• cümə, 26 Aprel, 21:08
  • Baku Bakı 22°C

Avropa Azərbaycanın maraqlarını nəzərə alacaq

11.09.14 11:50 1208
Avropa Azərbaycanın maraqlarını nəzərə alacaq
Qloballaşan və beynəlxalq hüququn hər keçən gün arxa plana keçdiyi dünyada Azərbaycan kimi kiçik dövlətlərin qayğıları da artır. Yeni müstəqillik qazanmış dövlətlər mütəmadi olaraq kənar təhdidlərə məruz qalırlar. Bu baxımdan Azərbaycan da istisna deyil. Yerləşdiyi coğrafi mövqe, qonşuluqdakı böyük dövlətlərin maraqları, dünyadakı böyük güclərin regionla bağlı planları, sahib olduğu enerji resursları Azərbaycanı daim diqqət mərkəzində saxlayır. Bu baxımdan hazırda regionda yaşanan proseslər kontekstində də Azərbaycan maraq dairəsində olan dövlətlərdəndir.
Heç kimə sirr deyil ki, bu proseslər Qərblə Rusiyanın konfrantasiyası fonunda baş verir. Region dövlətləri istər-istəməz bu mübarizəni tamamilə kənardan izləyə bilmirlər. Xatırlayırsınızsa hələ keçən il Avropa İttifaqının Vilnüsdə keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti öncəsi region ölkələri Avropa, yoxsa Rusiya dilemması qarşısında qalmışdılar. Rusiya «Şərq tərəfdaşlığı» ölkələrini Avrasiya İqtisadi Birliyinə, Avropa İttifaqı isə assosiativ üzvlüklə bağlı sazişin imzalanmasına sövq etmək istəyirdi. Hər iki tərəf də məqsədinə nail olmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edirdilər. Buna nail ola bilməyəndə isə müxtəlif təzyiq rıçaqlarını işə salmağa çalışırdılar. Həmin vaxt yaranmış durumda Azərbaycanın hansı seçimi edəcəyi də maraqla gözlənilirdi. O vaxt bütün tərəfləri dinləyən, götür-qoy edən rəsmi Bakı son illərdə həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursuna sadiq qalaraq öz milli maraqlarını əsas tutdu. Azərbaycan nə Avropa İttifaqı ilə assosiativ saziş imzaladı, nə də Avrasiya İqtisadi Birliyinə üzv olmağa həvəs göstərmədi. Həmin vaxt çoxları bunun çox təhlükəli seçim olduğunu, Azərbaycanın həm Qərbin, həm də Rusiyanın təzyiqləri qarşısında duruş gətirə bilməyəcəyini iddia etməyə başladılar. Amma zaman keçdikcə Azərbaycanın bu seçimdə nə dərəcədə haqlı olduğunu daha aydın şəkildə görməyə başlayırıq. Aradan keçən bir il müddətində təbii ki, həm Qərbdən, həm də Moskvadan Azərbaycana müəyyən təzyiq cəhdləri oldu. Amma bütün bunlar ustalıqla neytrallaşdırıldı. Bu gün artıq Azərbaycanın mövqeyi bütün beynəlxalq güclər tərəfindən qəbul edilməyə başlayıb.
İndi həm Rusiya, həm də ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesə daha böyük diqqət ayırmağa başlayıblar. Qısa müddət ərzində həm Rusiya prezidenti Vladimir Putinin, həm də ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi Azərbaycan və Ermənistan prezidentlərinin iki görüşü keçirilibdir.
Azərbaycan həm Rusiya ilə əlaqələrini genişləndirir, həm də Avropa qurumları ilə əməkdaşlığını gücləndirir. Bu baxımdan bu günlərdə Bakıda keçirilən Avropa İttifaqının «Şərq tərəfdaşlığı» proqramına üzv olan ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən toplantısı xüsusilə diqqəti çəkir. Görüşün əsas məqsədi “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Vilnüs sammitindən sonra əldə olunmuş nailiyyətlər, gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrin aparılması idi. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Moldova Baş nazirinin müavini, xarici işlər və Avropa inteqrasiyası naziri xanım Natalia Qerman, Gürcüstanın xarici işlər naziri Maya Pandcikidze, Belarusun xarici işlər nazirinin müavini Yelena Kupçina, Ukrayna xarici işlər nazirinin müavini Yelena Zerkal, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Helqa Şmid iştirak ediblər.
Azərbaycanın xarici işlər Elmar Məmmədyarov görüşün səmərəli keçdiyini, maraqlı müzakirələrin aparıldığını söyləyib. O, gələn il Latviyanın paytaxtı Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə hazırlıqla bağlı məsələnin də diqqət mərkəzində olduğunu bildirib. Nazir görüşdə münaqişələrdən əziyyət çəkən ölkələrin nümayəndələrinin fikirlərinin xüsusi önəm kəsb etdiyini vurğulayıb, bu məsələdə Avropa İttifaqının mövqeyinin çox maraqlı olduğunu diqqətə çatdırıb. “Bütün nümayəndə heyətləri qeyd etdilər ki, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin suverenliyinə hörmət sabitliyin əsas şərtlərindən biridir. Beynəlxalq miqyasda tanınan ərazilər heç vaxt zor gücünə dəyişdirilə bilməz”, - deyə E.Məmmədyarov əlavə edib.
Nazir görüşdə üzv ölkələrdə demokratik islahatlar məsələsinə də toxunulduğunu, energetika sahəsində əməkdaşlığın vacibliyinin vurğulandığını qeyd edib.
Regiondakı kifayət qədər mürəkkəb duruma, Avropa ilə Rusiya arasında münasibətlərin son dərəcə kəskinləşdiyi bir məqamda Bakının belə bir toplantıya ev sahibliyi edə bilməsi Azərbaycanın artan qüdrətindən xəbər verir. Artıq Avropada da Azərbaycanı başa düşməyə, əldə etdiyi uğurları görməyə başlayırlar. Bu nüansları Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin görüşdəki çıxışında da görmək mümkün idi. O çıxışında açıq şəkildə Azərbaycanın əldə etdiyi uğurları alqışlayıb, Bakının Avropa İttifaqının vacib tərəfdaşı olduğunu bildirib. Komissar hazırda Azərbaycanın Avropa Şurası kimi nüfuzlu bir təşkilata sədrlik etdiyini xatırladıb və bunun önəmini qeyd edib. O bildirib ki, Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində üzv ölkələrin hər biri ilə əməkdaşlıq etməyə hazırdır. Bu ölkələrin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi də Avropa İttifaqı üçün çox önəmlidir. Stefan Fule Azərbaycanın əldə etdiyi uğurlar barədə xüsusi vurğu ilə danışıb. Qeyd edib ki, hər dəfə Azərbaycana gələndə burada baş verən dəyişikliklərə heyran olur: «Mən gözəl Bakı şəhərindən həzz alıram. Anlayıram ki, Azərbaycan dövlətinin iddia və maraqlarını nəzərə almalıyıq”. Ştefan Füle Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirdiyini bildirib: "Mən qeyd etmişəm ki, "Şərq Tərəfdaşlığı"nda önəmli məqamlardan biri hər bir ölkənin suveren qərar vermək hüququdur. Azərbaycan burada çox önəmli rol oynayır. Bu suverenlik yalnız hansısa prinsip və ya siyasətə deyil, eyni zamanda real şərtlərə, real vəziyyətə əsaslanmalıdır. Onlardan biri də enerji təhlükəsizliyi məsələsidir. Bu, sadəcə, söz deyil, suverenlik və müstəqilliyə təminatın əsas şərtlərindən biridir. Hər hansı ölkə bu sahədə inhisarçı ölkənin girovuna çevrilməməlidir və Azərbaycan bu baxımdan çox önəmli tərəfdaşdır. Gələcəkdə daha da önəmli rol oynayacaq".
Avropalı diplomatın bu sözləri heç sıradan və sözgəlişi deyilmiş sözlər kimi qəbul edilməməlidir. Bu açıqlama ilə Avropa İttifaqı faktiki olaraq Azərbaycanın əldə etdiyi uğurlar etiraf edir və əməkdaşlığın inkişaf etdirilməsi üçün rəsmi Bakının maraqlarının nəzərə alınmasının vacibliyini qeyd edir.
Xatırladaq ki, prezident İlham Əliyev də bir neçə dəfə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrindən bəhs edərkən bu məqama xüsusi toxunub. O qeyd edib ki, Avropa İttifaqı Azərbaycana bərabər tərəfdaş kimi baxmalı və maraqlarımızı nəzərə almalıdır. Stefan Fulenin bu açıqlamaları artıq Avropa İttifaqının Azərbaycanın istəklərini anlamağa çalışdığının göstəricisi kimi də qəbul edilə bilər. Başqa sözlə desək, artıq Avropa İttifaqı da Azərbaycanın gücünü etiraf edir. Brüsseldə başa düşürlər ki, Azərbaycanla ikinci dərəcəli ölkə kimi danışmaq olmaz. Dəfələrlə vurğulandığı kimi, юлкямизля əməkdaşlıq Avropa İttifaqı üçün də mühüm əhəmiyyətə malikdir. Hazırda Рясми Бакы Avropanın qaz asılılığından xilas olması planlarını açıq şəkildə dəstəkləyə bilən yeganə region ölkəsidir. Sentyabrın 20-də Azərbaycan və Türkiyənin dövlət rəsmilərinin iştirakı TANAP qaz kəmərinin tikintisinə start veriləcək. Hansı ki bu kəmər ABŞ-ın da uzun illərdir dəstəklədiyi və təbliğ etdiyi «Cənub dəhlizi» vasitəsilə Avropanı alternativ yolla qazla təmin edəcək. Əgər Azərbaycanı bunu edə bilirsə, Avropa İttifaqı da reallıqları göz önünə gətirib, rəsmi Bakının maraqlarını nəzərə almalıdır. Stefan Fulenin Bakıda verdiyi açıqlamalar bu istiqamətdə Brüsselin ciddi mesajı kimi də qəbul edilə bilər.
Beləliklə, artıq iddia etmək olar ki, Azərbaycan regionda yaranmış çətin geosiyasi durumdan yenə də alnıaçıq, üzü ağ çıxaraq öz maraqlarını qoruya bildi. İndi əksər böyük güclər, o cümlədən Avropa İttifaqı Azərbaycanın mövqeyi ilə razılaşmaq zorundadırlar.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər