Amil Əlioğlu: “Film həm də silahdır”
İsgəndərov Amil Əlioğlu Gədəbəy rayonunun Şahdağ
kəndində dünyaya göz açıb. M.Əsgərov adına tam orta məktəbi bitirib. Təhsil
aldığı müddətdə həmin məktəbin bir sıra tədbirlərinin təşkilatçısı olub və beş
il bu təhsil ocağında mədəni-təşkilatçı müdir vəzifəsində çalışıb. Daha sonra
isə paytaxt Bakıya gəlib. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
rejissorluq və aktyorluq fakültəsində təhsil alıb. Hazırda bu ixtisas üzrə Rusiyada
təhsilini qiyabi olaraq davam etdirir. "Alioğlu Media Group”un təsisçisi olan A.Əlioğlu
film, serial və digər çəkilişlər ilə məşğul olur.
- Bu yaxınlarda "Alioğlu
Media Group” şirkətinin qorxu və psixotriller janrında yeni filmi işıq üzü
görəcək. Azərbaycan tamaşaçısı üçün sizin ərsəyə gətirdiyiniz bu filmi izləmək
nə dərəcədə maraqlı olacaq? Nəzərə alaq ki, yerli tamaşaçılar xarici ölkələrin
istehsal etdiyi filmlərə daha çox maraq göstərirlər.
- Əvvəla, biz rejissor olaraq çalışmalıyıq ki,
tamaşaçını ekrana cəlb edə bilək. Bizim elə yerli rejissorlarımız var ki, heç
də xaricilərdən əskik iş görmürlər. Ola bilər ki, bu sahədə maddi
çətinliklərimiz olsun. Mən inanıram ki, bu problemlərimiz zaman-zaman aradan
götürülər. Bir şeyi də vurğulamaq istəyirəm. Müasir dövrümüzdə əvvəlki illərə
nisbətən daha çox komediya janrında filmlər çəkilir. Sovet dövründə ərsəyə
gələn əksər filmlərimizə nəzər yetirsək görərik ki, onlarda təhqiramiz ifadələr daha az yer alır,
dərin yumor hisslərini özündə əks etdirən kadrlar üstünlük təşkil edir. Müasir
dövrümüzdə komediya janrında çəkilən filmlərimiz isə insanları daha çox ifrat
gülüşə səsləyir. İzləyicilər də artıq yumordan uzaqlaşmağa başlayıblar. Buna
görə də çalışdım ki, fərqli janrda film ərsəyə gətirim. İnanıram ki, ekran
qarşısında əyləşən tamaşaçılarımız bu filmi çox bəyənəcəklər.
- Film barəsində
bir qədər məlumat verərdiniz. Necə oldu ki, belə janrda film çəkməyi qərara
aldınız?
- Film qorxu və psixotriller janrında çəkilib.
Çəkilişlərə ötən ilin noyabr ayında başlamışıq. Bu layihənin çəkilişləri
Azərbaycanın dilbər guşələrindən olan Gədəbəy, Tovuz və İsmayıllı rayonlarında
və paytaxt Bakıda baş tutub. Filmin ssenari müəllifləri mən və Sadiq Nəsirovdur.
Quruluşçu rejissor və quruluşçu rəssam da özüməm. Filmin quruluşçu operatoru
Mətləb Yaquboğlu, bəstəkarı və musiqi tərtibatçısı İffət Əskərov, baş prodüseri
Bayram Murquzov, icraçı prodüser Habil Əlioğlu, qrim rəssamı Şəfa Cabbarova, montaj
rejissoru Firdovsi A.Nəbiyevdir. Film qorxu janrında olsa da, burada iki
maarifləndirici xətt var. Birinci xətt ondan ibarətdir ki, hər bir valideyn
uşaqlarını yaşına aid olmayan şeylərdən çəkindirməyə çalışmalıdı. İkincisi isə,
ailədaxili münaqişələrə son qoyulmalıdı. Bu zaman cəmiyyətimizə yararlı olan
fərd yetişdirə bilərik. Bu çətin işin ərsəyə gəlməsində ilk növbədə
valideynlərimə, bu filmdə əziyyəti olan bütün işçilərə, aktyor və aktrisa
heyətinə, Gədəbəy rayon İcra Hakimiyyətinə, Mədəniyyət Nazirliyinə dərin
təşəkkürümü bildirirəm.
- Yəqin ki, psixoloji
vəziyyətiniz bu filmdə əsas rolu canlandırmağa imkan verib...
- Bir rejissor üçün, ümumiyyətlə, baş rolu
canlandırmaq və filmə quruluş vermək çox çətindir. Hadisələri və obrazları
beynimdə nə cür canlandırmışamsa, filmin ssenarisini də eyni ilə yazmışam. Bir
neçə aktyorlar var ki, onları baş rolu ifa etməyə dəvət etdim, ancaq çox
təəssüflər olsun ki, istədiyimi əldə edə bilmədim. Ona görə də qərara gəldim ki,
əsas rolu özüm canlandırım. Ümumiyyətlə, hər hansı bir rolu ifa edib
tamaşaçılara mükəmməl şəkildə təqdim etmək çox çətindir. İzləyiciləri
inandırmaq üçün həqiqətən əsəbiləşmək, qışqırmaq lazımdır ki, içində olan o
duyğuları büruzə verə biləsən. Hər bir aktyor və aktrisa da bu janrda filmə
çəkilmək istəmir. Səbəb də odur ki, belə filmlər daha çox soyuq aylarda
çəkilir. Bunun üçün də ilk növbədə soyuğa davamlı olmalısan. Bütün qarşına
çıxan problemlərlə mübarizə aparmağı bacarmalısan. Psixoloji vəziyyətin yerində
olmalıdı. Düşünürəm ki, sənətinə dərindən maraq göstərən hər kəs çətinliklərin
öhdəsindən gəlməlidi. Əbəs yerə deməyiblər ki, incəsənət qurban tələb edir.
- Digər janrlarda
da film çəkməyi necə, düşünürsünüz?
- Əlbəttə. Dram, dedektiv və romantik janrda film
və seriallar çəkməyi düşünürəm. Elə filmlər var ki, bir müddət keçəndən sonra
yaddaşlardan silinir. Bir rejissor olaraq elə filmlər ərsəyə gətirmək istəyirəm
ki, uzun müddət yaddaşlardan silinməsin və Film Fondunda qorunub saxlanılsın. Bunun
necə əziyyətli bir iş olduğunu sübut etmək üçün ilk filmimi qorxu janrında
çəkdim və düşünürəm ki, öhdəsindən gələ bildim.
- Gənc
rejissorlarımızdan daha çox kimlərin işini bəyənirsiniz?
- Bütün əziyyət çəkən rejissorlarımızın əziyyətini
qiymətləndirir, hər kəsə işində uğurlar arzu edirəm.
- Dünyaca məşhur
olan hansı kinematoqrafın işlərini izləyirsiniz və bu işlərdən özünüzə nümunə
götürürsünüz?
- Stiven Spilberq, Ceyms Kameron kimi
rejissorların işlərini daha çox bəyənirəm. Nümunə götürməyə gəlincə isə, mənim
öz dəst-xəttim var. Düşünürəm ki, sırf özümə məxsus işlər hazırlayıb ərsəyə
gətirməli və bu həyatda iz qoymalıyam.
- Bəzən
tamaşaçılar düşünürlər ki, filmlərdə və ya serialda təcrübəli aktyor heyəti yer
alarsa, layihələr daha çox uğur qazanar. Bu barədə nə deyə bilərsiniz?
- Bu fikirlə tamamilə razıyam. Aktyor və aktrisalar
var ki, günümüzün çoxu onları öyrətməklə keçir. Amma təcrübəli aktyorlarla
işləyəndə, siz bir fikri deyirsiz və həmin insan nə demək istədiyinizi o saat anlayır.
Çox istərdim ki, tamaşaçılarımız məhz savadlı, bu sənətin incəliklərinə
dərindən bələd olan aktyorların, rejissorların, ssenaristlərin yaradıcılığına
dəyər versinlər. Onları nə qədər çox dəstəkləsələr, bir o qədər də uğurlu işlər
meydana gələr. Adi bir şeyi ərsəyə gətirmək üçün nə qədər çətinliklər və
problemlərlə üzləşirik. Tamaşaçılar bu incəliklərin fərqinə varsalar, yəqin ki,
onlarda mənfi fikirlər bir qədər azalmağa doğru gedər.
- Kino
sahəsinə maraq sizdə hardan yarandı? Ailənizdə bu sahə ilə məşğul olan varmı?
- Xeyr, ailəmizdə, ümumiyyətlə, heç kim yaradıcılıq
sahəsi ilə məşğul olmur. Mən uşaq yaşlarımdan bu sahəyə maraq göstərmişəm. Hətta
uşaq yaşlarımdan şeir, hekayə və nağıl yazmağa başlamışdım. "Ata ocağı”,
"Kölgə”, "Son addım” seriallarında və "Bratli” filmində, eləcə də bir neçə
qısametrajlı, tammetrajlı filmlərdə rol almışam. Əmim uşaq olarkən rejissor, aktyor olmaq arzusunda
olub. Bu istedad mənə əmimdən keçib. O da uşaq vaxtı orta məktəbdə oxuyanda
maraqlı səhnəciklər hazırlayarmış. O vaxt videokamera yox idi. Hər şeyi şəkillərlə
düzəldirdilər. Həmin şəkillər hələ də qorunub saxlanılır. Orta məktəbdə bizə Azərbaycan
dili və ədəbiyyat fənnini tədris edən Nəbi müəllim də məndə bu sahəyə maraq
oyatdı.
- Hər hansı
rola aktyor və ya aktrisa seçimi edərkən daha çox hansı keyfiyyətlərə önəm
verirsiniz?
- Mənim üçün ilk növbədə o insanın daxili və xarici
keyfiyyətləri maraqlıdı. Daha sonra isə həmin aktyorun o rola uyğun
olub-olmadığını müəyyən edirəm. Əlbəttə ki, aktyora xas olan xüsusiyyətlərdən
biri də gözəl danışıq qabiliyyəti və xarici görünüşdür.
- Elə
aktyorlarımız var ki, çəkilişlər hələ bitməmiş, müəyyən səbəbləri əsas
gətirərək filmi tərk edirlər. Film çəkilişlərində belə hallarla rastlaşmısınız?
- İlk növbədə rejissor və aktyor bir-birini başa
düşməlidir. Bir çox aktyorlar tanıyıram ki, bir kadra çəkilir, artıq ikinci
dəfə çəkilmək istəmir. Ancaq onu düşünmür ki, filmin ssenarisində hansısa
səbəblərdən müəyyən dəyişikliklər ola bilər. Bu sənətdə keyfiyyət önəmli
yerlərdən birini tutur. Mən bir rejissor kimi, bu sahədə heç bir maddiyyat
güdmürəm və istəyirəm ki, bəzi aktyorlarımız da bunu anlasın. Aktyor
düşünməlidi ki, əgər mən rejissorun vaxtını alacamsa, bu filmdən pul
qazanacamsa, rejissoru da başa düşməliyəm. Aktyor tanıyıram ki, bizimlə bir
layihədə iştirak edib, aldığı məvacib onu qane etməyib və bu layihəni tərk
edib.
- Bu sahədə
yeni addımlarını atan gənclərimizə hansı məsləhətləri verərdiniz?
- Ədəbiyyatımızı mükəmməl şəkildə mənimsəsinlər.
Sənətin sirlərinə ciddi şəkildə yiyələnsinlər və yeni-yeni fikirlərlə bu sənətə
gəlsinlər. Belə olsa, daha yaxşı olar. Sənətimiz də inkişafa doğru gedər.
- Tamaşaçı
qismində kinoteatrlara gedib, film izləyirsiniz? Daha çox hansı janrda filmə
baxmağa üstünlük verirsiniz?
- Bütün janrlarda olan filmlərə baxmaq istəyərəm.
Bir tamaşaçı kimi yox, məhz bir rejissor kimi. Amma, işlərdən dolayı vaxtım az
olur. Digər tərəfdən, istəyərəm ki, o filmdə əziyyəti keçənlərə bir köməyim dəysin.
Hərəmiz bir bilet alsaq, o filmi ərsəyə gətirənlərə nə qədər kömək etmiş
olarıq. Və bu köməyimiz sayəsində film sahəsi daha da inkişaf edər.
- Kimsə sizi
işinizə görə tənqid edəndə, bu tənqidlərdən nəticə çıxarırsınız? Belə insanlara
reaksiyanız necə olur?
- Düzgün tənqid olarsa, əlbəttə... Təhqirə təhqirlə
cavab vermək, tənqiddən isə düzgün nəticə çıxarmaq lazımdır.
- Bu gün ölkəmizdə
çəkilən filmlər sizi qane edir?
- Hər ölkənin filmləri həm də onun silahıdır.
Düzdür, son illər çox filmlər çəkilsə də, əksəriyyət onları yalnız qazanc əldə
etmək naminə çəkir. Düşünürlər ki, bu filmi çəkim və pul qazanım. Bu yol da bizi
uçuruma doğru aparır. Çox istəyərəm ki, milli qəhrəmanlarımız haqqında tarixi
janrda filmlər daha çox çəkilsin. Tarixi filmlərin çəkilməsinə dövlətimiz də dəstək
olur.
Fidan
Salmanova