AZE | RUS | ENG |

ABŞ prezidenti ermənilərdən nəyi tələb edir?

ABŞ prezidenti ermənilərdən nəyi tələb edir?
“1in.am”: “Trampın təbrikindən belə bir qənaət formalaşır ki, Ermənistan qonşuları ilə sülh şəraitində yaşamaq istəməyən dövlətdir”

Birləşmiş Ştatlar prezidenti Donald Trampın Ermənistanın baş naziri Nikol Paşinyana növbədənkənar seçkilər münasibətilə göndərdiyi "təbrik” ətrafında ajiotaj davam edir. Erməni ekspertlərinin gəldiyi yekun qənaət budur ki, Trampın Paşinyana ünvanladığı "təbrik” əvvəlki illərdə səslənən təbrik mesajlarından köklü şəkildə fərqlənir.
Məsələn, ekspert Suren Sarkisyan hesab edir ki, ilk dəfədir Birləşmiş Ştatlar lideri Ermənistana sülhyaratma missiyalarında iştiraka görə təşəkkür etmir. "Halbuki, bu məsələ Vaşinqton tərəfindən yüksək qiymətləndirilir. İllər uzunu bu məsələ göndərilən hər təbrikdə xüsusi qabardılırdı. İndiki halda isə bu qiymətləndirmənin şahidi olmuruq. Mən bunu Ermənistanın Suriya böhranında iştirakı ilə əlaqələndirərdim. Birləşmiş Ştatlar Ermənistanın bu addımını müsbət qarşılamayıb”, - deyə ekspert vurğulayıb. S.Sarkisyan, həmçinin xatırladıb ki, bu cür mətnlər adətən Milli Təhlükəsizlik Şurasında yazılır. Onlara nəzarət isə prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton tərəfindən həyata keçirilir. Ekspert Trampın müraciətində bir sıra istiqamətlərin narahatlıq doğurduğunu da dilə gətirib: "İlk növbədə bu narahatlıq qonşu dövlətlərlə demokratiya, sülh və mehribanlıq şəraitində yaşamaqdan doğur. Söhbət Azərbaycandan, sonra isə Türkiyədən gedir. Sonuncu Birləşmiş Ştatların strateji müttəfiqidir”. S.Sarkisyanın gəldiyi qənaət budur ki, ABŞ Ermənistanı qonşuları üçün problem ölkə qismində görür.
Erməni ekspertin bu cür qənaətindən sonra "1in.am” erməni saytı yazır ki, Donald Trampın təbrik müraciətində sarkazm elementləri və yaxud çox təhlükəli mesajlar hiss olunur. Nəşr əsas diqqəti Trampın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikrinə yönəldir. "Belə bir qənaət formalaşır ki, Ermənistan qonşuları ilə sülh şəraitində yaşamaq istəməyən dövlətdir. Digər təəssürat o ola bilər ki, Nikol Paşinyan Qarabağ məsələsini həll edə bilməsə, hər hansı ABŞ-Ermənistan məsələsi də gündəlikdə olmayacaq”, - deyə nəşr qeyd edir. Nəşr yazır ki, bu tip mesajlar hələ də səslənməkdə davam edəcək: "Çünki erməni-ABŞ münasibətlərində son doqquz ayda dözülməz vakuum hökm sürür. Erməni rəsmisi Ararat Mirzoyanın qalmaqallı ABŞ səfəri nəzərə alınmasa. Xatırladaq ki, bu şəxs Nikol Paşinyanın BMT Baş Assambleyasının sessiyası çərçivəsində Trampla görüşünü təşkil etməyə çalışırdı. Lakin onun bütün səyləri nəticəsiz qaldı”. Məqalədə daha sonra vurğulanır ki, Tramp tək və istisna deyil: "Bundan bir qədər əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da keçirdiyi mətbuat konfransında bildirmişdi ki, yaxşı olardı, Yerevan Bakının yürütdüyü siyasətə uyğun siyasət yürüdərdi. Hər iki rəsminin sözləri müxtəlif olsa da, mahiyyət eynidir. Bu onu deməyə əsas verir ki, Ermənistan hakimiyyət orqanları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ya məcburi şəkildə təhlükəli mərhələyə cəlb edilib, yada ki, effektsiz xarici siyasət kursu ona gətirib çıxarıb ki, Moskva və Vaşinqtonda Ermənistanla açıq sarkazmla danışırlar”.
Hazırda ekspertləri belə bir sual düşündürür - Qərb münaqişənin nizamlanması ilə bağlı təşəbbüsü ələ ala biləcəkmi? Bu suala bir çoxları Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Federika Mogerinin və ABŞ prezidentinin bəyanatları fonunda cavab axtarmağa çalışırlar. Qərb liderləri, xüsusən də Mogerini Qarabağ üzrə danışıqlarda pozitiv impulsların olduğunu bildirirlər. Ekspertlər həm də diqqəti ona yönəldirlər ki, Trampın bəyanatında belə bir mesaj da var ki, münaqişənin nizamlanmasında irəliləyiş olmadıqca, ermənilər ABŞ maliyyəsinə ümid edə bilməzlər. Yəni, Paşinyanın "demokratiya” şüarı kifayət etmir – qonşularla sülhü təmin etmək gərəkdir. Paşinyan hər yerdə car çəkir ki, Ermənistanda demokratik inqilab baş verib. Düzdür, bu fakt ölkənin inkişafı üçün önəmli ola bilər, amma qonşularla vəziyyət əsas faktordur. Heç kim özü-özünü blokada vəziyyətinə salan Ermənistana maliyyə ayırmaq istəməyəcək. Əsas olan həm də odur ki, artıq Ermənistana kredit və investisiya yatırmaq istəyənlər də azalır. Bu da ölkənin iqtisadi durumunu ağırlaşdıra bilər. Ölkənin borcu da durmadan artır. Əgər bu tendensiya davam edərsə və kənardan hər hansı bir yardım daxil olmazsa, onda devalvasiya və həyat şəraitinin aşağı düşməsi baş verə bilər.
Yeri gəlmişkən, ekspertlər həm də diqqəti Ermənistan-Rusiya əlaqələrindəki gərginliyə yönəldir. Qeyd edilir ki, bu gərginlik iki ölkənin münasibətlərini əhəmiyyətli şəkildə poza bilər. ABŞ-ın tanınmış "Stratfor” şirkəti bu qənaətlə çıxış edib. Ermənistanı "Kremlin Qafqazdakı qalası” adlandıran şirkət Gümrüdə Rusiyanın 102-ci hərbi bazasının olduğunu, Moskvanın Ermənistanın iqtisadi sektoruna güclü təzyiq göstərdiyini qeyd edib: "Rusiya Ermənistanın həm də böyük ticarət tərəfdaşıdır. Ermənistanın ümumi ticarətinin 25%-i Moskvanın payına düşür. Ermənistanda son hakimiyyət dəyişikliyi tərəflər arasındakı möhkəm münasibətləri şübhə altına qoyub. İki ölkə arasında münasibətlərə xüsusilə eks-prezident Robert Koçaryan və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov barəsində başladılan cinayət işləri güclü təsir göstərib”. Şirkət, həmçinin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun oktyabrda Ermənistana səfəri və onun burada silah satışıyla bağlı verdiyi bəyanatın da Rusiya-Ermənistan münasibətlərinə təsir göstərdiyini iddia edib: "Ermənistan-Rusiya tərəfdaşlığının digər sferaları, o cümlədən enerji sektorunda da fikir ayrılığı var. Fikir ayrılığı Ermənistan-Rusiya hərbi əlaqələrini də təhdid altında qoyur. Əgər iki ölkənin münasibətləri pisləşməyə davam etsə, digər qüvvələr, o cümlədən ABŞ, İran və Türkiyə Qafqaz ölkələrinə müdaxilə edə biləcək və Rusiyanın mövqeyini zəiflədəcək. Moskva və İrəvan arasında fikir ayrılığından istifadə edərək, digər ölkələr yaranmış gərginliyi daha da gücləndirə və ümumilikdə regiondakı mövqelərini yaxşılaşdıra bilərlər”.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202