• çərşənbə axşamı, 19 mart, 10:42
  • Baku Bakı 8°C

ABŞ-ın Qarabağ siyasəti dəyişirmi?

17.10.18 19:06 717
ABŞ-ın Qarabağ siyasəti dəyişirmi?
ABŞ-ın Ermənistandakı səlahiyyət müddəti başa çatan səfiri Riçard Millz ermənilərin işğal olunmuş torpaqların qaytarılmasına qarşı çıxmasına təəccübləndiyini deyib. O, həmçinin qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Azərbaycanla kompromislərə getməlidir:
"Məni o fakt təəccübləndirir ki, Ermənistanda münasib qərarlar və güzəştlər haqqında müzakirələr praktiki olaraq aparılmır. Birinci dəfə ölkəyə gələndə təəccüblənmişdim ki, ermənilərin böyük hissəsi işğal olunmuş ərazilərin qaytarılmasına qarşı çıxırlar. Amma reallıq ondan ibarətdir ki, tutulmuş müəyyən ərazilər qaytarılmadan münaqişənin nizama salınması mümkün deyil”.
Diplomatın bu fikirləri ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyində dəyişiklik olduğunu göstərir, yoxsa bu açıqlama fikir yayındırmağa yönəlib?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev təəssüf hissi ilə bildirdi ki, ABŞ-ın Ermənistandakı keçmiş səfirinin mövqeyi bütövlükdə ölkəsinin Dağlıq Qarabağ probleminə yanaşmada tutduğu mövqeyə bənzəyir: "Yəni, birincisi, burada konkretlik yoxdur, bilərəkdən mücərrəd yanaşma sərgilənir. İkincisi də, bu açıqlamada ikili standart var. Millzi təəccübləndirən ermənilərin BMT qətnaməsinə, beynəlxalq normalara əməl etməməsi deyil, onların həyasızlığının gözlədiyindən daha yüksək səviyyədə olmasıdır. Azərbaycan, diplomatın dediyi kimi, torpaqlarının bir hissəsinin qaytarılmasını düşünmür, ölkəmiz son qarışadək torpağının qaytarılmasını istəyir və qaytaracaq. Bu məsələdə kimin hansı mövqe tutmasından, erməni havadarlarının hansı hava çalmasından asılı olmayaraq bu belə olacaq. Səfirin açıqlamasında ilk baxışda görünür ki, Millz Ermənistanın bu məsələdə həddən artıq həyasız yanaşma sərgiləməsindən narahatdır, amma torpaqların işğal olunması faktından qətiyyən yox. Bu isə o deməkdir ki, torpaqların bir hissəsi sülh qarşılığında qaytarılmalıdır. Hansı bir hissəsi? O torpaqların hamısı bizim üçün dəyərlidir və hər qarışı Azərbaycan torpağıdır. Mins qrupu həmsədri olaraq Birləşmiş Ştatlar da zəhmət çəkib özlərinin tərtib etdiyi beynəlxalq normalara əsaslanmalıdır, ikili standartlardan əl çəkməlidir. Təbii ki, yanaşma Azərbaycan xalqını qane etmir və ola da bilməz. Əslində bu açıqlamada ilk baxışda erməniləri tənqid varsa da, bu, beynəlxalq hüquqa əsaslanan obyektiv yanaşma deyil”.
S.Alıyev vurğuladı ki, torpaqların bir hissəsinin qarşılığında sülh istənilə bilməz: "Ümumiyyətlə, torpaqlar işğaldan azad edilməlidir. İndiki Ermənistan Azərbaycan əraziləri üzərində yaradılıb, amma indiyədək belə bir iddia ortaya atılmayıb. Amma dövlət başçısı İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Dağlıq Qarabağa ən yüksək status verməyə hazırdır. Aborigen əhalini didərgin salan haylara belə bir yüksək status veririksə, bundan başqa güzəşt nə ola bilər? Həmsədrlər, o cümlədən ABŞ nə qədər işğalçıya havadarlıq edəcək və ya belə yüngül tənqidlərlə kifayətlənəcəklər? Onlar bu barədə düşünməlidirlər. Bu cür yanaşma regionun gələcək təhlükəsizliyi baxımından nə dərəcədə əlverişlidir? Söhbət bundan getməlidir. Çox təəssüf ki, belə bir yanaşmanı görmürük”.

Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində hər hansı dəyişikliklər ola biləcəyini düşünmədiyini bildirdi. Onun sözlərinə görə, ümumiyyətlə, münaqişə başlandıqdan indiyədək rəsmi Vaşinqton öz qəti mövqeyini bildirməyib: "Məsələn, Almaniyanın münaqişə ilə bağlı qəti mövqeyi var və dəfələrlə Berlin bu məsələdə Azərbaycanın lehinə münasibət bildirib. Amma bəzi dövlətlər var ki, onlar Dağlıq Qarabağ məsələsində ATƏT-in Minsk qrupunun həmsədrləri kimi fərqli bəyanatlarla çıxış edirlər. Belə ölkələrdən biri də ABŞ-dır ki, Azərbaycan və Ermənistan arasında balansı qorumağa çalışır. Riçard Millzin müsahibəsində "işğal olunmuş ərazilər” sözündən istifadə etməsi ermənilərə çox böyük dərs olmalıdır. Onlar başa düşməlidirlər ki, Azərbaycan torpaqlarını işğal ediblər və dünya da bunu belə qəbul edir. Əslində Millzin bu çağırışında Dağlıq Qarabağdan və onun ətrafında olan yeddi rayondan söhbət gedir. Çox təəssüflər olsun ki, ötən müddət ərzində siyasi rejimin fəaliyyəti və təbliğatı nəticəsində Ermənistan cəmiyyəti hətta ətraf rayonların belə Dağlıq Qarabağa birləşdirilməsini istəyir. Əvvəllər bu əraziləri bufer zona adlandırırdılar. Ermənilər siyasi cəhətdən bunu bufer zona kimi qələmə verirdilərsə, indi yeddi rayonun birləşdirilməsindən danışırlar. Bu da çox böyük təhlükə və təhdiddir. Hətta Riçard Millz Ermənistana gələndə fərqli yanaşmanın şahidi olacağını düşündüyünü, lakin burada cəmiyyətin heç bir kompromisə meylli olmadığını dilə gətirir. Biz isə bunu kompromis adlandırmırıq. Çünki Azərbaycan başa düşür ki, ancaq işğal olunmuş torpaqların qaytarılmasından söhbət gedə bilər, hansısa güzəştdən yox”.
Z.Məmmədov vurğuladı ki, yaxın günlərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun regiona səfəri olacaq: "O, həm Azərbaycanda, həm də Ermənistanda bir sıra görüşlər keçirəcək. Boltonun dövlət başçıları ilə görüşü tanışlıq xarakteri daşıyacaq. Bu şəxs Tramp administrasiyasında çox ciddi füqurdur və xarici siyasətin formalaşdırılmasında iştirak edir. Vurğulamaq lazımdır ki, Trampla Boltonun xarici siyasətdə baxış bucaqları bir-biri ilə üst-üstə düşür. Bütünlüklə Amerikanın Cənubi Qafqaza baxışında Obama administrasiyasından fərqli olaraq, yaxınlaşma ola bilər. Bilirsiniz ki, Corc Buş zamanında Azərbaycanla münasibətlər strateji tərəfdaşlığa qədər gəlib çatmışdı. Lakin Barak Obama dövründə ABŞ-Azərbaycan münasibətləri həddən artıq soyumuşdu. İndi isə Tramp administrasiyası Cənubi Qafqaza diqqət yetirməyə başlayacaq. Burada elə əsas füqurun Boltonun özü olacağını düşünürəm. Region ölkəsi olaraq, Azərbaycanın mövqeyi Gürcüstan və Ermənistandan öndə olacaq”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər