• cümə, 26 Aprel, 07:29
  • Baku Bakı 12°C

Azərbaycan ABŞ və azad dünya üçün vacib ölkədir

30.01.15 05:38 1213
Azərbaycan ABŞ və azad dünya üçün vacib ölkədir
Birləşmiş Ştatların nüfuzlu “Washington Times” qəzetində Azərbaycanla bağlı materiallar dərc edilib. “Bakı 2015: İlk Avropa oyunları iyunda Azərbaycanda keçiriləcək” başlıqlı məqalədə qeyd olunur ki, ilk dəfə keçiriləcək Avropa Oyunları Azərbaycanı yeni texnologiyaların, idmançıların, mədəniyyət nümayəndələrinin iştirakı ilə iki həftəlik qlobal idman səhnəsinə çevirəcək.
Bildirilir ki, Bakı zəngin Avropa tarixi və mədəniyyəti ilə məşhurdur, lakin nəhəng tikinti layihələrindən sonra digər dövlətlərdə olmayan müasir idman arenasını da dünyaya nümayiş etdirəcək. “Bakı 2015” həmçinin 600 kilometrdən artıq olan optik şəbəkədən istifadə edəcək. Yeni optik şəbəkə, oyunların yalnız televiziyada və kompyuterdə fasiləsiz yayımını təmin etməyəcək. Yeni texnologiya inkişaf etməkdə olan keçmiş Sovet respublikasının informasiya təhlükəsizliyinə və iqtisadiyyatına böyük töhfə verəcək. Məqalədə həmçinin qeyd olunur ki, qitənin ən böyük idman yarışı olan Avropa Oyunları Avropanın Olimpiya Komitəsi tərəfindən tənzimlənir və Avropanın bütün dövlətləri bu oyunlarda iştirak edəcək: “Xəzər dənizinin sahilində yerləşən Bakı, Olimpiadanı keçirmək hüququna sahib olan ilk şəhərdir və oyunlar iyunun 12-də başlayacaq. Oyunları qəbul edəcək 18 idman kompleksindən çoxu hazırdır. Əsas idman arenası bir neçə həftəyə hazır olacaq. Dünyanın böyük şirkətləri Olimpiya oyunlarına sponsorluq edəcək. On illərlə olimpiadalara sponsorluq edən Coca-Cola şirkəti Avropa Oyunlarının da rəsmi tərəfdaşıdır. Avropa Oyunlarının digər tərəfdaşları “Azərbaycan Hava Yolları”, neft və qaz nəhəngləri SOCAR, BP və P&G şirkətləri olacaq”. Məqalənin sonunda qeyd olunur ki, oyunları təşkil edəcək dövlət olan Azərbaycan istedadlı şəxsləri dünyaya təqdim etmək üçün ölkəsinin məşhur simalarının xidmətindən istifadə edəcək. Bura aktyorlar Bəhram Bağırzadə və Murad Dadaşov, həmçinin istedadlı müğənnilər Nigar Camal ilə Röya Ayxan daxildir
Qəzetdəki növbəti məqalə Azərbaycanda yaşayan yəhudi icmasına həsr olunub. “Yəhudi icması ilə zəngin tarixi olan Azərbaycan, İsrail üçün müttəfiqlik qapısını açıb” yazısı “əgər siz müsəlman ölkəsi olan Azərbaycanın İsraillə olan müttəfiqliyini başa düşmürsünüzsə, onda yəhudi icmasının yaşadığı Qubanın “Qırmızı qəsəbəsi”nə baxmağınız kifayətdir” cümləsi ilə başlayır. Məqalədə qeyd olunur ki, Azərbaycandakı yəhudi icması əsrlər boyu müsəlmanların arasında yaşayıb və inkişaf edib. “3 yəhudi məktəbi və sinaqoqu olan “Qırmızı qəsəbə”də hazırda 5000 yəhudi yaşayır. İvrit dili, yəhudilərin inanclarına aid olan abidələr və Azərbaycan xalçaları bu ölkənin əldə etdiyi mədəni tolerantlığın göstəricisidir. Əfsanələrə görə, yəhudilər ilk dəfə Qubaya 13-cü əsrdə gəliblər. 1742-ci ildə Quba xanı Hüseynəli və onun oğlu Fətəli xanın yəhudi icmasının burada yaşamaları üçün xeyir-dua verməsindən sonra iki fərqli mədəniyyətə malik xalqlar arasında dərin köklərin əsası qoyulub. Quba xanları yəhudi icmasına, onları hər bir hücumdan müdafiə edəcəklərinə təminat vermişdilər. Xalqlar arasında olan inam əsrlər boyu davam etdi və hazırda İsrail ilə Azərbaycan arasında olan dostluq əlaqələri əslində 4 əsrlik tarixə malikdir. 1991-ci ildə Sovet İttifaqından ayrılan Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk dövlətlərdən biri İsrail olub. On illər ərzində Azərbaycanla İsrail arasında həm iqtisadi, həm də siyasi münasibətlər daha da inkişaf etdi. İran İslam Respublikası faktoru da bu iki dövlətin daha yaxınlaşmasına şərait yaratdı. İsrail baş naziri Benyamin Netanyahunun 1997-ci ildə Bakıya səfər etməsi iki ölkə arasında olan isti münasibətin bariz nümunəsidir. İki ölkə arasında ticarət yüksək səviyyədədir. Azərbaycan İsrailin neftə olan tələbatının böyük hissəsini ödəyir, İsrail də öz növbəsində Azərbaycanı telekommunikasiya texnologiyaları ilə təchiz edir” - deyə məqalədə qeyd edilib.
Məqalədə həmçinin, İsrail ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanır: “İsrail prezidenti Şimon Peresin 2009-cu ildə Bakıya səfəri iki ölkə arasında olan münasibətlərin daha da yüksəldiyini göstərir. 2013-cü ildə İsrail prezidenti Azərbaycan nümayəndə heyəti ilə görüşündə bildirib ki, Azərbaycanın yürütdüyü sülh, dostluq, inkişaf və müstəqil siyasəti haqqında geniş məlumatım var. Azərbaycan yerləşdiyi mürəkkəb regionda həmişə həlledici rol oynayıb. Azərbaycan terror və müharibəyə qarşı açıq mövqe ortaya qoyur”.
Onu da qeyd edək ki, “Washington Times” qəzeti “Azərbaycan Hava Yolları” Nyu York, Berlin, Tel-Avivə doğru” başlıqlı xəbər də dərc edib. Bildirilir ki, “Azərbaycan Hava Yolları” keçən ilin sentyabrından Nyu-Yorkda yerləşən Con Kennedi adına beynəlxalq hava limanına uçuşları həyata keçirməyə başlayıb. Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanın Hava Yolları Berlinə də birbaşa uçuşlar təşkil edir. İsrail ilə Azərbaycan arasında olan dostluq münasibətlərinə görə “Azərbaycan Hava Yolları” Tel-Aviv şəhərinə uçuşların sayını artırıb.
“Washington Times” həmin gün Azərbaycan haqqında Aleks Vatankın yazdığı məqaləni də dərc edib. Məqalədə bildirilir ki, ABŞ-ın yürütdüyü xarici siyasət qlobal narazılığa səbəb olub. Buna görə də Konqres və administrasiya verdiyi sözlərə inamı azaltmamaq və müttəfiqlərini itirməmək üçün daha diqqətli olmalıdır. Bu müttəfiqlərdən biri də Azərbaycandır. A.Vatanka qeyd edir ki, 1991-ci ildə Sovet İttifaqından ayrılandan sonra Azərbaycan Amerika Birləşmiş Ştatlarına əsas müttəfiqlərindən biri kimi baxır:” Bu, kifayət qədər düşünülmüş lakin təhlükəli addım idi. Azərbaycan Dağlıq Qarabağ probleminin ABŞ-nın köməkliyi ilə həll edilməsinə ümid edirdi”. Məqalədə həmçinin qeyd olunur ki, 20 il ərzində ABŞ Azərbaycanın ona olan ümidlərini doğrultmadı. Yazarın sözlərinə görə, Rusiyanın Krımı ilhaq etməsindən sonra Azərbaycanın ABŞ administrasiyasına inamı daha da azaldı: “Konqresdə olan ABŞ siyasətçiləri dövlətlərin ərazi bütövlüyünün bərpa olunmasının yollarını düşünmək əvəzinə, Moskvaya qarşı geosiyasi xalları hesablamaqla məşğuldurlar”.
ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü, respublikaçı Den Bartonun yazısında isə bildirilir ki, 23 illik qısa müstəqillik dövrü ərzində Azərbaycan Amerika Birləşmiş Ştatlarının yaxın dostu və regionda stabilləşdirici güc qismində çıxış edib. Məqalədə qeyd olunur ki, Rusiya və İranla sərhəddə yerləşməsi və bu dövlətlərin siyasəti Azərbaycanı daha vacib edir: “Bizim Azərbaycanla münasibətlərə dəyər verməyimiz üçün bir çox digər səbəblər də var. Azərbaycan tolerantlıq və anlayış nümayiş etdirən və əhalisinin 96 faizi müsəlman olan bir ölkədir. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ABŞ-a səfəri zamanı bildirib ki, Azərbaycandakı tolerantlıq dünya üçün bir nümunədir. Tolerantlıq bütün millətlər üçün davam etməkdə olan öyrənmə prosesidir, lakin 23 illik müstəqilliyi ərzində Azərbaycan bu sahədə çox güclü addımlar atıb”.
Yazıda bildirilir ki, Azərbaycanın iqtisadiyyatı güclüdür və aparılan iqtisadi siyasətin əsas məqsədi əhalinin yaşayış səviyyəsini yüksəltməyə və gələcək nəsil üçün daha yaxşı həyat təmin etməyə yönəlib: “Azərbaycan, həmçinin NATO-nun tərəfdaşı, İsrailin güclü hərbi və iqtisadi tərəfdaşı, Avropa Şurasının üzvü, 2011-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq ictimaiyyətə inteqrasiya olunub. Azərbaycan və Birləşmiş Ştatlar ortaq dəyərlərə söykənən güclü tərəfdaşlıq qurub və bu, Azərbaycanın Cənubi Qafqaz regionunda tərəfdaş və lider ölkə olması kimi qiymətləndirilməlidir. Azərbaycan və ABŞ ümumi dəyərləri və məqsədləri çərçivəsində eyni problemlərlə üzləşirlər, bu səbəbdən də ABŞ rəsmiləri bu ölkəni dini tolerantlıq, azadlıq və demokratiya kimi öhdəliklərinə görə təbrik etməlidir. Amerika və azad dünyanın digər ölkələrinin Azərbaycan kimi dosta çox ehtiyacları var".
Sənan Əhliman
banner

Oxşar Xəbərlər