• çərşənbə axşamı, 19 mart, 12:48
  • Baku Bakı 8°C

Aşıq Əhliman Rəhimov: Həyat yarıda qırılmasın deyə...

07.04.20 15:30 1387
Aşıq Əhliman Rəhimov: Həyat yarıda qırılmasın deyə...
Koronavirus pandemiyası elnən gələn bəladır. Dünyanın bir üzü yoxdu ki?.. Ustad sənətkarlar, ustad aşıqlar həmişə "bu dünyanın qoşa-qoşa təpiyi” barədə də xəbərdarlıq ediblər. İndi hələ ki onun qarşısını alan nə dava-dərman, nə də vaksin var. Onda bircə yol qalır ki, o da evdə qalıb infeksiyanın yayılmasına mane olmaqdan, onun sürətlə yayılmasını əngəlləməkdən ibarətdir.
Mədəniyyət və İncəsənət Universitetinin aşıq sənəti kafedrasının müdiri, Əməkdar Mədəniyyət işçisi Əhliman RəhimovAZƏRTAC-ın müxbiri ilə telefon söhbətində qlobal epidemiya ilə əlaqədar ölkəmizdə elan olunan karantin rejimi dövründə həyat şəraitindən danışıb: "Əlbəttə, həmişə elin-obanın, camaatın məclislərində olan, tələbələrlə sənət söhbətləri edən birisi üçün bütün gün evdə oturmaq asan deyil. Onsuz da mənim ürəyim sənət xiridarlarının, saz-söz həvəsakarların yanındadır. Evdə olduğum müddətdə bir neçə yeni şeir yazmışam, təzə bir mahnı üzərində də yaradıcılıq axtarışları aparıram. Tələbələrlə də əlaqəni kəsməmişəm. Ötən həftə universitetin dördüncü kurs tələbələrinə Şirvan aşıq məktəbinin görkəmli nümayəndələrindən olan aşıq Əhməd haqqında onlayn dərs keçmişəm. Bu həftə növbəti dərs Sarı aşıq haqqında olacaq. Dərslərimiz onlayn qaydasında olsa da, proqram üzrə gedir. Evdə olduğum günlərdə çoxlu musiqilərə, lent yazılarına qulaq asıram, klassik ədəbiyyat nümayəndələrinin kitablarını yenidən vərəqləyirəm. Əbəs yerə deməyiblər ki, təkrar biliyin anasıdır. Hər dəfə həmin yazılara qulaq asanda, həmin kitabları vərəqləyəndə mütləq təzə bir şey tapırsan. Bax klassika, əbədiyaşar sənət budur. Tələblərimə də həmin nümunələr sevdirməyə çalışıram”.
Əhliman müəllim karantin günlərindəki işdənkənar həyatı haqqında da söhbət açıb: "Yaxşı həyətim, bağ-bağçam var, gündə bir neçə saat vaxtımı ağacların arasında keçirir, yer belləyir, su suvarıram. Torpaqla üzbəüz olanda elə bil adamın həm yorğunluğu canından çıxır, həm də qəlbinə istək, fikirlərinə aydınlıq gəlir. Bir də nəvələrlə görüşəndə, onları bağrıma basanda dünyanı unuduram. Təəssüf ki, son günlər məlum səbəblərlə əlaqədar nəvələrim İnci və Səidlə virtual olaraq əlaqə saxlayıram. İndi biz həm də onlar üçün yaşamalıyıq. Millətimizi, xalqımızı, dünyanı sınağa, imtahana çəkən təhlükəli virusa qarşı mübarizə gələcəyi, balalarımızın sabahını xilas etmək uğrunda savaşdır. Hamılıqla səyləri birləşdirib həyatın yarıda qırılmaması, bizi irəlidə gözləyən daha xoş sabahlar naminə bu bəşəri fəlakətə qalib gəlməli, onun sınağından minimal itkilərlə çıxmalıyıq”.
banner

Oxşar Xəbərlər