Ağciyərlərimizin qeydinə qalaq
Uşaq vaxtından bizə təbiəti qorumağı, ona ziyan verməməyi öyrədiblər.
Xüsusilə də ağacların qorunması, yaşıllıq zolaqlarının genişləndirilməsi ilə
bağlı faydalı məsləhətlər veriblər. Amma görünən odur ki, hər kəs öyrədilənlərə
əməl etmir. Belə ki, şəhərin bir çox yerlərində qurumuş ağaclar var və həmin
qurumuş ağacların kəsilməsi planlaşdırılır. Bakı Şəhər Yaşıllaşdırma
Təsərrüfatı Birliyi qurumuş və yaşıllıqların inkişafına mane olan digər ağacların
kəsilməsinə başlayıb.
Ağacların kəsilməsinə ilk olaraq Yasamal və Xətai rayonlarında start
verilib. Qeyd edək ki, paralel olaraq budama işləri də aparılır. Bununla bağlıBakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin
rəisi Orxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, paytaxtın 12 rayonu üzrə ümumilikdə beş minə yaxın
ağacın quruduğu müəyyənləşib: "Hazırda
kəsilmə prosesi davam etdirilir. 1200-dən çox qurumuş ağac kəsilib. Bəzən bu
proses zamanı çətinliklər yaranır. Misal üçün, həmin ağacların yaxınlığında
avtomobillər saxlayırlar və ya həmin ərazidə hərəkət sıxlığı müşahidə olunur. Proses kökü üstə tam qurumuş ağaclar kəsilib
bitənədək davam edəcək. Bunun nə qədər davam edəcəyi məlum deyil. Dünən bazar günü olmasına baxmayaraq, Yasamal
rayonunun bir neçə küçəsində kəsinti işləri həyata keçirilib. Budama işləri də
aparılır".
Orxan Məmmədov, həmçinin açıqlamasında qeyd edib ki, əsas etibarı ilə
məhəllədaxili qurumuş ağaclar kəsilir: "Parklar mütəmadi nəzarət altında
olduğundan orada qurumuş ağacların sayı azdır. Paytaxtdakı ağacların
əksəriyyətinin əkilməsindən artıq uzun illər keçib, bir çoxunun kəsilməsinə
ehtiyac var. Lakin bu o demək deyil ki, ağacların kəsilməsi ilə iş bitdi. Kökü
üstə quruyan ağaclar götürülür və yerində, yerində belə olmasa, ətraf
ərazilərdə mövsümdə yeni ağacların əkilməsi nəzərdə tutulur”.
Əslində, qeyd edilən rəqəm kifayət qədər ciddidir. 5000 ağacın
kəsilməsi ekoloji baxımdan tarazlığın pozulmasına gətirib çıxara bilər. Maraqlıdır,
bu qədər ağac nə üçün quruyub və ekoloji tarazlığı bərpa etmək üçün hansı işlər
görülə bilər?
"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə
Mehralı deyir ki, qurumuş ağacları kəsmək
asandır: "Amma onların yerini tutacaq yeni ağacların yetişdirilməsi
yaşıllaşdırma birlikləri tərəfindən müşkül məsələyə çevrilir. Çünki kəsmək
rahat gəlir, amma əkmək onlar üçün böyük problem olur. Bir ağacın böyüyüb
qol-budaqlı olması üçün azı 4-5 il lazımdır. Buna görə onlara düzgün qulluq
edilməli, vaxtında budama işləri görülməlidir ki, qurumuş ağacların yerini
təbiətdə yeni ağaclar ala bilsin, balans pozulmasın. Bu iş yaşıllaşdırma idarələri
tərəfindən, məncə, yetəri qədər həyata keçirilmir. Bunu müşahidələrimə əsasən
deyirəm. İkincisi, istər paytaxtda, istərsə də qəsəbələrdəki həyətlərdə
ağacların quruması prosesi başlayıb. Çünki əvvəllər həyətlərdə ümumi su kranları
var idi. Hansı ki, insanlar həyətə düşəndə əllərini, maşınlarını, xalça-palazlarını
orada yuya bilirdilər, eləcə də ağaclar həmin kranlardan sulanırdı. O kranların
hamısı kəsilib, demək olar ki, həyətlərdə su kranları qalmayıb. Bu məsələ də
qurumaların səbəbi ola bilər”.
L.Mehralı
qeyd edir ki, ağacları qorumaq təkcə yaşıllaşdırma idarələrinin üzərində
olmamalıdır: "Şüurlu şəkildə hamı başa düşməlidir ki, bu ağaclar bizim ağciyərimizdi.
Əgər ağciyərimizi məhv etsək, özümüz də məhv olma təhlükəsi qarşısında qalacağıq.
İnsan gərək dərk etsin ki, təbiətə atdığı bir plastik şüşə, qutu, budağını qırdığı,
kəsdiyi bir ağaca verdiyi zərər dolayısı ilə onun özünə qayıdır. Çünki təbiət
bu imkanı bizə yaradırsa, oksigeni bəxş edirsə, onu sağlamlığımız naminə
qorumaq bizim borcumuzdur. Yaşıllığı qorumaqla özümüzü, gələcəyimizi qorumuş
oluruq”.
Ekoloq Günay Məmmədova deyir ki, meşə fondumuzu qorumaq,
yaşıllıqları genişləndirmək vacibdir: "Quru ağaclar təbii ki, kəsilməlidir.
Əksinə, kəsilməsə, onlar ətraf mühitə zərər verə bilər. Amma məsələ
burasındadır ki, biz o ağacların qurumasına imkan verməməliyik. Ağacların
qurumasına səbəb baxımsızlıqdır. Müxtəlif ərazilərdə ağaclar əkilib, lakin onlara
qulluq lazımi səviyyədə həyata keçirilmir. Təbiətdəki tarazlığı pozmamaq üçün
mütləq şəkildə kəsilən ağacların yerinə yenisi əkilməlidir. Əkilən ağaclara isə
vaxtlı-vaxtında su vermək, onlara qulluq etmək lazımdır. Əks halda, yeni
əkilənlər də eyni aqibətlə üzləşəcək”.
Bu məqalə "Ekoloji Tarazlığın Qorunması”
İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi
"Ekoloji mədəniyyətin formalaşması istiqamətində tədbirlərin təşkili”
layihəsi çərçivəsində hazırlanıb.
Günel Azadə