• şənbə, 27 Aprel, 05:58
  • Baku Bakı 14°C

ATƏT-in “tarazlığı” qorumasının səbəbi

13.02.20 20:24 1540
ATƏT-in “tarazlığı” qorumasının səbəbi
Partiya sədrlərinin fikrincə, beynəlxalq təşkilatlar Azərbaycanda demokratiya və insan haqları sahəsində inkişafı gördükcə, həqiqəti demək məcburiyyətində qalırlar

Azərbaycanda keçirilən seçkilərlə bağlı hər zaman beynəlxalq təşkilatlar birmənalı mövqe nümayiş etdirməyiblər. Xüsusilə, Avropada fəaliyyət göstərən qurumların ikili standartlarının şahidi olmuşuq. Lakin fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı beynəlxalq təşkilatların mövqeyi obyektivliyi özündə əks etdirdi. Xüsusilə, hər zaman qərəzli mövqeyi ilə seçilən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun budəfəki hesabatı diqqət mərkəzində oldu. Hətta Prezident İlham Əliyev Kürdəmirə səfəri zamanı ASAN Xidmət mərkəzinin açılışında növbədənkənar parlament seçkiləri ilə bağlı fikirlərini bölüşərkən bu məsələyə toxunub. Dövlət başçısı qeyd edib ki, beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi: "Bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, - hansı ki, bizə həmişə qərəzli yanaşır, - hesabatı da hesab edirəm ki, tarazlı idi, əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi, hesab edirəm ki, obyektivliyə daha yaxın idi. Biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik”.
Görəsən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nisbətən obyektiv mövqe tutmağa nə vadar edib?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirdi ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu dəfə obyektiv mövqe sərgilədi: "Əslində Avropa İttifaqı da ona güvənmişdi. Çünki seçkiyə münasibət, dəyərləndirmə məhz bu quruma tapşırılmışdı. Bir növ, seçki ilə bağlı hərarəti ATƏT-in termometri ilə ölçəcəkdi. Əlbəttə ki, bu, onlarda məsuliyyət hissi yaratdı və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu daha obyektiv oldu. Misal üçün, ATƏT-in müşahidəçiləri Ağsu-İsmayıllı seçki dairəsində də oldular. Əvvəl onlara demişdilər ki, insanları seçkiyə məcburi gətirirlər, lakin bu dəfə vətəndaşların seçkiyə necə qələbəliklə getməsinin şahidi oldular. O cümlədən ayrı-ayrı məntəqələrdə müşahidələr apardılar və obyektivliyi gördülər. ATƏT müşahidəçiləri başqa seçki dairələrində də müşahidələrini aparıblar və hər şeyi gözləri ilə görüblər”.
T.Kərimli qeyd etdi ki, istənilə seçkidə müəyyən çatışmazlıqlar olur: "Ancaq hesab edirəm ki, ATƏT-in budəfəki missiyası ümumilikdə, daha obyektiv mövqe sərgilədi, nəinki daha əvvəl. Bu da xoşdur ki, Avropa İttifaqı da ATƏT-in yaydığı hesabatla razılaşdığını bildirdi. Çoxları arzulayırdı ki, ATƏT-in bu missiyası əvvəlki kimi mənfi rəy verəcək. Bunu daxildəki radikal müxalifət və ya xaricdəki havadarları əlində bayraq edəcək. Amma onların gözləntisi olmadı və daha obyektiv qərar oldu”.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, Azərbaycanda keçirilən seçkilərə maraq həm ölkə daxilində, həm də xaricdə maraq çox böyük idi: "Hesab edirəm ki, seçkilər ilk növbədə Azərbaycan seçicilərinin böyük fəallığı ilə keçdi. İstər passiv, istərsə də aktiv seçici hüququ olan vətəndaşlarımız çox yüksək fəallıq nümayiş etdirirdilər. Bu özü olduqca maraqlı bir göstəricidir. Çünki biz gənc dövlətik və şükürlər olsun ki, qısa müddət ərzində dövlət həyatının bir çox sahələrində, o cümlədən iqtisadi, sosial və hərbi sahədə uğurlar qazanılıb. Ancaq əhalinin bu seçkilərdə fəal olması Azərbaycan cəmiyyətinin siyasi cəhətdən də böyük inkişaf yolu keçməsinin göstəricisidir. Bildiyiniz kimi, Azərbaycan Konstitusiyasında yazılıb ki, hakimiyyətin mənbəyi xalqdır və Azərbaycan xalqı bunu çox gözəl dərk edir. Bu özü siyasi inkişafın nəticəsidir. Xalqımız məhz bu seçkilərdə özünün, dövlətinin taleyinə biganə qalmadığını sübut elədi. İnsanların bu qədər fəal olmasını tarixi uğur kimi qiymətləndirirəm. Xeyli sayda namizədlər iştirak etdi və onların çoxluğu da ondan xəbər verir ki, onlar parlamentdə təmsil olunmaq üçün bir yarışa qatıldılar. Təbii ki, seçicilər də bu dəfə kimin onları təmsil edəcəyinin fərqində idilər”.
M.Səfərli vurğuladı ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatında seçki ilə bağlı məsələlərin obyektiv əks olunması müsbət haldır: "Düşünürəm ki, əvvəlki seçkilərlə müqayisədə bu dəfə beynəlxalq təşkilatların verdiyi qiymətləndirmələr daha çox gerçəkliyə uyğundur. Təbii ki, böyük siyasi və demokratik təcrübəsi olan dövlətlərin özlərində də seçkilər zamanı müəyyən pozuntular olur. O cümlədən biz ABŞ-da, Avropa dövlətlərində bunun şahidi olmuşuq. Yəni seçki elə bir prosesdir ki, heç bir yerdə o tamam rəvan keçə bilməz. Bu, insanların yarışması deməkdir və bu yarışmada müxtəlif psixologiyalı, siyasi əqidəli insanlar yarışır. Belə olan halda müəyyən qədər gərginliyin olması təbii haldır və bunsuz ötüşmək mümkün deyil. Amma bütövlükdə beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiyə balanslaşdırılmış bəyanatla verdiyi qiymət gerçəkliyi əks etdirir. Yəni bildiyimiz kimi, beynəlxalq təşkilatların əksəriyyəti həmişə Azərbaycana ikili mövqedən çıxış ediblər. Amma onlar mövcud gerçəkliklə tanış olduqca, Azərbaycan dövlətinin və cəmiyyətinin demokratiya və insan haqları məsələsində inkişafını gördükcə, həqiqəti əks etdirən bəyanatlarla çıxış etmək məcburiyyətində qalırlar”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər