“Auditoriyaya ancaq tələbəni öyrədən müəllim daxil olacaq”
Baki İdarəetmə və Texnologiya Kolleci (BİTKol) Nazirlər
Kabinetinin 6 sentyabr 1999-cu il tarixli qərarına, Təhsil Nazirliyinin 14
sentyabr 1999-cu il tarixli əmrinə əsasən, 1955-56-cı illərdən fəaliyyət göstərən
Bakı Yerli Sənaye Texnoloji və Bakı Yüngül Sənaye texnikumlarının bazası əsasında
yaradılıb. Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin
təkmilləşdirilməsi haqqında” 26 avqust 2002-ci il tarixli qərarı ilə Bakı
İnşaat və Bakı Kommersiya texnikumları ləğv edilib, Təhsil Nazirliyinin 2
sentyabr 2002-ci il tarixli əmri ilə kollecə birləşdirilib. Orta ixtisas təhsili
müəsissələri şəbəkəsinin optimallaşdırılması məqsədilə Nazirlər Kabinetinin
2016-cı il 3 fevral tarixli qərarı və Təhsil Nazirliyinin 4 mart 2016-cı il
tarixli əmri əsasında Bakı Kompüter Kollecinin fəaliyyətinə də xitam verilib, BİTKola
birləşdirilib. Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanlarının nəticələrindən
asılı olaraq, 9 və 11 illik təhsil bazаsından tələbə qəbul edən BİTKol 20
ixtisas üzrə mütəxəssis hazırlığını həyata keçirir. Bu günlərdə adıçəkilən təhsil
müəssisəsinə baş çəkdik. Həm kollecin fəaliyyəti ilə daha yaxından tanış olduq,
həm də təhsil ocağına 6 ay bundan öncə direktor təyin olunan Varis
Allahverdiyevlə görüşüb təlim-tədrisin vəziyyəti, görülən işlər barədə ətraflı
söhbət etdik.
- Varis müəllim,
direktor kimi fəaliyyətə başladığınız müddətdən indiyə qədər təhsil müəssisəsinin
həyatında hansı dəyişikliklər olub?
- Təhsil müəssisəsinin yeni təyin olunmuş rəhbəri,
eləcə də kollecin kollektivi olaraq qarşımızda dayanan əsas məqsəd tələbələrin
şəxsi, potensial intellektual və yaradıcılıq imkanlarının hərtərəfli inkişafını
təmin etmək, eyni zamanda tələbələri cəmiyyət və şəxsi həyatda yaradıcılığa
hazırlamaqdır. Əsas hədəfimiz Prezident İlham Əliyevin xüsusi diqqət
yetirdiyi, iqtisadiyyatımız üçün həyati əhəmiyyət
daşıyan qeyri-neft sektorunun bir sıra sahələri üçün mütəxəssis yetişdirməkdir.
Bu sahədə uğurlara nail olmaq üçün tədris, təcrübə, texnologiya prinsipləri əsas
götürülməklə, qanuna uyğun fəaliyyət ortaya qoyulmalıdır. Məhz buna görə də təhsil
naziri cənab Mikayıl Cabbarovun tapşırığı ilə ilk növbədə kollecdəki bütün neqativ
hallara birmənalı olaraq son qoyulub. Tələbələr azad-asudə şəkildə dərslərinə
davam edirlər. Artıq tələbələr yüksək davamiyyət və yüksək nəticələr göstərməkdədirlər.
Hətta bir tələbəmiz hazırladığı 5 dəqiqəlik animasiyaya görə "Qızıl Bayt”
müsabiqəsində sertifikata layiq görülüb. Kompyuter ixtisasları növündə təhsil
alan tələbələrin içərisində proqramlaşdırmanı bacaran tələbələrin sayı sürətlə
artmaqdadır. Bu say 60-ı keçib. Ötən müddətdə nail olmaq istədiyimiz digər bir
məqam pedaqoji prosesin bərpası olub. Onun nəticəsində də ciddi nailiyyət əldə
etmişik. Kollecin vəsaitinin xərclənməsində təhsil müəssisəsinin bütün müəllimləri,
yəni, həm komissiyalarda, həm də fənn birləşmələrinin cəlb olunması formatında
kollegial şəkildə iştirak edirlər. Müəllimlərin və tələbələrin dərsdən kənar
vaxtlarda şəhərimizin və ölkənin müxtəlif tarixi abidələrini gəzməsi həmkarlar
ittifaqının xətti ilə təşkil olunur. Hesab edirik ki, hazırladığımız mütəxəssislər
üçün vətənpərvərlik, ölkəyə, dövlətə, dövlətçiliyə bağlı ruhda böyümək olduqca
vacibdir. Bunun üçün tələbələrimiz Heydər Əliyev Mərkəzindən, Şirvanşahlar
Sarayından, Tarix Muzeyindən başlayaraq bütün tarixi və mədəniyyət abidələrinə,
muzeylərə ekskursiyalar edirlər. Bütün bu işlər kollecimizin yeni yaradılan
saytında, eləcə də "Facebook” səhifəsində öz əksini tapır. Tədrislə bağlı
sektor bütünlüklə komplektləşdirilib. Kollecdə ayrıca olaraq İdarəetmə Şöbəsi
yaradılıb. Bu şöbə kollecin idarəetməsi ilə yanaşı, ictimaiyyətlə əlaqələri,
digər kolleclərlə iş birliyi, imtahan komissiyasının işlərinə yardım, birgə fəaliyyətin
formalaşdırılması və sair məsələlərlə də məşğul olur. Növbəti ciddi məsələ təlim-tərbiyə
işlərinin yenidən, günün tələbləri səviyyəsinə çatdırılmasıdır. Onu da
vurğulamaq yerinə düşər ki, tələbələrimiz kollec səviyyəsində təşkil olunan
bütün tədbirlərin təşkilində yaxından iştirak edirlər. Bununla bərabər, ölkə və
beynəlxalq miqyaslı tədbirlər zamanı da tələbələrimiz öz fəallıqları ilə
seçilirlər. Buna misal olaraq, kollecin 150-dən artıq tələbəsinin İslam Həmrəylik
Oyunlarının könüllüsü olmasını göstərə bilərik. Tələbələrin yerdə qalan bütün
asudə vaxtları isə dərslərə, imtahanlara və ixtisaslara hazırlıqlara yönəldilib.
-
Direktor olduğunuz müddətdə kollecdə qış imtahan sessiyası keçirilib. Nəticələr
necə olub, Sizi qane edibmi?
- Qış imtahan sessiyasının nəticələri bizi qane etmədiyindən
yay imtahan sessiyasına hazırlıqla bağlı bütün fənnlər üzrə ödənişsiz dərnəklər
təşkil olunub. Tələbələrimiz dərs saatlarından əlavə vaxtlarda dərnəklərdə
imtahana hazırlıq, həmçinin öz ixtisasları üzrə yeni biliklər əldə etmək üçün məşğul
olurlar. Bu, eyni zamand, Boloniya sisteminin əsas şərtlərindən biridir. Nəzərə
alaq ki, 60 saatlıq kreditin yarısı auditoriya saatlarına, yerdə qalan 30 saat
auditoriyadan kənar saatlara ayrılmalıdır. Həmin sərbəst işin 40 faizini tələbə
mütləq müəllimlə birlikdə həyata keçirməlidir. Bizim dərnəklərdə saatların
miqdarı təxminən tələbənin sərbəst işinin 40 faizi həcmindədir. Biz nəzərdə
tutmuşuq ki, dərnəklərdə fəaliyyət göstərən müəllimlərimizi mükafatlandırma
yolu ilə bu işə daha da həvəsləndirək. Yay imtahan sessiyasının nəticələri
gördüyümüz bu işin uğurlu olub-olmamasını ortaya qoyacaq.
-
Tələbələrin biliklərinin düzgün qiymətləndirilməsi, imtahan sessiyalarının şəffaf
təşkili üçün hansı addımlar atılıb?
- Ən birincisi, imtahan komissiyasına sözün əsl mənasında
vicdanlı, neqativ hallardan uzaq olan əməkdaşların seçilməsinə nail olmuşuq.
Çünki indiki məqamda kadrlar çox şeyi həll edir. İkincisi, tələbələrin
imtahanında onların valideynlərinin də iştirakına şərait yaratmışıq. İstənilən
tələbənin valideyni sərbəst şəkildə öz övladının imtahan prosesini auditoriyada
izləyə bilər. Üçüncüsü, imtahan prosesinin təşkili ilə yanaşı, tələbələrin
cavablarının yoxlanması məqamıdır. Dərs deyən müəllim imtahan cavablarının
yoxlanmasında birbaşa iştirak etmir. İmtahan cavablarını kafedranın digər müəllimi
yoxlayır. İmtahan cavab vərəqləri kodlaşdırıldığından həmin cavabların hansı tələbəyə
məxsus olduğunu müəllim bilmir. Hətta direktorun da ixtiyarı yoxdur ki, bu
prosesə müdaxilə etsin. Bu addımları atmaqla nəinki neqativ halların qarşısı
alınıb, hətta müəllimlərin, yaxud köməkçi heyətdən kimlərinsə kimisə himayə etmək
hallarının da qarşısı alınıb. İmtahan cavablarının yoxlanması üçün kamera nəzarəti
olan xüsusi otaqlar ayrılıb. Nəticələrdən razı olmayan tələbələrin müraciətlərinə
baxılması üçün xüsusi komissiya da yaradılıb. Əgər hər hansı tələbə hesab edirsə
ki, onun imtahan cavabları obyektiv qiymətləndirilməyib, o, heç bir təzyiq və
ya təsirlə üzləşmədən komissiyaya müraciət edə bilir. Müraciət qəbul edildikdən
dərhal sonra həmin tələbənin imtahan cavabı yerindəcə təkrar yoxlanılır və rəy
verilir. İmtahanın nəticələri barədə məlumatlar gecikdirilmədən kollecin
saytında yerləşdirilir. Beləliklə, hər bir tələbə kollecə gəlmədən də imtahan nəticələrini
öyrənə bilər. Yəni, şəffaflığı ən yüksək səviyyədə təmin etməklə imtahan
prosesindəki bütün neqativ halların da qarşısını ala bilmişik.
-
Tələbələrin biliklərinin qiymətləndirilməsi barədə mexanizm aydındır. Bəs müəllimlərlə
bağlı vəziyyət necədir? Onların attestasiyadan keçməsi, yaxud biliklərinin hər
hansı formada qiymətləndirilməsi, yoxlanması gündəmdədirmi?
- Kollecin əməkdaşları barədə danışarkən, qeyd
olunmalıdır ki, bu gün kollecdə 35 nəfər əməkdaş və müəllim öz ixtisası üzrə
işləmir. Ən bəlalı məqam budur ki, kollecin ibtidai təhsillə heç bir əlaqəsi
olmadığı halda müəllim və əməkdaşların ciddi bir hissəsi müxtəlif şübhə doğuran
ali məktəblərin ibtidai təhsil üzrə diplomlarına malikdirlər. Kollecin bəzi müəllimlərinin
dərslərə uyğunsuzluğunu nəzərə alaraq, qərara gəlmişik ki, kollecin pedaqoji və
yardımçı heyətinin may ayının 27-də attestasiyasını keçirək. Attestasiyanın nəticələrinə
görə biz adamları işdən çıxarmağı planlaşdırmırıq. Lakin qətiyyətlə demək istərdim
ki, auditoriyaya ancaq tələbəni öyrədən müəllim daxil olacaq. Kredit sisteminin tələbləri
əsasında tələbə özü müəllimi seçəcək. Hansı müəllimə dərs saatı çatmayacaqsa, həmin
müəllim ödənişsiz məzuniyyətə buraxılacaq. Məqsəd işsizlər ordusu yaratmaqdan
ibarət deyil. Sadəcə istəyirik ki, tələbələrimiz daha keyfiyyətli dərslə, tədrislə
yüklənə bilsinlər.
-
Kollecin əvvəlki dövrü ilə bağlı mediada neqativ məlumatlara da rast gəlinir. Təhsil
müəssisəsində bu kimi halların təkrarlanmaması üçün hansı tədbirlər görülüb?
- Kollec daxilində nizam-intizamın möhkəmləndirilməsi
əsas məsələlərdən biri və birincisidir. Jurnal və cədvəllər kollecin əsas sənədləridir.
Dövlət kollecə ayırdığı vəsaitin necə xərclənməsini jurnallar və cədvəllər
vasitəsilə yoxlayır, biz də onlara cavabdehik. Həm yetişdirdiyimiz tələbələr
üçün cavabdehik, həm də dövlətin vəsaitinin təyinatı üzrə düzgün xərclənməsinə
cavabdehik. Bu mənada jurnala müdaxilə edən bir neçə müəllim töhmətləndirilib,
hətta bir müəllim buna görə işdən xaric olunub. Ümumi məqamda təsərrüfat fəaliyyətində
nizam-intizamı möhkəmləndirməkdən ötrü 2016-cı ilin sonunda təhsil nazirinin əmri
ilə inventarlaşdırma işləri həyata keçirilib. İnventarlaşdırmanın nəticələri təsərrüfatda
müəyyən qarışıq məqamları aydınlaşdırmaq üçün bizi Auditorlar Palatasını dəvət
etməyə sövq edib. Yaxın günlərdə Auditorlar Palatasının rəyi əlimizdə olacaq.
Uzun müddət yoxlama keçirilməmiş kollecin bir sektorunun yoxlaması tamamilə
başa çatacaq. Real mənzərəni bu zaman hamımız görə biləcəyik.
-
Siz bildirdiniz ki, işində yol verdiyi nöqsanlara görə bir neçə müəllim töhmət
alıb, bir müəllim isə işdən uzaqlaşdırılıb. Bildiyim qədər sonradan həmin şəxslər
kollec direktoru olaraq Sizi məhkəməyə verib, hətta media üzərindən ünvanınıza
bəzi ittihamlar da səsləndiriblər. Bununla bağlı məsələ nə yerdədir?
- İstəməzdik ki, kollecimizdə belə vəziyyət qeydə
alınsın, yaxud adımız hansısa məhkəmə prosesində hallansın. Kollecin köməkçi müəllim
heyətindən 3 nəfər, hansı ki, müxtəlif vəzifələri daşıyıblar, onlar yol verdikləri
nöqsanlara görə kollecdən xaric olunublar. Həmin şəxslər özlərini təqsirsiz və
haqlı hesab edərək məhkəməyə müraciət ediblər. Halbuki, onların tutduqları vəzifədən
azad edilməsi barədə qərar birdən-birə, qanunsuz olaraq verilməyib. Onların işdən
azad edilməsi barədə müzakirələr yalnız direktoryanı müşavirələrdə aparılmayıb.
Bu müzakirələr çox geniş şəkildə kollecin əməkdaşlarının iştirakı ilə həm Pedaqoji
Şuranın iclasında, həm də kollecin Həmkarlar İttifaqı Komitəsinin iclasında
müzakirə olunub. Yalnız bu müzakirələrdən sonra qərar qəbul olunub. Məlumat olaraq
bildirim ki, kollecin təsərrüfatına xərclənmiş pul vəsaiti bütünlüklə şübhə
altındadır. Misal üçün istilik sisteminin çəkilməsinə böyük məbləğdə vəsait xərclənsə
də, bu sistem tam olaraq işləmir. 2015-2016-cı illərdə təmirə guya 200 min
manatdan artıq vəsaitin xərcləndiyi qeyd olunub, bundan əlavə, 69 min manat da
təmir işini görən quruma borc qalıb. Ancaq təhsil müəssisəsi ilə əyani tanış
olan istənilən kəs o dəqiqə hiss edir ki, hansısa təmirdən söhbət gedə bilməz.
Kollecin akt və idman zalları, yeməkxana, otaqlar, tələbə və müəllimlərin
istifadəsində olan sanitar qovşaqlar təmirsiz, ciddi aşınmalara məruz qalmış vəziyyətdədir.
Hətta kollecin internet sistemi də demək olar ki, yox vəziyyətindədir. Əgər təmirə
doğrudan da bu qədər vəsait xərclənibsə, o zaman müşahidə olunan real vəziyyət
nədir? Bu qədər vəsaitin xərclənməsi müqabilində kollecdə zahiri də olsa hər
hansı irəliləyiş müşahidə etmək mümkün deyil. Ən mühüm məqamlardan biri də
kollecin kompyuter texnologiyalarında ciddi çatışmazlıqların olmasıdır. Kollecdə
istifadə edilməli olan televizor, soyuducu, kompyuter dəstləri kimi əşyalar sadəcə
oğurlanıb. Kollecin emalatxanaları bütünlüklə dağıdılıb. Həmin emalatxanalarda
tələbələrə öz ixtisası ilə bağlı hər hansı işi əyani nümayiş etdirmək
qeyri-mümkündür. Çünki avadanlıqlar və digər tələb olunan əşyalar yoxdur.
Ümumilikdə götürsək, kollecin əmlakı dağıdılıb. Bu əmlak isə dövlətin əmlakıdır.
-
Kollecdə baş verənlərlə bağlı müvafiq dövlət qurumlarını da məlumatlandırmısınızmı?
- Əlbəttə! Bütün bu məsəllərlə bağlı müvafiq dövlət
orqanları qarşısında məsələ qaldırmışıq. Hətta Auditor Palatasının kollecdə
ciddi yoxlama aparması üçün də müraciət etmişik və yaxın günlərdə bu yoxlamanın
nəticəsini əldə edəcəyik. Bununla bağlı müvafiq sənədləri Baş Prokurorluğa təqdim
etməyi düşünürük. Rəhbərlik olaraq bizim istəyimiz bundan ibarətdir ki, kollecdə
dövlət orqanları tərəfindən maliyyə, təsərrüfat və tədris prosesinin aparılması
ilə əlaqədar ciddi yoxlamalar aparılsın. Buna ciddi əsasımız var. Şəxsən məndə
olan məlumatlara görə, 2016-cı ilə qədər kollecdə dərsə davamiyyət, imtahan
prosesi tələbənin qeyri-qanuni müəyyən məbləğ ödəməsi ilə təşkil olunub. Yəni,
təlim-tədris prosesi rüşvət müqabilində "təşkil olunub”. Tələbələr
imtahanlardan rüşvət müqabilində qiymət ala biliblər. Ən bəlalı vəziyyət isə
kollecin təcrübə sahəsində olub. Hansıki, o sahədə ibtidai sinif müəlliməsi
ixtisası olan bir nəfər təcrübə rəhbəri olub. Onun da qanunsuz əməlləri
kollecin Həmkarlar Komitəsinin iclasında, Pedaqoji Şuranın iclasında bütün müəllimlər
tərəfindən qeyd olunub. 2015-2016-cı illərdə bir dəfə mənim tərəfimdən, bir dəfə
isə məndən öncəki direktor tərəfindən bu adama ciddi xəbərdarlıq olunub.
2017-ci ilin yanvar ayında töhmət verilib. Töhmətdən nəticə çıxarmayan, əksinə,
bir neçə müəllim yoldaşını təsir altına salaraq, kollec daxilində dərs
prosesini pozan, nizam-intizama əməl edən müəllimləri təhqir edən, onlara müxtəlif
vasitələrlə təsir etməyə çalışan həmin müəllim tutduğu vəzifədən azad olunub.
Belə bir adam da sonradan bizi məhkəməyə verib. Kollecin 15-dən artıq əməkdaşı
həmin məhkəmə prosesində iştirak edib, izahat verib, Aynur Allahverdiyevanın öz
yerinə uyğunsuzluğunu sübut edəcək dəlillər gətiriblər. Maraqlı və təəccüb
doğuran məqam bundan ibarətdir ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə
Əmirxanova kollecin müəllimlərinin fikirlərini nəzərə almadan qərar çıxarıb. Artıq
Apelyasiya Məhkəməsinə bu qərardan şikayət etmək üçün müvafiq sənədləşmə işi
aparılıb. Kolleci məhkəməyə verən üçüncü şəxs Şakir Həmzəyevdir. Bu müəllim nəinki
dərs prosesi ilə məşğul olmayıb, dərsdə tələbələrə yalnız öz kitablarını
satmaqla pul qazanıb. Bu barədə tələbələr yazdıqları izahatlarda bildiriblər. Hətta
həmin müəllim jurnala özü müdaxilə etdiyi halda tələbələrdən birinə hədə-qorxu
gələrək bu əməli onun boynuna yıxmağa çalışıb. Müəllimin təzyiqləri nəticəsində
həmin tələbə bu günahı öz üstünə götürüb. Lakin həmin tələbə bu əmələ görə
kollecdən xaric olunacağını bildikdə, həqiqəti yazılı şəkildə açıb etiraf edib.
Onun tələbə yoldaşları da reallığın nədən ibarət olduğunu öz izahatlarında
yazıblar. Belə əməllərinə görə Şakir Həmzəyev kollecdə tutduğu vəzifədən
uzaqlaşdırılıb. Əgər belə ciddi pozuntulara, qanunsuz əmələ yol vermiş insanların
kollecdə fəaliyyətinə imkan yaradılarsa, gənc nəslin təlim-tərbiyəsi, tədrisi
ilə bu adamlar məşğul olarsa, sabah bizi nələrin gözləyəcəyi sual doğurur.
Rufik
İSMAYILOV