• cümə, 26 Aprel, 11:32
  • Baku Bakı 12°C

Avropaya inteqrasiya Azərbaycanın əsas prioritetlərindən biridir

01.02.14 09:43 2663
Avropaya inteqrasiya Azərbaycanın əsas prioritetlərindən biridir
Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti yerli ekspertlərlə yanaşı, son vaxtlar bir sıra Qərb analitikləri tərəfindən də etiraf olunmaqdadır.
Məsələn, Şərq və Qərb arasında əlaqələr üzrə Avropa Assosiasiya Mərkəzinin üzvü Erik Lerner “Arminfo”ya onlayn müsahibəsində bildirib ki, «Azərbaycan elə bir əlverişli vəziyyətdədir ki, kiməsə nəyisə sübut etməsinə ehtiyac duymur. Neftin çox tezliklə qurtaracağı və Azərbaycanda demokratiyanın olmadığı barədə nə qədər fikirlər səslənsə də, vəziyyət prezident İlham Əliyevin xeyrinə dəyişir və əməkdaşlıq formatını o özü müəyyən edir”.
O, həmçinin Azərbaycanın Avropaya inteqrasiya prosesində düşünülmüş və ehtiyatlı siyasət yürütdüyünə də işarə edib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ilə assosiativ üzvlük sazişinin imzalanması müəyyən öhdəlikləri nəzərdə tutur və rəsmi Bakı belə formada münasibətlər qurmağı əlverişli hesab etmir. Göründüyü kimi, avropalı ekspert rəsmi Bakının atdığı addımlarda milli maraqları ön planda tutduğunu qeyd edir.
Həmçinin diqqət yetirilərsə, ekspertin fikirlərində Azərbaycanın özünə inamlı, güclü dövlət olduğu, yalnız neft amilinə güvənmədiyi ifadə olunur. Dolayısı ilə göstərilir ki, ölkəmiz neft amilindən sadəcə olaraq, ölkə iqtisadiyyatının inkişafı və ümumilikdə ölkənin qüdrətinin artması üçün istifadə edib. Bu baxımdan, neftin qurtaracağı Azərbaycanı o qədər də narahat etmir. Əlbəttə ki, bütün bunların reallığı əks etdirdiyi şübhəsizdir. Ötən illər ərzində Azərbaycan neftdən gələn gəlirlər vasitəsi ilə qeyri-neft sektorunda ciddi nailiyyətlər əldə edib. Bunun nəticəsidir ki, dövlət büdcəsində qeyri-neft sektorunun payı ilbəil artır. Ölkədə müxtəlif emal müəssisələri, texnoparklar, müasir sənaye kompleksləri yaradılır, İKT sektoruna böyük diqqət yetirilir, yay-qış turizmi sürətlə inkişaf edir. Bundan başqa, bu yaxınlarda kənd təsərrüfatının inkişafı ilə bağlı prezident fərmanının imzalanması isə bu sahənin qeyri-neft sektorunda əhəmiyyətli yerə sahib olmasını təmin edəcək. Bütün bu inkişaf tendensiyaları əlbəttə ki, regionla, ölkəmizlə maraqlanan xarici analitiklərin diqqətini çəkməyə bilməz.
Məhz ölkədə baş verən inkişaf meyillərinin təhlili sayəsində qərb analitikləri Azərbaycanın özünə güvənən siyasət həyata keçirməsinin, beynəlxalq təşkilatlarla münasibətlərdə milli maraqlarını daim öndə tuta bilməsinin səbəblərini müəyyənləşdirə bilirlər. Həmçinin «ölkədə demokratiya yoxdur» iddialarına baxmayaraq, beynəlxalq qurumlarla münasibətlərin formatını Azərbaycanın özünün müəyyənləşdirməsi fikrinin dilə gətirilməsi də müəyyən mətləblərdən xəbər verir. Belə ki, avropalı ekspert bununla etiraf edir ki, prezident İlham Əliyev bəzi beynəlxalq qurumların demokratiya adı altında həyata keçirdiyi «ikili standartlar» oyunlarını artıq çox məharətlə poza bilir və vəziyyəti ölkəsinin xeyrinə dəyişməyi bacarır.
Günün reallığı ondan ibarətdir ki, artıq Azərbaycan yerləşdiyi regionun lideri olmaqla bərabər, Avropa miqyasında da əhəmiyyətli dövlətə çevrilib. Bu, əlbəttə ki, avropalı tərəfdaşların diqqətindən yayınmır və ölkəmizin Avropa üçün əhəmiyyəti nəzərə alınır.
Aİ ilə assosiasiya sazişinin imzalamaması məsələsi isə ekspertin də vurğuladığı kimi, ölkəmizin istənilən qurumla, təşkilatla əməkdaşlıq formatını özünün müəyyən etməsinin göstəricisidir.
Ekspert prezident İlham Əliyevin “Azərbaycana Aİ ilə assosiativ üzvlük statusu qane etmir” fikrini şərh edərək bildirib ki, Azərbaycan yaxşı başa düşür ki, Aİ ilə assosiasiya sazişi imzalayarsa, bu zaman Avropa İttifaqı ölkənin iqtisadiyyatına nəzarəti ələ ala bilər. O, əlavə edib ki, Aİ Azərbaycan ixracından asılı olduğu bir vaxt, rəsmi Bakı öz neftinə kiminsə nəzarət etməsinə imkan verməz.
Göründüyü kimi, Azərbaycanın Aİ ilə assosiasiya sazişi səviyyəsində münasibətlər qurmaqda maraqlı olmadığının avropalıların da diqqətindən yayınmadığı ortadadır. Lakin Azərbaycan Aİ ilə əməkdaşlığı dayandırmaq və yaxud zəiflətmək niyyətində də deyil, əksinə, Azərbaycan bu əməkdaşlığın yeni formalarının tapılması arzusundadır. Bu baradə Azərbaycanın mövqeyini prezident İlham Əliyev RİA “Novosti”yə müsahibəsində bildirib: “Azərbaycanın Avropa İttifaqı ilə assosiasiya sazişi nəzərdə tutulmayıb. Lakin strateji tərəfdaşlıq variantını müzakirə edə bilərik”.
Hazırkı şəraitdə ölkəmizin Aİ ilə münasibətləri əslində strateji tərəfdaşlıq səviyyəsindədir. Belə ki, Aİ-ə üzv bir sıra dövlətlərlə ötən ilin sonunda «Şahdəniz 2» layihəsi çərçivəsində imzalanmış tarixi müqavilə məhz belə münasibətlərin formalaşmasının əsasını qoyur. Bu saziş vasitəsilə Azərbaycan Aİ-nin cənub regionunun qazla təchizatını öz üzərinə götürür (Əməkdaşlığın bu formatında isə bir tərəfin deyil, hər iki tərəfin müəyyən asılılığı və öhdəyi ortaya çıxır).
Ümumiyyətlə, Azərbaycanın Avropaya, avroatlantik strukturlara inteqrasiyası onun xarici siyasətinin əsas prioritetləri sırasındadır. Bu barədə dövlət başçısı dəfələrlə öz qəti mövqeyini ortaya qoyub. Məsələn, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyevin xüsusilə üzərində dayandığı məqamlardan biri Avropaya inteqrasiya məsələləri olub. Prezident Aİ ilə əlaqələrin yüksələn xətlə inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib: «Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalandı. Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin təzahürüdür. Bu münasibətlər gələcəkdə də inkişaf edəcəkdir. Hazırda - təbii ki, 2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir».
Vizaların sadələşdirilməsindən başqa, ölkəmiz Aİ ilə «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində də səmərəli əməkdaşlıq ortaya qoyub.
Beləliklə, görmək mümkündür ki, Azərbaycan dövləti, başda prezident İlham Əliyev olmaqla, Aİ ilə münasibətlərə, ümumiyyətlə avrointeqrasiya proseslərinə böyük önəm verir. Lakin avropalı analitiklərin də aydınca sezərək dilə gətirdikləri kimi, bu münasibətlərin qurulması və əlaqələrin dərinləşdirilməsində ölkəmizin milli maraqları daim ön planda tutulur.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər