AZE | RUS | ENG |

Anti-milli ünsürlərin Brüssel şousu

Anti-milli ünsürlərin Brüssel şousu
Onların qismətində Azərbaycan tarixinin lənətlənmiş personaları kimi əbədi qalmaq rüsvayçılığı var

Dünyadakı erməni diasporu, eləcə də onların yedəyində gedənlər Azərbaycana qarşı zaman-zaman qarayaxma kampaniyaları təşkil edir, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək istəyirlər. Təəssüf doğuran və acınacaqlı haldır ki, Orduxan Temirxan və onun kimi "sapı özümüzdən olan baltalar” da bu prosesdə rol alır, maşa funksiyasını yerinə yetirərək müxtəlif təxribatlara əl atırlar. Qeyd olunan şəxslərin Prezident İlham Əliyevin Brüssel səfəri öncəsi "fəallaşması”, bir-iki nəfərdən ibarət aksiyalar təşkil etmələri, haray-həşir salmaları da bu qəbildəndir. Həmin antimilli ünsürlərin mayın 13-də Brüsseldə aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə bir daha nümayiş etdirir. Heç kimə sirr deyil ki, bununla onlar erməni diasporundan, ermənilərin maliyyələşdirdiyi  xarici fondlardan aldıqları böyük məbləğdə vəsaitləri yuyurlar.
"Aksiya” ilə bağlı internetdə yayılan kadrlardan da görünür ki, səviyyəsiz, mağara təfəkkürlü bu qaragüruhçular nə qədər cılız, tərbiyə və əxlaqi normaları tam deqradasiyaya uğramış, milli hissiyyatını itirmiş və ləyaqət anlayışını unutmuş durumdadırlar. Onlar Azərbaycan dövlətinin və xaricdəki diasporumuzun erməni işğalına son qoymaq istiqamətində səylərinin zəiflədilməsinə çalışır, buna görə də erməni lobbisinin tapşırıqlarına əsasən dövlətimizi gözdən salmağa çalışırlar. Onlar ölkəmizin beynəlxalq mövqelərinin güclənməsindən, dövlətimizin uğurlarından qıcıqlanan və narahat olan ermənilərin sifarişlərini yerinə yetirməklə özlərini sözün əsl mənasında milli xəyanətin zirvəsinə yüksəldirlər. Bu adamlar hakimiyyətə deyil, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən münasibətlərini artıq gizlətmirlər və pərdələməyə də çalışmırlar. Belə olan halda bir-iki nəfər mənəviyyatsız erməni köləsinin özlərini azərbaycanlı adlandırmağa mənəvi haqqı yoxdur. Məhz bu səbəbdən həmin antimilli ünsürlər Azərbaycan xalqı tərəfindən qəbul edilmir, onların iddiaları kimsə tərəfindən dəstəklənmir.
Avropa azərbaycanlılarının təşəbbüsü ilə  mayın 13-də Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidentini qarşılama və ona dəstək aksiyasının keçirilməsi bir daha bunu sübut edib. Bu aksiya azərbaycanlı mənşəyindən sui-istifadə edərək erməni maraqlarına oynayan orduxanlara sərt sillə olub. Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və bəzi başqa Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri iştirak ediblər. Aksiyada "Cənab Prezident, Avropaya xoş gəlmişsiniz”, "Cənab Prezident, Sizi salamlayırıq” və sair kimi şüarlar səsləndirən soydaşlarımız Azərbaycanın dövlət başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər. Onlar azərbaycanlı olduqları ilə fəxr etdiklərini bildiriblər. Diaspor təşkilatlarının rəhbərləri və üzvlərinin çıxışlarında Azərbaycanın hər zaman ümumbəşəri dəyərlərə hörmətlə yanaşdığı, Avropa ölkələri ilə Azərbaycanın dostluq münasibətlərinin daim inkişaf edən xətlə getdiyi, gündən-günə daha da dərinləşdiyi diqqətə çatdırılıb, bütün bunlar ölkəmizin böyük uğuru kimi qiymətləndirilib. Aksiya iştirakçıları bundan sonra da ölkə başçısına daim dəstək olacaqlarını bəyan ediblər. Aksiya iştirakçıları bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətlərində kök salan ikili standartlara, həmçinin düşmən dəyirmanına su tökən bəzi "özümüzünkülər”ə də etiraz edərək, ölkəmizin demokratik prinsiplərə hərtərəfli yiyələndiyini bir daha diqqətə çatdırıblar. 
