Avrasiya İqtisadi İttifaqı problemlər məngənəsində
Bir vaxtlar bəh-bəhylə yaradılan Avrasiya İqtisadi İttifaqı ciddi
problemlərin məngənəsində çabalayır. Quruma daxil olan ölkələr dünyanı bürüyən
maliyyə böhranı şəraitində ciddi problemlərlə üzləşiblər. İttifaqın bel
sütununu təşkil edən Belarus və Rusiyada problemlər daha qabarıq şəkildə özünü
göstərir. Digər üzv Qazaxıstanda da vəziyyət qənaətbəxş deyil. Bundan əlavə,
quruma üzv dövlətlər arasında narazılıq da durmadan artır. Belarus prezidenti
Aleksandr Lukaşenko dəfələrlə Aİİ-nin perspektivsizliyi barədə bəyanatları ilə
yadda qalıb. O, hətta Rusiya əleyhinə bəyanatlar səsləndirməkdən də çəkinmir.
Artıq qurumun perspektivsizliyini görən Belarus prezidenti üzünü Qərbə tutmağa
başlayıb. Bu ölkələrlə sıx əməkdaşlıq münasibətləri quran A.Lukaşenko ekspertlərin
də ifadə etdiyi kimi, sözdə Rusiyanı, əməldə isə Avropa ölkələrini dəstəkləmək
siyasəti yürüdür. Ötən gün isə Belarus lideri Çinə səfər edərək, bu ölkə ilə
çoxmilyardlıq layihələrə imza atıb. Ermənistanda da ciddi narazılıq yaranıb.
Erməni iqtisadçıları, müxalifəti artıq bu fonda fəaliyyətlərini gücləndiriblər.
Bu ölkənin müxalif iqtisadçıları bəyan edirlər ki, Rusiya ilə həddən artıq
yaxınlaşma, Qərbdən uzaqlaşmaq siyasəti ölkə iqtisadiyyatını ağır duruma salıb.
Hətta parlamentdə keçən dinləmələrdə bəyan edilir ki, quruma üzvlüklə bağlı
gözləntilər özünü doğrultmayıb. O ki qaldı Qazaxıstana - rəsmi Astana əvvəldən
də çoxqütblü iqtisadi siyasət yürüdür. Həm Qərb ölkələri, həm də Rusiya ilə
əməkdaşlığa üstünlük verir.
Beləliklə, Aİ-nin belə bir mürəkkəb durumunda Rusiya prezidentiVladimir
Putin quruma daxil olan ölkələrə səfərə çıxmaq qərarına gəlib. Əvvəlcə yolunu Qazaxıstana
salan V.Putin qazax lideri ilə mövcud problemləri müzakirə edib. Rəsmi
məlumatlarda Astanada Rusiya və Qazaxıstanın XIII Regionlararası Əməkdaşlıq
Forumunun keçirildiyi bildirilib. "Görüşdə liderlər ikitərəfli münasibətlər,
Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya sahəsində əməkdaşlıq
məsələlərini müzakirə ediblər. Sonra dövlət başçıları Regionlararası Əməkdaşlıq
Forumuna qatılıblar. Forumun əsas mövzusu Avrasiya məkanında nəqliyyat və
loqistika potensialının inkişafıdır. Gündəliyə həmçinin, iki ölkə arasında ticarət
məhdudiyyətlərinin aradan qaldırılması, turizm sahəsində əməkdaşlıq məsələləri
daxildir. Plenar iclasın yekunlarına görə bir sıra ikitərəfli sənədlərin
imzalanması da gözlənilir”, - deyə "Lenta.ru”nun yaydığı xəbərdə göstərilib.
Rusiya prezidenti Astanada bəyan edib ki, "Qazaxıstan Rusiyanın
strateji tərəfdaşı və müttəfiqidir”. Onun sözlərinə görə, iki ölkənin çoxplanlı
əməkdaşlığı bütün sahələr üzrə inkişaf edir. "Tək ötən il 150-dən artıq Rusiya
biznesmenindən ibarət heyət Qazaxıstana səfər edib. Qazaxıstanda 9 milyard
dollara yaxın Rusiya kapitalı var. Rusiyaya qoyulan qazax investisiyası isə 3
milyard dollardır. Təqribən altı minə yaxın birgə müəssisə fəaliyyət göstərir”,
- deyə V.Putin vurğulayıb.
İki ölkə liderinin müzakirə etdiyi ən əhəmiyyətli məsələlərdən biri
Qazaxıstan və Rusiyanın nəqliyyat -loqistik kompleksi sahəsindəki layihələridir.
Ümumi dəyəri 25 mlrd. dollar olan bu layihə Rusiya və Qazaxıstan arasında
ticarət baryerlərinin aradan qaldırılmasına xidmət edir. Bu komplekslər
vasitəsilə Avrasiyanın magistral yolları keçəcək. Lakin Rusiya nəşrləri yazır
ki, V.Putin və N.Nazarbayev tez-tez görüşsələr də, iki ölkə arasında həlli
vacib olan məsələlər hələ də problem kimi qalır. Moskva Dövlət Universitetinin
informasiya-analitik mərkəzinin baş direktoru Sergey Rekeda bildirib ki, iki
ölkə liderinin görüşündə Rusiya və Qazaxıstanın Aİİ çərçivəsində problemli
məsələlərinin müzakirəsi ən yüksək səviyyəyə çıxarılacaq. Ekspertin sözlərinə
görə, iki ölkəni bürüyən iqtisadi problemlər də diqqət mərkəzindədir. Artıq iki
ölkə arasında ticarət münasibətlərində ciddi enmələr müşahidə olunur. Məsələn,
ötən ilin yekunlarına görə, Qazaxıstan və Rusiya arasında ticarət dövriyyəsi
14,6 mlrd. dollar təşkil edib. Bu da 2014-cü illə müqayisədə 28 faiz azdır. Qazaxıstandan
ixrac isə 32 faiz azalaraq 4 mlrd. dollar təşkil edib. Ekspertlər bu
tendensiyanın bu il də saxlanılacağını proqnoz edirlər. Səbəb də neftin
qiymətinin aşağı düşməsi, Rusiya rublunun devalvasiyası göstərilir. Bundan
əlavə, burada Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların da ciddi rolu olub.
Rusiyalı ekspertlər qeyd edir ki, Belarus və Qazaxıstanın buna qarşı adekvat
addım atmamaları isə Aİİ-nin baza
prinsiplərini pozur. Artıq Qazaxıstanın işgüzar dairələrində daha çox Qərblə
əməkdaşlıq aparılması çağırışları səslənir. Bu isə Aİİ-nin perspektivsizliyini
ortaya qoymaqla yanaşı, Rusiyaya ciddi zərbə vurmuş olur.
Azər NURİYEV