• cümə, 26 Aprel, 21:13
  • Baku Bakı 22°C

Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı

01.03.17 10:00 660
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
Avropa İttifaqı ötən gün Belarusa qarşı sanksiyaların bir il müddətinə uzadılması barədə qərar qəbul edib. Sanksiyalar silah satışı, bank aktivlərinin dondurulması, eləcə də, 1999-2000-ci illərdə müxalifət fəallarının, biznesmen və jurnalistlərin yoxa çıxması və həbsində əli olan şəxslərin Avropa ölkələrinə girişlərinə qoyulan qadağaları nəzərdə tutur. Maraqlıdır ki, əksər ekspertlər və müşahidəçilər hesab edirdilər ki, Qərb Rusiya ilə münasibətləri gərgin olan Belarusa qarşı sanksiyaları aradan qaldıracaq. Belə ki, Avropa ilə sürətlə yaxınlaşma siyasəti yürüdən Belarus prezidenti Aleksandr Lukaşenko bu yaxınlarda hətta Avropa İttifaqı və Birləşmiş Ştatlar da daxil 80 dövlətin vətəndaşlarına ölkədə vizasız olaraq 5 gün qalmaq imkanı verən fərman imzalayıb. "Xarici vətəndaşlar üçün Belarusa vizasız giriş və çıxış qaydası haqqında” fərman qüvvəyə də minib. Xəbər verilir ki, bu hüquqdan ölkəyə yalnız Minsk hava limanından gələnlər istifadə edə biləcəklər.
Yeni qaydalar xarici vətəndaşlara Belarusda vizasız olaraq yalnız 5 gün qalmaq hüququ verir. Lukaşenkonun mətbuat xidməti bildirib ki, vizasız rejim ölkəyə biznesmənlərin və turistlərin cəlb olunmasına xidmət edəcək. Məlumatda deyilir ki, yeni qaydalar Minskdən Rusiyaya uçmağı planlaşdıranlara şamil edilmir. Bundan əvvəl Belarusa 1 illik viza avropalılara 150 avroya başa gəlirdi. 2017-ci ildən vizanın qiyməti 60 avroya endirilib. Belarus hökuməti 2016-cı ildən başlayaraq xaricilərə Polşa ilə Belarusu birləşdirən Avqustov kanalına, Qrodno şəhəri və Qrodno vilayətinə baş çəkən xaricilərə vizasız gəliş hüququ vermişdi. Belarusa vizasız səfər rejimindən Avropanın 39 ölkəsi, habelə Braziliya, İndoneziya, ABŞ və Yaponiya vətəndaşları istifadə edə bilirlər. Vizasız gəliş-gediş qaydaları qonaqlardan üstlərində günə 20 avro hesabından nağd pul olmasını tələb edir.
Heç kimə sirr deyil ki, ABŞ və Avropa İttifaqı ölkələri son illərdə Belarus rəhbərliyinə olan münasibətlərini radikal şəkildə dəyişiblər. Bundan əvvəl "Avropanın ən son diktatoru” adlandırılan Lukaşenko bütün müxalifətçiləri həbsdən azad edib, Ukraynanın şərqindəki münaqişədə isə vasitəçilik missiyasını öz üzərinə götürüb. Hətta Ukrayna torpaqlarının Rusiya tərəfindən işğalına qarşı çıxıb. Bəs Qərbin Minskin belə güzəştləri qarşılığında sanksiyaları uzatmaq barədə qərarı nədən xəbər verir? Çox güman ki, bu addım Lukaşenkodan Qərbin tam əmin olmamasından irəli gəlir. Qərbdə Belarus prezidentini qeyri-müəyyən, qərarlarını tez-tez dəyişə bilən biri kimi nəzərdən keçirirlər. Onların qənaətincə, Belarusda Rusiyaya rəğbət güclüdür. Belarus baş nazirinin müavini Vladimir Semaşko da ötən gün bildirib ki, Belarus və Rusiya arasında qaz qiymətlərinin aşağı salınması haqqında razılaşmanın əldə olunmasına az qalıb. O, Minskin əsas məqsədinin qaz qiymətinin aşağı salınması olduğunu bildirib. Rusiya prezidenti Vladimir Putin isə dünən bildirib ki, qonşu ölkələr arasında mübahisələrin olması təbii şeydir: "Mübahisələr hər zaman var və mən əminəm ki, biz ən çətin situasiyalardan da çıxış yolu tapacağıq. Mübahisələr təbii şeydir. Burada hər ölkə öz maraqlarını müdafiə edir”.
Belarusdan söz düşmüşkən, baş verənlərin fonunda ölkə boyu etirazlar səngimir. A.Lukaşenko hakimiyyətinə qarşı çıxan etirazçılar Belarus prezidentinin hakimiyyətdən getməsini tələb edirlər. Maraqlıdır ki, kifayət qədər ciddi kütlənin toplaşdığı və "Belarusların qəzəb marşı” adlanan etiraz aksiyalarının təşkilatçısı yoxdur. Bəzi analitiklər mart ayında Belarusda 2013-2014-cü il Ukrayna hadisələrinə oxşar xalq hərəkatının başlayacağı ehtimalını irəli sürürlər. Baş verən etiraz aksiyalarının arxasında Rusiyanın dayandığı da vurğulanır. Qərb ekspertləri hesab edir ki, Lukaşenko baş qaldıran şəbəkəni zamanında zərərləşdirə bilməsə, yazın sonuna qədər bu cür etirazlar xalq hərəkatına çevrilə bilər. Ancaq əksəriyyət hesab edir ki, Lukaşenko bu şəbəkələri zamanında zərərsizləşdirəcək.
Azər
banner

Oxşar Xəbərlər