• cümə, 26 Aprel, 19:05
  • Baku Bakı 22°C

Ankara-Tbilisi-Bakı üçtərəfli görüşü Yerevanda təşviş doğurub

26.05.17 09:00 1718
Ankara-Tbilisi-Bakı üçtərəfli görüşü Yerevanda təşviş doğurub
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Batumidə həftənin əvvəli keçirilən üçtərəfli görüşü, gözlənildiyi kimi, bir sıra ölkələrdə, xüsusən düşmən Ermənistanda ciddi narahatlıq doğurub. İşğalçı dövləti ən çox özündən çıxaran üç ölkənin genişmiqyaslı təlimlərin keçirilməsi barədə razılıq əldə etməsidir. Onu da qeyd edək ki, iyunun 4-nə "Qafqaz qartalı” (Caucasus Eagle) hərbi manevrləri, sentyabr ayına isə qərargah təlimləri təyin olunub.
Hərbi təhlilçilər bildirirlər ki, əməkdaşlıq tədricən genişlənir. Artıq ötən il ilk dəfə olaraq Türkiyə pilotlarının iştirakı ilə gecə uçuşları üzrə praktiki tapşırıqlar yerinə yetirilib. Əsas məqam isə odur ki, Gürcüstan və Azərbaycan NATO üzvü olan Türkiyədən müvafiq hərbi təcrübəni qazanır. Gürcüstandakı toplantıda Baş Qərargah rəislərinin görüşəcəyi də bildirilib. Bu, onların üçtərəfli formatda keçiriləcək ilk görüşü olmalıdır. Batumidə keçirilən üçtərəfli görüşün iştirakçıları bunun regional təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyini bildirirlər.
Beləliklə, qeyd etdiyimiz kimi, bu görüş Ermənistanda ciddi narahatlıq və narazılıq doğurub. "Türkiyə, Gürcüstan və Azərbaycan arasında hərbi əməkdaşlıq Ermənistanın təhlükəsizliyinə hədə təşkil edir”. Bunu Ermənistan Milli Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyana istinadən "Eurasia Daily” yazıb. Ermənistanlı politoloqun sözlərinə görə, bu format Yerevanı təcrid etmək məqsədini güdür. O bildirib ki, bu təlimlər birbaşa Ermənistana qarşı yönəlib. Onun sözlərinə görə, bu tip hərbi təlimlərin keçirilməsi onları narahat etməlidir: "Xəritəyə nəzər salın və görəcəksiniz ki, bu təlimlər Ermənistana qarşı yönəlib. Biz görürük ki, Türkiyə regionda qüvvələr balansını Gürcüstan və Azərbaycanın xeyrinə dəyişmək istəyir”. Erməni politoloqu ciddi şəkildə narahat edən başqa bir fakt Türkiyə baş naziri Binəli Yıldırımın Gürcüstana səfəri olub. Onun qənaətincə, belə bir səfər onu deməyə əsas verir ki, ölkələr arasında əməkdaşlıq tək iqtisadi xarakter daşımır. Ekspertin sözlərinə görə, bu cür hərəkətlər Türkiyənin bölgədə mövqelərini gücləndirməsi ilə bağlıdır. Bu da onun qənaətincə, Türkiyənin siyasi vektorunu dəyişməsi səyləri ilə izah edilməlidir. R.Safrastyan hesab edir ki, avrointeqrasiya Türkiyənin xarici siyasətinin əsas və prioritet istiqaməti deyil. Bu səbəbdən də xarici siyasət resursları Şərqə doğru yönəlib.
Öz növbəsində, rusiyalı hərbi ekspert Pavel Felgenqauer hesab edir ki, hər 3 ölkə üçün əməkdaşlıq onların təhlükəsizliyi ilə bağlı olan məsələdir. Lakin bu, sırf hərbi-taktiki əməkdaşlıqla məhdudlaşmır: "Güclü hərbi sənaye kompleksinə malik Türkiyə üçün Gürcüstan və Azərbaycan silah bazarı sayılır. Türkiyə bu silahları satdıqdan sonra onların istifadəsilə bağlı da təlimlər keçirir”. Rusiyalı hərbi ekspert əlavə edir ki, Tbilisinin bu üçlükdə iştirakına görə, Gürcüstan üzərindən Ermənistanın nəqliyyat imkanları da daralır. Bu isə Türkiyənin yaxın müttəfiqi olan Azərbaycana əlavə geosiyasi üstünlüklər yaradır.
Yeri gəlmişkən, Ankara-Tbilisi-Bakı yaxınlaşması Rusiya mətbuatında geniş müzakirə olunur. Qeyd edilir ki, bu danışıqlarda üç ölkə arasında hərbi ittifaqın yaradılması mövzusu üstünlük təşkil edib. Gürcüstanda hesab edirlər ki, bu mövzu prezident Ərdoğanın Gürcüstana səfərində geniş müzakirə olunacaq. "Azərbaycan prezidenti İlham Əliyev çoxdan Bakı-Tbilisi-Ankara oxu formatı üzrə hərbi müttəfiqlik təklif edir. Bu geosiyasi manevrlərin mahiyyəti odur ki, Dağlıq Qarabağ münaqişəsinin getdikcə alovlanmağa başladığı bir vaxtda Ankara və Bakı, o biri tərəfdən Yerevan Gürcüstanı öz tərəfinə çəkməyə, yaxud Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibənin başlaması halında Tbilisinin maksimal sərfəli mövqeyinə nail olmağa çalışır”, - deyə hərbi elmlər doktoru Vaxtanq Maisaya bildirib.
Əksər ekspertlər isə hesab edir ki, erməni tərəfinin narahatlığına əsas yoxdur. Bəlli olduğu kimi, Cənubi Qafqazda Ermənistanın əsas dayağı, onu özünün forpostu elan edən Rusiya bu ölkəni silahla təchiz edir. Elə ötən gün də bəlli olub ki, Rusiya 2017-ci ildə Ermənistana yeni silahlar verəcək. Və bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində həyata keçirəcək.
Azər
banner

Oxşar Xəbərlər