• çərşənbə axşamı, 19 mart, 13:47
  • Baku Bakı 8°C

Avropa ilə Rusiya arasında növbəti gərginlik

14.11.19 20:28 1666
Avropa ilə Rusiya arasında növbəti gərginlik
Aşqabad Kremlin narazılığına baxmayaraq, Brüssellə enerji əməkdaşlığını nəzərdə tutan "yol xəritəsi” hazırlayır

Transxəzər boru xətti yenidən gündəmə gəlib. Yenə də Xəzərin dibi ilə boru xəttinin inşası məsələsi Avropanın Rusiya qazından asılılığını qarşıya məqsəd qoyan Brüssel tərəfindən ortaya atılıb.
Qərb mediasının yazdığına görə, Aşqabad və Brüssel türkmən qazının Avropa İttifaqına nəqlini nəzərdə tutan çərçivə sazişinin imzalanması ilə bağlı hazırlıq işlərinə başlayıb. Bu çərçivə sazişinin imzalanması o deməkdir ki, Xəzərin dibi ilə qazın nəqlini nəzərdə tutan Transxəzər qaz kəməri reallaşa bilər. Transxəzər artıq Avropa İttifaqının ən prioritet layihələrindən biri kimi onun siyahısına daxil edilib və reallaşması artıq adi müzakirə çərçivəsindən kənara çıxıb. Layihənin maliyyələşməsi işlərini Dünya Bankı və Aİ-nin fondlarından biri olan İnkişaf Fondu öz üzərinə götürməyə hazırlaşır. Rusiyanın layihədə iştirakı nəzərdə tutulmur, lakin türkmən diplomatik dairələrində hesab edirlər ki, Moskva Xəzərin dibi ilə inşa ediləcək layihəyə qarşı çıxmaq fikrində deyil. Lakin Rusiya ekspertləri bu ehtimalı yaxına belə buraxmırlar. "Nezavisimaya qazeta” yazır ki, yaxın günlərdə BMT Baş Assambleyası Türkmənistanın təklif etdiyi qətnamə ilə bağlı qərar qəbul edə bilər. Sənəd "enerji daşıyıcılarının etibarlı və stabil tranziti, onun beynəlxalq əməkdaşlığın davamlı inkişafının təmin olunmasında rolu” adlanır. Bu isə Aşqabadın, qazın Avropa İttifaqı ölkələrinə tranziti ilə bağlı planının reallaşması yolunda daha bir addım ola bilər. Beləliklə, Türkmənistan-Avropa İttifaqı enerji dialoqu birbaşa finiş xəttinə daxil olur. Dövlət başçıları, müəyyən profilli qurumların rəhbərlərinin iştirakı ilə işçi qruplar arasında danışıqların bir neçə mərhələsi artıq keçirilib. Avropa Komissiyasının energetika üzrə Baş direktorluğunun nümayəndəsi Erlandes Qriqoryeviç OGT-2019 neft-qaz konfransında bildirib ki, Türkmənistan və Aİ əməkdaşlıq üzrə "yol xəritəsi” işləməyə hazırlaşırlar. Aİ – onun qənaətincə, enerji layihələrinin siyahısını nəzərdə tutur və təsdiq olunduqdan sonra Avropa banklarından birbaşa maliyyələşmə əldə edəcək: "Enerji potensialının diversifikasiyası üçün Aİ artıq Transxəzər qaz kəmərini özünün ən perspektivli layihələri sırasına daxil edib. Biz ümid edirik ki, bu, gələcəkdə də belə olacaq”. Diplomat 2018-ci ildə imzalanan Xəzərin statusu ilə bağlı Konvensiyanı və Rusiyanın bu yaxınlarda onu ratifikasiya etməsini pozitiv qiymətləndirib. O, Aİ tərəfindən Aşqabada konsaltinq xidmətlər göstəriləcəyi və kəmərin inşası ilə bağlı ekoloji təhlükəsizlik sahəsində monitorinqdə yardım edəcəyi vədini verib. Lakin Qriqoryeviç əlavə edib ki, Türkmənistan təkbaşına bu boru xəttini inşa edə bilməz. Bu səbəbdən də layihənin reallaşmasında iri şirkətlər iştirak etməlidirlər. Türkmən tərəfi artıq nəhəng şirkətlər – "British Petroleum”, "Shell” və "Total”la danışıqlar aparır. Bundan əlavə, layihənin reallaşmasına "Edison Technologies GmbH”, "MMEC Mannesmann GmbH”, "Air Liquide Global E&C Solutions” və Çinin "SINOPEC Engineering Group” kompaniyaları da maraq göstərir.
Xatırladaq ki, Xəzərlə bağlı qəbul edilən Konvensiya bir tərəfdən, ikitərəfli əsasda dənizin enerji resurslarının nəqli barədə razılığa gəlmək hüququ verir. Digər tərəfdən bu məsələ "Xəzər beşliyin”in hamısının ekoloji razılığını tələb edir. Lakin ekspert Sərdar Aytakov "Nezavisimaya qazeta”ya bildirib ki, türkmən hakimiyyət orqanları Xəzər konvensiyasından yan keçməklə və digər sahilyanı dövlətlərin narazılığına baxmayaraq, layihəni reallaşdırmağa çalışır. Artıq Aİ və Türkmənistan razılaşmasının nəinki siyasi, eləcə də, bir sıra kommersiya şirkətlərinin konsorsiumunun yaradılması məsələsi dəmüəyyən olunur. O xatırladıb ki, Aşqabad layihədə passiv iştirakla məhdudlaşmaq istəmir və Malayziyanı da bu prosesə cəlb etmək istəyir. Oktyabrın sonunda bu ölkənin baş naziri Mahathir Məhəmməd Aşqabada gəlib. Məsələ ondadır ki, Malayziyanın PETRONAS şirkəti Xəzərin türkmən sektorunda axtarış-qazma işləri aparan azsaylı real investorlardan biridir. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla danışıqlarda tərəflər
PETRONAS-la müqaviləni 2038-ci ilə qədər uzatmaq barədə razılıq əldə ediblər. Aytakovun sözlərinə görə, PETRONAS əldə etdiyi qazı hara sərf edəcəyini bilmir və Aşqabada, Transxəzər boru xəttinin inşasını reallaşdırmağı dəfələrlə məsləhət edib. Böyük ehtimalla, Malayziya şirkəti ilə yanaşı, İtaliyanın ENI şirkəti də layihəyə cəlb oluna bilər. Bu şirkətin rəhbərliyi türkmən prezidenti ilə keçirdiyi görüşdə bəyan edib ki, türkmən qazını dünya, birinci növbədə Avropa bazarlarına çıxarmaqda maraqlıdır. Bu məsələ Berdıməhəmmədovun İtaliya prezidenti Serjio Mattarello ilə noyabrın əvvəlində keçirilən görüşündə də müzakirə olunub. S.Aytakov bildirib ki, magistral boru xəttinin, bir sahildən digərinə hər hansı bir kəsinti olmadan çəkilməsi nəzərdə tutulur. Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski bildirib ki, Transxəzər boru xəttinin inşası avropalıların və türkmənlərin çoxdankı arzusudur: "Qoy danışsınlar. Rusiya əleyhinə deyil. Avropaya qaz lazımdır: haradan və necə olursa, təki Rusiya qazı olmasın. Axı hesabat vermək lazımdır, ilk növbədə də amerikalılar qarşısında. Onlara bildirməlidirlər ki, Rusiya qazının Avropa bazarında həcmini minimuma kimi azaldıblar. Yekun isə hər zaman belə olur ki, istənilən həcmdə qazı Avropaya yalnız Rusiya çatdıra bilər. Bu gün Rusiya qazının Avropaya nəqli artır. "Şimal axını-2” layihəsinə qarşı çıxan Danimarka qəfildən bəyan edir ki, Rusiya qazın həcmini artırsın. Təəccüblü olan həm də odur ki, Böyük Britaniya da bu istəklə çıxış edir”.
Bir məsələ də var ki, türkmən qazının böyük bir hissəsi Çin tərəfindən alınır - özü də uzun müddətə. Aşqabad hələ uzun müddətə Çinə beş boru xəttinin inşasına görə vəsait ödəməli olacaq. Avropaya çatdırmaq üçün kifayət qədər qazı olmayan Türkmənistan, buna baxmayaraq bu istiqamətdə danışıqlar aparmaqda davam edir. Ekspertlərin yekun qənaəti budur ki, Transxəzər boru xəttinin reallaşması çətin olacaq. Buna baxmayaraq, qaz nəqli üçün saysız-hesabsız işlər görülür, hətta Gürcüstanda bunun üçün limanlar da inşa edilir. Qazı qəbul etməyə hazır olan Rumıniya mövzusu gündəmdədir. Yeri gəlmişkən, ekspertlər Transxəzər boru xətti layihəsinin perspektivini "Nabucco” kimi qaranlıq görürlər. Onların qənaətincə, bu layihə də "Nabucco” kimi arxivə atıla bilər. "Avropalılar, sadəcə vəd edir - bundan irəli getmirlər”, - deyə Yevgeni Satanovski bildirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər