Allahdan iki istəyim olub... - Fotolar
Diplomatik
fəaliyyəti dönəmində layiq görüldüyü bütün təltiflərdən Azərbaycanın "Dostluq”
ordenini üstün tutur. Türkiyə Respublikası ilə ölkəmiz arasında dövlətlərarası əlaqələrinin
inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görəlayiq görüldüyü
ordeni daim ürəyinin üstündə gəzdirdiyini deyir. Azərbaycan sevdalısı olması ilə
daim qürur duyur.Türkiyənin
ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç redaksiyamızda qonaq olarkən bu sevginin
səbəblərini də açıqladı.
Çətin günləri adlaya bildik
- Hulusi bəy, siz səfir kimi bir neçə il əvvəl Azərbaycanda
missiyanızı başa vursanız da, çoxları hələ də sizi Türkiyənin ölkəmizdəki elçisi
adlandırır. Sizin başqa ölkələrdəki fəaliyyətinizi də izləyəndə gördük ki, hər
yerdə Azərbaycanın elçisi kimi çıxış edirsiniz. Azərbaycana sevginiz haradan
qaynaqlanır?
- Çox gözəl
sualdır. Mən millətimə aşiq bir insanam. Bunu dəfələrlə söyləmişəm. Dövlət
başçımız baş nazir olarkən mən onun protokol müdiri işləyirdim. Orada çalışan hər
insan istədiyi bir yerə təyin oluna bilərdi. Mən işləmək üçün Parisə də,
Londona da, ümumiyyətlə, dünyanın hər bir yerinə gedə bilərdim. Ancaq mən Azərbaycanda
səfir olmaq istədim – bunu bütün səmimiyyətimlə deyirəm. İstədim ki, işlərim
boşa getməsin, öz millətim üçün işləyim. Azərbaycanda işləmək isə mənim üçün
bir röya, bir istək idi. Allahdan iki istəyim olub: birincisi Azərbaycanda səfir
olmaq idi – bu, gerçəkləşdi. İkincisi də Qaqauz elini görmək. Mən Türkiyə
televiziyasında bir proqram izləyərkən qaqauzların türkcə danışdıqlarını
görmüşdüm. Çox təsirlənmişdim. «Bu insanlar bizim qardaşlarımızdır» - deyə
düşünmüşdüm. Moldovaya səfir kimi getməmişdən öncə bir proqramla iki həftəlik
ora yollandım. Qaqauz elinə getdim, gördüm və çox təsirləndim. YUNESKO-ya gedəcəkdim,
ancaq o təşkilatı Moldovaya dəyişdim. Bu ölkədə də səfir olmaq mənim böyük
arzum idi. Bakıya gəlməzdən öncə «Mən bir millətin səfiri olacağam» - deyə qərar
verdim. Çox çətin günlərimiz oldu. Ermənilər bizi ayırmaq istədi. Mən o dönəmdə
çox mücadilə etdim. Biz bir ailəyik. "Bu, bir sınaqdır. Biz bu sınaqdan da keçəcəyik»
– deyə hər yerdə dedim. Şükür, bu çətin günləri adlaya bildik. Necə deyərlər, çəkişərək
bərkidik. Mən indi "Çəkişərək bərkidik” adlı kitab da yazıram. Həmin illərdə
yaşadıqlarımız çətinliklər bu kitabda yer alacaq. İnşallah oxuyarsınız. Səfir
kimi 5 ilə yaxın Azərbaycanda işlədim. Prezident İlham Əliyev bu xidmətlərimi
görüb məni "Dostluq” ordeni ilə təltif etdi. Mən bu ordenə layiq görülən Türkiyənin
Azərbaycandakı ilk səfiriyəm. Bu ordeni həmişə ürəyimin başında gəzdirirəm. O
zaman: «Mənim Azərbaycanda səfirlik vəzifəm bitir. Ancaq harada oluramsa-olum
bir millətin səfiri olacağam» - deyə söz verdim. Fəaliyyətimi izləyərkən
gördünüz ki, Moldovada da bir millətin səfiri
kimi işlədim.
- Səhv etmiriksə, siz Qaqauz elinin də bir
mükafatına layiq görülmüsünüz.
- Bəli, Qaqauz
elinin də, Moldovanın da ən yüksək mükafatlarına layiq görülmüşəm. Moldovada da
çox yaxşı işlər gördük. Bir gün oradakı fəaliyyətimi də qələmə alacağam. Onu da
deyim ki, mən hazırda 5 kitab üzərində işləyirəm. Birinci kitab «Xaricdən xaricə»
adlanır. Mən kənddə böyümüşəm. 5 rəqəmi mənim üçün önəmlidir. Ailədə 10 uşaq olmuşuq,
5 bacı, 5 qardaş, mən 5-ci uşaq olmuşam. Ankarada yaşadığım ev də 5-ci mərtəbədə
yerləşir. Yəni kitabım bir kənd uşağının Xarici İşlər Nazirliyinə daxil olması
və o sahədə çalışmasından bəhs edir. İkinci kitab «Hələbi arşınladım» adlanır.
Mən orada 5 il çalışdım və çox əhəmiyyətli işlər gördük. Oradan döndükdən sonra
əvvəlcə Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu illərdə iki il yarım onun
protokol müdiri kimi çalışdım. Daha sonra fəaliyyətim Azərbaycanla bağlı oldu.
Burada ən uzun müddət işləyən səfir mənəm. Bu gün əlaqələrimiz ən yüksək səviyyədədir.
- Bəs üçüncü kitabınız nə haqqındadır?
- Üçüncü kitabım «Arxamdan gələnlər»dir.
Dördüncü kitab «Çəkişərək bərkişdik» adlanır. Beşinci kitabım isə Moldovadakı fəaliyyətim
haqqında olacaq.
Bütünlüyümüzün timsalı
- Azərbaycanda Türk Şurasının 7-ci sammiti
keçirildi. Türkdilli ölkələrdən çoxlu qonaqlar və dövlət başçıları bu mühüm tədbirdə
iştirak etdilər. Sizin bu tədbirdən gözləntiləriniz nədir?
- 2009-cu ilin
oktyabr ayında Naxçıvan anlaşması imzalandı. Mən o zaman il yarım idi ki, Azərbaycanda
səfir idim. Çox önəmli anlaşma idi. Nə üçün Naxçıvan? Naxçıvan türk dünyasının
köşə daşıdır. O anlaşmanın imzalanmasından 10 il keçib. Türk dünyası orada təşkilatlandı.
Həmçinin mərkəzi Bakıda olan Türk Parlament Assosiasiyası quruldu. Qazaxıstanda
Türk Akademiyası yarandı. Bunlar çox mühüm addımlar idi. Türk Mədəniyyətini
Araşdırma Vəqfi də o zaman yarandı. Türk Şurasına "Qıpçak türkləriyik» - deyən
Macarıstanın qatılması bizi çox qürurlandırdı. Bu, bizim üçün Avropanın
ortasında böyük bir güc oldu. Özbəkistanın qoşulması da bizim üçün dayaq oldu.
Ümid edirəm ki, ən qısa vaxtda Türkmənistan da Şuraya qoşular. Çünki Türkmənistanın
da bizimlə bir arada olması lazımdır. Bu 10 ildə çox işlər görüldü. Dövlət başçıları,
ticarət, sənaye rəhbərləri, iş adamları bir araya gəldilər. Əlbəttə, bu münasibətlər
daha da sıxlaşacaq. Bu, bir günə, bir ilə başa gələn işlər deyil. Biz daha da
güclənəcəyik. Çünki qardaş dövlətlərin müstəqilliklərinin 30-cu ilinə
yaxınlaşırıq. Artıq problemlər geridə qalır. Türk Şurası NATO, Varşava paktlı kimi
hərbi ittifaq deyil. Bu, bizim bütünlüyümüzün timsalıdır. İki gün öncə ərəb ölkələri
yığışdılar. Suriyaya görə Türkiyəni
qınadılar. Fələstin də onlara qoşuldu. Biz Fələstinə çox yardım etmişik.
Bölgədə bu ölkə üzündən çox itkilərimiz oldu. "Mavi Mərmərə” olayı hamının
yadındadır. Bu, bizim üçün həqiqətən bir "sürpriz” oldu. Gördük ki, türkün
türkdən başqa dostu yoxdur.
Biz barış deyirik
- Hazırda dünyanın diqqəti Suriyaya yönəlib. Türkiyə
"Sülh bulağı” əməliyyatına nə üçün başladı? Sizcə, buna zərurət vardımı?
- Təbii ki,
vardı… Türkiyənin Suriya ilə 900 kilometrlik sərhədi var. Oradan tez-tez hücumlar
olurdu. 40 ildir ki, PKK ilə savaşırıq. Bütün Avropa dövlətləri və Amerika
PKK-nı terrorist elan ediblər. Bu gün ordumuz Suriyaya daxil olur və orada
Abdulla Öcalanın şəkillərini görür. Bu, nə deməkdir? Demək bu, bu, PKK-nın uzantısıdır.
7-8 ildir ki, 3 milyon yarım suriyalı Türkiyədə yaşayır. Bu, bir ölkə üçün
40-50 milyard dollar xərcdir. Biz istərdik ki, bu insanlar öz torpaqlarına
qayıtsınlar, təhlükəsizlikləri qorunsun, rahat yaşasınlar. Avropa «insanlar gəlir»
- deyə onlara qapılarını bağlayarkən biz qapılarımızı açdıq. Buna görə Avropa
bizi qınayır. Bu baxımdan «Sülh bulağı» əməliyyatı lazımlıdır. Gördüyünüz kimi,
buna görə böyük dövlətlər – Rusiya da, Amerika da Türkiyəni qınamadılar. Bizə
görə həyata keçirilənlər doğru əməliyyatlardır. Biz barış deyirik. Atatürk ilk
dəfə "Yurdda sülh, cahanda sülh” deyib. Həmçinin Atatürk «Məcburiyyət olmayınca
savaşmaq cinayətdir» söyləyib. Ancaq bu, təəssüf ki, məcburiyyətdir. Biz orada
barış quracağıq. Türkiyənin sərhədlərində terrorçu yetişdirməsinə icazə verməz.
Türk xalqının nə qədər fədakar olduğunu bilirik.
- Yeri gəlmişkən, siz də «Qarabağ uğrunda canımı
verərəm» demisiniz.
- Bunu həmişə
söyləmişəm, hər zaman da söyləyirəm. Yəni dava başlarsa, bu gün gedərəm. Gərəkirsə
heç nəyə baxmadan ölərəm.
- Türkiyədə başlayan əməliyyatlar gələcəkdə Dağlıq
Qarabağ münaqişəsinin haqq-ədalətlə Azərbaycanın xeyrinə həll olunmasına vəsilə
ola bilərmi?
- Azərbaycanın savaşaraq
öz torpaqlarını geri almaq gücü, əlində silahı olan güclü ordusu var. Aprel
savaşı bunu göstərdi. Ancaq prezident İlham Əliyevin arzusu bu münaqişəni
diplomatik yolla, sülh yolu ilə həll etməkdir. Bu münaqişənin sülh yolu ilə həll
olunması daha yaxşıdır. Bizim heç kimlə düşmənliyimiz yoxdur, barış içində
yaşamaq istəyirik. Azərbaycan torpaqlarının geri qaytarılması ilə bağlı BMT-nin
4 qətnaməsi var. Bir milyondan çox insanın torpaqlarına qayıtması lazımdır.
«Böyüyürük, genişlənirik»
- Türk dünyasının birliyindən danışırıq. Ayrı-ayrı
ölkələrdə türk diasporlarının fəaliyyətini necə qiymətləndirirsiniz? Ümumtürk
diasporunu qurmaq nə dərəcədə mümkündür?
- 2007-ci ilin
martında Bakıda dünya azərbaycanlılarının qurultayı keçirildi. Qurultaya
dünyanın müxtəlif ölkələrindən 1500 nəfər qatılmışdı. O zaman mən baş nazirin
protokol müdiri idim. «Böyüyürük, genişlənirik» - deyə çox təsirlənmişdim. Cənab
prezidentin «Bir millətin iki diasporu ola bilməz» sözü mənim üçün bir şüardır.
Ona görə də biz gücümüzü birləşdirməliyik. Azərbaycan diasporu ilə türk diasporu
artıq birlikdə işləyir. Düzdür, işlər hələ istədiyimiz səviyyədə deyil, amma
olacaq. Ona görə prezidentin fikirləri istiqamətində hərəkət etməliyik. Təbii
ki, digər respublikalar - Özbəkistan, Qırğızıstan, Qazaxıstan diasporları Azərbaycan
diasporu kimi deyil. Azərbaycan illərdən bəri savaşın içindədir. Bu savaşa
baxmayaraq, bölgənin parlayan ulduzuna çevrilib. Müstəqilliyin 22-ci illiyində BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Bu, böyük uğurdur. Sovetlər
Birliyindən müstəqilliyini qazanan ölkələr içərisində Azərbaycan buna nail olan
ilk ölkədir. Burada davamlı beynəlxalq tədbirlər keçirilir. Dolayısı ilə artıq
Azərbaycanın bir diasporu formalaşıb. Türkiyədə yaşayan çox sayda azərbaycanlılar,
o cümlədən Avropada, Amerikada yaşayan azərbaycanlılardan ibarət diaspor fəaliyyətdədir.
- 70 illik Sovet dövründə Orta Asiyadakı türkdilli
ölkələrlə dil baxımından bir baryer yaranıb. Ortaq türk dilinin yaranması
istiqamətində maneələri aşmaq mümkün olacaqmı?
- Ankarada
TÜRKSOY adlı bir qurumumuz var. Bu təşkilatın da fəaliyyətimizin içərisində
olması lazımdır. Türkiyənin 80 milyondan çox əhalisi var. Zatən Azərbaycanla
Türkiyə arasında dil baxımından problem yoxdur. Türkmənistanla Qazaxıstanda
nisbətən dil fərqi var. Nəhayət, gec də olsa Qazaxıstanda da qərar verib Latın əlifbasına
keçir. Bu, çox önəmlidir. TÜRKSOY-un bu istiqamətində fəaliyyətinin gücləndirməsi
lazımdır. Ancaq mən inanıram ki, gələcək nəsillər türkcə danışacaqlar. 20 il
sonra tam fərqli bir dünya olacaq.
- Ölkələrimizin daha da çox yaxınlaşmasına ehtiyac
var deyirik. Bu münasibətlərdə təhsilin rolu nə qədərdir?
- Təhsil çox önəmlidir.
İndiyədək 120 min nəfər azərbaycanlı Türkiyədə təhsil alıb. Eyni zamanda,
Türkiyədən gəlib Azərbaycanda təhsil alan çox saylı türkiyəli var. Digər
respublikalar da eyni şəkildə… Təhsil alanların münasibətlərin sıxlaşmasında
rolu böyükdür. Bu, bizi daha da gücləndirəcək və bir-birimizi daha yaxşı başa
düşəcəyik.
Həyatımı çalışaraq qazandım
- Müsahibələrinizin birində demisiniz ki, diplomat
olaraq təqaüdə çıxdıqdan sonra ömrünüzü türk dünyasına həsr edəcəksiniz. Bu
müddət ərzində hansı işləri görmüsünüz?
