ABŞ KXDR-ə 47 bəndlik tələblər irəli sürüb
ABŞ nüvə
silahının ləğvi ilə bağlı Koreya Xalq Demokratik Respublikasına (KXDR) 47 bəndlik
tələblər irəli sürüb.
AZƏRTAC xəbər
verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kono NHK telekanalına
müsahibəsində bəyan edib.
"ABŞ-ın dövlət
katibi Maykl Pompeo Pxenyana səfəri zamanı KXDR-in diqqətinə çatdırıb ki, onun
ölkəsi "tam nüvəsizləşdirmə” anlayışına nüvə silahının, o cümlədən kimyəvi və
bioloji silahlar da daxil olmaqla digər kütləvi qırğın silahlarının, həmçinin
raketlərin və başqa müvafiq obyektlərin nəzarət olunan və dönməz şəkildə ləğvini
nəzərdə tutur. Bununla əlaqədar KXDR-ə 47 istiqamət üzrə tələblər təqdim
edilib. Əgər nüvə silahının tam ləğvi ilə bağlı tələblər bu qaydalar çərçivəsində
həyata keçirilməsə, KXDR-ə qarşı sanksiyalar aradan qaldırılmayacaq”, - deyə
T.Kono bildirib.
Nazir qeyd edib
ki, KXDR ABŞ tərəfindən təhlükəsizlik barədə təminatın müqabilində nüvə
silahının tam ləğvi ilə bağlı öhdəliyindən yayınmamalıdır.
T.Kono deyib:
"Şimali Koreyada rəhbərin vədi, xüsusən o yazılı formada verilibsə, xüsusi məna
daşıyır. Mühüm əhəmiyyət kəsb edən məqam isə tam nüvəsizləşdirilmənin ölkə
daxilində elan edilməsidir. Hesab edirəm ki, belə olan təqdirdə KXDR öz öhdəliklərindən
geri çəkilməyəcək”.