• cümə axşamı, 28 mart, 15:34
  • Baku Bakı 16°C

ABŞ-İran gərginliyinin regiona mümkün təsiri

17.01.20 19:19 1469
ABŞ-İran gərginliyinin regiona mümkün təsiri
Eurasianet gərginliyin Cənubi Qafqaza necə təsir edə biləcəyini araşdırıb

Müstəqillik əldə etdikdən sonra Cənubi Qafqaz regionu üzərində nüfuz məsələsi fövqəldövlətlərin prioritet siyasəti olub. Region dövlətlərinin müasir tarixi də məhz bu mübarizə üzərində qurulub. Son vaxtlar İran ətrafında yaşananlar isə bu mübarizəni daha da gücləndirib. İranlı general Qasim Süleymaninin İraq ərazisində öldürülməsi ilə pik həddə çatan bu gərginlikdən sonra çoxları hesab edirdi ki, növbəti mərhələ hərbi münaqişə olacaq. Lakin bu baş vermədi və bundan rahat nəfəs alan ölkələr də əsas etibarilə Cənubi Qafqaz dövlətləri oldu. Region ola bilsin bir müddətə rahat nəfəs ala biləcək. Bunların fonunda geosiyasi gərginlik narahatçılıq doğurmaqdadır. "Eurasianet” nəşri yazır ki, bu gərginlik həm də İranın şimal qonşuları ilə münasibətləri baxımından zəruridir. Artıq ilk problem də çıxıb. Söhbət aviasiya təhlükəsizliyi ilə bağlıdır – yanvarın 8-də Ukrayna təyyarəsi İran səmasında vurulub. Bundan sonra bir sıra aviaşirkətlər uçuşlarını İrandan yan keçməklə Azərbaycan və Gürcüstan ərazisindən etməyə başladılar. Lakin regional aviaxətlər reyslərini ləğv etmədilər. Gürcüstan isə öz aviaşirkətlərini İrana uçuşları dayandırmağa çağırsa da, heç bir şirkət buna getmədi. Qafqaz ölkələrindən olan turistlər Misir, BƏƏ kimi isti ölkələrə getmək istəsələr də, tərəddüddə qalıblar. Tehran və Vaşinqton arasında münaqişəli vəziyyət bir çox iranlıların Bakı, Tbilisi, Yerevana Yeni il istirahətləri etmək istəyi ilə eyni vaxta təsadüf etdi. Tbilisidə istirahət edən iranlılar müharibə qorxusundan ölkələrinə hələ də dönmək istəmirlər. İranlılar Qafqazın turizm sahəsinə ciddi töhfələrini verir, valyuta axınını reallaşdırırlar. Gürcüstan və Ermənistan viza rejimini ləğv etdikdən sonra bu ölkələrə turist axını da xeyli güclənib.
Məqalədə bildirilir ki, Cənubi Qafqaz respublikaları içində Ermənistan iqtisadi problemləri ilə İran üçün daha əlçatandır. İşğalçılıq siyasəti üzündən Ermənistan illər uzunu yalnız İranla sıx iqtisadi və siyasi münasibətləri qoruyub saxlaya bilib. Ticarət dövriyyəsi ötən il 350 mln. dollar təşkil edib. Ermənistan bu səbəbdən hər vəchlə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmaq istəmir. İranla sərhəd Meğri şəhərində azad ticarət zonası yaradaraq bu ölkə ilə sıx iqtisadi münasibətlərin yaradılmasına çalışır. Əsa hədəf də bu zonanın köməyi ilə Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqı ölkələri ilə sıx əlaqə qurmaqdır. Eyni zamanda, Ermənistan Birləşmiş Ştatlardan da ciddi iqtisadi dəstək alır. Bu münasibətləri nəzərə alan Yerevan ötən həftə ABŞ və İran arasında münasibətlərin normal məcraya dönməsi üçün vasitəçiliyini də təklif edib. Bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, "əgər bizdən müdaxilə tələb edilərsə, biz münaqişənin həllində vasitəçilik etməyə hazırıq”. Baş nazir Nİkol Paşinyan isə sosial şəbəkədə etdiyi canlı bağlantıda Ermənistanın heç bir ölkəni seçməyəcəyini bəyan edib.
O ki qaldı Gürcüstana, İran bu ölkənin iqtisadiyyatında elə də ciddi əhəmiyyət daşımır – İran investisiyaları ötən il 1,2 mln. dolları keçməyib. İrandan ixrac isə 200 mln. Dollar, İrana ixrac isə 67 mln. dollar təşkil edib.
Azərbaycan isə Qafqazda iqtisadi cəhətdən ən qüdrətli dövlət olaraq enerji daşıyıcılarının ixracı üzərində ixtisaslaşıb. İranın ABŞ-la qarşıdurması onun iqtisadiyyatına ən az təsir edə bilər. Buna baxmayaraq, heç bir qonşu bu gərginliyin "mənfi fəsadların”dan sığorta olunmayıb. İran ətrafında gərginliyin mədəni aspekti də var: Azərbaycan, Gürcüstan və Ermənistan tarixən İranla bağlıdır. Bu ölkədə azərbaycanlıların sayə 30 mln-dan çoxdur, erməni diasporu fəaliyyət göstərir. Buna baxmayaraq, hər üç Qafqaz dövlətini ilk növbədə təhlükəsizlik problemləri və siyasət narahat edir. Bir məsələ də var ki, hər üç respublika tamamilə fərqli geosiyasi yolla hərəkət edirlər – Ermənistan Rusiya ilə müttəfiqlik münasibətlərini saxlayır, Gürcüstan amerikayönümlü siyasət aparır, Azərbaycan isə neytrallığını qoruyub saxlayır. Buna baxmayaraq, hər üç ölkə Qafqazın casus əməliyyatları, hətta ABŞ və İran arasında hərbi əməliyyatlar meydançasına çevrilə biləcəyindən narahatdırlar. 2012-ci ildə isə Gürcüstan Tbilisidə terror aktının üstünü açmağa müvəffəq olub. Bu məsələdə İsrail İranı ittiham edib. EADaily-yə açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan üçüncü dövlətə ərazisindən istifadə etməsinə icazə verməz. Əlavə edib ki, Bakı Süleymaninin öldürülməsi faktını tənqid edib və bunun bölgədə yeni müharibə təhlükəsi yarada biləcəyindən ehtiyat etdiyini bildirib.
Yaranmış gərginlik Gürcüstanı diplomatik dilemma qarşısında qoyub. Rəsmi Tbilisi hiss edir ki, siyasi və iqtisadi hamisi Vaşinqtona dəstək verməlidir. Lakin siyasi müxalifət hesab edir ki, NATO üzvü olmağa iddialı və ABŞ-ın strateji tərəfdaşı kimi daha qətiyyətli addımlar atmalıdır. Xarakterik hal odur ki, ölkədə əksəriyyəti daha çox Rusiya narahat edir. Qərblə sıx inteqrasiyanı tələb edənləri narahat edən odur ki, Rusiya İran münaqişəsindən istifadə edib ABŞ-ı dünyada aqressor kimi elan edə bilər. Bununla da Cənubi Qafqazda mövqelərini daha da gücləndirə bilər. Lakin gürcü ekspert Eki Akobin başqa cür fikirləşir və vəziyyətin Rusiyanın xeyrinə dəyişə biləcəyinə şübhə edir. Əksinə, Yaxın Şərqdə qüvvələr balansının dəyişə biləcəyini proqnozlaşdırır. O da əksər gürcü ekspertləri kimi ABŞ və İran arasında irimiqyaslı hərbi əməliyyatların başlaya biləcəyinə şübhə ilə yanaşır. Lakin təhlükəsizlik məsələsinin qaldığını və Gürcüstanın da prosesləri diqqətlə izlədiyini vurğulayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər