• cümə, 26 Aprel, 21:43
  • Baku Bakı 22°C

“Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi xəttinə sadiqdir”

24.07.14 09:42 1577
“Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi xəttinə sadiqdir”
Srağagün Brüsseldə Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü keçirilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da iştirak etdiyi görüşdə Avropa İttifaqının qabaqcıl təcrübə və standartlarının ölkəmizdə tətbiq edilməsi, Şərq Tərəfdaşlığı proqramı, Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi Azərbaycanın prioritet fəaliyyətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir E.Məmmədyarov ölkəmizin mövqeyini bir daha bəyan edərək deyib ki, Azərbaycan Avropa ittifaqı ilə qarşılıqlı maraq doğuran digər sahələrdə də strateji tərəfdaşlığın əhatəsini genişləndirməkdə maraqlıdır. Xarici işlər nazirlərinin görüşü, bu görüşün ölkəmiz üçün əhəmiyyəti, Şərq Tərəfdaşlığı proqramında ölkəmizin iştirakı və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını siyasi elmlər doktoru, professor, siyasi şərhçi Elman Nəsirov cavablandırır.
- Elman müəllim, xarici işlər nazirlərinin Brüsseldə keçirilən 5-ci görüşünü necə qiymətləndirirsiniz?
- Şərq Tərəfdaşlığı proqramı çərçivəsində keçirilən bu görüş üzv ölkələrin Avropa İttifaqı ilə əməkdaşlığının daha da inkişaf etdirilməsinə xidmət edir. Nəzərə almaq lazımdır ki, məhz bu əməkdaşlıq fonunda beynəlxalq siyasətdə xeyli mürəkkəb vəziyyət yaranıb. Buna misal kimi Ukraynanın Avropa İttifaqı ilə əməkdaşlığını, bu əməkdaşlığının daha da dərinləşməsi məqsədilə Şərq Tərəfdaşlığı sazişinə imza atılmasını, iyulun 27-də isə Gürcüstan və Moldovanın da həmin sazişə qoşulmasından irəli gələrək Rusiyanın bütün bu proseslərə mənfi reaksiyasını göstərmək olar. Xüsusən də Ukraynanın timsalında Rusiya daha sərt mövqeyini ortaya qoydu. Ukraynanın Qərb yolunu seçməsi, Avropa İttifaqına inteqrasiyanı dərinləşdirmək siyasi kursuna üstünlük verməsi Kiyev-Moskva münasibətlərində dərin böhran yaranmasına səbəb oldu. Bu münasibətlər indi də davam etməkdə, daha da dərinləşməkdədir. Bu reallıqları nəzərə alsaq, məlum görüşlərin keçirilməsi, müzakirələrin aparılması, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərin gündəmdə saxlanması çox böyük siyasi və geopolitik mənası olan hadisədir. Fikrimcə, Azərbaycan dövləti Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərinə tarazlaşdırılmış, balanslı bir siyasətlə yanaşır. Azərbaycanın 2007-ci ilin may ayında qəbul edilən milli təhlükəsizlik konsepsiyasında aydın şəkildə yazılıb ki, ölkəmiz Avroatlantik məkana inteqrasiya xəttinə üstünlük verir və bu istiqamətdə konkret addımlar atır. Bununla paralel olaraq, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının da üzvüdür. Bu da bizim siyasətimizdə müəyyən düzəlişlər edilməsini şərtləndirir. Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi xəttinə sadiqdir. Lakin biz inqilabi deyil, təkamül yoluna üstünlük veririk. Hələlik Azərbaycan Avropa İttifaqı ilə assosiativ saziş və azad ticarət zonası ilə bağlı sənədləri deyil, viza rejiminin sadələşdirilməsi sənədini imzalayıb. Viza rejiminin sadələşdirilməsi iki tərəf arasında əlaqələrin daha da genişləndirilməsi mənafeyinə xidmət edəcək, yeni bir mərhələ yaranacaq. Bu yeni mərhələnin isə növbəti mərhələlərə keçidi, transferi labüddür. Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin inkişafında geopolitik vəziyyəti, beynəlxalq konyukturanı, regiondakı vəziyyəti və digər faktorları nəzərə alır, atacağı addımları tənzimləyir. Hesab edirəm ki, xarici işlər nazirlərinin Brüssel görüşü və Elmar Məmmədyarovun da həmin tədbirlərdə iştirakı Azərbaycanın həmin siyasətin davam etdirilməsi mənafeyinə xidmət göstərir.
- E.Məmmədyarov bildirib ki, Azərbaycan Avropa İttifaqının qabaqcıl təcrübələri və standartlarının ölkədə tətbiq edilməsi istiqamətində ciddi səylər göstərib. Söhbət hansı işlərdən, hansı səylərdən gedir?
- Azərbaycan hər hansı bir tərəfin təcrübəsini kor-koranə, mexaniki şəkildə tətbiq etmir. Azərbaycan dövləti istənilən addımında milli-dövlətçilik maraqlarının qorunmasına üstünlük verir. Avropa İttifaqı dəyərlərindən danışılarkən də biz yalnız o dəyərləri bəyənir və seçirik ki, onlar Azərbaycanın maraqlarına cavab verir. Buna xalqın rifahı, yüksək texnologiyaların Azərbaycanda tətbiqi ilə bağlı dəyərləri misal göstərmək olar. Eyni zamanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə əlaqəli Avropa təcrübəsinin Azərbaycanda tətbiqi məsələləri də diqqət mərkəzindədir. Biz bu cür müsbət təcrübəni kimsənin, xüsusən də hansısa dövlətin və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, sırf öz ölkəmizin mənafeyi baxımından reallaşmasının marağındayıq. Bu baxımdan iki sfera xüsusilə əhəmiyyətlidir. Bunlardan birincisi yüksək texnologiyaların, ikincisi Avropanın demokratik dəyərlərinin tətbiqi məsələləridir. Ölkə başçısı İlham Əliyev də iyun ayının 24-də Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı çıxışında vurğulayıb ki, Azərbaycan demokratik inkişaf yolu seçib və bu istiqamətdə Avropanın müsbət dəyərlərinin öyrənilməsi, tətbiqi siyasətini həyata keçirir.
- Avropa Komissiyasının Prezidenti Xose Manuel Barrossonun iyun ayında Azərbaycana səfəri zamanı Azərbaycanın Avropa İttifaqı proqramlarında iştirakı barədə Protokol imzalanıb. Bu protokolun əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan dövlətinin yeritdiyi xarici siyasət çevikliyi ilə diqqət çəkməkdədir. Çeviklik də ondan ibarətdir ki, istənilən situasiyaya dərhal reaksiya verilir, formalaşmış situasiyada milli-dövlətçilik maraqlarından çıxış edilir. Göründüyü kimi Avropa İttifaqının əsas layihələrindən biri olan assosiativ üzvlüklə bağlı sənədə Azərbaycan dövləti indiki reallıqlar fonunda münasibət göstərdi, bu sənədə qoşulmaq siyasətini seçmədi. Buna səbəb bir qədər əvvəl qeyd etdiyim kimi, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində təkamül yoluna üstünlük verməsidir. Bu zaman da geopolitik reallıqları, beynəlxalq konyukturanı nəzərə alır. Təbii ki, bu zaman Rusiya amili də diqqətdən kənarda qalmır. Belə olan təqdirdə, Azərbaycanın çevik xarici siyasəti onda öz təsdiqini tapdı ki, dövlətimiz alternativ yolların axtarışına çıxdı. Bu baxımdan Barrossonun iyun ayında ölkəmizə səfəri zamanı Azərbaycanın Avropa İttifaqı proqramlarında iştirakı barədə Protokolu yaxşı nümunə saymaq olar. Sözügedən protokol heç bir halda Azərbaycan üçün əlavə problemlər və təhlükələr yaratmır, geopolitik reallıqları nəzərə alır. Bu məntiqlə çıxış etdikdə, həmin protokol çərçivəsində də Bakı-Brüssel əlaqələrinin inkişafı üçün yeni imkanlar yaranmış olur. Bu da çox geniş spektrə aid məsələləri özündə ehtiva edir. Hesab edirəm ki, yaranmış situasiyada çevik mexanizmlərdən istifadə etmək daha effektli nəticələr verir. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafında rəsmi Bakı bu kimi reallıqları daim nəzərə alır, adekvat addımlar atır.
