• şənbə, 27 Aprel, 05:02
  • Baku Bakı 14°C

Atambayev Jeembekovu tövbəyə çağırır

09.04.19 16:19 482
Atambayev Jeembekovu tövbəyə çağırır
Qırğızıstanda proseslər gərginləşməkdədir. Sələfi Almazbek Atambayevin xeyir-duası ilə hakimiyyətə gələn Jooronbek Jeenbekov indi onu özünə rəqib kimi görür. Ötən gün Qırğızıstanda hakimiyyət dəyişikliklərinə gətirib çıxarmış 2010-cu ilin aprel hadisələrinin ildönümü qeyd olunub.
Hazırkı prezident Jeerenbekov aprelin 7-ni yeni eranın, siyasətdə, iqtisadiyyatda böyük dəyişikliklərin başlanğıcı kimi qiymətləndirib. Vəd edib ki, ölkə demokratik kursundan heç vaxt geri dönməyəcək. Prezident həmin hadisələr zamanı həlak olanların xatirəsini yad edib. Bundan sonra isə gələn il ölkədə aprel inqilabının 10 illiyinin keçirilməsi barədə qərara imza atıb. Onun sözlərinə görə, aprel inqilabı qırğızların ədalət uğrunda mübarizəsində vacib tarixi əhəmiyyət kəsb edir. Məlumat üçün bildirək ki, 2010-cu il aprelində ölkədə dövlət çevrilişi baş verib. Həmin hadisələr zamanı 2005-ci ildə dövlət çevrilişi zamanı hakimiyyətə gələn Kurmanbek Bakiyevin ailə-klan rejimi devrilib. Bakiyev ölkədən qaçdıqdan sonra hakimiyyət Roza Otunbayevanın rəhbərlik etdiyi müvəqqəti hökumətə keçib. Jeenbekov öz müraciətində bəyan edib ki, azadlıq və işıqlı cəmiyyət uğrunda həyatlarını qurban verən insanların xatirəsi heç vaxt unudulmayacaq. O zaman Bakiyevin devrilməsi zamanı baş verən toqquşmalar və kütləvi iğtişaşlarda 77 nəfər həlak olmuş, 300-dən artıq insan isə yaralanmışdı. Qırğız ekspert Nursultan Akılbek deyir ki, o vaxt küçələrə çıxan gənclər ümid edirdilər ki, yaxşı həyat və ölkələrinin işıqlı gələcəyini əldə edəcəklər. Sosial şəbəkədə yazdığı statusunda ekspert belə bir sualla çıxış edib – onların ümidləri özünü doğrultdumu? Yoxsa aprel hadisələri sadəcə hansısa bir qruplaşmanın hakimiyyətdən getməsinə səbəb oldu? Əlavə edib ki, son illər yalnız sonuncu variant özünü daha çox doğrultmağa başlayıb: "Ölkənin xarici borcu iki dəfə artıb, korrupsiyanın səviyyəsi görünməmiş həddə yüksəlib, işsizlik və kütləvi miqrasiya davam edir. Aprel hadisələrini "inqilab” adlandırırlar, lakin korrupsiyalaşmış rejim hələ də sındırılmayıb. Korrupsiya hakimiyyətin ən müxtəlif səviyyələrində davam edir, hüquq-mühafizə və milli təhlükəsizlik orqanları əvvəlki tək biznesmenləri və investorları soymaqda davam edirlər. Parlamentarizmi elə deputatların özləri kökündən məhv ediblər, hakimlər heç vaxt olmamış səviyyədə idarə olunurlar”.
Yeri gəlmişkən, həmin gün Almazbek Atambayev başda olmaqla müxalifət də Bişkekdə mitinq keçirib və hakimiyyəti ölkədə ailə-klan idarəçilik üsulu yaratmaqda ittiham edib. O vaxtkı inqilabın liderlərindən olan Almazbek Atambayev Sosial-Demokrat Partiyasının qurultayında problemlərin olduğunu etiraf edib. Ölkədəki sosial-iqtisadi vəziyyətə qiymət verərək bildirib ki, prezident əz səlahiyyətlərini icra edə bilmir, dövlət strukturlarını xalqın üzərinə yollayır. Atambayev bütün bu problemləri həll etmək üçün siyasətdə qalacağına söz verib. Elə mitinqdə də bu məsələlər prioritet olub. Qeyd edilib ki, hakimiyyət korrupsiya ilə mübarizə adı altında siyasi opponentləri izləyir, ailə-klan idarəçiliyinin bərpasına çalşır. Atambayev Jeenbekova tövbə etməyi və səhvlərini düzəltməyə çağırıb. Real nəticələr olmayacağı təqdirdə isə daha irimiqyaslı tədbirlər keçirəcəyini bəyan edib. O deyib ki, sülh və əmin-amanlıqda maraqlıdır, amma paralel olaraq vətəndaşların hüquq və azadlıqları uğrunda da mübarizəni davam etdirəcək. Ən əsası, azadlıq və ədalətə qanuni yollarla nail olacaq.
Rusiya mediası yazır ki, Qırğızıstanda korrupsiyaya qarşı mübarizə adı altında Atambayevin yaxınları həbs edilir, onlardan eks-prezidentə qarşı kompomat toplanılır. Lakin ya kompromat kifayət etməyib, ya da Atambayevin toxunulmazlıq statusu həbsə imkan verməyib.
Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazyev "Nezavisimaya qazeta”ya müsahibəsində bildirib ki, 2010-cu il aprel hadisələrinə qiymət vermək üçün əvvəlcə onunla 2005-ci il 24 mart hadisələri arasında analogiya aparmaq gərəkdir. "Hər iki hadisə de-yure antikonstitusion və zorakılıqla baş vermiş dövlət çevrilişləri idi. Qısa zaman üçün hər ikisi barəsində "inqilab” kəlməsini işlətmək olar. Lakin mahiyyətləri eynidir. Həmin hadisələr sadəcə, sistem daxilində bir-birinə rəqabətdə olan yerli elitaların mübarizəsinin nəticəsidir. Hakimiyyət cəmiyyətin xeyrinə olmayan və o azsaylı resursların bölgüsü ilə məşğuldur”, - deyə A.Knyazyev bildirib. Onun sözlərinə görə, Qırğızıstanın sonrakı inkişafı nöqteyi-nəzərindən 2005-ci il inqilabının prinsipial əhəmiyyəti var. Məhz həmin inqilab 2010-cu il inqilabı üçün presendent yaratmış oldu. Bu presedenti artıq ənənə şəklini almış hakimiyyətin dəyişməsi kimi möhkəmləndirdilər: "Bu gün Qırğızıstanın hazırkı böhranlı durumu permanentdir – hər iki hadisənin (2005-2010) nəticəsidir. Yenə də hakim elita daxilində ziddiyyətlər, xarici iqtisadi və siyasi asılılıq artır, onların korrupsiyalaşması davam edir. Hazırkı durumda qapalı dairə daha da sıxlaşıb - hakimiyyətdə uzun müddət qala bilməyəcəklərinə əmin olmayan elita daha çox vəsait toplamağa can atır”.
Beləliklə, indiki və keçmiş prezidentlər arasında mübarizə nəyə gətirib çıxaracaq? Məsələ ondadır ki, Atambayevin əksər tərəfdarları hazırkı hakimiyyətdə təmsil olunub. Bu səbəbdən də mübarizə hələ uzun müddət nəticə verməyəcək. Lakin Atambayevin az qalan tərəfdarlarının həbsi və onlardan zorla kompromat tələb edilməsi vəziyyəti gərginləşdirə bilər.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər