Aygün Əliyeva: “Xalqların dünyaya tanıdılmasında mədəniyyətin rolu misilsizdir” - Fotolar

Aygün Əliyeva: “Xalqların dünyaya tanıdılmasında mədəniyyətin rolu misilsizdir” - Fotolar

Mədəniyyət
23 May 2017, 19:15 1313
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalında Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Bakı Humanitar Kollecinin təşkilatçılığı ilə Binəqədi gənclərinin xalq artisti Rasim Balayevlə "Film kimi keçən ömür” adı altında görüşü keçirilib.
 
Keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, AƏSMA-nın prorektoru Sirac Məmmədov, Bakı Humanitar Kollecin və AƏSMA-nın tələbələri, orta ümumtəhsil müəssisisələrinin, məktəbəqədər təhsil müəssisələrinin gənc əməkdaşları, YAP Binəqədi Rayon Təşkilatının fəalları və gənclər iştirak ediblər.
 
Tədbir xalq artisti Rasim Balayevin həyat və yaradıcılığını əks etdirən videorolikin nümayişi ilə başlayıb.
 
Daha sonra tədbiri açıq elan edən YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov aktyorun həyat və fəaliyyəti haqqında geniş məlumat verib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirib ki, xalqların dünyaya tanıdılmasında mədəniyyətin rolu misilsizdir. Azərbaycan xalqı hər zaman öz milli- mənəvi dəyərləri, tarixi və mədəni nümunələri ilə fəxr edə bilər. Ən önəmli məqam bu gün gənc nəslin milli musiqisinə, mədəni irsinə, vətəninə böyük sevgi ruhunda böyüməsidir. Onlar üçün zamanında Babək, Nəsimi, Beyrək kimi qəhrəman obrazlarını yaratmış insanla görüşmək həm də vətənpərvərlik tərbiyəsi baxımından çox önəmlidir.Gənclərin əsl vətəndaş kimi formalaşmasında belə görüşlərin rolu danılmazdır. Gənclərimizin bu sənətə ömürünü fəda verənlərin həyat və yaradıcılığını təbliğ etmək isə hər birimizin borcudur.
 
Natiq bildirib ki, dövlətimiz tərəfindən Teatr və kino sənətinin inkişafı istiqamətində böyük işlər görülür, bu yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır, yeni fəaliyyət formaları meydana çıxır. 
 
Sonra "Nəsimi” filmindən fraqment nümayiş olunub.

Fraqmentdən sonra Bakı Humanitar Kollecin tələbələrinin iştirakı ilə Nəsimi obrazında "Məndə sığar iki cahan, mən bu cahana sığmaram” , "Ey müsəlmanlar” və "Hardasan” qəzəlləri səsləndirilib. 

Daha sonra "Dilbəra mən səndən ayrı canı neylərəm” muğamı səslənib, "Sən həmişə mənimləsən” tamaşasından fraqment nümayiş edilib. Sonra Nargilə və Həsənzadə obrazları Bakı Humanitar Kollecinin tələbələrinin ifasında nümayiş etdirilib. 
 
Bədii hissədən sonra xalq artisti Rasim Balayev auditoriyanın suallarını cavablandırıb və aktyora sual ünvanlayan gənclə birlikdə Mikayıl Müşfiqin "Yenə o bağ olaydı” şeirini səsləndirib. 
 
Suallardan sonra Rasim Balayev tərəfindən Bakı Humanitar Kollecinin kompozisiyalarda iştirak edən tələbələrinə Fəxri Fərmanlar təqdim edilib.

Təltiflərdən sonra çıxış edən xalq artisti Rasim Balayev tədbirlə bağlı öz xoş təəssüratını bölüşüb və belə səmimi görüşün təşkilinə görə rayon rəhbərliyinə, təşkilatçılara təşəkkürünü çatdırıb. Xalq artisti çıxışında bildirib ki, Şərqdə ilk professional teatrın yaradılış məkanı sayılan ölkəmizdə bu gün də bu sənətin inkişafı, təkmilləşdirilməsi, zəngin bədii irsimizin və yaradıcılıq ənənələrinin möhkəmləndirilməsi, teatr binalarının müasir standartlara uyğunlaşdırılması, onların maddi-texniki bazasının daha sivil tələblərə uyğunlaşdırılması, ən başlıcası isə tamaşaçı və dinləyicilərin mənəvi ehtiyaclarını, estetik baxışlarını formalaşdıra biləcək səhnə əsərlərinin yaradılması üçün nəzərə çarpacaq dərəcədə çox böyük işlər görülməkdədir.
 
Tədbirin sonunda "Babək” filmindən fraqment nümayiş olunub, Yallı rəqsi ilə tədbirə yekun vurulub. 
 
Tədbirdən sonra gənclər xalq artisti Rasim Balayevlə xatirə fotoları çəkdiriblər.