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli qeyd edib ki, Brüsseldə təxribatla məşğul olan antimilli qüvvələr, həmçinin bir-iki nəfər radikal təfəkkürlü satqınlar öz məkrli istəklərinə heç zaman nail ola bilməyiblər. Onun sözlərinə görə, Azərbaycanda xalq-hakimiyyət birliyi möhkəm əsaslara söykənir: "Bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər. Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır. Bu qüvvələr olmayan gücləri ilə çalışırlar ki, Azərbaycan dövlətinin inkişafına və əldə etdiyi uğurlara kölgə salsınlar. Lakin onların nə istəmələrindən və nə etmələrindən asılı olmayaraq, bu qüvvələr inkişaf etmiş Azərbaycan dövlətinin əldə etdiyi uğurlara heç nə edə bilməyəcəklər. Pislik elə onlara qalacaq. Xalqımız yaxşını pisdən ayırmağı bacarır. Onsuz da bütün dünya dövlətləri Azərbaycanın güclü dövlət olduğunu çox gözəl bilir. Belə bir gerçəklik fonunda bəzi xarici və daxili qüvvələrin yersiz hərəkətlərə əl atması onlara baş ucalığı gətirməz”.
Siyasi ekspert Aydın Quliyev də hesab edir ki, mayın 13-də Brüsseldə bir-iki nəfər antimilli ünsürün aksiya keçirmək cəhdi anlaşılmaz, gülməli və rüsvayçı təsir bağışlayır. Onun fikrincə, baş verənlər antimilli radikal düşərgənin böyük sürətlə aşılandığını və sıralarının seyrəldiyini aşkar şəkildə üzə çıxarır: "Az-çox məsuliyyət hissinə malik olan və öz ləyaqətinə hörmət edən bəziləri antimilli sıraları tərk edərək normal müstəviyə qayıdır, bir qismi xaricdəki düşmən mərkəzlərlə əməkdaşlığın artıq perspektivsiz olduğunu anlayır, hətta onların digər bir qismi Azərbaycanın real gücünü qəbul edir. Ötən gün Brüsseldə son çırpıntılar üçün toplaşan bir-iki nəfər isə tam iflas prosesi yaşayan radikalların son nümayəndələridir. Ortada bir neçə nəfər qalıb. Bizim üçün vacib olan odur ki, radikal antimilli qruplaşma Azərbaycana düşmən qüvvələrin əlində həm alət oldular, həm də onların oyunlarının içində əriyib gedirlər. Brüssel səhnəsini antimillilərin son iflas aksiyası da saymaq olar. Aksiya keçirdikləri anda onlar böyük təkərin altında əzilməkdən qurtulmağa çalışan kiçik əşyalara bənzəyir. Antimilli yol tutanların vətənpərvərlik mövqeyindən danışmaq mümkünsüzdür. Çünki, öz dövlətinə qarşı anti-Azərbaycan mərkəzlərinin oyununu oynamaq vətənpərvərlik adlana bilməz”.
Siyasi ekspert qeyd edib ki, psevdovətənpərvərlərin Brüssel cəhdləri nəinki onların öz boslarının etimadını doğrultmadı, üstəlik Azərbaycan cəmiyyətində də heç bir əks-səda vermədi: "Bu, belə də olmalı idi. Azsaylı antimilli qrup öz fiaskolarının son Brüssel mərhələsində bir vacib şansı əldən buraxdılar. Əgər onlar Avropa İttifaqının yekun bəyanatına münasibətdə Azərbaycan dövlətinin siyasətinə dəstək versəydilər, bütün əvvəlki günahlarına baxmayaraq, reabilitasiya oluna və xalq qarşısında günahlarını yuya bilərdilər. Bu böyük şansın buraxılması o deməkdir ki, onların qismətində Azərbaycan tarixinin lənətlənmiş personaları kimi əbədi qalmaq rüsvayçılığı var imiş. Bütün olanlara rəğmən, Azərbaycan öz yolu ilə irəliləyir. Əzilməkdə olan beş-üç radikalın çığır-bağır salması bu yola təsir gücündə deyil”.
Alpər TURAN

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946