- Türk dünyası
ilə bağlı sürəkli çalışırıq. Ankarada türk səfirləri ilə, millət vəkilləri ilə
tez-tez görüşürük. Mən Türk Dünyası Parlamentarilər Birliyinin xarici əlaqələr
üzrə baş koordinatoruyam. Yaxınlarda bir tədbir keçirəcəyik. Gələn il tədbirlərdən
birini Azərbaycan diplomatiyasının 100 illiyi münasibəti ilə Bakıda keçirməyi
düşünürük. Bu, qeyri-hökumət təşkilatıdır. Bir dam altında birləşsək dövlət işlərimizə
kömək edərik. Bu işləri qurmaq üçün çox çalışırıq. Ancaq işlər yavaş gedir. Mən
həyatımda heç vaxt ümidsiz olmuram. Bir işi öhdəmə götürürəmsə, onu həyata
keçirməyə çalışıram. İnşallah bunu da bacararıq.
- Bu yaxınlarda Bakıda türkdilli dövlətlərin 4-cü Sənədli
Film Festivalı keçirildi. Bu festival 4 ildir ki, keçirilsə də kifayət qədər
tanınmayıb.
- 4 il çox uzun
müddət deyil. Bu işi tədricən irəli aparmaq lazımdır. Bu gün olmaya bilər, amma
sabah daha gözəl olacaq. Yenə mən ümidsiz deyiləm. Ümumiyyətlə, həmişə pozitiv
düşünürəm. Bu, məni rahatlaşdırır.
- Deyirlər ki, pozitivlik insanın sağlamlığına da
xeyirdir...
- Sağlamlığın dərmanı
sevgidir. Sevirsinizsə, insanlara kömək edirsinizsə, bu, sizi hər zaman
rahatlaşdırır. Ancaq içinizdə, beyninizdə problem və ya fitnə-fəsad olarsa bu
zaman demək bitmişsiniz. Yaş başqa, yaşlanmaq başqadır. Yəni elə insanlar var
ki, 25-30 yaşındadır, ancaq artıq bitmişlər. "İşləyən dəmir parlayar”, deyə məşhur
bir söz var. Yəni işləyəcəksiniz, oturmayacaqsınız. Məsələn, mənə zaman çatmır.
- Bayaq "işlərə zamanım çatmır” dediniz. Buna rəğmən
hər bir insanın öz həyatı var. Zaman tapınca kinoya, teatra, konsertə, səyahətə
gedirsinizmi?
- Hamısını edirəm…
Mən çalışaraq da dincələ bilirəm. Bu da ayrı bir şeydir. Həyatımı çalışaraq
qazandım. Yəni kənddən çıxdım, Türkiyədə universitet bitirdim, Fransada siyasi
bilgilər təhsili aldım. Sonra diplomatiya sahəsinə keçdim. Oxuyuram, səyahət
edirəm, insanları tanıyıram, futbol seyrçisiyəm.
- Oğlunuz Dubayda baş konsuldur. Bir ata
kimi ona hansı məsləhətlər verirsiniz?
- Deyirəm ki,
insanları sevsin, onlara hörmət eləsin, içəriyə daxil olanda hamını salamlasın,
"necəsən” desin. Ən gözəl yatırım insanlarla əlaqələrdir. Vəzifə bitər, bu
keyfiyyətlər bitməz. Mən hər dəfə söyləyirəm, yenə də deyirəm: gördüyüm işləri
beynimlə həyata keçirirəm, amma dostlarımı ürəyimlə sevirəm. Bu iş bitər, amma
ürək davam edər. Belə bir məşhur söz var: "Ən uca məqam könül məqamıdır”. Mənim
Azərbaycandakı vəzifəm bitdi, ancaq yenə bura gəlirəm. Hər gəlişimdə görüşdüyüm
çox sayda insanlar var. Onlar da bilirlər ki, mən bir azərbaycanlıyam və bundan
qürur hissi duyuram.
Təranə Məhərrəmova