“Aləmin nəfəsi: Nəsimi” tamaşası Kayserini məftun etdi - Fotolar
Teatr böyük bir kütləni arxasınca aparmaq gücündə
olan nadir sənət növlərindəndir. O sənət ki, milli mədəniyyəti, mənəvi
dəyərləri, mənsubiyyətimizi məhz bu sənət vasitəsilə təqdim etmişik, edirik və dünya
durduqca edəcəyik də. Mədəniyyətimizi beynəlxalq arenada tanıtmaq üçün ən gözəl
vasitələrdən biri də məhz teatrdır.
Aprelin 15-də Türkiyənin Kayseri Böyükşəhər
Bələdiyyəsi tərəfindən təşkil edilən və 14-cü dəfə keçirilən Beynəlxalq
Məktəblərarası Teatr festivalında ölkəmizi Azərbaycan Milli Konservatoriyasının
tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri təmsil etdi. 15 aprel - 4 may tarixlərində baş tutan
beynəlxalq teatr festivalında iştirakımız Türkiyənin Azərbaycandakı səfirliyinin
Mədəniyyət və Təbliğat Turizm müşavirliyinin dəstəyi iləbaş tutdu. Layihənin
Azərbaycan üzrə rəhbəri, tərtibatçısı və dekoratoru, tanınmış rəssam Günay
Mehdizadənin təşkilatçılığı ilə baş tutan festival çərçivəsində böyük bir sənət
bayramı yaşandı.
İştirakçıların meydan yürüşü ilə başlayan festival
Kayserinin mərkəzi küçələrində davam etdi. Yürüşdə Kayseri teatrsevərləri, xaricdən
təşrif buyurmuş teatr məktəbləri, liseylərinin nümayəndələri bir amal uğurunda
meydana çıxdılar. İştirakçılar səhnə geyimləri ilə meydan küçəsində böyük bir
yürüş edərək Kayseridə teatr bayramı yaşatdılar. Bu yürüşün səsi-sədası nəinki
Türkiyə, hətta Avropa mediasından da eşidildi. Yürüşə xarici ölkələrdən qatılan
iştirakçılar arasında Azərbaycan nümayəndə heyətinə xüsusi önəm verildi.
Yürüşün sonunda Kayseri Böyükşəhər Bələdiyyə
başqanı Dr.Memduh Büyükkılıç festivalda iştirak edən xarici ölkələrin nümayəndələri
ilə qəbul etdi. Məktəbliləri bu layihədə görməkdən məmnunluq hissi duyduğunu
dilə gətirdi. Dr.Memduh Büyükkılıç incəsənətə, teatra böyük maraq göstərdiyini,
bir ölkənin tanınması üçün onun mədəni həyatına baş vurmağın vacibliyini qeyd
etdi. Sonra bütün xarici qruplar adına layihənin Azərbaycan üzrə rəhbəri
tərtibatçısı Günay Mehdizadəyə təşəkkürünü bildirərək sənətin universal
birləşdirici gücünün hər şeydən qüvvətli olduğunu vurğuladı.
G.Mehdizadə çıxışında bu festivalda olmaqdan
məmnunluq hissi duyduğunu qeyd etdi, belə mötəbər layihənin bir parçası olmağın
əhəmiyyətindən danışdı. O, festivalın açılışında bələdiyyə başqanından sonra 4
ölkə - Azərbaycan, Kıbrıs,
Gürcüstan, Bosniya və Herseqovinanın adından səhnəyə çıxaraq iştirakçıları
salamladı: "Teatr böyük bir kütləni öz arxasınca apara bilən, birbaşa
insanların qəlbinə yol tapan əsrarəngiz sənət növüdür. Nə xoş bizə ki,
festivalda öz tamaşamızla çıxış edəcəyik. Belə mötəbər bir layihədə olmaqdan
məmnunluq hissi duyuruq”.
Yürüşdən sonra bələdiyyə başqanının festival
iştirakçıları ilə ilk görüşündə Memduh Böyükkılıç Günay Mehdizadəyə
"Təşəkkürnamə” və hədiyyələr təqdim edərək azərbaycanlı şagirdlərin bu
festivalda iştirak etməsinə görə minnətdarlığını bildirdi.
Festival çərçivəsində Azərbaycandan təşrif buyuran
komanda heyətinə xüsusi diqqət və qayğını hiss etməmək mümkün deyildi. Belə ki,
şagirdlərə Kayserinin gəzməli-görməli yerlərinə səyahət etmək imkanı yaradıldı.
Elə bir səyahət ki, bu səyahətdə şagirdlərimiz dünyanın digər ölkələrindən gələn
həmyaşıdları ilə ünsiyyət qurdular. O cümlədən Kayserinin tarix qoxan küçələri,
üzü nurlu insanları, mədəniyyət nümunələri ilə tanış oldular. Festival çərçivəsində
kayserili, eləcə də xaricdən gəlmiş şagirdlərlə qarşılıqlı münasibətlər quruldu,
digər ölkələrin tamaşalarını izləmək imkanı yaradıldı.
Azərbaycandan gələn heyətə göstərilən diqqət və
qayğı bununla kifayətlənmədi. Belə ki, bağlanış günü layihənin kuratoru Günay Mehdizadənin
əsərlərindən ibarət sərgi keçirildi. Festivalın
son günü tamaşaların nümayiş olunduğu Kayseri Şəhər Teatr binasının girişində
sənətçinin sərgisinin açılışı baş tutdu. Sərgidə Kayseri şəhərinin ziyalıları,
tanınmış sənət nümayəndələri, eyni zamanda Anadolu agentliyi də daxil olmaqla türk
mediasının nümayəndələri iştirak edirdi. Rəssam milli-mənəvi dəyərləri özündə
əks etdirən tabloları ilə Azərbaycanın tarixini, nənələrimizin hazırladıqları
təamları, milli ənənələrimizi ziyarətçilərə nümayiş etdirmiş oldu. Nümayiş
olunan əsərlərdə rəssamın yaradıcılığı boyu miniatür ənənələrinin milli çalarları
öz əksini tapmışdı. Əsərləri izləyən türk sənət camesinin nümayəndələri qədim
miniatürlərlə bir tarixi mədəniyyəti əks etdirən əsərlər yaratmağın hər bir rəssamdan
millibədii-fəlsəfi dəyərlərinə, Şərq və müsəlman mədəniyyətinə dərin
bələdçilik tələbetdiyini vurğuladılar. Günay Mehdizadəninmüxtəlifmövzuluəsərlərində
həmin əski ənənələrə yaxınlıq, onlarınmüasirtəfsirinəmeylin
duyulduğunu bildirildi və bu ənənənin davamçısı olduğu üçün rəssamı təbrik
etdilər. Sərgidə iştirak edən nümayəndə heyəti adına Günay Mehdizadə, Gimnaziyanın
direktoru Aytən Əhmədova, teatr şöbəsinin müdiri Hicran Sadıqzadə festivalın
təşkilatçılarına - Kayseri Böyükşəhər Bələdiyyəsi İcra Hakimiyyətinin
mədəniyyət işləri üzrə dairə başqanı Salih Özgüncü və Kayseri konservatoriya
müdiri Gökan Küpeyə əllə toxunmuş qədim Azərbaycanın xalçasını və milli atributlarımız
əks olunan hədiyyələr bağışladılar.
Festivalın son günü, sərgi nümayişindən sonra çoxdandır
danışılan və gözlənilən tamaşanı izləmək imkanı əldə etdik. 5 gün davam edən
festivalın son gününə Azərbaycan tamaşasının salınması təsadüfi deyildi. Bu o
demək idi ki, repertuardakı ən maraqlı tamaşa ilə festivala son veriləcəkdi. Festival
məhz Azərbaycandan gələn komanda heyətinin tamaşası ilə, bayram ab-havası ilə
bağlandı. Azərbaycan nümayəndə heyətinə çıxış üçün söz verilən festival, şagirdlərimizin
ifası ilə sona yetdi.
İncəsənət Gimnaziyasının şagirdləri festivalda
Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı hazırlanmış "Aləmin nəfəsi: Nəsimi”
tamaşasını nümayiş etdirdilər. İncəsənət Gimnaziyasının rəhbəri Aytən Əhmədova,
Gimnaziyanın teatr bölməsinin rəhbəri Hicran Sadıqzadə, tamaşanın rejissoru
Elnurə Vəliyevanın səhnə əsərini xüsusi həssaslıqla hazırladıqları hər məqamdan
aşkar idi. Səhnə əsərində rolları Vəliyev Aliulla (Nəsimi), Namazlı Fidan
(Aişə), Həsənzadə Almaz (Fatimə), Quluzadə Rufiz (Nəimi), Salmanzadə Məhəmməd
(dərviş) ifa etdilər. Lirik janrda hazırlanmış tamaşanın xronometrajı 30 dəqiqə
çəkdi.Bu 30 dəqiqə içərisində tamaşaçılar Nəsiminin kim olduğunu bildilər
və dünyaya səs salan əsərlərinin necə yarandığının şahidi oldular. Maraqlısıdır
ki, tamaşa Azərbaycan dilində səsləndirilsə də, tamaşaçılar onu tam şəkildə
anladıqlarını və yaddaşlarında uzun müddət qalacağını vurğuladılar. Zalda
əyləşən tamaşaçılar və münsiflər heyəti tamaşanı ayaq üstə alqışladılar.
Final gecəsi münsiflər heyəti nümayiş olunan
tamaşaları müzakirə etdi və Azərbaycanlı şagirdlərin ifasında möhtəşəm bir
tamaşa izlədiklərini, onun heç də peşəkar aktyorların ifasından geri qalmadığını
bildirdilər. Festival çərçivəsində nümayiş olunan tamaşalar içərisində ölkəmizin
təqdim etdiyi tamaşanın tarixilik baxımdan daha önəmli olması və gənc nəslin
bunu bilməsinin vacibliyindən danışıldı. Hətta münsifləri heyətinin üzvlərindən
"bizim hələ sizdən öyrəncəklərimiz var” deyənlər də oldu.
Festival müddətində Azərbaycan truppasının qarşılanması,
iştirakı, görüşləri və səhnədəki performansı türk mediasının diqqətindən
yayınmadı, festival boyunca Türkiyənin səfirliyinin mədəniyyət müşaviri İrfan
Çiftçinin bizə göstərdiyi diqqəti Bakıda da hiss etdik. Türkiyənin aparıcı
media orqanlarında ən yüksək səviyyədə işıqlandırılan bu festivalın xatirəsi
hələ uzun müddət bizimlə olacaq.
Xəyalə Rəis