• şənbə, 27 Aprel, 03:08
  • Baku Bakı 14°C

Acı çəkənlərin acımıza deyil, yardımlarımıza ehtiyacı var

05.07.13 08:54 1711
Acı çəkənlərin acımıza deyil, yardımlarımıza ehtiyacı var
Dünyaca məşhur olan amerikalı aktrisa, uşaqdan böyüyə qədər hər kəsin sevimlisi Ancelina Coli son dövrlər aktrisalıqdan əlavə, qaçqın düşən insanlara kömək etmək kimi fəaliyyəti ilə də seçilir. Dəfələrlə dünyanın ən gözəl və cəlbedici aktrisası adını qazanan Ancelinaya qarşı diqqət azalmaq bilmir. Aktrisa məşhur aktyor Bred Pittlə ailə qurub və 6 övladı var. Aktrisa xeyriyyəçilik layihələrində iştirakı və övladlığa götürdüyü uşaqlarla bağlı Amerika mətbuatına müsahibə verib. Müsahibəni sizə təqdim edirik.
Ana nəsihəti
- Dünya səviyyəsində çox önəmli bir layihəni həyata keçirirsiniz. Bu layihəyə imza atmaq eşqi sizdə nədən qaynaqlandı?
- Anam mənə həyatda baş verən hadisələrdən bəhs edərək, cəmiyyətdəki proseslərdən danışaraq püxtələşdirib. Ümumiyyətlə, gənc yaşımda səyahət edə bilmə fürsəti əldə etdim və getdiyim bir çox ölkələrdə şahid olduğum hadisələr diqqətimi çəkdi. Bunun üçün özümü çox şanslı hiss edirəm. Amerikada dünyadan bixəbər yaşayan o qədər çox insan var ki, onları düşündükcə doğru hərəkət etdiyimi anlayıram. Pakistandakı sel fəlakəti kimi hadisələr Amerika cəmiyyətində heç bir zaman yer almayıb. Amerika özünə qapanana bir ölkədir. Ona görə anamın mənə verdiyi nəsihətlər hər zaman mənim qürur qaynağım olub.
- Hazırda dünyada bir çox problemlər var. Siz hansı ölkəyə gedəcəyinizi və orada hansı problemlərin şahidi olacağınızı öncədən necə planlaşdırırsınız?
- Bəzən işimi planlayaraq, bəzən də bir anda hərəkət edərək həyata keçirirəm. 10 ildir ki, bu işin içindəyəm. Özünüz diqqətlə baxdıqda, dünyada insanların qarşılaşdığı çətinliklərin digər problemlərlə bağlı olduğunu görəcəksiniz. Layihələrimi haradasa 100 ölkədə fəaliyyətə keçirməyə çalışırıq. Bu şəkildə bir çox fərqli problemlə yaxından maraqlana bilirik. O insanlar mənim üçün çox önəmlidir. Onlar həyatda qalmaq üçün savaşırlar. İnanın, bu vəziyyətdə belə, onlar çox güclü görünürlər.
- Yeni filminiz “The tourist” Avropa standartlarına cavab verir. Avropada çəkilən bir filmdə rol almaq sizdə hansı hisslər yaradır?
- Bu filmə çəkilmək məndə gözəl hisslər yaratdı. Filmdə obrazımın üslubuna əlavələrim də olub. Film Avropanın özəlliklərini daşıyır. Filmin rejissoru avropalı olduğu üçün onun ab-havası hiss olunur. Hər filmin çəkilişi zamanı eyni zövqü almıram. Avropada filmə çəkilmək amerikalı aktrisa üçün böyük dəyişiklikdir. Bir çox amerikalının gəzmək üçün pul xərclədiyi bir yerdə biz film çəkdik və bu da gözəl alındı.
Xoşbəxt olmağın başqa yolu yoxdur
- Həyatınız hamının maraq dairəsinə çevrilib və hər kəs tərəfindən maraqla izlənilirsiniz. Bu qanunlarla yaşamaq çətin deyilmi?
- Qəribə hisslərdir. Amma bunu özümə elə də problem kimi görmürəm. Məşhur olduğum, bir çox faydalı işlər gördüyüm üçün bundan digər insanlar da təsirlənir. Bunun üçün deyirəm ki, mənə olan diqqətin həyatıma heç bir zərəri yoxdur. Bilirsiniz, Bred Pitt məndən əvvəl də çox məşhur idi, o, insanlarla çox gözəl münasibət qurmağı bacarır. Onun müsbət xarakteri var və son dərəcə mədəni insandır. Bu onun xarakterinə də yansıyıb. Bizim Bredlə yaxşı bir həyatımız var və biz inandığımız şeyləri bərabər həyata keçirik. Mənim üçün önəmli olan da budur.
- “Kirli Sirlər” filmində adamlardan təsirlənən qadın rolunu canlandırırsınız. Həyatınızdakı insanlar sizə necə təsir edib?
- İki dəfə ailə qurmuşam və bu artıq üçüncüdür. Hazırda köhnə həyat yoldaşlarımla çox yaxşı dostluq münasibətim var. Ancaq filmdəki obrazım bu sahədə daha təcrübəlidir. Həyatımda bu qədər sirr dolu adamla, daha doğrusu, sirli olmaq məcburiyyətində olan bir insanla bərabər olmadım. Hər zaman sənətçilərlə bərabər oldum və adətən onlar da çox danışan və çevrələri geniş insanlardır.
- Obrazınızın ağlındakılarla sizin həyatınızda oxşarlıqlar varmı?
- Bəli. Klover olduqca güclü bir qadındır. Onun yaşadığı cəmiyyət onun kimi qadınları qəbul etmir. Qadının həyatında bir çox şeyin dağılmış, yıxılmış olması fikrini sevdim. Və bir qadın olaraq çox güclü tərəflərim olmasına baxmayaraq, mənim də zəif tərəflərim var.
- Məsələn...
- Məsələn tənhalıq. Həyatımda özümü çox tək hiss etdiyim dövrlərim olur. Xoşbəxt olmuram bəzən. Bu mənim keçirdiyim evliliklərlə bağlı deyil. Kimsəyə yaxınlıq hiss etməyən və mənimlə münasibət qurmağa çalışan insanları görmək belə istəmirəm. Filmdə Klover, ətrafa bağırmaq və insanlardan özünə qarşı qayğı görmək ehtiyacında olan insandır. Həyatda da özümü çox zaman elə hiss edirəm.
- Sizcə, insanları bir yerdə yaşamağa vadar edən eşqdirmi?
- Məncə, hər münasibət bir çox dəyişik hadisələrə görə davam edir. Biri ilə bərabər olduğunuz zaman o insanla hər şeyinizi paylaşırsınız. Dürüstlük və güvən insanın həyatında, biri ilə münasibətində hər şeyi həll edir. Mənim üçün bu çox önəmlidir. Həyatımda heç zaman başqa biriymiş kimi davranaraq yaşamamışam. Və yanımdakı insanın da əsla özünü başqasına bənzətməsini istəmirəm. Hər dəqiqəmi olduğum kimi keçirmək istəyirəm. Onsuz da xoşbəxt olmağın başqa yolu yoxdur.
Siyasətçi deyiləm
- Sosial layihələrdə elçi kimi çıxış etməniz sizin sənətinizə, aktrisa kimi fəaliyyət göstərmənizə nə dərəcədə təsir göstərir?
- Mən siyasətçi deyiləm. Sadəcə aktrisayam. İşim insanlara hekayələr danışmaq və filmlərdə oynamaqdır. Bunu heç bir zaman ağlımdan çıxarmıram. Mənim üçün əsil seçim isə filmin çəkilişlərinin hansı zaman çərçivəsində olmasıdır. Son iki ildə 2 həftədən artıq çəkilişi olan filmdə oynamamışam. Ancaq bu şəkildə işləməklə övladlarıma istədiyim qədər zaman ayıra bilirəm.
- Çoxuşaqlı ailə olmaq qərarına Bred Pittlə birlikdə gəlmisiniz?
- Bəli. Onunla münasibət qurduğumuz andan Bred mənim çox uşaq istədiyimi bilirdi. Bu onun da istədiyi bir şey idi. Uşaqlarla zaman keçirməyi, onlarla oynamağı və bir şeylər öyrətməyi çox sevir. Mən çəkilişdə olanda, o özü uşaqlarla maraqlanır, yeməklərini yedirir və bunu da istəyərək edir. Mən onun uşaqlara olan bu qayğısı ilə fəxr edirəm. Çünki həyatda ən pis şey insanın uşaqlarına baxmasını özünə yük hesab etməsidir. Biz uşaqlarımızı sevirik və onların bütün problemləri ilə özümüz məşğul oluruq.
- İnsanlar sizin amerikalı deyil, daim xarici uşaqları övladlığa götürdüyünüzü danışır...
- Başqa ölkələrə gedəndə orada Amerikada görmədiyimiz yoxsulluq və acı ilə qarşılaşırıq. Mövzu uşaqlardısa, onun müzakirə obyekti yoxdur. Bütün uşaqlarımı onlarla aramda olan ani münasibətdən seçmişəm. Heç bir zaman “Mən bir övlad götürmək istəyirəm, omu olsun, yoxsa bumu?” kimi şeylər düşünməmişəm. Yəni uşaqları övladlığa götürmək üçün onları haradansa axtarmamışam. Hamısını hansısa hadisələrə və duyğulu anlara görə övladlığa qəbul etmişəm. Acı çəkən insanların bizim acımıza deyil, yardımlarımıza ehtiyacı var.
- Sizin üçün layihələrinizə həyat yoldaşınızın diqqət göstərməsi önəmlidirmi?
- Bəli. Çünki bu mənim həyatımın önəmli bir parçasıdır və bütün səyahətlərimi nəzərə alaraq həyat yoldaşımın da bunu dəstəkləməsi mənim üçün çox önəmli məsələdir. Mənim üçün mükəmməl olan da budur ki, bu məsələ bizim aramızda heç də problem yaratmır. Bu Bredin içində olmaq istədiyi bir vəziyyətdir. Belə bir vəziyyət mənə də bizim ortaq məqsədlərimizin olmasını bir daha sübut etdi.
Hazırladı: Xəyalə Rəis
banner

Oxşar Xəbərlər