• şənbə, 27 Aprel, 04:50
  • Baku Bakı 14°C

“Allahın ucaltdığını qul endirə bilərmi?!”

23.05.14 10:31 2510
“Allahın ucaltdığını qul endirə bilərmi?!”
Təqdimata ehtiyacı olmayan xanımlar silsiləsindəndi qonağım. Mədhinə nə desəm yalan olar. O, ona deyiləcək bütün sözlərin kitabını Təbriz zindanındakı 35 gündə yazdı. Təqdimatını da azadlığıyla elədi!
Ustad deyə getdiyi Şəhriyar diyarında suçlandı, xor görüldü, incidildi. Amma…
Amma o necə getmişdisə elə də qayıtdı Vətəninə. Lənət Sovet rejimindən bizə miras qalan qorxaqlığımızla fərd olaraq arxasında durmadıq, qorumadıq amma o sınmadan, əyilmədən dövlətin əliylə yurduna döndü.
Daha da güclənərək, mərd, mətin addımlarla…
-Xalidə Xalid yenidən başlasa ilk addımı hardan atardı? İlk sözü nə olardı?

-Xalidə Xalid yenidən başlasaydı ilk addımı çox fərqli olardı, ürəyinin deyil ağlının əmrini dinləyərdi. Kimsəni içdən tanımadan onun səmimiyyətinə inanmazdı. Heç vaxt dəyişmədiyi sözü vardısa o da yenə bu olardı - nə yaxşı ki, yaxşılar var!
Kim olduğunu soruşsalar, soyuq bir qış gecəsində sabaha yaxın dekabr ayının 24-də Lənkəranda ziyalı ailəsində dünyaya göz açdı.
Doğulmadan öncə atasızlıq yazıldı alnına, bütün körpələr kimi o da doğulanda ağladı, amma bu göz yaşları həyatının düz 30 ilində onunla qoşa addımladı.
Sanki onun gözlərini gülüşə qısqandı gözünün yaşı. Ömrünün ən xoşbəxt 18 ili ona atasızlığını heç vaxt hiss elətdirməyən Əhməd kişinin evində keçdi. 16 yaşında bildi ki, bu insan onun atası Xalid deyil.
-Bəs kimiydi Əhməd kişi?

-Sadə bir sürücü. Mən 16 yaşımda, anamın gündəliyini tapandan sonra bilmişəm ki, mənim atam mən hələ dünyaya gəlməmişdən əvvəl bir qəzada həlak olub. Anam onda üç ayın gəliniymiş. Dörd yaşım olanda yenidən ailə qurub. Ona da səbəb mənim suallarım olub. Bağçadan götürməyə gələndə yapışırammış yaxasından ki, “hamının atası gəlir, bəs mənim atam hanı?” o da hər dəfə “atan dənizdədir, gələcək” deyirmiş.
Bilirsiniz, qəribə oydu ki, o adam çox yaxşı adamıydı, necə deyərlər mən onunla nəfəs alırdım. Məndən sonra üç uşaqları olsa da mənim sevgim onunçün fərqliydi.
Kənan Rifahinin gözəl bir kəlamı var, o deyir ki:
“Tanrının əsl evi insanın vicdanıdır, qəlbidir. “
Eləcə də mənim Əhməd atamın vicdanı, ruhu Rəbbimin sevgisinə elə bələnmişdi ki, o heç vaxt mənə ögey olduğumu hiss elətdirmədi. Hətta mənim ailəmdə problem olduğu vaxtlarda onun bir gecənin içində saçları ağappaq ağarmışdı. Bu möcüzəydi və hamı bu möcüzəyə məəttəl qalırdı.
-İndi necə? Xalidə xanım mənəvi rahatlığını hardan alır? Ustad Şəhriyardanmı, Əhməd babadanmı, sevgisindənmi? Övladlarındanmı? İşindənmi?

-İki balamla, bu dördlük məni yaşadır. Əhməd atamın ruhu mənimlədi. Yeri gəlmişkən dünən ölüm ildönümüydü. Allahdan ona rəhmət diləyirəm. İşim bir zamanlar mənim qida mənbəyim idi. Həbsimə qədər. Bu yaradıcılığa aid deyil amma fəaliyyət göstərdiyim institutdan gördüyüm haqsızlığı heç vaxt heç kimə bağışlaya bilmərəm. Ən başda da özümə. Mən də gərək bəziləri kimi düşünəydim, “araşdırmalarımçün ezamiyyət pulu verilmirsə niyə öz hesabıma getməliyəm” deməliydim. Axı bu iş mənim şəxsi malım deyil, bu, millətimin tarixi, millətimin ədəbiyyatıdır. Səbəb nədir ki, mən bu günə qədər elmi işimi müdafiə edə bilmirəm?!
-Bu məlum hadisədən sonra düşünürsünüzmü ki, "el üçün ağlayan gözsüz qalar?" hardasa ürəyinizdən bir heyif hiss keçirmi?

- Xeyr, ezizim kecmir. Çünki, mən bu günə kimi nə etmişəmsə dövlətim, millətim, vətənim üçün etmişəm və xahiş edirəm bunları pafoslu cümlələr kimi qəbul etməyin. Heyfslənmirəm. Bu, bütün çevrəmi ələkdən keçirmək üçün sınaq oldu. Bu hadisə olmasaydı hələ də insanların şirin dilinə, yalançı sevgisinə, boğazdan yuxarı təriflərinə inanacaqdım.
Mənim bu gün yol göstərən bir ustadım da var, Kənan Rifahi həzrətləri:
“Ey konül madem ki, sen bu beden iqliminin sultanisan,
konül padişahısın, dövletinin qedrini bil,
Yurdunda Süleyman kimi ADİL VE HAKİM OL”
Mən də bu hakimə qul olaraq mənə qarşı olunan bütün pislikləri, bədxahlıqları Sultan Süleyman kimi təmkinlə, səbrlə izləyir və deyirəm-yazıqlar olsun!
Allah ucaldanı qul endirə bilərmi?!
Mən hələ yetərincə nə ədəbiyyatda nə yaradıcılıqda sözümü deyə bilməmişəm. Öhdəliyim balalarımdır, onların gələcəyidir. Axı mən onları təkbaşına böyütmüşəm, kimsəyə əyilmədən, bir məmur qapısı çalmadan, yuxusuz gecələrimin, qabar bağlamış barmaqlarımın, beynimin hesabına onlara halal çörək yedirmişəm.
-Siz ağrı-acının hər şəklini daddınız, Xalidə xanım. İran hadisələrini bilməyən yoxdur.
O 35 günlük cəhənnəm əzabının bir ili geridə qaldı. Sizdən nə aldı, nə verdi bu həbs?

- Məndən sağlamlığımı, balalarımın yuxusunu aldı. Düz bir il keçdi amma bizim yuxularımız düzəlmir ki, düzəlmir. Eyni zamanda həm də özümə inam hissini qazandırdı. Öz gücümə inandım. Bu həbs mənə dövlətimin sevgisini, şəxsən ürəklə, ərklə qardaşım dediyim prezidentimiz İlham müəllimin etibarını qazandırdı.
Bu gün həyatımda çətinliklər yoxdumu? Var. Amma bilirəm və ümid edirəm ki, yaxın zaman kəsiyində hər şey öz yoluna düşəcək. Mən buna əminəm.
-Gəlin, bir az da başqa yöndən danışaq. Bir az yaşamaqdan, yaşaya bilməkdən məsələn. Bir az balalarınızdan... Bir az sevginizdən... Və təbii ki, ustad Şəhriyardan..

-Yaşamaq, çox asan və çox cətin bir anlamdır. Bayaq niyə müdafiə edə bilmədiyimdən bəhs elədim. Maddi durumum lazımınca deyil. Amma hamı məni imkanlı bilir. Bilirsiz, mən biznesdə o qədər aldanmışam ki. Axı mən ticarət adamı deyiləm. Damarımı tutaraq, ürəyimin yumşaqlığından istifadə edib məni müflis qoyublar.
Yenə də özəl sektorda işlərim pis getmirdi. Ta ki, İran hadisələrinə kimi…
Ondan sonra çox şeylərin üstü açıldı. Güvəndiklərimin arxamdan nə işlər çevirdiyinin şahidi oldum, başa düşdüm ki, Rəbbim mənim ruzumu beynim və qələmimə yazıb. Beyin və qələm də ki, bu zəmanədə beyinsiz və qələmsizlər üçün daha qıvraq “işləyir”.
Uşaqlarım…
İki balam var, Ləman Beynəlxalq əlaqələr fakültəsini bitirib.
Dörd dil bilir. Gözəl qələmi var. Yəqin ki, tanıyarsız yazılarından, psixoloji, fəlsəfi janrlara daha meyillidir. Hazırda bir Türk şirkətində mətbuat və ictiamiyyətlə əlaqələr bölümünə rəhbərlik edir. Oğlum Xalidsə doğuşdan hərbçi olsa da müəyyən səbəblərdən o sahədən ayrıldı. Bu da mənim tək olmağımla bağlıydı. Evə yardım eləmək, evin kişisi olmaq hissi onu hərbidən qopardı. İndi Kiyev Dövlət Universitetinin ikinci kurs tələbəsidir. Beynəlxalq iqtisadiyyat fakültəsində qiyabi təhsil alır. Həm də çalışır. Bir Türk şirkətinin mağazalar şəbəkəsində satıcı menecer işləyir.
Qaldi ki, başımın bəlası, xəyallarımın qonağı Şəhriyara, o da mənimçün fərqli bir aləmdi…
-Nə gözəl. Demək ki, siz doğrudan da zənginsiz. Gözəl ailəniz, çoxlu dostlarınız var. Bəs eləsə niyə belə kövrəksiz? Bu qədər cəsur və qəhrəman bir qadının göz yaşlarına səbəb nədir?

-Nigar xanım, mən həddindən artıq güclü qadınam. Nələr görmədim ki, nələr yaşamadım ki. Necə deyərlər, nə gəlin kimi gəlin, nə qadın kimi qadın oldum. Həm qadın həm kişi olmaqdan da yoruldum. İnsanların yalanlarından, sui-istifadələrindən yoruldum. Bu göz yaşlarım acizlikdən deyil, mənim ağlamağım saydıqlarıma qəhqəhəmdi.
-Bir az da əsl sevdanız İstanbuldan bəhs edəkmi? Əminəm ki, o sizi güldürən tək dəyərdi. Niyə məhz İstanbul? Niyə aşiq olduz bu şəhərə? Nə vardı ki, o kirli küçələrdə?!

-İstanbul…
İstanbul mənim röyalarım olmuşdu, əsərlərdən, filmlərdən tanımışdım. İlk gedişim də 2008-ci ildə rəfiqəmin toyuna təsadüf elədi.
İstanbula sevgimi sosial şəbəkələrin birində belə ifadə eləmişdim:
«Bakı-mənə onu tanıdığım gündən acılar yaşadan, uşaqlarımın atası-həyat yoldaşım, İstanbulsa…
İstanbulsa heç vaxt qovuşa bilməyəcyim gizli EŞQİM…»
Siz kirli küçələr dediniz, o küçələr mənimçün parlaq, təmiz, sonu olmayan bir yoldu. Dolanbacı da, kəsməsi də, hər tərəfinə boylandığımda Türklüyümü yaşadığım, məni məndən alan bir məkandı, İstanbul.
İstanbul gecələrində ruhum bədənimdən ayrılır…
Ən sevdiyim şərqidi “İstanbul ağlayır”…
Sanki ekiz yazılıb ikimizə, “İstanbul ağlayır, sən ağlayırsan…”
Üsküdardaysa ruhum dinclik tapır…
-Xalidə xanım şeir yazırmı? Yazırsa kimə?

-Yazır. Xəyallarımın qonağı olan sevgimə. Hər zaman haqqında düşündüyüm amma mənim olmayan sevgimə. Mənim sevgim də fərqlidi, çox fərqli. Bu dünyanın sakini olmaq hər kəsə nəsib olmaz ki. İlahi eşqimlə bəşəri eşqim arasında sıx bağlılıq var. Saatlarla dəli sevgimlə-Rəbbimlə söhbət edirəm. Heç bilirsiniz, məni necə səbrlə dinləyir? Və gülümsəyir…
-Siz gözəl, baxımlı xanımsız. Səmimiyətinizə güvənərək soruşuram. Elə bir bəşər övladı olubmu ki, Xalidə xanım onun eşqinə səcdə eləsin? sevməsə belə..

-Olub. Amma bütləşdirdiyim bəşər oğlu iblisə uyanlardan olub.
Sən getdin tufana uğradı gəmim,
bir idi, indisə min oldu qəmim.
Mənə bəxş etdiyin dərdimlə, neylim,
Məni özgələrə satan vəfasız…
Bunu da ona yazdım.
-Bir Azərbaycan xanımı, ziyalısı olaraq elmdə olan şoudan bir neçə kəlmə soruşmaq istəyirəm. Bu oyunbazlıq bizim azadlığımıza, ən pisi də türkçülüyümüzə sıçrayıb. Belə olan halda əsl millət sevdalıları nə etməlidir ki, maneələri dəf edib millətin qeydinə qala bilsinlər?

-Bununçün xüsusu bir ələk istehsal etməyə gərək yoxdu, özünə insan deyən, özünə, millətinə dəyər verən hər kəs vicdanını dinləməlidir təbii, o insanda o varsa.
Mən həmişə demişəm, nə türkçülük, nə millətçilik, nə dövlətçilik para-pulla alınası miras deyil.
Hər şeyimiz şou bazarında qəhqəhə çəkir gülür bizlərə. Tək qoruduğumuz elmimiziydi onun da şorunu çıxardılar. Türkçülük adı altında nələr qazanmadılar? Qrantlar, layihələr, gözqamaşdıran yaşıl rəngli kağızlar.
Baxın bəlamız budur, bu gün mənim Prezidentim dünyanı lərzəyə gətirən bir kəlamıyla -”Türkiyə burda yoxsa mən varam” - deyirsə, bu kəlmənin məsuliyyətini bu gün özünə türkəm deyən, özünə Azərbaycan vətəndaşı deyən boğazdan yuxarı millətçilər, türkçülər anlamırlarsa, artıq elmimizə də bu süniliyi gətirib çıxarıblarsa kimdi günahkar? Biz, biz, yenə də biz.
Müdafiəsindən qabaq «kitabxana» sözünün necə səsləndiyini izah etdiyim bir nəfər əgər bu gün məni görəndə kinayəylə, «Xalidə xanım, siz hələ də müdafiə etməmisiniz?» deyirsə və özü də bilir ki, nə aldığı doktorluq diplomu, nə dosent adı onun deyil, hələ bir sual da verir?
Yenə deyirəm, bu gün pul milli kimliyimizə belə sahib çıxıb. Milli kimliyin təbliği lahiyələr hesabına gerçəkləşirsə kimdə görək günahı? Heç milli kimlik də təbliğ olunarmı? Bu südlə-qanla keçməzmi?!
Elm-dünən vüqarımızıydı, bu günsə bəzi üzdəniraqların hesabına üzqarasına çevrilib.
-Və nəhayət sonuncu sual-Xalidə Xanım zəfərinə inanırmı? O zəfərə gedən yolda ayağından çəkənlərə və kömək olanlara demək istədikləri nələr var? Eyni zamanda da oxucularımıza…

-Xalidə Xalid elə bir zəfərə inanır ki, elə bir zəfər qazanacağına əmindir ki, təsəvvür edə bilməzsiniz. Bu yolda ayağımı çəkənlərə “vaxtınıza heyfiniz gəlsin” deyirəm.
Dəstək olanlara - nə yaxşı ki, varsınız, nə yaxşı ki, məni mən olaraq anlaya bilirsiniz.
Və oxucularım, mənim söhbətimi səbrlə, sonadək oxuduğunuza görə sizə minnətdaram. Qəzet kollektivinə və rəhbərliyinə uca zirvələr diləyilə təşəkkürümü qəbul edin. Qələminiz iti, sözünüz kəskin, araşdırmalarınız uğurlu, qəzetinizin ömrü uzun olsun!
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər