Aclıq olsun, kef olsun

Aclıq olsun, kef olsun

Siyasət
11 Dekabr 2019, 17:19 437
Erməni baş nazirin təmtəraqlı Yeni il şənliyi keçirmək təklifi süngü ilə qarşılanıb

Ermənistanın baş naziri Nikol Paşinyan "populist baş nazir” titulunu tam şəkildə doğrultmaqdadır. Əhalini boş vədlərlə beynini dolduran Nikol bu dəfə yerevanlılara Yeni il tədbirlərinin keçiriləcəyi bildirib. Baş nazir bəyan edib ki, bu il Yeni il xüsusi və daha təmtəraqla qeyd ediləcək. Yer də "Respublika” meydanı seçilib. "Bu meydan yeni siyasi dövrdə yeni məna kəsb etməyə başlayıb”, - deyə baş nazir bildirib. Onun sözlərinə görə, bayram günü ailəsi ilə birlikdə "Respublika” meydanında olacaq. "Ümid edirəm ki, sizlərdən bir çoxunu meydanda görəcəyəm. Bu Yeni il tamam başqa cür olacaq”, - deyə bəyan edib. Dərhal da tənqidlərə tuş gəlib. Tənqid də odur ki, orta statistik, aşağı gəlirli Ermənistan vətəndaşı ailəsi üçün bayramı necə keçirməyin yollarını ararkən baş nazir Yerevanda Yeni il keçirmək üçün büdcədən yarım milyon dollardan çox vəsait sərf edəcək. Baş nazir bu addımını onunla əsaslandırıb ki, çox vacib sosial-psixoloji və estetik bir məsələni həll edir. "Sirr deyil ki, Ermənistanın bir çox vətəndaşları Yeni ili xaricdə keçirirlər. Bu da ölkə iqtisadiyyatı üçün çox ciddi problemdir – ölkə pulları xaricə axır. Biz qarşıya məqsəd qoymuşuq ki, daha çox Ermənistan vətəndaşı Yeni ili ölkədə keçirsin. Eləcə də, turistlərin ölkəyə axınını gücləndirməyi stimullaşdırmağa çalışırıq”, - deyə baş nazir öz ideyasını əsaslandırmağa çalışıb. Onu da qeyd edək ki, proqrama görə, dekabrın 20-də dünya xitlərinin erməni oranjemanında səsləndiriləcəyi "Yerevan-2020” bayram tədbiri keçiriləcək. Yeni ildə yeni bir Yeni il mahnısı bəstələnəcək. Bu mahnının "Jingle Bells” kimi populyar olmasına çalışılacaq. "Yeni il mahnısı yazmağı tapşırdım və həmin mahnı "Jingle Bells” kimi populyarlaşana qədər bu proses davam edəcək. Mənə artıq dedilər ki, artıq bir yeni il mahnısı bəstələnmək üzrədir”, - deyən baş nazirin tədbirlər planı çərçivəsində verdiyi bu tapşırıq da birmənalı qarşılanmayıb. Onun ölkə üçün önəmli tədbirləri görməkdənsə, vaxtını bu cür işlərə sərf etməyi qəbuledilməz hal kimi dəyərləndirilib.
Onu da qeyd edək ki, Yerevan Ağsaqqallar Şurasında yeni il tədbirlərinə vəsaitin ayrılması barədə qərar ciddi narazılıqlar şəraitində qəbul edilib. Müxalifət fraksiyaları narazı olsalar da, layihə səs çoxluğu ilə keçib. Ağsaqqallar Şurası şəhər hakimiyyət orqanlarının nədən bu qədər vəsaitin ayrılmasını anlamır. "Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Naira Zoqrabyan bildirib ki, Ermənistanın bütün müstəqilliyi ərzində Yeni il şənliklərinə bu qədər vəsait ayrılmayıb. 700 min dollar vəsait həddən artıq çoxdur. Əlavə edib ki, Yerevan binalarında 4500 lift var və onların da çoxunun istismar müddəti başa çatıb. Hətta onları "ölüm liftləri” adlandırırlar. Əvəzində küçələrin zibillərdən təmizlənməsi, işıqlandırmaya vəsait sərf edərdilər. Mətbuatda yayılan xəbərlərə görə, musiqiçi Qoran Breqoviçin qonorarı 290 min dollar olacaq. Erməni deputatın qənaətincə, sadə yerevanlının problemləri başından aşdığı halda, belə tədbirlərə 700 minə yaxın vəsait sərf etmək anormallıqdır, utanmazlıqdır. "Luys” fraksiyasından olan deputat Temina Vardanyan da sərf ediləcək vəsaiti "presedentsiz xərclər” adlandırıb. Erməni hökumətinin rəhbərinin Yerevanda Yeni il tədbirlərinin təşkili üçün büdcədən bu qədər vəsait ayırması kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə də tənqidlərə tuş gəlib.
Beləliklə, N.Paşinyan bir tərəfdən korrupsiyaya qarşı mübarizə elan edir, digər tərəfdən isə bu cür təmtəraqlı tədbirlər keçirir. Artıq çoxları baş nazirin keçmiş rəhbərliyə qarşı apardığı mübarizəni "səlib yürüşü” adlandırır. Erməni mediası onun siyasətini qisasçılıq üzərində qurulduğundan da yazır. N.Paşinyanın eks-prezident Serj Sarkisyan barəsində cinayət işi qaldırmaqla Konstitusiyanı pozmaqda ittiham edirlər. "Qanunda göstərilir ki, ölkənin birinci şəxsləri əvvəlki işlərə görə cinayət məsuliyyətinə alına bilməz”, - deyə "Qolos Armenii” yazır. Paşinyanın ətrafındakı ekspertlər isə iddia edirlər ki, bu, elə də böyük fəlakət deyil. "Bu, sadəcə formallıqdır: biz impiçment haqında qaydalara uyğun olaraq onu cinayət məsuliyyətinə alacağıq. Maraqlıdır ki, indiyə qədər adətən impiçmentlik məsələsi fəaliyyətdə olan dövlət rəhbərlərinə şamil olunurdu. Müəllif yazır ki, hakimiyyətin atdığı addımlar zaman gələndə onun özünə qarşı çevriləcək. Paşinyan əbədi olaraq hakimiyyətdə qalmayacaq və onun özünü də zamanı gələndə eyni qayda il məhşər ayağına çəkə bilərlər.
Məqalə müəllifi qeyd edir ki, Sarkisyanın hədələnməsinə səbəb onun bir müddət əvvəl hazırkı hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirməsidir. Eləcə də, parlament üzvləri arasında hazırkı hakimiyyəti və iqtidarın çoxluq təşkil etdiyi parlamentin fəaliyyəti də sərt tənqid edilir. "Çiçəklənən Ermənistan” Partiyasından olan deputat İveta Tonoyan hesab edir ki, indiki parlamentdə rəqiblərə qarşı dözümsüzlük və həmrəylik çatışmır. Onun sözlərinə görə, indiki parlamentin effektiv şəkildə çalışması üçün hamı maraqlı olmalıdır: "Biz hamımız inqilab məhəbbətindən, dözümlülükdən, həmrəylikdən danışırıq. Lakin bunu gündəlik həyatımızda müşahidə etmirik”.
"Çiçəklənən Ermənistan” Partiyasından olan başqa bir deputat Naira Zohrabyan isə "Konstitusiya Məhkəməsi” haqqında qanun layihəsinə əlavə və dəyişikliklər barədə qanunun müzakirəsi zamanı hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirib. Onun sözlərinə görə, bu qanunverici paketlə hakimiyyət parazitizmi leqallaşdırır və cinayətkar hesab edilən şəxsləri mükafatlandırır. Hakimiyyəti siyasi pressinq siyasəti həyata keçirməkdə ittiham edərək bildirib ki, bu dəyişikliklər hüquqi deyil, antikonstitusion siyasi qərardır. Ümumiyyətlə, "Çiçəklənən Ermənistan” ilə hakimiyyət arasında münasibətlərdə sərtlik artıq açıq şəkildə özünü büruzə verməkdədir. "Qraparak” qəzeti yazır ki, Qaqik Çarukyanın lideri olduğu partiyanın sərt bəyanatlar verməsinə səbəb onun Rusiyadan aldığı dəstəklə bağlıdır: "Hazırda Rusiyaya Ermənistanda ciddi və güclü müxalifət formalaşdırılması gərəkdir. Bu mənada da "Çiçəklənən Ermənistan”a xüsusi yer ayrılır. Məhz oradan daxil olan siqnallardan sonra "Çiçəklənən Ermənistan” öz fəaliyyətini genişləndirib. İlk belə hal spikerin Ermənistan Təhlükəsizlik Şurasının iclaslarında iştirakını nəzərdə tutan qanun layihəsinin müzakirəsinin baş tutmaması zamanı yaşandı”.
 
Azər NURİYEV