- Cari ilin oktyabrında Azərbaycanda Avropa Şurası və Avropa Komissiyasının birgə fəaliyyəti olan Avropa irs günlərinin qeyd olunacaq, noyabr ayında isə Bakıda Avropa Şurasının qonşuluq siyasəti üzrə yüksək səviyyəli nazirlər konfransı keçiriləcəkdir. Hər iki beynəlxalq tədbirin ölkəmizdə keçirilməsini necə dəyərləndirirsiniz?
- Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın 6 ay ərzində sədrlik müddəti olacaq. Altı ay ərzində Azərbaycan bu kimi çoxsaylı tədbirə ev sahibliyi edəcək. Eyni zamanda Avropa İttifaqı ilə də bu kontekstdə əməkdaşlığın genişləndirilməsi xətti yerinə yetirilir. Ölkə başçısı İlham Əliyev də İtaliya Respublikasına səfəri zamanı qeyd edib ki, Azərbaycan altı ay müddətində AŞPA Nazirlər Komitəsinə, İtaliya isə həmin müddətdə Avropa İttifaqına sədrlik edəcək. Bu baxımdan Azərbaycan-İtaliya əlaqələrinin inkişafı həm də sözügedən sferada özünü göstərə bilər. Fikrimcə Azərbaycan Prezidentinin İtaliyaya rəsmi səfəri, İtaliyanın Avropa İttifaqına sədrlik etməsi, nəticə etibarilə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsinə, bu müddətdə ölkəmizdə bir sıra mühüm tədbirlərin keçirilməsinə yaşıl işıq yandıracaq. Haqqında bəhs edilən iki mühüm tədbirə də bu kontekstdə qiymət vermək olar.
- Regionda yaranmış durumla əlaqədar bəziləri Azərbaycanın Şərq Tərəfdaşlığı proqramından imtina edəcəyini iddia edirdilər. Son proseslər bu iddiaların yanlış olduğunu təsdiqləyirmi?
- Azərbaycan dövlətinin xarici siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Həmin siyasətin kökündə dayanan əsas məqsəd budur ki, Azərbaycan çoxvektorlu, balanslı, tarazlaşdırılmış və geniş xarici siyasət yürütsün. Ölkə başçısı İlham Əliyev həmin siyasəti sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına uyğun şəkildə həyata keçirməkdədir. Bu gün həmin siyasət hücum taktikasına əsaslanır, yenə də çoxvektorludur. Bu nöqteyi-nəzərdən Azərbaycanın xarici siyasətinin ənənəvi və yeni olmaqla iki siyasət xətti mövcuddur. Ənənəvi xarici siyasət çərçivəsində beynəlxalq təşkilatlarla, eyni zamanda Avropa İttifaqı ilə əlaqələr prioritet məsələlər sırasındadır. Azərbaycanın Avropa ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda çox sıx təmasları var. Ona görə də regionda yaranmış durumla əlaqədar Azərbaycanın Şərq Tərəfdaşlığı proqramından imtina edəcəyi barədə səsləndirilən fikirləri qəbul etmirəm. Bunun üçün heç bir ciddi səbəb yoxdur. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı daha da genişləndirmək xəttinə sadiqdir. Bu istiqamətdə ardıcıl addımlar atılır. Ən əsası bu siyasətdə iki mühüm məqama diqqəti cəlb etmək istəyirəm. Birincisi, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafı ilk növbədə ölkəmizin milli-dövlətçilik maraqlarına söykənir. İkincisi isə qarşılıqlı əməkdaşlıqdır ki, bu əməkdaşlığın daha da dərinləşməsi heç bir halda üçüncü tərəfin əleyhinə deyil. Bu səbəbdən Azərbaycanın Şərq Tərəfdaşlığı proqramından imtina edəcəyi barədə fikirlər reallığa uyğun gəlmir. Kimlərsə bu fikirləri səsləndirməklə, siyasi manipulyasiya edir, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdə gərginlik yaranmasını arzulayırlar. Lakin bu, baş verən deyil. Biz Avropa İttifaqı ilə əlaqələrimizi pillə-pillə, mərhələli şəkildə genişləndirməkdəyik.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər