Azərbaycan Avropanın “şərq qapısı” ola bilər
Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı
Proqramının 10 illik yubileyi ilə bağlı Belçika Krallığına səfər edib. Səfər
çərçivəsində dövlət başçısı Belçika Kralı Əlahəzrət Filip və Avropa İttifaqı
Şurasının prezidenti Donald Tusk ilə görüşüb. Hər iki görüş zamanı Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə mövzusu olub.
BƏXTİYAR
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki,
Prezident İlham Əliyevin Belçika Krallığına səfərinin məqsədi Avropa
İttifaqının Şərq Tərəfdaşlığı Proqramının 10 illik yubileyində iştirakdır:
"Dövlət başçısının bu səfəri bir daha göstərdi ki, Azərbaycan-Avropa İttifaqı
münasibətləri çox dinamik inkişaf tempinə malikdir. Ölkə prezidentinin Avropa
İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə də bu məsələlər diqqət
mərkəzində saxlanıldı. Həqiqətən də bu gün Azərbaycanın Avropa İttifaqı
ölkələri ilə bütün sferalar üzrə inkişaf edən münasibətləri var. Təsadüfi deyil
ki, bu ittifaqa daxil olan 28 dövlətin 9-u ilə Azərbaycanın strateji
tərəfdaşlıq müqaviləsi mövcuddur. Ölkəmiz Avropa İttifaqının enerji
təhlükəsizliyində alternativ enerji mənbəyi kimi çıxış edir. Nəzərə alaq ki,
Azərbaycan 2020-ci ildən başlayaraq, Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə
illik 10 milyard kubmetrdən çox qaz ixrac
edəcək. Nəticə etibarı ilə bu da Avropanın enerji təhlükəsizliyində
Azərbaycanın yerinin və rolunun artması anlamına gələcək”.
E.Nəsirov vurğuladı ki, ulu öndər Heydər Əliyev də Avropa İttifaqı
ilə münasibətlərimizin inkişafına önəm verirdi və hələ 1996-cı ildə tərəflər
arasında ikitərəfli əməkdaşlıq və tərəfdaşlığı özündə əks etdirən sənəd
imzalandı: "Həmin sənəd 1999-cu ildə qüvvəyə mindi. Xüsusilə, 2011-ci ildə
enerji sahəsində bir anlaşma memorandumu imzalandı. Hamıya məlumdur ki, yeni
əhəmiyyətli bir sənəd üzərində iş yekunlaşıb. Söhbət Avropa İttifaqı ilə
Azərbaycan arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasından gedir.
Bu sənəddə həm ticari-iqtisadi, həm humanitar, həm siyasi dialoq, eyni zamanda
demokratik institutlarının inkişafı və digər məsələlərlə bağlı mühüm
razılaşmaların əks olunacağı gözlənilir. Bütövlükdə heç şübhəsiz ki, Prezident
İlham Əliyevin bu səfəri Azərbaycan- Avropa İttifaqı münasibətlərinin bundan
sonrakı inkişafı üçün də çox münbit şərait yaradacaq”.
Politoloq Əhməd Əlili bildirdi ki,
Prezident İlham Əliyevin Brüsselə səfərində ən vacib məsələlərdən biri Dağlıq
Qarabağ məsələsidir: "Çünki bu məsələ Azərbaycanın xarici siyasətində prioritet
təşkil edir. Azərbaycan tərəfi Avropa İttifaqı rəsmiləri ilə müxtəlif
səviyyələrdə danışıqlarda, tədbirlər zamanı daima çalışıb ki, Dağlıq Qarabağ
məsələsi ilə bağlı istədiklərini ala bilsin. Mümkündür ki, Avropa tərəfi
Azərbaycanın istədiyini olduğu kimi verməsin. Amma Azərbaycan tərəfinin səyləri
nəticəsində son illərdə Avropa İttifaqının rəhbərliyində və ayrı-ayrı
strukturları səviyyəsində ölkəmiz üçün kifayət qədər uğurlu hesab olunan
dəyişikliklər baş verib. Həmin dəyişikliklərdən biri odur ki, 2017-ci ili
noyabrında Şərq Tərəfdaşlığı Sammitindən sonra Dağlıq Qarabağ münaqişəsinə
münasibət əvvəlkindən fərqli olaraq fərdi olmadı. Əgər əvvəlki illərdə Avropa
İttifaqı Ukrayna, Moldova və Gürcüstandakı münaqişələrin həmin ölkələrin ərazi
bütövlüyü çərçivəsində, Dağlıq Qarabağ münaqişəsinin isə tərəflərin qarşılıqlı
razılığı əsasında həllini tapmasını bildirirdisə, indi bu, belə deyil.
Ölkəmizlə Avropa İttifaqı arasında ikinci istiqamət iqtisadiyyatla
bağlıdır. Azərbaycan Avropa bazarları üçün uğurlu enerji təminatçısı olub və enerji
satan digər ölkələrdən fərqli olaraq siyasi şərtlər qoymayıb. Ona görə də
Azərbaycan nefti və qazı Avropa üçün dəyərlidir. Hətta Azərbaycan bir çox
hallarda Avropanın icrasında çətinlik çəkdiyi layihələrin belə xərcini öz
üzərinə götürməyə çalışıb. Məsələn, müəyyən müddət idi ki, Türkmənistan qazı
olmadan Azərbaycandan Avropaya gedən qaz xəttinin effektivliyi şübhə altında
idi. Ona görə də avropalılar bu layihələri maliyyələşdirməkdən yayınırdılar. Amma
sonda Azərbaycan tərəfinin istəyinə uyğun olaraq bu layihə reallaşdı”.
BƏXTİYAR