• cümə, 26 Aprel, 10:06
  • Baku Bakı 12°C

Aygün Səmədzadə: “İnsanların xərclədiyi pullara mat qalıram”

04.11.14 14:31 1253
Aygün Səmədzadə: “İnsanların xərclədiyi pullara mat qalıram”
"Azərbaycan müğənnilərini, musiqilərini dünyaya tanıda biləcək prodüsserlər yoxdur. Halbuki ölkədə dünyaya çıxa biləcək peşəkar səs, ifa və musiqi yetərincədir".
Bunu APA TV-yə Milli Konservatoriyanın müəllimi, bəstəkar Aygün Səmədzadə deyib. Bəstəkar Azərbaycan estradasında yaxşı ifaçıların, peşəkar musiqi və kliplərin az olmadığı bir dövrdə sənətçilərin dünya arenasına çıxa bilməməsinin səbəbini belə izah edir: "Bizim professional musiqiçilərimiz çox güclüdürlər. Dünyanın bir çox ölkəsində bizim musiqiçilərimizin imkanlarından çox geniş istifadə edirlər. Məncə iş müğənnidə, səsdə və onun ifa etdiyi musiqidə deyil. Məsələ prodüserlərdədir. Bu insanları dünyaya tanıda biləcək insanlar yoxdur bizdə. Yəni bizə, müğənnilərimizi, bəstəkarlarımızı, rəqqaslarımızı dünyaya çıxaran adamlar lazımdır".
Aygün xanım hesab edir ki, həmyerlilərimiz arasında bu işin öhdəsindən gələ biləcək prodüser yoxdursa, Azərbaycana xarici ölkələrdə fəaliyyət göstərən prodüserləri dəvət etmək olar: “Sənəti təbliğ edərkən sən sırf milli maraqlardan çıxış etməməlisən. Sən sənətə xidmət edən meyarları götürməlisən. Və düşünməlisən ki, bu işi dünya arenasına çıxartmaq üçün kimlər lazımdır? Və məhz belə insanlar cəlb olunmalıdır ki, mədəniyyətimizi dünyaya tanıtsınlar”.
Yerli ifaçılara verilən qiymətə gəlincə, bəstəkar bunları deyib: “Heç kimin acığına gəlməsin, amma mən hər gün getdiyim müəyyən tədbirlərdə insanların xərclədiyi pullara məəttəl qalıram. Artıq pulu olanlar və onu hara xərclədiyini bilməyən adamlar onları bizim müğənnilərə xərcləsələr yaxşıdır. Bizim müğənnilər də onların hesabına yaxşı mahnılar oxusunlar və keyfiyyətli işlər görsünlər. Bu, çox gözəldir. Amma bir tərəfdən də fikirləşirsən ki, yarım saat gəlib fonoqram oxuyan müğənniyə verilən pula uşaq evində nələr etmək olar. O pula hansısa kasıbın ehtiyacı ödənə bilər. Mən fikirləşirəm ki, müəyyən insanlara xərclənən pullar sadəcə prestij xətrinədir”.
banner

Oxşar Xəbərlər