• cümə, 26 Aprel, 15:24
  • Baku Bakı 23°C

Anarın kitablarını yandırmaq İçərişəhəri yandırmaqdır

21.02.18 09:45 944
Anarın kitablarını yandırmaq İçərişəhəri yandırmaqdır
Gündəmi bir o qədər də izləmədiyim üçün son olanlardan, ya da olacaqlardan xəbərsiz idim. Yeni "451”lər etirazını biləndə təəccüblənmədim. Deyəsən, artıq bütün eşidilənlərin sadəcə informasiya kimi qavranıldığı dövrə gəlib çatmışıq. Bu yazıda nə kitabı müqəddəsləşdirmək, nə də kitabları yandırılan müəlliflərin ünvanına atəşin təriflər yağdırmaq fikrim var. Hətta bütün sentimentallığı qatlayıb bir küncə qoymuşam. Sırf bu yazı üçün. Sırf demək istədiklərimi daha real, daha ağlabatan etmək, düşüncələrimin "ayağını” yerdə saxlamaq üçün...
Yəqin ki, dünyada ən asan icra olunan hərəkətlərdən biridir kağız yandırmaq. Kibriti alovlandırıb kağızla "qovuşdurursan” və budur – geriyə sadəcə bir hissəsi uçuşan, bir hissəsi də yerdə can verən kül yığını qalır. Ehtimal ki, uşaqlara kibritə yaxınlaşmağı qadağan etmələri bu səbəbdəndir. Deməli, kitabları yandırmaq istəyən o "uşaqlar”a kitabla kağızın fərqini bəsit bir şəkildə izah etməklə işə başlamalıyam. Kağızın yuxarıdakı ardıcıllıqla yanmasına sadəcə bir mane ola bilər: mürəkkəb. Bəyaz kağıza bircə sözlük mürəkkəb düşübsə, təəssüflə bildirməliyəm ki, o kağız yanmaz, yoldaşlar, yanmaz! Yəni həqiqətən düşünürsünüz ki, fikirlərə alov təsir edə bilər? Zənn edirsiniz ki, bu, sizin üsyankar ruhunuzun, intellektual düşüncənizin sübutudur? Bu uşaqca hərəkətə "etiraz”mı deyirsiniz? O zaman, gəlin, sizə bircə nümunə ilə əsl etirazın, əsl mübarizənin nə olduğunu izah etməyə çalışım. Məşhur yazar Knut Hamsun vətəni Norveçi işğal edənləri dəstəkləyənlər cərgəsində idi. Norveç işğaldan azad olunduqda xalq onlara xəyanət etmiş bu yazara heç nə söyləmədi. Nə bir protesto, nə bir yazı, nə də hücum. Fəqət bir gün K.Hamsunun evinin qarşısına gənc bir qız müəllifin kitablarını qoydu. Bir az sonra yaşlı bir adam da eynisini etdi. Müəllifin evinin önü kitablarını gətirənlərə "qucaq açdı”. Kitab yığını böyüdükcə xalqına xəyanət edən yazar da kiçildi, kiçildi və kiçildi. Baxın, etiraz budur. Əksi isə nə etirazdır, nə gözdağı. Əksi sadəcə barbarlıqdır. Bu başıbəlalı tariximiz yanğınlardan, talanlardan, qarətlərdən bəs qədər zərər çəkib axı...
Yandırdığımız "bir” kitabın yaranması üçün neçə kitab mütaliəsi lazımdır bilirikmi, görəsən? Niyə axı düşünmürük ki, yanan o kitabın içində Aristoteldən tutmuş Murakamiyə qədər onlarla, yüzlərlə müəllif var, əmək var, mürəkkəb var... Biz yalnız müəllifi yandırmırıq, bütöv ədəbiyyat tarixini atəşə atırıq. Özü də atəşin tüstüsündə boğulacağımızı bilərək. Bizim əleyhqazımız yoxdur! Yox-dur!
Məsələni daha da konkretləşdirmək üçün atəşə atılacaq kitabların müəlliflərindən söz açmaq yerinə düşər. Ortada mənim üçün bir Anar həqiqəti var. Sentimental ruhumu Türkiyə ədəbiyyatında Səbahəddin Əli qidalandırırsa, milli ədəbiyyatımızda bu "iş” Anara düşür. Mən Anarla birgə bütün digər məsələləri kənara qoyub mətnmərkəzli olmağı öyrənmişəm. Və əminəm ki, nə qədər dodaq büzülsə də, haqqında yazanların həqiqi heyranlığı manipulyasiya edilsə də, Azərbaycan ədəbiyyatı tarixində, "60-cılar” ədəbi nəslində bir Anar gerçəyi var. Lakin ədəbi baxışımdan atdığım önyarğıları Anarla birgə silahlanmaq fikrim yoxdur. Ona görə də bu gün xəbəri eşidəndə "Anarın kitablarını yandırırlar” cümləsindəki ilk söz solğun fonda idi mənim üçün. "Kitabları yandırırlar, kitabları! Bu məsələyə fikir bildirməyimdə Anar nəsrinin poetikliyin, altıncı mərtəbələrin, taksilərin, bənövşələrin, yağışlı günlərin aidiyyatı həm yox idi, həm də var. Yoldaşlar, biz Anarı "yandırmaqla” illərdir Azərbaycan ədəbiyyatının ən çox müzakirə olunan qadın surətini cadugər kimi alova atırıq. Çünki o dövrdə, elə indi də küçələrə su səpən, qəssabdan rejissora qədər tanışı olan, o şaquli qızı yaratmaq birmənalı qarşılanmaz. Anar bütün etirazları bilməsinə rəğmən, bizə Təhminəni bəxş etdi və razılaşaq ki, illərdir onun qədər danışılan, müzakirə edilən bir qadın qəhrəmanına heç birimiz can verə bilməmişik.
Anarı "yandırmaq” Kəbirlinskini məhv etməkdir. Və Kəbirlinski ilə birgə mənim kimi onlarla oxuyucunun ümidlərini də. Axı biz ümid edirik ki, qonşuları narahat etməmək üçün pilləkənləri asta addımlayan o insan bir gün bütün həqiqətləri açıb deyəcək. Kim bilir, bəlkə də Kəbirlinski də inanır ki, bir gün həqiqət parlayacaq və artıq insanların gözündə aciz yox, qəhrəman olaraq yüksələcək...
Anarın kitablarını yandırmaq İçərişəhəri yandırmaqdır. Başa düşə bilmirəm, necə qıyacaqsınız "Gün keçdi”dəki o qocanın əllərinə? Axı biz bir gün İçərişəhəri itirsək onu içərişəhərli qocanın əl izlərindən tapacaqdıq. Kamikadzelərimizə, dondurmamıza toxunmayın.
Biz Anarın kitablarını yandırmaqla nələr-nələri oda atırıq, bilirsinizmi? Gülarənin bayram həsrətini, Nərgizi sevənin eyni taksiyə minmə şübhəsini, Zeynalın sabahkı ayıqlığını, əntiqə sarı paltoyla, nimdaş qaranı, o beş rəqəmli nömrə və ardınca gələn bənövşə iyini, təyyarə səsini... Düzün deyin, bu qədər yanğından sonra ağrımayacaqsızmı?
Aytac Quliyeva
banner

Oxşar Xəbərlər