• çərşənbə, 24 Aprel, 13:00
  • Baku Bakı 27°C

AYİB Azərbaycan şəhərlərində həyat keyfiyyətinin yaxşılaşdırılmasına kredit ayıra bilər

17.03.20 11:21 981
AYİB Azərbaycan şəhərlərində həyat keyfiyyətinin yaxşılaşdırılmasına kredit ayıra bilər
Avropa İnkişaf və Yenidənqurma Bankı (AYİB) Azərbaycan şəhərlərində həyat keyfiyyətinin yaxşılaşdırılmasına texniki yardım və kredit ayırmağa hazırdır.
Bunu "APA-Economics"ə AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım İvana Duarte deyib.
Onun sözlərinə görə, bununla bağlı bank şəhər rəhbərlikləri ilə danışıqlar aparmağa hazırdır: "Biz Azərbaycan şəhərlərində həyat keyfiyyətinin yaxşılaşdırılması üçün texniki yardımın və kreditin ayrılmasına dair şəhərlərin rəhbərlikləri ilə danışıqlara hazırıq”.
İ. Duarte onu da əlavə edib ki, dünyada 40 şəhərin inkişafına dəstək olmuş AYİB-in Şəhər Dayanıqlılığı Proqramı müvəffəqiyyətlə davam edir və artıq gözəl nəticələr əldə olunub. Bu proqram çərçivəsində gözlənilən işlər gələcək investisiya və inkişaf istiqamətini dəyişikliklərini müəyyənləşdirmək üçün fəaliyyət planını yaratmaqdan ibarətdir.
Qeyd edək ki, iki həftə əvvəl Gəncə şəhəri və AYİB Gəncə şəhərində təkmilləşdirmələrlə bağlı birgə fəaliyyətə dair razılığa gəlib. Bank şəhərdə infrastrukturun yenilənməsi layihələrini maliyyələşdirməyə hazırdır. Azərbaycanın qərbində yerləşən Gəncə bankın investisiya qoyduğu ölkələrdə 40 şəhərin inkişafına dəstək olmuş AYİB-in uğurlu şəhər dayanıqlılıq proqramına qoşulmaqda maraqlıdır. Proqramın tərkib hissəsi kimi, AYİB ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün "Yaşıl Şəhər" üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncə şəhərinə kömək edəcək. Bank həmçinin şəhərin küçə işıqlandırma sisteminin, şəhəri nəqliyyatı, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazırdır.
Xatırladaq ki, AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir. İndiyədək AYİB Azərbaycanda 168 layihəyə 3,3 mlrd. avro investisiya qoyuluşu edib. Bank həmçinin yerli kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhət xidməti göstərir və mindən artıq şirkətin öz göstəricilərini yaxşılaşdıraraq inkişafına yardım edib.
banner

Oxşar Xəbərlər