AZE | RUS | ENG |

Aktual müzakirələr üçün əvəzolunmaz platforma - Fotolar

Aktual müzakirələr üçün əvəzolunmaz platforma - Fotolar
Millət vəkilləri V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini bu cür qiymətləndirirlər

Cənubi Qafqazın lider dövlətinə çevrilən müstəqil Azərbaycan beynəlxalq aləmin layiqli üzvü kimi işğalçı Ermənistan istisna olmaqla, dünya dövlətləri ilə qarşılıqlı maraqlara söykənən, bərabərhüquqlu münasibətlər qurub. Bu münasibətlər çərçivəsində ölkələrimiz və xalqlarımız arasında formalaşan əlaqələr daha da inkişaf etdirilib. Bir çox dövlətlərlə münasibətlərimiz strateji əməkdaşlıq səviyyəsinə çatdırılıb. Azərbaycan regional və beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırıldığı məkan kimi də tanınır. Bununla yanaşı, ölkəmiz Avropanın enerji təhlükəsizliyinə mühüm rol oynayan, tolerant, multikultural ölkə kimi də diqqət çəkir. Müsəlman Şərqinin ilk demokratik cümhuriyyətinin varisi olan Azərbaycan müasir dövrdə beynəlxalq əhəmiyyətli tədbirlərə, forumlara da ev sahibliyi edir. İkiqütblü dünyanı təmsil edən böyük güc mərkəzləri də dialoq məkanı olaraq məhz Azərbaycanı seçirlər. Təbii ki, bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. 
 
 
   
Bu günlərdə paytaxt Bakı daha bir beynəlxalq tədbirə - "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib. Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilib. Tədbirdə 135 ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Məlumat üçün onu da əlavə edək ki, 2008-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki Foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçiləri qatılıblar. 
 
 

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Forumun iştirakçısı olmuş Jalə Əliyeva bildirib ki, Forum bütün parametrləri ilə ölkəmizin nüfuzunu artırıb. Onun sözlərinə görə, həm Forumun təşkili, həm də çıxışçıların ölkəmizlə bağlı fikirləri olduqca maraqlı qarşılanıb. Millət vəkili deyib ki, Forumun təşkili, Bakıda keçirilməsi, Azərbaycana etimadın nümunəsidir. Onun sözlərinə görə, bu gün bütün çıxışçılar tərəfindən bu prosesə böyük qiymət verilməsi bizim düzgün yolda olduğumuzu göstərir: "Çox möhtəşəm bir tədbir idi. Həm forumun təşkili, həm iştirakçılar, həm də çıxışçıların münasibətləri, sırf ölkəmizlə bağlı dilə gətirilən fikirlər baxımından olduqca maraqlı idi. Bir sözlə, bu, bütün parametrləri ilə ölkəmizin nüfuzunu artıran bir tədbir kimi yadda qaldı. Prezident İlham Əliyev də çox dəyərli və tarixi çıxış etdi. Bütün dünyada sivilizasiyalara, dialoqa mane olan, əngəl törədən problemləri bir daha qabartdı. Həmçinin, bu problemlərin ayrılmaz parçası olan və 30 ilə yaxındır ki, həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini irəli sürdü və bir daha bizim haqlı mövqeyimizi bütün dünyanın diqqətinə çatdırdı. İSESCO-nun baş katibinin çıxışı da böyük alqışlarla qarşılandı. Onun çıxışında təəssüflə qeyd olundu ki, bu gün bütün dünyanı ağuşuna alan ədalətsiz münaqişələrdən daha çox zərər görən uşaqlardır. Ümumiyyətlə, Forumun təşkili, Bakıda keçirilməsi, əlbəttə ki, Azərbaycana olan etibarın, etimadın bir nümunəsidir. Vaxtilə start götürən Bakı prosesinin təşəbbüskarı məhz cənab Prezident İlham Əliyev idi. Onun öz işini müvəffəqiyyətlə davam etdirməsi və Forumun bütün çıxışçıları tərəfindən prosesə böyük qiymət verilməsi bizim düzgün yolda olduğumuzu göstərir”.
 
 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə də qeyd edib ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hazırda dünya üçün böyük önəm daşıyan dəyərlərin qorunmasına öz sanballı töhfəsini verib. Onun fikrincə, qlobal iqtisadi və mədəni əhəmiyyət daşıyan, multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirildiyi məkan kimi ölkəmizin seçilməsi Azərbaycanın nəinki coğrafi, həm də siyasi, iqtisadi və mədəni cəhətdən beynəlxalq mərkəzlərdən birinə çevrildiyinə əyani sübutdur: "Dünya miqyasında çox böyük nüfuza malik siyasətçiləri, ictimai xadimləri birləşdirən toplantıların, konfransların, forumların Bakıda keçirilməsi ölkə Prezidenti İlham Əliyevin yorulmadan həyata keçirdiyi sülhsevər siyasətin uğurudur. Tarixən əməkdaşlıq məkanı olan Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də ölkələr, xalqlar arasında körpü rolundan xoş məramından irəli gəlir. Artıq Azərbaycan 5-ci dəfə mötəbər tədbirə ev sahibliyi etməklə sülhə, əməkdaşlığa və dialoqa sadiqliyini nümayiş etdirir. "Bakı Prosesi”nin çox önəmli tərkib hissəsi olan Forum dünyada baş verən aktual məsələlərin həlli yolunda müzakirələr üçün əvəzolunmaz platformadır. Forum sayəsində beynəlxalq təşkilatların nümayəndələri, mütəxəssislər dünyada qarşılaşdıqları çətinliklərlə bölüşür və dünyada sülhün bərqərar olması məqsədilə mövcud problemlərin həll yolların axtarırlar”.
 
 

P.Kərimzadə deyib ki, Bakıda davamlı keçirilən bu humanist tədbirlər nəinki dünyaya multikultural dəyərlərin inkişafı nümunəsidir, eyni zamanda, böyük siyasətçilərin, nüfuzlu beynəlxalq təşkilatların yüksək dəyərləndirdiyi bir beynəlxalq tədbirdir: "Xalqları bəşəri dəyərlər ətrafında birləşdirmək, sülhə çağırış, kimi humanist idealları tərənnüm edən Forumun ildən ilə nüfuzu artır. Yaxşı bilirik ki, mədəniyyətlərarası əməkdaşlıq məsələsi uzunmüddətli və mürəkkəb bir prosesdir. Belə bəşəri dəyərlərin bərqərar olmasında, humanist məsələlərin təbliğ edilməsində Prezident İlham Əliyevin xüsusi rolu olduğunu dünya ictimaiyyəti yüksək dəyərləndirir və layiqincə dəyər verir. Dialoq, anlaşma, sülh, sabitlik, mehriban birgə yaşama, tolerantlıq kimi şüarların və təbliğat işlərinin yayılmasının olduqca vacib olduğunu vurğulayan Forum iştirakçıları Prezident İlham Əliyevə belə bir təşəbbüsü reallaşdırdığına görə, Azərbaycanı beynəlxalq güclərin toqquşan deyil, qovuşan məkanına çevirdiyinə görə təşəkkür ediblər. Bir neçə gün bundan öncə Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan qütblər arasında, sadəcə, kəsişmə nöqtəsi, körpü rolunu oynamır, həm də dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə öz müsbət töhfələrini verir”. 
 
Rufik İSMAYILOV
 
 
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045