“Artıq sevincin arxasınca düşmürəm”
Məşhur aktyor
Sergey Yurskiy üçqat yubileyini 80 yaşını, səhnə və kino fəaliyyətinin 60,
Moskva Teatrında çalışmasının 35 ilini qeyd edir. Onu bütün dünya «Qızıl oğlaq»
filmindəki Ostap Bender rolunun virtuoz ifaçısı kimi tanıyır. Bu gün isə
aktyorun filmoqrafiyasında 100-dən artıq rol var. Bu rollar sırasına Azərbaycanda
çəkildiyi obrazlar da daxildir. İndi söhbət düşəndə aktyor «Bakı zamanında məni
xilas etdi, mən bunu heç vaxt unutmaram. Vaxt var idi ki, mən SSRİ-də qadağa
altına düşmüşdüm. Bu, kinoda çəkilişlərimə, mətbuatda mənim haqqımda yazılara,
radio və televiziyada çıxışlarıma da mane olurdu. Bu, mənim həyatımda qara
zolaq idi. SSRİ-də təkcə «Azərbaycanfilm» mənə isti qucağını açdı. Həmçinin
Maksim Qorki adına Dram Teatrda oynayırdım. O zaman praktik olaraq mənim həyatımda
yeni dövr başladı» - deyir.
Mənim şəhərim
Yubilyarla müsahibələrdə Bakı, Azərbaycan kinosu ilə bağlı xatirələri də var:
- Bakının mənim
həyatımda xüsusi yeri var. Çəkilişlərə dəvət alandan sonra tez-tez Bakıya
gedib-gəlməyə başladım. Ömrümün bir neçə ili bu əfsanəvi şəhərlə bağlı oldu.
Sonra bu şəhərə qastrollarım, tamaşalarım baş tutdu. Yadımdadır, o zaman Heydər
Əliyev bizi qəbul etdi. Bu, bizim üçün böyük şərəf idi. O vaxtdan bəri Bakı
yaddaşımda xoş xatirələrlə qalıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə
mən bu şəhərdə yeni teatrın açılışına gəldim. Zağulbadakı dənizkənarı kurortda
Azərbaycanın məşhur insanları ilə görüşmüşəm. Mən burada çəkildiyim filmlərimlə
bütün Azərbaycanı gəzmişəm. Şamaxıda, Qaxda və başqa şəhərlərdə olmuşam. Bakıya
minnətdarlığım hədsizdir. Onu da deyim ki, mən o zaman Bakıda təkcə işləməmişəm,
həm də yaşamışam. Bakı sözün həqiqi mənasında mənim şəhərimdir. Hətta nə vaxtsa
yazdığım «Jest» kitabımda əsərin bütöv bir bölümünü «Xəzər sahili» adı altında
Bakıya həsr etmişəm. Bu kitabda şeirlər, hekayələr və xatirələrim toplanıb.
- Azərbaycanda çəkildiyiniz ilk film hansı oldu?
- «Dərviş Parisi
partladır» ilk filmim oldu. Azərbaycanın tarixi ilə bağlı olan bu filmi publika
yaxşı xatırlayır. 1976-cı ildə film ekranlara çıxdı. Daha sonra Rüstəm İbrahimbəyovun
pyesinin əsasında rejissor Yuli Qusmanın çəkdliyi «Qum üzərində ev» filmində çəkildim.
Daha sonra uşaqlar üçün musiqili film olan «Şir evdən getdi» filmi 1977-ci ildə
çəkildi. Bütün bunlar mənim Azərbaycanla bağlı çəkildiyim filmlərdir. Çəkilişlərlə
bağlı maraqlı xatirələrim var. Səhər tezdən gecə yarısına qədər çəkiliş
meydançasında olurduq. Müsyö Jordan rolunu oynayanda Azərbaycan dilində bir neçə
söz söyləməli idim. Rejissorlar dublyor çağırmağı təklif etsələr də, mən imtina
etdim və həmin sözləri özüm səsləndirdim. Çəkiliş qrupu istedadlı və səmimi
idi. O aktyorların böyük bir qismi Azərbaycan kino və teatrının ünlü sənətkarları
idi. Onlarla ünsiyyətdə olmaq, eyni filmdə yer almaq xoş idi.
Hisslər, ifadələr, nəfəs...
- Bilirəm, siz hazırda yeni ədəbi proqram hazırlayırsınız.
Nə vaxt oxuyacaqsınız?
- Qoqol,
Dostoyevski, Mayakovski, Mandelştam, Brodskiy, Yurskiy…
- Doğrudurmu, siz İosiv Brodski ilə yaxın dost
olmusunuz?
- "Dost” sözü çox
gurultulu səslənir. Daha doğrusu, o, mənim yoldaşımdır.
- Deyirlər ki, o, məxsusi sizin üçün yazırdı?
- Məxsusi mənim
üçün yazmırdı, amma mənə həsr edirdi.
- İndi ədəbi qiraət janrının dövrü keçib. Amma siz
hələ də bu janrla işləyirsiniz.
- Bu, təkbaşına
teatrdır. Burada səhnə var, bir insanın, bütöv bir auditoriyanı özünə diqqəti
yönəltdiyi məkan var. Onun hissləri, ifadələri, hətta, tamaşaçıların hiss edə
biləcəyi nəfəsi var. Əlbəttə, bu gün daha çətindir. Mən indi nadir hallarda
çıxış edirəm. Düz deyirsiniz, ədəbi qiraət janrı 30 ya 50 il əvvəl lazım idi.
Hazırda o bir növ çat verir. Həyatımda elə il olub ki, böyük teatrı tərk etmək
məcburiyyətində qalandan sonra ilboyu Kalininqradda Cənubi Saxalinə qədər bu
cür qiraətlə gəzmişəm. Tamaşaçı zalları dolu olurdu. Bütün bunlar 80-ci illərdə
baş verib. İndi isə bunlar uçulub dağılıb. Çünki indi qiraət az dinlənilən
janrdır. Bəlkə də heç kimə lazım deyil. Ümumiyyətlə, ədəbiyyat teatrda küncə
sıxışdırılıb: müəlliflik, ədəbiyyat, sözlər küncə dirənib. Bu gün gördüyümüz isə
tamaşaçıları ənənəvi tələbatlarından uzaqlaşdırmaq üçündür. Ədəbi qiraət nadir
hallarda oxunur, amma o yenə də inadkarlıq və insanların istedadına rəğmən
mövcuddur. İstedad nə xarici şəraitə, nə də gəlirlərə hesablanır. O, adəti üzrə
öz yolu ilə gedir.
- Bu yaxınlarda Moskvada qısa işlərə həsr olunan
festival başa çatdı. Məsələn, Şekspir 10 dəqiqə, Çexov 2 dəqiqə oynanıldı. Bu
minimalizmə münasibətiniz necədir?
- Məncə bu, əladır.
Perspektivdə bizim şeirlərimizin bütün toplumu 10 saniyə olacaq. Niyə də yox? Mən
çox şadam ki, bunu görə bilməyəcəyəm.
- Bu mürəkkəb teatr aləmində siz sərt etik
normaları olan insan kimi tanınırsınız. Həm özünüzə, həm də davranışınıza qarşı
münasibətdə sərtsiniz. Bu gün sizin estetik normalarınız cəmiyyətin ümumi
normalarından fərqlənirmi? Və ya hər hansı başqa vaxtlarla fikir ayrılığınız varmı?
- Bu gün... Bu
gün vaxtımız az olduğundan konkret cavab verirəm – bu gün.
Fasiləsiz 53 il...
- Sergey Yuryeviç, fikrinizcə, müasir
kinematoqrafiyanın hərəkəti hansı istiqamətədir? Gənc aktyorlar haqda nə deyə
bilərsiniz?
- Rusiyada
aktyorlar həmişə kifayət qədər, hətta, istedadlı olub. Bu fikri həm gənclərə, həm
də yaşlılara aid etmək olar. Çox təəssüf ki, artıq bizim dünya əhəmiyyətli
psixoloji teatrı itirmişik. Bu, Rus Teatrının uğuru idi. Ona dəfələrlə baxmaq
olardı. Dövr vardı, universitet elmi özünə qapanmışdı. Kilsə rədd edilmişdi.
Onda teatr bu və ya digərini əvəz etdi və öz missiyasını layiqincə yerinə
yetirdi. İndi isə teatr alçalmış vəziyyətdədir.
- «Görüş yerini dəyişmək olmaz» filmi haqqında
çoxdandır ki, suallar bitmir. Siz orada heç də müsbət intiligent rolunu
oynamırsınız. Bu rolu oynamağı sizə təklif edəndə reaksiyanız necə oldu?
- Nahaq yerə düşünürsünüz
ki, personaj mənə uyğun deyil. Rolu mənə təklif etmədilər, mən həyatımda ilk dəfə
bu rolu xahiş etdim. 1978-1979-cu illər idi. Personaj həmin anlar üçün hisslərimə
uyğun gəlirdi. Stanislav Qovoruxin məni başqa rola çəkilməyə dəvət etdi. Həmin
rolu Yestiqneyev oynadı. Mənsə «O əhval-ruhiyyədə deyiləm, Qruzdyevi oynayaram»
dedim. Təəccübləndi, ancaq «Danışdıq» - deyə razılaşdı. Mən heç vaxt rol xahiş
etməmişəm. Ancaq roldan imtina etdiyim vaxtlar çox olub. Rol istəməyim ilk dəfə
oldu. Ona görə Qruzdyevlə mənim aramda heç bir ziddiyyət yoxdur.
- Sizə hansı daha çox yaxındır – kino, yoxsa teatr?
- Əlbəttə,
teatr. Ona görə ki, mən teatr aktyoruyam və ömrümün fasiləsiz 53 ilini ona həsr
etmişəm. Bu il də mən hətta teatr mövsümünü açdım. Özümün bu yükə hazır
olub-olmayacağımı yoxlamaq istədim. Repertuarda 6 tamaşa var. Kinoda isə təcrübəm
50 ildən çoxdur. İlk növbədə kino da aktyor işidir. Sonra başa düşdüm ki, o, başqa
ixtisasdır və mən onu öz gedişimlə öyrənməyə başladım. Kino və teatr bir-birinə
təsir edir, ancaq bunlar fərqli ixtisaslardır. İnsan səhnədə çox tez-tez
oynayır, ancaq o, öz yerində deyil, ancaq kinoda dahidir. Və yaxud əksinə olur.
Olur ki, teatrda parlayırsan, kino üçün isə tam yararsızsan. Onda heç nə edə
bilməzsən.
- Sizi həyatda kino və teatrdan başqa nə fərəhləndirir?
Daha hansı insani sevinclər...
- Sevinc çox
azdır. Bəlkə də mən artıq onun arxasınca düşmürəm. Mənim həyatımın 3-cü hissəsi
– ədəbiyyat məni tamaşaçı kimi sevindirməkdən yorulmur. İndi mənim üçün yenidən
qələmə dönmək çox çətindir. Pis-yaxşı 18 kitabım çıxıb. Əgər mənim bugünkü kino
və teatra münasibətimi bilmək istəsəniz, xatirələrim bu yaxınlarda «Znamya» jurnalında
çap olunacaq. Mən bu jurnalın oxucusuyam. Fikrimcə, bu jurnal dünyada bugünkü
fikirlərin, nəsr və poeziyanın kompasıdır.
- Sizin üçün təltiflər, orden-nişanlar nə deməkdir?
Bu, aktyoru stimullaşdırır, yoxsa özünə arxayınlıq yaradır?
- Nə bu, nə də o
biri... Bu, məni relsdən çıxarır və yaşamağıma mane olur. Mən bu məsələlərdə
çox saxtakarlıqlar görmüşəm. Ona görə də bundan yayınmağa çalışıram. Bu il
yeganə olaraq «Şərəf və ləyaqətə görə» mükafatını almışam. Mən çoxdandır ki,
festivalların nə iştirakçısı, nə münsiflər heyətinin üzvüyəm.
Qocalığım narahatdır
- Sizin atanız məşhur rejissor olub. O, aktyor
olmağınızın əleyhinə deyildi?
- Yox, valideynlərim
sadəcə həyəcanlanırdılar. «Bir halda ki, mənim oğlumsan, sən hər şeyə layiqsən,
sənə dəstək olacağam» - bu, bugünkü fəlsəfədir. Amma o zaman başqa idi – sən bu
peşədə qulluq etməyə hazırsanmı, bütün həyatını buna həsr edəcəksənmi:? Mənim
16 yaşım vardı. Atam məni kimləsə tanış etdi. O da zarafatla «bütün borclarımın
varisi» - söylədi. Mən özümü belə də hiss edirəm.
- Qızınız Darya Yurskaya Moskva Bədii Teatrının
aktrisasıdır. Onunla, nəvələrinizlə tez-tezmi görüşürsünüz?
- O qədər də
yox. Amma ünsiyyətdəyik. Tez-tez zəngləşir, telefonla danışırıq.
- Əgər desəm ki, milyonlarla tamaşaçı o vaxtdan bəri
sizin çəkildiyiniz filmləri məmnuniyyətlə izləyir – səhv etmərəm. Ancaq
çoxdandır ki, çəkilmirsiniz? Sizi yeni bir rolda görməyə ümid varmı? Və yaxud bəlkə
rejissor kimi görə bilərikmi?
- Yox... kino
üçün artıq gücüm yoxdur. Kinobiznes indi fabrikdir. Bu fabrikdə işləmək üçün
hazır ştat lazımdır. Mən 90-cı illərdə «Mədəniyyət» kanalı üçün bir neçə film çəkmişəm.
Bir saata hesablanan həmin filmlər öz janrı ilə fərqlənirdilər. Kino isə sənayedir.
Çəkilişin, təşkilatlanmanın yeni qaydaları, rəhbərlik… Bu işi atmaq lazım
deyil, sadəcə öz ştatın olmalıdır. İndi isə qrup yığmaq çox çətindir.
- 80
illik yubileyinizi necə bayram etdiniz?
- Heç bir bayram
proqramı nəzərdə tutmamışdım. Həmin günü dostlarımın əhatəsində və Moskvadan
uzaq bir yerdə keçirdim. Teatrda artıq yubileyimlə bağlı mənə rol təklif ediblər.
Yubileyimlə bağlı müsahibə də vermişəm. Vəziyyət ad günümü keçirməyə imkan
vermir. Mən çox yorulmuşam.
- İşləriniz çoxdur?
- Mən BDT
teatrında «Narahat qocalıq» tamaşasında oynamışam. Həmin tamaşada oynadıqlarımı
indi yaşayıram. Mənim qocalığım narahatdır...
Rus mətbuatından çevirdi:Təranə Məhərəmova