AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ÜAK-ın qeydiyyatının ləğvi siyasi qərardır

ÜAK-ın qeydiyyatının ləğvi siyasi qərardır

Cəmiyyət
23 May 2017, 11:00 724
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi məsələsi ciddi narazılığa səbəb olub. Çünki ÜAK bir diaspor təşkilatı olaraq 2 milyondan çox azərbaycanlını öz ətrafında birləşdirib, daim Azərbaycala Rusiya arasında siyasi, ictimai və mədəni əlaqələrin formalaşmasında yaxından iştirak edib. Təşkilatın bağlanması ilə bağlı ötən həftə Rusiya XİN mətbuat katibi Mariya Zaxarovanın çaşdırıcı fikirləri isə yenə də Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Onun ardınca isə Rusiya xarici işlər nazirinin müavini Vasiliy Nebenzya ÜAK-ın qeydiyyatının ləğv edilməsinə münasibət bildirib. V.Nebenzya təşkilatın qeydiyyatının ləğvinin siyasətlə bağlı olmadığını və Moskva-Bakı münasibətlərinə təsir göstərməməli olduğunu bildirib: "Bu, iki dövlət arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır. Məsələ hüquqi müstəvidədir, buna belə də baxmaq lazımdır. Bu qərar siyasi iradə ilə bağlı deyil. Qərar Rusiya hüquq-mühafizə orqanlarının ÜAK-ın qeydiyyatında hüquqi prosedurların pozulmasını aşkarlaması ilə bağlıdır. Mən tam əminəm ki, bu məsələ Azərbaycanla münasibətlərimizə təsir göstərməməlidir”.

Maraqlıdır, həqiqətənmi Rusiya xarici işlər nazirinin müavinin qeyd etdiyi kimi, ÜAK-ın qeydiyyatının ləğvində siyasi məsələ deyil?
 
 

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşən Musayevin sözlərinə görə, bizim ehtimalımız odur ki, ÜAK-ın qeydiyyatının ləğvi siyasi məsələdir: "Təbii ki, biz bunu fakt şəklində ortaya qoya bilmərik. Çünki qarşıdan Azərbaycan üçün həssas siyasi hadisələr gəlir və Rusiyanın timsalında biz artıq 2013-cü il seçkiləri öncəsi belə oxşar prosesləri izləmişik. Pozitiv düşünmək xətrinə də olsa, əslində ilkin variant olaraq razılaşmaq olar ki, bu, siyasi məsələ deyil. Sadəcə, özlərinin dediyi kimi, sənədlərin müəyyən çatışmazlığından doğan bir məsələdir. Ümumiyyətlə, Rusiya bütün hallarda bizə qonşu dövlətdir və bunu heç cür dəyişə bilmərik. Şəxsi düşüncəm ondan ibarətdir ki, bu məsələdə daha çox diplomatik yola üstünlük verməliyik. Təbii, Rusiya xarici işlər nazirinin müavini belə danışmalıdır və deməyəcək ki, bu siyasi məsələdir”.

E.Musayev söylədi ki, ÜAK-ın qeydiyyatının ləğvi məsələsinə hələ ən yüksək səviyyədə elə Rusiya xarici işlər nazirinin müavini tərəfindən münasibət bildirilib: "Ümid edək ki, bu məsələ elə onun dediyi kimidir. Hərçənd bizim ehtimallar başqa istiqamətə yönəlib. Çünki hələ bir ay müddət var və ola bilsin ki, Rusiya hökumətindəki müəyyən insanlar artıq bu barədə düşünüblər. Eləcə də Azərbaycanla münasibətlərin qırılmamasının tərəfdarı olan qüvvələr də var ki, onlar da bu qərarın əleyhinə olublar. Bəlkə onların da təsir gücü ola bilər. Hər halda, biz bir aylıq apelyasiya müddətini gözləyək. Elə bu gözləmə mövqeyində olduğuna görə Azərbaycan qəbul edilən ədalətsiz qərar hələ ən yüksək səviyyədə münasibət bildirməyib”.
 
 

Politoloq Natiq Miri qeyd etdi ki, Rusiya xarici işlər nazirinin müavininin ÜAK-la bağlı açıqlaması yanğının üzərinə su səpmək anlamına gəlir: "Çünki bundan əvvəl həmin qurumun mətbuat katibi Mariya Zaxarovanın açıqlaması oldu və o, bir növ Rusiyanın daxili işlərinə kimsənin qarışmaması ilə bağlı təpki nümayiş etdirdi. Ümumiyyətlə, Zaxarovanın son zamanlar verdiyi açıqlamalar iki ölkə arasında bir gərginlik yaratmışdı və düşünürəm ki, Vasiliy Nebenzyanın açıqlaması məhz Zaxarovanın etdiyi səhvlərin aradan qaldırılmasına yönəlib. Konqresin bağlanması qərarının siyasi yox, hüquqi səbəblərlə bağlı olmasında isə rusiyalı diplomat səmimi deyil. Əgər bu hüquqi məsələ olsaydı, nizamnamədəki boşluqlarla bağlı problem Rusiyanın Ali Məhkəməsinin plenumuna qədər gedib çıxmazdı”.

N.Miri əlavə etdi ki, ÜAK Rusiyada yaşayan iki milyondan çox azərbaycanlını ətrafında birləşdirən mühüm təşkilatdır: "Əgər belə bir təşkilatın bağlanması yalnız hüquqi məsələdirsə, necə olur ki, Ermənistanın əhalisinin sayı qədər üzvü olan bir təşkilatı çox asanlıqla ləğv edir, amma 5-10 nəfərdən ibarət Rusiya Erməniləri İttifaqını ləğv etmək bir yana, onun sədri Ara Abramyanın ad gününə Kremlin yüksək çinli məmurları yığışır? Bu faktların özü göstərir ki, məsələdə siyasi maraqlar da mövcuddur. Ona görə də düşünürəm ki, Rusiya xarici işləri nazirinin müavini bu məsələdə səmimi deyil. Əgər ÜAK-la bağlı qərarın arxasında siyasət və siyasi maraqlar dayanmırsa, növbəti məhkəmə prosesində qərarı ləğv etsinlər. Ədliyyə Nazirliyi konqresi yenidən qeydiyyata almaqla yaranmış gərgin vəziyyətə müsbət münasibət sərgiləsin. Çünki bu hüquqi bir məsələdirsə, çatışmazlıqların aradan qaldırılması çox asandır”.
 
Bəxtiyar MƏMMƏDLİ