• şənbə, 27 Aprel, 04:38
  • Baku Bakı 14°C

Avropa Oyunlarını keçirməklə qapılarımızı dünyaya açacağıq

09.06.15 11:38 1398
Avropa Oyunlarını keçirməklə qapılarımızı dünyaya açacağıq
Nəzakət Teymurova: “Dünyaya səs salan dövlətimizlə, qürurla dalğalanan bayrağımızla fəxr edirəm”
Xeyli vaxtdır bölgələrimizi gəzən “Bakı-2015” birinci Avropa Oyunlarının məşəli nəhayət ki, iyunun 7-də paytaxtımıza gətirildi. Məşəli ilk olaraq dövlət başçımız İlham Əliyev qəbul etdi. Daha sonra məşəlin daşınması prosesində ölkəmizin dünyada tanınmasında müstəsna xidmətləti olan insanlar iştirak etdilər. Onların sırasında incəsənət nümayəndələri də var idi. Belə ki, məşəlin daşınması prosesində Azərbaycanın xalq artististləri İlhamə Quliyeva, Alim Qasımov, Fidan və Xuraman Qasımovalar, Canəli Əkbərov, Aygün Bayramova, Nəzakət Teymurova, Aygün Kazımova, “Eurovision” təmsilçilərimiz Səbinə Babayeva, Dilarə Kazımova da iştirak etdilər.
Məşəl daşıyıcılarından olan xalq artisti, xanəndə Nəzakət Teymurova bu möhtəşəm hadisədən sonra öz təəssüratlarını bizimlə bölüşdü. O, məşəl daşıyıcısı olmağın qürurverici bir hiss olduğunu bildirdi.
- Nəzakət xanım, sizi məşəl daşıyıcısı, məşəldar kimi gördük. Ümumiyyətlə, Avropa Oyunlarının rəmzi hesab olunan məşəli daşımaq necə bir hissdir?

- Avropa Oyunlarının rəmzi olan məşəli daşıdığım zaman qürur duydum. Bunu sözlə ifadə etmək mümkün deyil. Xoşbəxt sənətkaram ki, dövlətim məni belə möhtəşəm bir tədbirin məşəlini daşımağa layiq görüb. Məni şərəfli missiyanı daşımağa uyğun bildiyi üçün dövlətimizə, dövlət başçımıza təşəkkürümü bildirirəm. Nə xoş mənə ki, məşəlimizin paytaxtaımıza gəldiyi gün sayılıb-seçilən sənət adamları sırasında mənim də adım var idi. Bu doğrudan da sevindirici hadisədir. Dövlətimizin hər bir uğuruna çox sevinirəm. Məşəl daşımaq mənim üçün önəmli hadisədir. İllər sonra çox az azərbaycanlı fəxrlə deyə biləcək ki, mən də ilk dəfə olaraq keçirilən Avropa Oyunlarında məşəl daşımışam.
- “Bakı-2015” Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə münasibətiniz necədir?

- Bu gün dövlətimizin inkişafı göz önündədir. Avropa Oyunlarının vətənimizdə keçirilməsi də bunun bariz nümunəsidir. Avropa Oyunları illər keçdikcə yaddaşlarda qalan hadisəyə çevriləcəkdir. Oyunların keçirilməsi həm mədəniyyətmizdə, həm idmanımızda, həm də siyasətimizdə böyük təkan olacaq. Əgər dünya səviyyəsində, böyük arenalarda Azərbaycanın adı çəkilirsə, bayrağı dalğalanırsa, nə xoş bizə. Dünyaya səs salan dövlətimizlə, qürurla dalğalanan bayrağımızla fəxr edirəm. Azərbaycan vətəndaşı olduğum üçün qürur duyuram. Ümid edirəm ki, bu idman yarışlarında uğrunda mübarizə aparılan qızıl medallar bizim idmançılarımızın payına düşəcək. Qələbə bizimlə olacaq. Birinci Avropa Oyunlarından sonra ölkəmizə turist axını başlayacaq. Əminəm ki, xarici turistlər həm mətbəximizi, həm də mədəniyyətimizi bəyənəcəklər. Bundan başqa, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Avropa Oyunlarının xüsusi rolu var. Azərbaycanın nəinki Avropaya, mən deyərdim ki, dünyaya tanınmasında bu, ən əhəmiyyətli hadisələrdən biridir. Hesab edirəm ki, Avropa Oyunlarının əhəmiyyətliliyi, vacibliyi nəinki idmanımıza, eyni zamanda, gələcək nəslin Avropaya daha yaxından inteqrasiya etməsinə böyük təsir göstərəcək. Avropa deyəndə heç də ağlınıza Avropanın daha çox inkişaf etmiş hansısa ölkəsi və ya hansısa bizim milli-mədəni mentalitetimizə uyğun olmayan adəti gəlməsin. Avropanın özündə də ənənələr deyilən bir anlayış var. Avropa Oyunlarını keçirməklə biz öz qapılarımızı dünya ölkələrinin nümayəndələrinə açmış oluruq. Mən deyərdim ki, “Bakı 2015” Avropa Oyunları böyük bir tarixi hadisədir. Çünki zaman keçdikcə və növbəti ölkələrdə bu tədbir keçirildikcə, Azərbaycanın adı hallanacaq. Hər kəs bu nüfuzlu tədbirin ilk dəfə Azərbaycanda keçirildiyini yada salacaq. Mən bir vətəndaş olaraq bu tədbirin keçirilməsindən fəxarət hissi duyuram. Bu təbir Azərbaycanın dünyada tutduğu mövqeyi daha da möhkəmləndirəcək, dünya dövlətləri sırasında müsbət imicimiz formalaşacaq. Çünki hər birimiz bilirik ki, bu gün erməni lobbisi beynəlxalq aləmdə ölkəmizi, xalqımızı gözdən, nüfuzdan salmaq üçün hər cür qara piara əl atır. Amma dünyanın 50 ölkəsinin nümayəndələrinin Azərbaycana gəlişi, onlara açılan qapı bir daha ölkəmizin və xalqımızın sülhməramlı olduğunu dünyaya sübut edəcək. Məncə, bundan gözəl təbliğat vasitəsi ola bilməz. Bu mənada, Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün bir fürsətdir.
- Bəs, Avropa Oyunlarında iştirak etməyi necə, düşünürsünüzmü?

- Dünyada ilk dəfə baş tutan və sorağı bütün ölkələrə yayılan bu nüfuzlu tədbirdə bayram əhval-ruhiyyəsini izləmək və o hissləri daha yaxından yaşamaq məncə, hər bir azərbaycanlı üçün böyük bir zövqdür. Avropa Oyunlarında iştirak etməyi çox istəyirəm. Amma bu Oyunlarla bağlı işlərə görə başımız bir qədər qarşıqdır. Ona görə də dəqiq deyə bilmirəm, vaxt tapıb gedə biləcəm, yoxsa yox. Yəqin ki, imkan tapdıqca ən azı televiziya vasitəsilə izləməyə çalışacam. Əgər vaxtım olarsa, bilet alıb, oyunları izləməyə də gedəcəyəm.
- Hansı idman növünə marağınız var?

- İdmanın hər bir növü gözəldir. Nəticədə, bu, bir sağlamlıqdır. Ancaq mənim marağıma gəlincə, tennis, vobleybol, güləş və karate idman növlərinə xüsusi marağım var. Düzdür, bu idman növləri ilə heç vaxt məşğul olmamışam, ancaq vaxt tapdıqca o idman növləri üzrə yarışları izləməyə çalışacağam.
- Avropa Oyunları ərəfəsində bir sənətkar olaraq insanlara nə çağırış edərdiniz?

- Avropa Oyunları zamanı həm də ölkəmizin turizm potensialı inkişaf edəcək və bu Oyunları izləmək üçün Azərbaycana çoxlu sayda turistlər gələcək. Mən burdan insanlara səslənərək demək istəyirəm ki, əcnəbi turistlərlə elə davransınlar ki, onlar xalqımızdan, ölkəmizdən xoş təəssüratlarla ayrılsınlar. Əlbəttə, biz qonaqpərvər xalqıq və hər zaman qapımızı qonaqların üzünə gülərüzlə açmışıq. Bu dəfə də dədə-babalarımızın əsrlər boyu qoruyub-saxladığı ənənəyə sadiq qalmalıyıq. Digər tərəfdən, Avropa Oyunları yalnız bir idman yarışması demək deyil. Bu tədbir zamanı milli mədəniyyətimiz, mətbəximiz də nümayiş olunacaq. Milli xörəklərimizdən dadan əcnəbilər yəqin ki, uzun müddət bu təamlardan danışacaqlar. Ölkəmizə gələn turistlərlə xoş davranmalı, yüksək mədəniyyət nümayiş etdirməliyik ki, bizdən xoş təəssüratla ayrılsınlar.
- Nəzakət xanım, Avropa Oyunlarnın keçiriləcəyi günlərdə sizin ifanızda hər hansı konsert gözlənilirmi?

- Həmin günlər çərçivəsində heç bir solo konsertim olmayacaq. Ancaq ölkəmizə təşrif buyuran turistlər üçün iyunun 20-də Azərbaycan Dövlət Opera və Balet Teatrında mənim də rol aldığım, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin Şərq və müsəlman dünyasının ilk operası sayılan “Leyli və Məcnun” tamaşasında çıxış edəcəyəm. Teatrımızın rəhbərliyi də bu Oyunlara hazırılaşır. Bu tamaşa qabaqcadan planlaşdırılıb. Avropa Oyunları çərçivəsində həmin teatrda bir-birindən maraqlı, repertuarda olan tamaşalar nümayiş olunacaq. Güman edirəm ki, turistlər həmin tamaşanı izləyib, zövq alacaqlar.
- Sizcə, Azərbaycanın milli sərvəti olan muğamımız haqqında avropalılar nə qədər bilgilidir? Bizim muğamımızı onlar necə qarşılayacaqlar?

- Mütəmadi olaraq Avropa ölkələrində qastrollarda oluruq. Gəldiyim qənaətə görə, avropalılar xasiyyətcə bir qədər soyuqdurlar. Onlar hər şeyə biganə yanaşırlar. Belə ki, Avropa turuna çıxanda, konsert zamanı sakitcə ifamızı dinləyirlər, heç bir reaksiya göstərmirlər. Belə olan halda, insana elə gəlir ki, nə qədər peşəkar, gözəl ifa etsən də onlar bəyənmədilər. Amma konsertin sonunda o qədər alqışlayırlar ki, insan özünü itirir. Ayaq üstündə, uzunmüddətli alqışlardan sonra muğamımıza olan heyranlıqlarını bildirirlər. Avropa tamaşaçıları ifamızı dinləyib, konsertin sonunda alqışlarla yenidən ifa etməyimizi istəyirlər. Bu baxımdan, hazırda avropalılar muğamımız haqqında xeyli məlumatlıdırlar. Amma əvvəllər tək-tük hallarda Azərbaycan muğamı Avropada səslənirdi. Bu gün isə müntəzəm olaraq Avropanın bütün ölkələrində, bütün şəhərlərində, hətta əyalətlərində belə, Azərbaycan muğamı təbliğ olunur və davamlı şəkildə konsertlər verilir. Bunun belə geniş vüsət almasının əsas səbəbi Heydər Əliyev Fondu tərəfindən irəli sürülən layihələr və təşəbbüslərdir.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər