• şənbə, 27 Aprel, 03:18
  • Baku Bakı 14°C

Adını iki ölkənin tarixinə qızıl hərflərlə yazdıran ordu

11.09.18 19:16 1820
Adını iki ölkənin tarixinə qızıl hərflərlə yazdıran ordu
1918-ci il sentyabrın 15-i Bakının erməni-bolşevik işğalından azad edildiyi gündür. Bu qələbədə Qafqaz İslam Ordusunun rolu danılmazdır. Qafqaz İslam Ordusunun fəaliyyətinin Azərbaycanın istiqlal tarixində və milli müqəddəratın həllində mühüm rolu olub. Nuru paşanın rəhbərliyi ilə Bakıya daxil olan Qafqaz İslam Ordusu həmin dövrdə xalqımız üçün bir ümid işığı oldu. Bu hadisə Azərbaycanının və qardaş ölkə Türkiyənin tarix səhifəsinə qızıl hərflərlə yazılıb. Həmin dövrlə daha yaxından tanış olmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Tarix İnstitutunun Mənbəşünaslıq və Tarixşünaslıq şöbəsinin müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahovla həmsöhbət olduq.
- Bakının işğaldan azad edilməsinin hansı tarixi əhəmiyyəti var?
- 1917-ci ilin sonlarında, yəni Çar Rusiyasının dağılmasından sonra Azərbaycanda yaranmış qarışıq vəziyyət ölkə liderlərini hakimiyyəti qorumaq baxımından narahat edirdi. Amma çox təəssüflər olsun ki, 1918-ci il aprel ayının 25-də Bakı Xalq Komissarları Soveti və onun daşnak liderləri Azərbaycanı, Azərbaycan neftini əldə saxlamaq üçün hər cür vasitələrə əl atırdılar. 1918-ci il mayın 28-də qurulmuş Cümhuriyyət isə düşmənlərimizin məsələyə yanaşma tərzinə əks mövqe tutaraq, ölkəmizdə qanuni hakimiyyət qurmağı planlaşdırırdı. Və bu istiqamətdə real addımlar atmağa başlanıldı. Məmməd Əmin Rəsulzadənin təbirincə desək, əgər Azərbaycan bədəndirsə, Bakı başdır. Baş və bədən birlikdə olmasa, Azərbaycan ola bilməzdi. Ona görə də, Bakının işğaldan azad edilməsini tarixi aspektdən bu cür qiymətləndirmək olar. Həmin dövrdə Bakı həqiqətən də Azərbaycan üçün neft və siyasi mərkəz kimi mühüm əhəmiyyət daşıyırdı.
- Qafqaz hərəkatının başlamasının iqtisadi və hərbi strateji səbəbləri nə idi?
- Bununla bağlı hələ 1918-ci ilin mart ayının 3-də Rusiya ilə Osmanlı arasında Brest-Litovski sülh müqaviləsi imzalanmışdı. Çar Rusiyası müharibədən məğlub tərəf kimi ayrılmışdı. Bundan başqa həmin dövrdə Turan imperiyası qurmaq kimi fikirlər səsləndirilirdi. Xüsusilə də bunu, Nuru və qardaşı Ənvər paşanın səsləndirdikləri fikirlərdə duya bilərik. Yəni Qafqaza daxil olarkən, onları heç də yalnız Azərbaycan ərazilərinin işğal altında olması faktı düşündürmürdü. Nuru paşa eyni zamanda Təbrizə daxil olmaq əmrini də almışdı. Cənubi və Şimali Azərbaycan daxil olmaqla, Şimali Qafqaza qədər böyük bir yol keçməli idi. Yəni bu hərəkatı sadəcə, Azərbaycan baxımından götürməyək, burada Osmanlı imperiyasının siyasi-iqtisadi maraqlı vardı, eyni zamanda, Bakı nefti də həmin dövrdə Osmanlı üçün bu və ya digər şəkildə əhəmiyyət daşıyırdı. Çünki bilirsiniz ki, həmişə müharibənin taleyini siyasi amillərlə yanaşı iqtisadi amillər də həll edir. Bu baxımdan da, sadaladığım bu iqtisadi nüanslar Osmanlı imperiyasını düşündürürdü.
- Qafqaz İslam Ordusunun yaranma zərurəti necə baş verdi? Bu ordunun yaradılması hansı hadisələrin qarşısını aldı?
- Qafqaz İslam Ordusunun yaradılması tarixi zərurətdən doğurdu. 1918-ci ilin aprel ayının sonlarına doğru Nuru paşanın başçılıq etdiyi 300 nəfərlik dəstə artıq Təbriz istiqamətindən Gəncəyə daxil olmuşdu. Nuru paşa ilə danışıqlar əsasında belə bir qərara gəlindi ki, Azərbaycana daxil olmuş türk qoşunları beynəlxalq miqyasda əks-səda doğurmasın, yəni işğalçılıq faktı olmasın deyə, tərkibinin böyük hissəsi də Azərbaycan türklərindən ibarət olan Qafqaz İslam Ordusu formalaşdırılsın. Bu qoşuna da Nuru paşa özü şəxsən rəhbərlik etdi. Yəni beynəlxalq siyasi arenadakı qısqanclığa görə, Qafqaz islam Ordusu adı ilə ölkəmizin ərazilərinin işğaldan azad edilməsi gerçəkləşdirildi.
- Nə üçün Qafqaz Türk yox, Qafqaz İslam ordusu adlandırıldı?
- Osmanlı imperiyasının əvvəlki tarixinə nəzər salsaq, aydın olar ki, tarixən türkçülüklə bərabər, islamçılıq amili də geniş yayılmışdı. İslam amilinin siyasi dairələrə hopması ilə türk olmayan məmləkətlərdə möhkəmlənmək üçün bu amildən istifadə olunurdu. Bilirsiniz ki, Yaxın Şərq ölkələrində əhali türklərdən ibarət deyil. Onları yalnız İslam adı altında birləşdirmək olardı. Bu baxımdan, ordu Qafqaz İslam Ordusu adlandırılıb.
- Bəs nə üçün həmin dövrdə orduya rəhbərlik Nuru paşaya tapşırıldı?
- Bildiyimiz kimi, Osmanlı imperiyası birinci dünya müharibəsinin iştirakçısı idi. Bu imperiyanın hərbi strateji baxımdan çox böyük təcrübəsi vardı. Yenicə yaranmış Azərbaycan Cümhuriyyətinin birinci hökumət kabinetində müdafiə nazirliyi formalaşdırılsa da, faktiki olaraq strateji baxımdan böyük qoşun heyəti olmadığından, bütün bu kimi məsələlər məhz Nuru paşaya həvalə edildi. Nuru paşa ərazilərin işğaldan azad edilməsi ilə bağlı taktiki və strateji addımları qiymətləndirməyi bacarırdı.
- Əgər Batumi müqaviləsi olmasaydı, Türk ordusu yenə də bizə köməyə gələrdimi?
- Həmin dövrün ictimai-siyasi vəziyyətini ölkə ziyalıları görürdülər. Ona görə də Batumi müqaviləsinin müəyyən bəndlərinə uyğun olaraq, bu öhdəliyi ora əlavə etdilər. Düşünmürəm ki, Batumi müqaviləsi olmasaydı, türk qoşunları hərbi yardım üçün Azərbaycana daxil ola bilərdilər. Bəlkə də öz maraqları baxımından Qafqaza daxil olardılar. Amma həmin öhdəlik müqaviləyə daxil edildiyinə görə, gəlməli idilər. Əgər müqavilə olmasaydı, türk ordusu gəlməyə bilərdi, hətta gəlməzdi. Çünki onların özünün də artıq müharibənin sonlarına doğru beynəlxalq siyasi arenadakı vəziyyəti məqbul qiymətləndirilmirdi. Yəni müharibə dövrünün çətinlikləri Osmanlı imperiyasının da iqtidarında müəyyən anlaşmazlıqlar yaratmışdı. Onların da tərkibində bəzi parçalanmalar vardı.
- Sizcə, insanlar Qafqaz İslam Ordusu haqqında kifayət qədər məlumatlıdırlarmı? Bu ordu haqqında daha nələri bilməlidirlər?
- Baxmayaraq ki, biz 1991-ci ildən müstəqillik əldə etmişik, amma bununla yanaşı, ölkəmizin ictimai, siyasi, iqtisadi tarixində mühüm rol oynayan bir sıra məsələlər bağlı hələ ki, yetərincə araşdırma aparılmır, həmçinin o dövrün liderləri ilə bağlı təbliğatı da kifayət qədər yaxşı apara bilmirik. Məsələn, düşünmürəm ki, Qafqaz İslam Ordusunun özü və apardığı xilaskarlıq yürüşü ilə əlaqədar yetərincə məlumatlı insanlar var. Nuru paşa özü xatirələrində qeyd edir ki, səfərbərlik üçün imza toplayan zaman 5000 min nəfər iştirak edib. Onların da bir qismi sonradan orduya gəlməkdən imtina edib. Həmin dövrdə xilaskarlıq yürüşündə iştirak edənlərin adları araşdırılmır. Yaxud da onların xatirələrini əbədiləşdirəcək abidələr kifayət qədər qoyulmur. Yəni bunun özü də təbliğatın bir yoludur. Deyərdim ki, bu mövzu zəif nöqtələrimizdən biridir. Ümid edirəm ki, gələcəkdə bu məsələ də öz həllini tapar.
- Qafqaz İslam Ordusu dünya tarixçilərinin əsərlərində öz əksini necə tapır?
- Mən həm dünya, həm də SSRİ tarixçilərinin əsərləri ilə tanışam. Bu əsərləri oxuyanda görürük ki, onlar Qafqaz İslam Ordusunun Azərbaycana yürüşünə heç cür obyektiv yanaşa bilmirlər. Hətta qısqanclıq hissindən bunu, xilaskar yox, işğalçı yürüş kimi qələmə verirlər. Bu fikir Qərbi Avropa tarixçilərinin hamısında hakim deyil. Xüsusilə də, Amerika tarixşünaslarının əsərlərində Qafqaz İslam Ordusunun yürüşü xilaskarlıq kimi qeyd edilir. Amma təəssüf ki, bu həqiqəti çox az tarixçi xilaskarlıq kimi qiymətləndirir. Bu da ondan qaynaqlanır ki, həmin dövrün tədqiqatçıları öz ideoloji maraqlarını düşünürdülər və məsələyə obyektiv yanaşa bilmirdilər.
- Həmin dövrü daha hansı istiqamətdə araşdırmaq olar? Hansı sahələrdə boşluq var?
- Ciddi boşluqlar olduğunu düşünmürəm, amma Osmanlı mənbələrinin bəziləri, yəni 1918-1920-ci illər arxiv yazıları yetərincə araşdırılmayıb. Yəni istər bu dövrlə bağlı başbakanlıq sənədləri, istəsə də Osmanlı hərb dairəsinin sənədləri kifayət qədər üzə çıxarılmayıb. Təbii ki, müəyyən araşdırma işləri aparılıb, amma tam şəkildə öyrənilməyib. Burada gizlin qalan sənədlər olmaya bilməz. Tam həqiqəti ortaya qoymaq üçün həmin sənədləri tapıb araşdırmaq vacibdir.
- Bu mövzunu araşdıran jurnalistlərə tövsiyələriniz nədir? Hansı mənbələr müraciət etmək daha məqsədəuyğun sayılır?
- Yaxşı olar ki, jurnalistlər araşdırma apararkən müasir dövrdə, yəni 90-cı illərdən sonra yazılmış tədqiqat əsərlərindən istifadə etsinlər. Çünki hazırda bu dövrlə bağlı araşdırma işi aparan kifayət qədər tarixçimiz var. Məsələn Anar İsgəndərovun, Cəbi Bəhramovun, Nəsiman Yaqublunun adını çəkə bilərik. Həmçinin mənim də bu dövrlə bağlı çoxlu araşdırma yazılarım var.
Günel Azadə
banner

Oxşar Xəbərlər