• cümə, 26 Aprel, 08:29
  • Baku Bakı 12°C

“Avropa Oyunları həlledici mərhələdir”

19.05.15 10:56 927
“Avropa Oyunları həlledici mərhələdir”
Mübariz Əhmədoğlu: “Avropa Oyunlarından sonra Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi siyasətində yeni mərhələ gözlənilir”
“Hər kəs bilir ki, Avropa Oyunları həlledici mərhələdir. Avropa Oyunlarından sonra Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi siyasətində yeni mərhələ gözlənilir. Dünya birliyi Ermənistana təzyiq göstərib onu işğal altındakı Azərbaycan ərazilərindən çıxarmağa məcbur etməlidir. Bunu edə biləcəklərsə, Ermənistan hər hansı konstruktiv mövqe nümayiş etdirəcəksə, əlbəttə ki, Azərbaycan münaqişənin dinc yolla tənzimlənməsində maraqlı olacaq. Əks təqdirdə, Azərbaycanın bütün hərbi hazırlıqları, bu günə qədər davam edən döyüş hazırlığı, bəlli hədəfə çatmaq üçün təlimlər torpaqlarımızın müharibə yolu ilə qaytarılmasına yönələcək. Azərbaycanın hərbi hazırlıqları kiməsə hədə-qorxu gəlmək, güc nümayişi etdirmək üçün deyil, öz ərazi bütövlüyünün bərpası üçündür. Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə bir çox nazirliklər də bu prosesin fəal iştirakçılarına çevrilib. Müdafiə, fövqəladə hallar, daxili işlər, iqtisadiyyat və sənaye, rabitə və yüksək texnologiyalar nazirlikləri, həmçinin dövlət sərhəd xidməti və sair dövlət qurumları əlaqəli şəkildə fəaliyyət göstərməkdədirlər. Bütün bu hazırlıqlar real nəticəyə hesablanıb”.
Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib. O, Cənubi Qafqazda baş verən hadisələrə diqqət çəkərək, Qərbin bu regiondakı siyasətinin Avropa İttifaqının problemlərini artırdığını vurğulayıb. Qeyd edib ki, Cənubi Qafqaz mühüm olmaqla yanaşı, həm də mürəkkəb regiondur: “Mühümlüyü tranzit potensialına və Azərbaycanın enerji resurslarına görədir. Mürəkkəbliyinin səbəbi isə regional sabitliyin davamlı, təminatlı ola bilməməsidir. Regional sabitliyin davamlı ola bilməməsinin əsas səbəbi Ermənistanın apardığı siyasətdir. Ermənistanın siyasəti hesabına SSRİ dağılan andan region münaqişə ocağı kimi tanındı. Dağlıq Qarabağdan başlayan separatçılıq sonradan Gürcüstan ərazisindəki regionlara da keçdi. Ermənistan bu günədək Azərbaycan torpaqlarını işğal altında saxlayıb və bütün resurslarını buna xərcləyir. Ermənistan dövlətində iqtisadi, siyasi inkişafın dayanmasının, mənəvi böhranın əsas səbəbi də Dağlıq Qarabağ münaqişəsinin mövcudluğudur. Ermənistanı işğalçılıqdan çəkindirmək üçün region və regionda marağı olan dövlətlərin region üzrə vahid strategiyasının olması zəruridir. Bu olmadıqca Ermənistan rəhbərliyinin avantürası getdikcə özünə resurs tapacaq. Bu resurs ikibaşlı kötək kimidir. Bir başı Azərbaycanın torpaqlarını işğalda saxlamağa kömək edir, digər başı isə Ermənistanın dövlətçiliyini sıradan çıxarır”.
M.Əhmədoğlu bildirib ki, 2013-cü il 3 sentyabrda Ermənistan Aİ ilə assosiativ müqavilədən imtina edib Rusiyanın qurumu olan Avrasiya İqtisadi Birliyinə girməsini də məhz Qarabağın təhlükəsizliyi ilə əsaslandırıb. Onun sözlərinə görə, Ermənistanın Aİ-nin Şərq Tərəfdaşlığı Proqramına qoşulmasının əsas səbəbi regionda xaos yaratmaq, bununla da Dağlıq Qarabağ tənzimlənməsini arxa plana keçirmək idi: “Yenicə hakimiyyətə gəlmiş S.Sərkisyanın Aİ-ni antirusiya layihəyə təşviq etməkdə məqsədi yalnız bu idi. S.Sərkisyan məqsədinə nail oldu. Aİ 5 il Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsində heç bir addım atmadı. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqe 3 dəfə dəyişdi. Hər dəfə də dəyişiklik Ermənistanın xeyrinə idi. S.Sərkisyanın yalanlarının təsiri altında o zamankı avrokomissar Ş.Füle Yerevanda olarkən Rusiyanı Azərbaycana silah satmaqda ittiham etdi. Halbuki, Ermənistanda Rusiyanın bazası var idi. Ş.Füle bazar iqtisadiyyatı prinsiplərinə zidd olaraq Rusiyadan Ermənistana qazı ucuz qiymətə satmağı tələb etdi. Ermənistanda seçicinin öldüyü yerli seçkilər günü Ş.Füle S.Sərkisyana 60 milyon avroluq çek verdi. Dağlıq Qarabağ tənzimlənməsini S.Sərkisyan 5 il yubatdı. Bununla da Avropanın Şərq Tərəfdaşlığı Proqramı iflasa uğradı. Məhz bu proqrama görə Ukrayna parçalandı. Əslində, S.Sərkisyanı belə şeylər maraqlandırmır. Təki Azərbaycan torpağı işğal altında qalsın”.
Mərkəz rəhbəri deyib ki, Cənubi Qafqazda regional sabitliyə təhlükənin “alfa” və “omeqası” Dağlıq Qarabağ münaqişəsidir. Politoloq ATƏT-in Minsk Qrupunun bu münaqişəni həll etmək gücündə olmadığını da bəyan edib. Bildirib ki, həmsədrlər ideya baxımdan tükəndiyini etiraf edirlər: “Həmsədrlərin indiki tərkibi ATƏT MQ-ni nüfuzsuz quruma çevirib. ATƏT MQ həmsədrləri yalnız erməniləri maraqlandıran təkliflərlə çıxış ediblər. Təkliflərində etdiyi dəyişikliklər də ermənilərin maraqlarına uyğun olub. Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının birgə yaşayışından asılıdır. Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının dialoqunun mümkün qədər tez zaman ərzində qurulması münaqişənin dinc yolla tənzimlənməsinə böyük inam yarada bilər. Eləcə də bu dialoq böyük resurslara malik etimad tədbiridir. ATƏT MQ həmsədrləri bircə dəfə də olsun bu dialoqa dəstək verməyiblər. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqu həm də qoşunların təmas xəttində hərbi gərginliyin azalmasına kömək edə bilər. Dağlıq Qarabağ ərazisində Dağlıq Qarabağın erməni və azərbaycanlıların görüşü keçirilən zaman heç bir tərəf hərbi gərginliyi artırmayacaq. Hərbi gərginliyin azaldılması ilə bağlı həmsədrlərin “həyəcan təbili” çalması da boş bəyanatdan başqa bir şey deyil. Real məzmun Dağlıq Qarabağın ermənilərinin və azərbaycanlılarının icmasının dialoqunun qurulmasından keçir. Qoşunların təmas xəttində snayperlər geri çəkiləcəksə iri çaplı pulemyotlar, minaatanlar, toplar işə düşəcəkdir. Belə demək olar ki, ağır çaplı silahlar artıq fəaliyyətdədir”.
M.Əhmədoğlu ABŞ-ın Gürcüstan üzrə siyasətinə də toxunub. Deyib ki, Saakaşvili hökuməti ABŞ-a arxayın olub qızışıb və Rusiya ilə müharibəyə başlayıb. Lakin ABŞ rəsmi Tiflisə yalnız ritorik dəstək verib və nəticədə Gürcüstan torpaqlarını itirib: “Gürcüstan bütün xalq və dövlət olaraq NATO və Aİ-ə üzv olmaq istiqamətində fəaliyyət göstərirlər. Qərbin demokratik hesab etdiyi seçkilər keçiriblər. Amma yenə ABŞ Gürcüstana lazım olan dəstəyi verə bilmir. Ukraynanın da xaraba qalmasında, dağılmasında ABŞ-ın siyasəti vacib rol oynadı. İndi Aİ və ABŞ Ukraynaya lazım olan dəstəyi verə bilmirlər. Aİ məkanında partlayışa bənzər vəziyyət yaranır. Ukrayna və Gürcüstanın Liviyadan çox böyük fərqi var. Həm coğrafi, həm də mental baxımdan Gürcüstan və Ukrayna Avropanın içindədir. Ona görə ABŞ-ın Liviyanı dağıtması ilə ABŞ-ın Ukraynanı dağıtması Avropa üçün tamam fərqli parametrlərdir. MDB məkanında ən sınanmış fitil Ermənistan, ermənilər və Dağlıq Qarabağ münaqişəsidir. Ona görə Aİ-nin indiki rəhbərliyi hansı mirasa sahibləndiyini dərk etməlidir”.
Politoloq bildirib ki, Cənubi Qafqazdan başlanan sağlamlaşdırıcı, stabilləşdirici proseslər bütövlükdə Avropa qitəsi üçün təhlükəsizliyin mühüm elementlərindən biri ola bilər. Onun sözlərinə görə, Aİ komissarlarının, xüsusilə genişlənmə üzrə komissarın Brüsseldə Ermənistanın səfiri ilə keçirdiyi görüşdə regional təhlükəsizliyinin təmini metodologiyası ilə bağlı səsləndirdiyi fikirlər Aİ-nin indiki rəhbərliyinin Cənubi Qafqazla bağlı düzgün yolda olduğunu göstərir: “Vışeqrad qrupunun Şərq Tərəfdaşlığı proqramının üzvləri ilə görüşdən sonra yaydığı bəyanat buna daha bir sübutdur. Aİ-nin Riqa sammitində Cənubi Qafqazın yeni yanaşmasının təsdiqini gözləyirik. Cənubi Qafqazda Aİ-nin konstruktiv siyasətinə dəstək məsələsində Azərbaycan tərəddüd etməyəcək. Əsas məsələ Aİ tərəfdən Cənubi Qafqazla əlaqəli sağlam mövqenin ortalığa qoyulmasıdır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər