərəfdaşlıq əlaqələri yaradıb. Ətraf ölkələrdən onun yalnız Ermənistanla Dağlıq Qarabağla bağlı münaqişəsi və problemləri mövcuddur. Xəzər hövzəsi ölkələri içərisində Türkmənistan və İranla Xəzər dənizindəki sektor bölgüsü və bəzi yataqların mənsubiyyəti ilə bağlı müəyyən problemlər olsa da, hazırda bu ölkələrlə bütün digər sahələr üzrə dostluq və tərəfdaşlıq münasibətləri hökm sürür. Azərbaycanın əlverişli coğrafi durumu, müstəqil siyasəti, iqtisadi potensialı geosiyasi dəyərini daha da artırıb. Təsadufi deyil ki, ekspertlər Bakını “Humanitar Davos” adlandırırlar. Azərbaycan məscidin, kilsənin və sinaqoqun heç bir qısqanclıq, narahatlıq olmadan yan-yana fəaliyyət göstərdiyi, çoxsaylı milli və etnik azlıqların sülh və əmin-amanlıq şəraitində yaşadığı ən nadir tolerant ölkələrdən biridir. 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsini, çoxsaylı beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil edən Azərbaycan artıq 2015-cil ildə I Avropa Oyunlarını keçirməyə hazırlaşır".
Ə.Həsənov bildirib ki, Azərbaycanın xarici aləmlə tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərən amillər də mövcuddur. Tədqiqatçılar bu sıraya ilk növbədə Ermənistanla münaqişənin və Dağlıq Qarabağ probleminin 20 ildən bəri həll olunmamasını aid edirlər: "Ümumiyyətlə, müstəqilliyə qovuşduğu andan Azərbaycanın milli inkişaf yolunda rastlaşdığı ən mühüm problem də məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub. Müstəqilliyin ilk illərində bu problem ölkənin bölgədə və dünyada kəsb etdiyi geosiyasi əhəmiyyəti ciddi surətdə azaldaraq beynəlxalq investisiya qurumlarının ölkəyə davamlı kapital qoyuluşu siyasətinə uzun müddət ciddi mənfi təsir göstərib".
Ə.Həsənov qeyd edib ki, bununla yanaşı, Xəzər dənizinin hüquqi statusunun sona qədər həll edilməməsindən, Transxəxər layihəsinə region dövlətlərinin fərqli yanaşmasından qaynaqlanan bəzi digər bölgə problemləri də həm Azərbaycanın, həm də digər qonşu ölkələrin xarici aləmlə tərəfdaşlığına mənfi təsir göstərib: "Bir faktı da qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz, Xəzər, Qara dəniz hövzəsindəki regional qarşıdurmalar və bəzi problemlərə görə bir çox maraqlı dairələr dünya investorlarına Azərbaycanı nə qədər əlverişsiz ölkə kimi təqdim etməyə çalışsalar da, malik olduğu zəngin enerji resursları, Xəzər hövzəsində yürütdüyü effektli neft-qaz siyasəti və reallaşdırdığı çoxsaylı transmilli layihələr onu bütün dünya üçün bir o qədər cəlbedici və arzu edilən tərəfdaşa çevirib. Beləliklə, müstəqilliyinin 20 ili ərzində Azərbaycan siyasi, iqtisadi, ictimai və mənəvi həyatın bütün sahələrində keçid dövrünü uğurla başa vurub və bir dövlət olaraq tam formalaşıb, güclü regional amilə çevrilib və qlobal siyasətdə öz sözü, rəyi, prinspial mövqeyi ilə seçilən nüfuzlu dövlət kimi çıxış etməyə başlayıb”.
banner

Oxşar Xəbərlər