• cümə, 26 Aprel, 17:25
  • Baku Bakı 23°C

AXC-Müsavat hakimiyyətinə qarşı xalq etirazı

04.06.19 20:56 1941
AXC-Müsavat hakimiyyətinə qarşı xalq etirazı
28 may 1918-ci il tarixdə müsəlıman Şərqində ilk dəfə elan edilən demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprel tarixində bolşevik Rusiyası tərəfindən işğal olunan Azərbaycan bir də düz 71 il sonra müstəqilliyini bərpa edə bildi.Lakin müstəqilliyimizin ilk illəri heç də müsbət hadisələrlə yadda qalmayıb. Ermənistanın imperialist güclərə arxalanaraq torpaqlarımızın bir hissəsini işğal etməsi, ölkə daxilindəki hərc-mərclik, vəzifə davası, AXC-Müsavat hökumətinin səbatsız idarəetməsi, vətəndaş müharibəsinin baş qaldırması Azərbaycanı yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoyub. Həmin illərin dövlətçilik və Azərbaycan xalqı üçün ən təhlükəli hadisələrindən biri də 4 iyun 1993-cü il tarixli Gəncə qiyamıdır. İki illik hakimiyyətləri dövründə AXC-Müsavat cütlüyü Azərbaycanı dərin bir uçuruma sürükləyib, vətəndaş müharibəsi baş qaldırıb, ölkənin müstəqilliyinin itirilməsi təhlükəsi yaranıb. Məhz belə bir ağır vəziyyətdə Azərbaycan xalqının təkidli tələbi ilə ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə gətirilib və onun fəaliyyəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin olunub, müstəqilliyimiz əbədi, dönməz xarakter alıb.
Yanlış ictimai rəy yaratmağa cəhd
Lakin əfsuslar olsun ki, vaxtilə siyasi hakimiyyətdə təmsil olunan, hazırda isə müxalifətdə yer alan Azərbaycan Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyaları, həmçinin bu təşkilatların funksionerləri keçmişdə baş verənlərdən ibrət götürə bilmirlər. Əksinə, AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, eləcə də onlarla birlikdə 1992-93-cü illərdə hökumətdə müəyyən vəzifə-səlahiyyət sahibi olan bəzi şəxslər radikal çağırışlarla yenidən gündəmə gəlməyə çalışır, yenidən hakimiyyətə iddialarını ortaya qoyurlar. Bu zaman onlar keçmişdə olanları təhrif etməyə, sosial şəbəkə və nəzarətlərində olan onlayn media vasitəsilə yanlış ictimai rəy formalaşdırmağa müxtəlif cəhdlər edirlər. Utanmadan, öz ayıblarına kor olmadan AXC-Müsavat cütlüyünün o illərdə buraxdığı yanlışlıqları pərdələməyə çalışır, hələ bir qədər də irəliyə gedərək, xilaskarlıq missiyasından danışırlar.

Bir dəfə iflas olunanlar heç vaxt bəraət qazanmırlar
Halbuki, reallıq tamam fərqlidir.Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov özünün "facebook” səhifəsində yazdığı kimi, 26 il bundan əvvəl, 1993-cü ilin iyun ayının 4-də AXC-Müsavat hakimiyyətinə qarşı xalq qiyamı baş verib. Nəticədə cəmi 13 ay hakimiyyətdə duruş gətirənlər xalqın təpkisi ilə istefa verməyə məcbur olublar. Ə.Əhmədov bildirib ki, xalq qiyamı sayəsində təzəcə bərpa olunmuş dövlət müstəqilliyinin üzərindəki başlıca təhlükə - qeyri-demokratik və yarıtmaz hakimiyyət aradan qalxıb. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin qayıdışı nəticəsində AXC-Müsavat cütlüyü hakimiyyətinin yaratdığı xaos, anarxiya, dərəbəylik, ölkəni parçalayan separatizm ləğv edilib, iqtisadi tənəzzül və total böhran cilovlanıb, ölkədə insanların həsrətlə gözlədiyi sabitlik və əmin-amanlıq təmin edilib. Beləliklə də müstəqillik və dövlətçilik tariximizin yeni mərhələsi başlayıb. Ə.Əhmədov xatırladıb ki, Heydər Əliyevin və İlham Əliyevin titanik səyləri nəticəsində Azərbaycan 1993-cü ildə dağılmaqda olan dövlətdən bugünki güclü, qüdrətli, çiçəklənən dövlətə çevrilib. Baş nazirin müavini qeyd edib ki, vaxtilə Azərbaycanı ağır böhran, vətəndaş müharibəsi həddinə çatdıran keçmiş hakimiyyət təmsilçiləri 1993-cü ilin dəhşətlərinin xalqın yaddaşından silindiyinə ümid edərək, yenidən baş qaldırıb şər-böhtan kampaniyası aparırlar. O vurğulayıb ki, bir kərə yüksələn bayraq bir daha enmədiyi kimi, bir dəfə iflas olunanlar da heç vaxt bəraət qazanmırlar.


Polkovnikin mənsub olduğu hakimiyyəti devirməsi
Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu da "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, 4 iyun 1993-cü il yaxın siyasi keçmişimizin ən gərgin tarixi hadisəsi ilə yadda qalıb. O qeyd edib ki, həmin gün Azərbaycan hakimiyyətində həm hakimiyyət böhranı yaşanıb, həm də ölkədə vətəndaş müharibəsinin başlanğıcı müşahidə edilib: "İrrasional qüvvələrin hakimiyyətdə olması funksional hakimiyyət institutlarının formalaşmasına imkan vermirdi. O dövrün mürəkkəb ictimai-siyasi prosesləri kontekstində idarəetmənin düzgün əsaslarda həyata keçirilməməsi böhrana gətirib çıxarmışdı. Bir tərəfdən Azərbaycan torpaqları işğal edilirdi, bir tərəfdən də ölkədə vətəndaş müharibəsi başlayırdı. Bu isə onsuz da çətin olan vəziyyəti bir qədər də ağırlaşdırırdı. Əslində hadisələrin bu cür inkişafının səbəbkarı və günahkarı o dövrün AXC-Müsavat hakimiyyət cütlüyü idi. Çünki 4 iyun hadisələrində Surət Hüseynov ad-soyadlı polkovnikin qiyamı hakimiyyətdaxili böhran idi. Surət Hüseynov AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə baş nazirin müavini vəzifəsində çalışırdı, eyni zamanda Azərbaycan Prezidentinin Dağlıq Qarabağ üzrə fövqəladə və səlahiyyətli nümayəndəsi idi. Bununla yanaşı, həm də həmin hakimiyyət Surət Hüseynova Milli Qəhrəman adı vermişdi. Yəni, özünün hakimiyyət iyearxiyasında yetişdirdiyi bir şəxs – polkovnik məhz mənsub olduğu hakimiyyəti devirirdi. Bu, həmin tarixin, dövrün nə qədər ziddiyyətli olduğunu ortaya qoyur”.

Yeni nəsillər reallıqları olduğu kimi bilməlidir
Deputat H.Babaoğlu bildirib ki, bu kritik tarixi hadisə Azərbaycan mətbuatının əsas mövzusu olmalıdır: "Çünki bu tarixi indi də yanlış şəkildə Azərbaycan cəmiyyətinə təqdim etmək istəyən marginal qruplar var. Misal üçün, Əli Kərimli həmin tarixlə bağlı sosial şəbəkədə status yazıb və tarixi faktları təhrif edib. Eyni zamanda digər marginal qruplar da tarixi faktları təhrif etməklə cəmiyyətə çatdırmağa çalışırlar. Surət Hüseynov AXC-Müsavat cütlüyü hakimiyyəti üzvlərini dar ağacından asacağı ilə hədələyirdi. AXC-Müsavat hakimiyyəti rəhbərliyinin ulu öndər Heydər Əliyevin arxasınca Naxçıvana xüsusi təyyarə göndərməsi, onu təkidlə Bakıya dəvət etməsi də bununla əlaqəli idi. Ancaq ulu öndər Heydər Əliyev Bakıya gələrək bütövlükdə Azərbaycan xalqını və dövlətçiliyini xilas etdi. Ona görə də yeni nəsillər reallıqları olduğu kimi bilməlidir. Bu tarixin ibrət dərslərini biz indi də unutmamalıyıq. Əsla və əsla o dövrün siyasi hakimiyyətindən miras qalan "ənənələrə” qayıtmaq olmaz”.
Rufik İSMAYILOV



banner

Oxşar Xəbərlər