• cümə, 26 Aprel, 11:12
  • Baku Bakı 12°C

Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçirilib

09.12.13 16:35 1416
Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçirilib
Bu gün Brüsseldə Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Toplantının yekunları əsasında keçirilən mətbuat konfransında AB-yə sədrlik edən ölkə olan Litvanın xarici işlər naziri Linas Linkyaviçyus bildirib ki, AB ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir: “Biz Azərbaycanla AB arasında yaxınlaşmanı görməkdən məmnunuq”.
L. Linkyaviçyus Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda keçirilmiş görüşünü alqışlayıb və qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli AB-nin xarici siyasət prioritetlərindən biridir və Brüssel ATƏT-in Minsk Qrupunun dəstəklənməsi üçün daha çox iş görməyə hazırdır. O, Azərbaycan və AB-nin enerji əməkdaşlığını fəal inkişaf etdirdiyini söyləyib və “Şahdəniz” konsorsiumunun yekun investisiya qərarının dekabrın 17-də açıqlanmasını səbirsizliklə gözlədiklərini vurğulayıb. Tərəflər Transxəzər qaz xətti layihəsi üzrə müzakirələri davam etdirməyə qərar veriblər.
AB-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle isə Vilnüs sammitində Azərbaycanla viza sadələşdirilməsinə dair imzalanan sazişin önəmini qeyd edib: “İnsanlar arasında təmaslar məsələsi və viza rejiminin sadələşdirilməsi bizim əməkdaşlığımızın vacib məqamıdır”. O, gələn ilin əvvəlində readmissiya sazişinin imzalanmasının planlaşdırıldığını da əlavə edib.
Ş. Füle Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı addımları sürətləndirməyə, ölkədə təməl azadlıqlara əməl olunması sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb. Komissarın sözlərinə görə, bütün bu məsələlərdə Azərbaycan AB-nin dəstəyinə ümid edə bilər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Mahmud Məmmədquliyev isə bəyan edib ki, Avropa Birliyi ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. O, Azərbaycanın müasirləşmə ilə bağlı addımları davam etdirdiyini və bu sahədə AB-nin ən yaxşı praktikalarını əxz etməyə hazır olduğunu deyib.
M. Məmmədquliyev Azərbaycan üçün ən ciddi problemin Dağlıq Qarabağ münaqişəsi olduğuna diqqət çəkib: “Bu münaqişənin həll olunmaması təkcə bölgəyə deyil, onun sərhədlərindən kənara da təsir göstərir. Azərbaycan AB-nin ATƏT-in Minsk Qrupuna dəstəyini qiymətləndirir, lakin biz hesab edirik ki, AB münaqişənin həllində daha güclü rol oynaya bilər.
Qeyd edək ki, AB-Azərbaycan Əməkdaşlıq Şurasının iclasları ildə bir dəfə nazirlər səviyyəsində keçirilir və tərəflər arasında siyasi dialoqun tərkib hissəsidir. Əməkdaşlıq Şurası AB ilə tərəfdaş ölkələr arasında əməkdaşlıq və tərəfdaşlıq barədə sazişin yerinə yetirilməsi işini əlaqələndirir. Azərbaycan və AB arasında bu saziş 1999-cu ildən qüvvədədir.
banner

Oxşar Xəbərlər