• cümə, 26 Aprel, 07:21
  • Baku Bakı 12°C

Avronun qiymətinin aşağı düşməsi neftin ucuzlaşmasına gətirib çıxarmayacaq

02.07.15 12:13 2345
Avronun qiymətinin aşağı düşməsi neftin ucuzlaşmasına gətirib çıxarmayacaq
İlham Şaban: “Yunanıstanın Avropa İttifaqından çıxmasını avro üçün böyük zərbə hesab etmirəm”
Yunanıstan iyun ayının 30-na qədər Beynəlxalq Valyuta Fonduna 1,6 milyard avronu ödəyə bilməyib. Artıq ölkə texniki defoltla üz-üzə qalıb. “Kaspi” qəzeti Yunanıstanda baş verən iqtisadi böhran, bu böhranın avro və neftin qiymətinə təsiri haqqında iqtisadçı ekspert İlham Şabanın fikirlərini öyrənib.
- Yunanıstan Beynəlxalq Valyuta Fonduna iyun ayının 30-na kimi 1,6 milyard avro ödəyə bilməyib. Sizcə, Yunanıstan bu addımdan sonra Avropa İttifaqından çıxa bilərmi?
- Yunanıstanın Avropa İttifaqında qalıb-qalmayacağını iyul ayının 5-də keçirilən referendumda xalq müəyyən edəcək. Artıq Avropa Komissiyasının üzvləri vəziyyətin bu həddə çatmasında Yunanıstan hakimiyyətini ittiham edir. Çünki Avropa Komissiyası bu qurum ilə Yunanıstan rəhbərliyi arasında iyun ayının 26-da əldə edilən razılaşmanın Yunanıstan tərəfindən birtərəfli qaydada pozulduğunu bildirir. Həmçinin yunan siyasətçilər populist addımlar atmaqda da ittiham olunur. Avropa Komissiyasının Yunanıstan hökumətinə təqdim etdiyi paketdə elə də böyük və yerinə yetirilməyəcək maddələr yox idi. Misal üçün, yunanlara vergiləri 26%-dən 29%-ə artırmaq, həmçinin sosial xərcləri azaltmaq təklif olunurdu. Maraqlıdır ki, 2015-ci ilin yanvar ayında hakimiyyətə gələn Siriza Partiyası bu təklifləri həyata keçirməkdən boyun qaçırdı. İnsanlar yeni hökumətin bu addımını dəstəkləməyə başladı. Yəni insanlar Avropa Komissiyasının təklif etdiyi şərtləri qəbul etmədiklərini bəyan etdilər. Mən düşünürəm ki, iyulun 5-də keçirilən referendumda insanlar avrozonada qalmamağa səs verəcəklər. Hal-hazırda əhalinin təxminən 60%-i Avropa İttifaqının tərkibində qalmaq istəmir. Ölkədə banklar işləmir, ictimai nəqliyyatda gediş haqları pulsuzdur. Elə bil yunanlara artıq sabah nə olacağı maraqlı deyil. Onlar sadəcə olaraq, avrodan qurtulmaq və 2000-ci ilə qədər işlətdikləri milli valyutalarına qayıtmağa çalışırlar. Məncə, insanlar eyforiyaya düşüblər. Siriza Partiyasının rəhbəri, baş nazir Aleksis Tsipriz maraqlı gediş edib. Yəni o, xalqın qərarına hörmət edəcəyini və referendumun nəticələri ilə razılaşacağını qeyd edib. Tsipriz insanlara onların fikirləri ilə durub-oturduğunu aşılamağa çalışır. Avropa İttifaqından çıxdıqdan sonra heç kim Tsiprizə bir söz deyə bilməyəcək. Lakin bu da Yunanıstanda böhranın sona çatmasına kömək etməyəcək. Təsəvvür edin ki, Avropa İttifaqında insanlar ortalama gün ərzində 7,5 saat işləyirlər. Lakin Yunanıstanda bu göstərici 7 saatdır. Yunanlar yalnız obyektləri icarəyə verməklə, turizmlə daha çox gəlir əldə etməyə çalışırlar. 6 ildir ki, Yunanıstan böhran şəraitindədir. Lakin orada minimum əmək haqqı 640 avrodur. Hazırda bu məbləğ Rusiyadakı orta əmək haqqından da yüksəkdir. Yunanlar belə bir şəraitdə yaşamağa öyrəşiblər. Buna görə də onlar vergilərin artırılmasını və yaxud maaşlarının azaldılmasını qəbul edə bilmirlər.
- Yunanıstanın Avropa İttifaqından çıxacağı təqdirdə bu avro və dolların məzənnəsinə necə təsir göstərəcək?
- Yunanıstan avrodan imtina edərsə, bu addımın bir müddət mənfi təsirləri olacaq. Bir müddət əvvəl 1 avro 1,13 dollar səviyyəsində idi. Artıq bu göstərici 1,11, hətta 1,10-na qədər düşüb. Yunanıstandan gələn xəbərlər avronun məzənnəsinə ciddi təsir göstərir. Digər tərəfdən, iyul ayının 5-nə və referendumun nəticələri açıqlanana qədər informativ həyəcan pik səviyyəyə çatacaq. Bunlar obyektiv səbəblərdir. Hazırda Avropa bazarları bu vəziyyətlə üz-üzə qalıb. Həmçinin siyasətçilər də hər gün, hətta hər saat öz fikirlərini dəyişirlər. Bir gün siyasətçilər Beynəlxalq Valyuta Fonduna borcların qaytarılacağını, digər gün isə Yunanıstanın Avropa İttifaqından çıxacağını bildirirlər. Çünki siyasətçilər ilk öncə kütlə qarşısında xal qazanmağa, hakimiyyətlərini qorumağa və Avropa liderləri ilə apardıqları danışıqlardan dividend əldə etməyə çalışırlar. Bu isə çox çətin prosesdir. Artıq Avropa liderləri də bu fikirləri çox mənfi qarşılayıblar. Lakin Yunanıstan Avropa İttifaqında elə də böyük iqtisadi çəkiyə malik deyil. Hazırkı şəraitdə Yunanıstan iqtisadiyyatının Avropa İttifaqındakı payı 3%-dən çox deyil. İqtisadi baxımdan Yunanıstan elə böyük məna kəsb etmir. Mən Yunanıstanın Avropa İttifaqından çıxmasını avro üçün böyük zərbə hesab etmirəm. Həm insan resursları, həm sənaye, həm kapital baxımından Avropa İttifaqına böyük zərbə dəyməyəcək. Yəni Avropa İttifaqı qısa müddətdə özünü bərpa edə biləcək. Lakin Avropa İttifaqına digər tərəfdən zərbə dəyə bilər. 2008-ci ildən etibarən bu qurum Yunanıstana külli miqdarda kreditlər verib, maliyyə yardımı göstərib. Yunanıstan bu müddət ərzində təxminən 300 milyard dollarlıq kredit yükünün altına girib. Həmçinin Yunanıstanda radikal solçuların hakimiyyətə gəlməsi mənfi presedent yarada bilər. Yəni Avropa İttifaqına daxil olan digər dövlətlərdə də, daha dəqiq desək, İspaniyada, Portuqaliyada, İtaliyada belə partiyalar hakimiyyətə gələ və bu qurumun fəaliyyətini sual altına qoya bilər. Bu cür partiyalar Avropa İttifaqını parçalaya da bilər.
- Avronun qiymətinin aşağı düşməsi neftin qiymətinə necə təsir göstərəcək?
- Neftin qiyməti bu kimi amillərə o qədər də bağlı deyil. Neftin dəyəri 1973-cü ildən dollarla tənzimlənir. Yəni neftin qiyməti dollara nisbətdə formalaşır. 2015-ci ilin birinci yarım ilinin yekunlarına görə, neftin ortalama qiyməti 62 dollar olub. Bu, ötən ilin noyabr- dekabr aylarında cari il üçün verilən optimist proqnozlardan təqribən 6-7 dollar, pessimist proqnozlardan isə 10 dollar yüksəkdir. Bu baxımdan vəziyyət o qədər də pis deyil. Bu ilin ikinci yarısı üçün isə neftin qiyməti ortalama 62-65 dollar civarında proqnozlaşdırılır. Müəyyən intervalda isə neftin qiyməti 60 dollara qədər düşə bilər. Ona görə də avronun qiymətinin aşağı düşməsi neftin ucuzlaşmasına gətirib çıxarmayacaq.
- İqtisadi böhran TANAP və TAP layihələrinin reallaşmasına necə təsir göstərəcək? Yunanıstan hökuməti yeni şərtlər irəli sürə bilərmi?
- Yunanıstan hakimiyyəti heç vaxt bu haqda düşünə də bilməz. Siriza Partiyası hakimiyyətdə gəldiyi ilk dövrdə belə bir fikir irəli sürməyə çalışırdı. Lakin onlar layihə ilə tanış olduqdan və onun şərtlərini öyrəndikdən sonra belə fikirdən vaz keçiblər. Çünki yunan siyasətçilər layihənin hansı səviyyədə imzalandığını gördülər. Yunanıstan hökuməti bu layihənin icrasından boyun qaçırsa, onlar Beynəlxalq Arbitraj Məhkəməsində cavab verməli olacaqlar. Yunanıstan hökuməti buna görə külli miqdarda təzminat ödəyə bilər. Amma ölkəmiz qarşısında başqa bir çətinlik mövcuddur. TAP layihəsinin ən böyük hissəsi Yunanıstandan keçəcək. 2016-cı ilin may ayında bu layihənin fiziki tikinti işlərinin aparılması planlaşdırılır. Lakin indiyədək Yunanıstan ərazisində torpaqların alqı-satqı prosesi aparılmayıb. Məncə, layihənin reallaşmasında əsas problem budur. Başqa dövlətlərdən fərqli olaraq, Yunanıstanda torpaqlar əmr ilə insanların əlindən alına bilməz. Əgər orada əhali razı olmasa, boru kəmərinin marşrutu belə dəyişdirilə bilər. Mən ümid edirəm ki, Yunanıstan hökuməti bu barədə əhali ilə razılaşma əldə edə biləcək.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər