• şənbə, 20 Aprel, 09:09
  • Baku Bakı 14°C

“Asan görünsə də, çox çətindir”

09.10.19 09:00 1097
“Asan görünsə də, çox çətindir”
Türk serialları və filmlərində qəhrəman xarakteri canlandırmaq, demək olar ki, bizim əksər aktyorlarımızın arzusudur. Bəzən də elə düşünürük ki, Türkiyəyə gedən, orda yaşayan aktrisalar məşhurluğun bir addımlığındadırlar. Onlar da türk aktyorları kimi bir aya milyonlar qazanır, əsil ulduz həyatı yaşayırlar. Amma çox vaxt Türkiyəyə gedən, orda yaşayan sənət adamları qardaş ölkəyə işləmək, seriallarda çəkilmək üçün getmirlər. Türkiyədə yaşayan və orda özlərinə həyat quran xanım aktrisalarımıza müraciət etdik. Onlardan nə üçün Türkiyə kino və serial sektorunda görünmədiklərini xəbər aldıq.
"Aktiv şəkildə ekranda olmaq mənim üçün mütləq deyil”
Türkiyədə kifayət qədər tanınmış seriallarda rol alan aktrisa, yazar Gülay Hüseynova deyir ki, yerli aktyor və aktrisalarımızın türk filmlərinə, seriallarına can atması təbii haldır. Çünki Türkiyənin 100 milyona yaxın əhalisi var və üstəlik, dünya bazarına ən çox serial ixrac edən ölkələrdən biri olduğu üçün burada çalışmaq insanlara perspektiv vəd edir: "Həm yazar, həm də ssenarist olduğum üçün aktiv şəkildə ekranda olmaq mənim üçün mütləq deyil. Ötən mövsüm aktrisa kimi iki serialda - Star TV-də yayımlanan "Kalbimin Sultanı”nda 8 bölümdə, Show TV-də isə "Yeni Gelin” serialında 3 bölümdə rol aldım. Ardınca 360 TV-dən aparıcılıq təklifi aldım və 40 bölüm "Pazardayız” adlı televiziya yarışma proqramına aparıcılıq etdim. Yəni təklif olunan layihələr ürəyimcə olduğu üçün ilboyu ekranda oldum.
Bu mövsüm üçün isə bir neçə layihə ilə bağlı görüşlər davam etsə də, hələ ki heç bir müqavilə imzalamamışam. Bu fürsətdən də istifadə edib, kitab və ssenarilərim üzərində işləyirəm”.
"Proses o qədər çətindir ki, bəzən insan özü də həvəsdən düşür”
Tanınmış aktrisa Natəvan Gümetbildirir ki, Türkiyədə serial və film sektorunda uğur qazanmaq, göründüyündən də çətindir: "Kənardan hər şey tamamilə fərqli görünür. İnsanlar elə düşünür ki, Türkiyədə hər şeyə nail olmaq çox asandır. Ancaq məsələ tamam fərqlidir. Burada hətta reklama çəkilmək də çox çətin prosesdir. İkinci təhsilimi Türkiyədə aldığım üçün düşünürdüm ki, o təhsil mənim burada rahatlıqla çalışmağıma köməkçi vasitə olacaq. Təhsil alandan sonra burada ailə həyatı qurdum. Ailə isə zaman, diqqət, qayğı istəyir. Bunun üçün zamanımı ailəmə və övladıma həsr edirəm. Əslində Türkiyədə filmə çəkilmək elə də asan bir prosedur deyil. Bir var Bakıda səni tanıyırlar, sən orda seçici olmursan, seçən olursan. Ancaq burada hər hansı layihədə iştirak etmək istəyirsənsə, kastinqlərdə iştirak etməlisən. Hətta Türkiyənin tanınmış aktyor və aktrisaları belə, kastinqlərdə iştirak edirlər. Baş rol üçün 3-4 aktyor seçilir və onlarla məşq prosesi keçirlər. Burada tanınmış sima olduqda, bütün günü kastinqlərdə iştirak etməyə məcbur olursan. Ailəli xanımların isə hər dəfə kastinqdə iştirak etmək imkanı olmur. Elə mənim özümü bəzən kastinqə dəvət edirlər, ancaq övladımla gedə bilmirəm, yoldaşım da hər dəfə uşaqla qala bilmir, çünki onun özünün də işləri var”.
N.Gümet Azərbaycanda Türkiyəyə gedən aktrisalara bəxtəvərlik verdiklərini dedi: "Bakıda elə bilirlər ki, Türkiyəyə gedəcəklərsə, bütün çəkiliş meydanları qapılarını taybatay onların üzünə açacaq. Burada tanınmaq heç də asan deyil. Proses o qədər çətindir ki, bəzən insan özü də həvəsdən düşür. Kastinqlər də adamı yorur. Burada məşhurlaşmaq çox çətindir. Amma deyirlər ki, bir dəfə çəkildikdən sonra işlər asanlaşır”.
"Azərbaycandan baxanda, burada məşhurlaşmaq çox rahat görünür”
Aktrisa Cəmilə Tağızadə deyir ki, qardaş ölkədə aktrisa kimi çalışmaq üçün dilin, ləhcən çox təmiz olmalıdır: "Burada azərbaycanlı məşhur aktrisa Nəsrin Cavadzadədir. Onun türkcəsi mükəmməldir. Türkiyədə yetəri qədər aktyor və aktrisalar var. Ona görə də başqa bir ölkənin aktrisasını layihələrinə dəvət etməyə, təbii ki, bir qədər tərəddüd edirlər. Azərbaycanlılardan da burada önə gedən varsa, onlar bir-birinə dəstək olmurlar. İstər Azərbaycanda olsun, istər Türkiyədə. Ən böyük problemlərimizdən də biri budur. Türkiyədə dövlət və özəl teatrlarda çalışan aktyor və aktrisalarımız yetəri qədərdir, hansı ki, çox istedadlıdırlar. Ancaq teatrdan çıxıb filmə, seriala düşmək çox çətindir. Bu həm şansa, həm də tanışlığa bağlıdır. Bunun üçün yaxşı əlaqələrin, yaxşı tanışların olmalıdır. Bir də şansın da çox güclü olmalıdır. Burada teatrda çalışmaq o qədər də çətin deyil. Əgər istedadın varsa, öz işinin peşəkarısansa, rahat şəkildə teatrda işləyə bilərsən. Azərbaycandan baxanda, burada məşhurlaşmaq çox rahat görünür. Elə bilirlər ki, İstanbulda bütün qapılar onların üzünə açılıb, bunları gözləyir ki, "gəl ulduz ol”. Hər şey kənardan çox asan görünür”.
"Bu mənim üçün qürur məsələsidir”
Türkiyədə teatrda çalışanaktrisa, aparıcı Roza İbadova Kocamaz Türkiyəyə başqa məqsədlərlə gələn sənətkarlardan danışdı: "Baxır kim bura hansı məqsədlə gəlib. Bura hər bir aktrisa məşhur olmaq üçün gəlmir. Kimsə başını götürüb gəlir, kiminsə də başqa məqsədləri var. Məşhur olmaq üçün Türkiyəyə üz tutan insanlar elə bilir ki, hava limanında televiziyalar, prodakşnlar onu gözləyir. Şəxsən mən buraya öz sevgimin arxasınca gəlmişəm və ailəm üçün buradayam. Mənim üçün hər zaman teatr seriallardan üstün olub, indi də elədir. Məqsədim isə İzmir Dövlət Teatrında çalışmaqdır. Bir də hansısa bir serialda çəkilirsənsə, oynadığın rola önəm verməlisən. Bu yaxınlarda bir filmə dəvət almışdım. Azərbaycanlı aktrisa olaraq ssenari məni və həyat yoldaşımı qane etmədiyi üçün imtina etdik. Çünki mən artıq tək deyiləm, istər yaradıcılıq, istərsə də özəl qərarlarımı yoldaşımın razılığı olmasa, qəbul edə bilmərəm. Baxmayaraq ki, həyat yoldaşım hər zaman məni dəstəkləyir və yanımdadır. Bir də ki, vətəndaş olaraq Türkiyədə vətənimi, ailəmi, həm də millətimi təmsil edirəm. Bu mənim üçün məsuliyyət və qürur məsələsidir”.
Aktrisa qeyd edir ki, Türkiyədə məşhurlaşmaq çox çətindir: "Hər il Türkiyədə bir çox aktyorlar yetişir, yeni simalar, yeni istedadlar peyda olur. Türkiyədə seriallarda rol almaq üçün mütləq şəkildə işinin peşəkarı olan prodüserin olmalıdır. Bu prodüserlər də havayı çalışmırlar. Sən ona hər ay maaş ödəməlisən ki, o da sənə iş gətirsin. Onun gətirdiyi iş də yəqin ki, epizodik rollar olacaq. Bu işlər bir az da şans məsələsidir. Mən şansa çox inanıram. Əgər Allah sənin qismətinə tanınmağı, məşhurlaşmağı yazıbsa, bu mütləq olacaq. Burada türk dilini mükəmməl bilmək vacibdir. Bunun üçün diksiya kurslarına yazılmışam və artıq 4 ildir ki, İzmirdəyəm”.
"Əgər başqa ölkəyə gəlmisənsə, hər şeyi sıfırdan başlamalısan”
"Lady radio”da aparıcı, redaktor və Kumbara Görsel Sanatlar Teatrının əsas aktrisası Kəmalə Mustafayeva 4 ildir ki, İstanbulda yaşayır. Deyir ki, kifayət qədər azərbaycanlı aktrisalar türk filmlərində obraz canlandırırlar: "Türkiyədə tanınmış aktrisalardan Nəsrin Cavadzadənin adını çəkə bilərəm ki, o, uşaqlıqdan Türkiyədə yaşayır və kifayət qədər tanınır. Bəziləri evləndikdən sonra ailələrinə görə bu sektorda çalışmırlar. Bəziləri isə teatrda çalışsalar belə, səfərlərə çıxa bilmirlər. Türkiyədə yaşayan aktrisalarımızın burada rahat addım ata bilmələri üçün ailə qurduğu insanlardan da çox şey asılıdır. Bir də film və seriallarda rol almaq üçün aktrisanın danışıq tərzi təmiz və səlis olmalıdır. Bəziləri isə məşhur sənətkarların aldığı məvacibi tələb edir. Baxırsan ki, heç bir nailiyyəti yoxdur, ancaq böyük iddiaları var. Məncə bu, insanın xarakterinə aid olan bir şeydir. Əgər başqa ölkəyə gəlmisənsə, hər şeyi sıfırdan başlamalısan. İşlədikcə, zəhmət çəkdikcə, tanınırsan. Bir də burada tanışlıq da böyük rol oynayır. Tanışı olan insan rahat şəkildə gəlib film və seriallarda oynaya bilər. Əslində burada film və seriallarda oynamaq kimi bir fikrim də yoxdur”.
"Türkiyədə keçirilən mahnı yarışlarına da inamım itib”
Aktrisa, ifaçı Vüsalə Bəkirova Çakır qeyd deyir ki, 5 ildir Türkiyədə yaşayır və bu 5 ildə film və kino sektorunda çox dəyişikliklər baş verib: "Azərbaycanda 6 il Bakı Uşaq Teatrında çalışmışam. Çalışdığım bu müddət ərzində teatrın da, təhsil aldığım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin də mənə köməyi, dəstəyi çox olub. Orada çalışdığım illər ərzində bir necə seriala, reklama çəkilmişəm. Hazırda Azərbaycanda da film, serial çəkilişlərinin sayı günü-gündən çoxalır. Əgər belə bir dönəmdə Bakıda olsaydım, daha çox çəkilişlərə dəvət ala bilərdim”.
Vüsalə xanım vaxtı ilə Türkiyədə seriallara çəkilmək istəyinin olduğunu da gizlətmir: "Aktrisalıqdan çox, müğənnilik sənətimi Türkiyədə davam etdirmək istəmişəm, bu sahədə cəhdlərim olub. Dəfələrlə yarışmalara qatılmışam, amma finala vəsiqə qazana bilməmişəm. Bunun səbəbini isə özümdə yox, qarşı tərəfdə görmüşəm. Çünki yarışlara 4-5 dəfə qatılmağıma baxmayaraq, məndən dəfələrlə zəif olan iştirakçıların qazandığını görəndə, Türkiyədə keçirilən mahnı yarışlarına da inamım itib. Onun üçün artıq səs yarışlarına da qatılmıram. Filmlərə gəlincə isə, Türkiyədə hər hansı film və serial layihəsində iştirak etmək üçün kastinqlərə qatılmaq mütləqdir. Çəkilişlər üçün qatıldığım kastinqlərdə başımıza gəlməyən oyunlar qalmayıb. Belə ki, mən İstanbulda yaşayıram və burada fırıldaqçılar kifayət qədərdir. İncəsənət kütləsi daha çox burada toplaşıb. İnsanların maraqlı olduğunu bildikləri üçün fırıldaqçılıqla məşğul olan prodakşınların sayı günü-gündən çoxalır. Prodakşına müraciət etdikdə, öncədən bizdən pul tələb edirlər. Dəfələrlə belə şirkətlərə rast gəlmişəm. Əvvəlcədən 300-500 manat tələb edirlər, sənin gələcəkdə hər hansı layihədə iştirak edib-etməyəcəyinə isə heç bir qarantiya vermirlər. Onun üçün bu işi o qədər də ciddiyə almadım. Öz yolumu təyin etdim və o istiqamət üzrə yavaş-yavaş addımlayıram. Hazırda isə sadəcə musiqi sahəsində çalışıram. Efir, sənət üçün deyil, sadəcə olaraq maddi gəlir əldə etmək üçün mahnılar səsləndirirəm. Qısası, Azərbaycandan hər şey fərqli görünə bilər, ancaq Türkiyə şou-biznesinə, film sektoruna qoşulmaq o qədər asan məsələ deyil. Gərək ya yaxşı şansın, ya da yaxşı adamın olsun”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər