• şənbə, 27 Aprel, 04:41
  • Baku Bakı 14°C

ABŞ və Rusiya arasında gərginlik davam edəcək

08.04.17 09:00 1014
ABŞ və Rusiya arasında gərginlik davam edəcək
Əsəd rejiminin İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri Suriya ərazisində yerləşən "Əş-Şəyrat” aviabazasına 59 raket zərbəsi endirib. Bu hadisə Rusiya tərəfindən birmənalı qarşılanmayıb və rəsmi Moskva baş verənlərə ciddi etirazını bildirib. Amma maraqlıdır ki, Tramp prezident seçildikdən sonra Rusiya ilə razılaşma əldə olunması ilə bağlı fikirlər səsləndirilirdi. Görəsən iki ölkə arasındakı yaranmış indiki "isti” münasibətlər dünyadakı siyasi proseslərə nə kimi təsir göstərəcək?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Arzu Nağıyev bildirib ki, Rusiya ilə ABŞ arasında heç bir vaxt sona qədər razılaşma olmayıb. Onun sözlərinə görə, son zamanlar Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Amerika tərəfindən uzadılıb: "Əsas məsələ odur ki, Tramp namizəd olarkən siyasi şərhçilər onun seçki platformasında qeyd etdiklərinə əsasən Rusiya ilə münasibətlərdə müəyyən istiləşmənin olacağını deyirdilər. Təbii ki, NATO-nun üzvü və dünyada söz sahibi olan bir dövlət kimi ABŞ Suriya məsələsində heç bir vaxt Rusiya ilə üst-üstə düşən mövqedən çıxış etməyib. Astana və digər görüşlərdə də bunun şahidi olduq. Bu da ondan irəli gəlir ki, Suriyada Rusiyanın, Türkiyənin və ABŞ-ın öz maraqları var. Məhz bu səbəbdən Suriyadakı "Əl-Nüsra”, PYD və bir sıra qüvvələr müxtəlif maraqlı tərəflərin alətinə çevriliblər”.
A.Nağıyev əlavə edib ki, bir müddət əvvəl Rusiya Suriya münaqişəsi ilə bağlı təşəbbüsü öz əlinə almışdı: "Artıq, belə desək, "qırmızı xətt”i keçib Amerikanın maraqlarına toxunduqdan, təsdiqini hələki tapmayan kimyəvi silahdan istifadə məsələsi ortaya çıxdıqdan sonra ABŞ Suriyadakı hava limanını bombaladı və 15-ə yaxın təyyarəni məhv etdi. Bu proseslər Rusiya ilə Amerika arasında heç də yaxınlığa gətirib çıxarmayacaq. Bütün bunlar onu göstərir ki, ABŞ və Rusiya arasında "soyuq müharibə” davam edəcək”.
Politoloq Natiq Miri isə qeyd edib ki, ABŞ-ın Suriyanı bombalamasını Əsəd rejiminin kimyəvi hücumuna qarşı reaksiyası kimi dəyərləndirmək lazımdır: "Bu faktın özü göstərdi ki, Obamadan fərqli olaraq Tramp administrasiyası daha qətiyyətli siyasət yürüdəcək. ABŞ-ın bu addımı bir növ Suriyada dönüş nöqtəsi ola bilər. Çünki bu bombardmandan sonra Rusiya və onun rəhbərlik etdiyi koalisiya qarşısında çox ciddi bir güc mərkəzini görmüş oldu. Hiss etdilər ki, ABŞ heç də Obama dövründəki kimi Suriyada Rusiya ilə oynamaq fikrində deyil. Türkiyə, İsrail və digər dövlətlər səviyyəsində Amerikanın bu addımının dəstəklənməsi isə onu deməyə əsas verir ki, ABŞ doğru və qətiyyətli addım atıb. Bununla da ABŞ Yaxın Şərqdə, Suriya prosesində dominantlığı Rusiyadan geri qaytarmağı hədəfləyib. Çünki ABŞ-ın dövlət katibi Tillerson bundan sonra Suriya prosesi ilə bağlı danışıqların məhz Cenevrədə başlayacaqlarını bəyan etdi. Bu onu göstərir ki, ABŞ yenidən həlledici güc olaraq, prosesi öz nəzarətinə almaq istəyindədir”.
N.Mirinin fikrincə, bu hadisə ABŞ-Rusiya qarşıdurmasına gətirib çıxarmayacaq: "Rusiya qarşısında güc görməyənə qədər aqressiv siyasət yürüdən bir dövlətdir. ABŞ isə çox ciddi və güclü dövlətdir və bunu Kreml də gözəl anlayır. Faktiki olaraq, Rusiya, İran və Əsəd rejimi ABŞ-a qarşı dura biləcək gücdə deyil ki, ona qarşı adekvat addım atsınlar. Hesab edirəm ki, Suriyanın hərbi bazasının bombalanmasını qarşıdurma deyil, bir çözüm prosesi kimi dəyərləndirmək lazımdır”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Suriyada baş verən son hadisə ilə Əsəd rejimi və Putin Trampa başqa seçim imkanı vermədi. Onun sözlərinə görə, Kreml Əsədə dəstək verəndə anlamalı idi ki, gələcəkdə bunun neqativ nəticələri olacaq: "ABŞ-ın keçmiş prezidenti Barak Obama 4 il əvvəl demişdi ki, Əsəd kimyəvi silahdan istifadə etsə, bu, Vaşinqton üçün "qırmızı xətt” olacaq və belə olan halda biz onu cəzalandıracağıq. Əsəd bu sözlərdən sonra kimyəvi silahdan istifadə etdi, lakin Obama heç bir reaksiya vermədi, sözü yerə düşdü və faktiki olaraq bu yolla Obama aşağılandı. Tramp isə Obama olmaq istəmir. Ona görə də Əsədin kimyəvi silah tərbiyəsizliyinə dözmədi və açıq dedi ki, "qırmızı xətt” çoxdan keçilib. Bu Əsəd və Putinə işarə idi ki, "məni hövsələdən çıxarmayın, sizin üçün Obama deyiləm”. Əgər Tramp kimyəvi silahdan istifadəyə reaksiya verməsəydi, bu, onun super dövlətin başçısı kimi imicinə zərbə olardı. Bu addımı ilə Tramp düzgün taktika seçdi”.
E.Şahinoğlu qeyd edib ki, hazırda Rusiya Suriyada mürəkkəb duruma sürüklənib. Politoloqun dediyinə görə, Kreml Əsədə verdiyi dəstəyə görə Trampla bəri başdan münasibətləri soyutdu: "Halbuki, Putin Krım və Donbas məsələsində Trampdan anlayış gözləyirdi. Faktiki olaraq, indiki məqamda Kreml Ukraynadakı mövqeyini də Əsədə qurban verir. Rəsmi Moskva Əsədə görə tərəfdaşları olan Türkiyə və İsraillə qarşı-qarşıya qalıb. Çünki hər iki dövlət Trampın son addımını dəstəkləyiblər. Guya Rusiya Əsədin bütün kimyəvi silahlarını toplamışdı. İndi bəlli olur ki, ya Rusiya səhlənkarlıq edib bütün kimyəvi silahları toplamayıb, ya da Əsədin əlində müəyyən qədər kimyəvi silahın qalmasına göz yumub. Onu da qeyd edim ki, indiki məqamda Əsədlə silahlı müxalifət arasında atəşkəsə riayət etmək də çətin olacaq. Amma məncə, Tramp hələlik quru qoşunlarını Suriyaya yeritməyəcək. Ancaq o, artıq birinci addımını atdı və əgər Əsəd yenə kimyəvi silahdan istifadə edərsə, Amerika raketləri yenə Suriya ordusunun mövqelərini bombalayacaq”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər