• cümə, 26 Aprel, 19:26
  • Baku Bakı 22°C

ABŞ-ın irqi ayrı-seçkilik problemi

07.07.15 10:56 4546
ABŞ-ın irqi ayrı-seçkilik problemi
Amerika Birləşmiş Ştatları üçün insanların rəngi məsələsi həmişə problem olub. Quldarlığın ləğvindən 150 ildən çox vaxt keçməsinə baxmayaraq, irqi məsələ aktuallığını hər zaman qoruyub saxlayıb. İdarəetmədə üstünlük təşkil edən ağdərililər sanki onlarla eyni ölkənin vətəndaşı olan şəxslərə yuxarıdan aşağı baxmaq siyasətinə son qoya bilmirlər. Yəni bir növ bu, onların qanına işləyib. Hadisələrin gedişi isə bu insanlarda bu xəstəliyin sanki əlacsız olduğu qənaətinə gətirib çıxarır. İrqi ayrı-seçkiliyə artıq orta əsrlərin qalığı kimi baxıldığı bir dönəmdə Birləşmiş Ştatlar kimi bir dövlətdə bu, prioritet məsələyə çevrilir. Ən dəhşətlisi odur ki, XXI əsrdə - insanların dünyaya baxışlarının tam dəyişdiyi bir dövrdə ABŞ-da insanlar dərisinin rənginə görə öldürülür, döyülür və işgəncələrə məruz qalır. Dünya ölkələrinə insan hüquq və azadlıqlarından dərs keçən Dövlət Departamenti isə öz gözündə tiri görməyib başqasının gözündə çöp axtaran təsiri bağışlayır.
Çoxları hesab edirdi ki, qaradərili Barak Obama ABŞ prezidenti seçildikdən sonra ölkədə irqçilik məsələsi bir qədər səngiyəcək. Lakin bunun əksi oldu. Onun prezidentliyinin təkcə birinci müddətində ölkədə irqi zəmində 200-dən artıq cinayət hadisəsi baş verib. Bu və buna bənzər faktlar həddən artıq çoxdur. Ən dəhşətlisi isə Baltimor, Ferqyuson hadisələri zamanı üzə çıxdı. Belə hallar da artıq qaradərililərin səbir kasasının daşmasına gətirib çıxarır. Özü də vəziyyət o qədər gərginləşib ki, qaralar da ağlara qarşı nifrətlərini gizlədə bilmirlər. Bu kimi hallar isə sözsüz ki, bir gün özünün ən yüksək hədinə çatacaq.
Bu günlərdə isə ABŞ-da qeyri-adi insident yaşanıb. Belə ki, ötən gün Amerikanın Milli Azlıqlar Assosiasiyasının rəhbəri vəzifəsindən istefa verib. Özünü qaradərili kimi təqdim edən Reyçel Dolezal valideynlərinin onun qara olmadığını deməsindən sonra bu qərara gəlib. O, Vaşinqton ştatında yerləşən quruma 6 ay əvvəl sədr seçilmişdi. Mübahisələr Dolezalın valideynlərinin ağ olub-olmadığı barədə sualı cavablandırmaqdan imtina etməsi ilə başlayıb. Onun valideynləri bioloji qızlarının erkən yaşlarındakı sarısaç və üzü çilli şəkillərini ictimaiyyətə açıqlayıb. Larri və Rutann Dolezal bir neçə Afrika mənşəli amerikalı uşağı övladlığa götürüblər. Reyçelin qardaşları onun görünüşünü tədricən dəyişdirdiyini deyir. Qardaşları deyir ki, o, saçlarını və dərisinin rəngini dəyişməyə başlamışdı. Reyçel Dolezal qaradərili ilə ailə qurub, Vaşinqtonun əsasən qaraların təhsil aldığı Hovard Universitetini bitirib. O, universitetdə təhsil aldığı müddətdə ağ olduğu üçün ayrı-seçkiliyə məruz qalmasından şikayətlənirdi. Universitetin Afro-Amerika Araşdırmaları Mərkəzinin rəhbəri Qreq Karrın dediyinə görə, Reyçelin məsələsi irqçiliyə dair ciddi suallar qaldırıb. “Əgər o, ayrı-seçkilik ittihamı ilə universiteti məhkəməyə versəydi, ağ olduğu üçün bundan faydalana bilərdi. O, əksəriyyətin qara olduğu bir tədris ocağında oxuduğu üçün ayrı-seçkilik ittihamı ilə məhkəməyə müraciət edə bilərdi. Qanuni baxımdan bu, məqsədəuyğundur. Lakin siyasi və sosial baxımdan bunu qəbul etmək olarmı? Bu, başqa məsələdir. Bu, bizim ölkədə üzləşdiyimiz problemdir”. Qalmaqal başlandıqda 1908-ci ildə ağlar tərəfindən təsis edilən Milli Azlıqlar Assosiasiyası onun müdafiəsinə qalxıb.
Beləliklə, bu dəfəki hal ağdərili ilə bağlı olsa da, əksər hallarda qaradərililər insidentlərin qurbanına çevrilirlər. Məsələn, 18 yaşlı Maykl Braunu öldürən polislə bağlı yaşananlar hələ də yaddaşlardadır. Polisin məhkəmə qərarı ilə azadlığa buraxılmasından dərhal sonra ölkədə irqçilik əleyhinə etirazlar başlayıb. 120 şəhəri əhatə edən etirazlar nəticəsində 40-a yaxın nümayişçi həbs edilib. Braun ailəsi qətlin irqçilik zəminində baş verdiyini iddia etsə də, təhlükəsizlik əməkdaşı hadisə zamanı onun zorakılıq törətdiyini və üzərinə silah çəkməsini əsas gətirərək, atəş açdığını qeyd edib. Bir müddət əvvəl gənci öldürən Darren Uilson əməlinə görə Braunun ailəsindən və ümumilikdə afroamerikalı vətəndaşlardan üzr istəsə də, nəticəsi olmayıb. Klivlend ştatında isə polislər daha bir qaradərili 12 yaşlı oğlanı güllələyərək öldürüblər. Oyuncaq tapançanı əsl silah zənn edən polislər “cinayətkar”ın həyatına son qoyublar. Müşahidələr göstərir ki, Amerikada uzun fasilədən sonra ayağa qalxan afroamerikalılar bu dəfə daha izdihamlı aksiyalar keçirməklə ölkədə onsuz da zəif olan irqçiliklə bağlı sabitliyə son qoyacaqlar. Politoloqlar və müşahidəçilər hesab edirlər ki, Ferqyuson şəhərində baş verənlər ABŞ ictimaiyyətinə və dövlətinə ciddi mesajdır. Heç kim istisna etmir ki, Amerika polis dövlətidir və ölkədə sabitliyi qorumaq üçün polisə geniş səlahiyyət verilib. Hər bir ölkənin polisi onun cinayətkarlarına uyğun şəkildə formalaşır. Amerikada qaradərililərin yaşadıqları məhəllələrdə, küçələrdə cinayətkarlıq geniş yayılıb və xüsusilə ağır cinayətlər törədilir. ABŞ həbsxanalarında cəza çəkən məhbusların böyük əksəriyyəti qaradərililərdir. Bütün bunlar göstərir ki, Amerika polisi qaradərililərin məhəllələrində gücləndirilmiş rejimdə çalışır və şübhəlilərə qarşı amansızdır. Əvvəllər də belə hallar çox idi. Ancaq lokal şəkildə. Qeyd edilir ki, Obamanın hakimiyyətə gəlməsi qaradərililərə haqları uğrunda ayağa qalxmağa stimul verdi. Hətta müşahidəçilər Obamanı qınayırlar ki, onun administrasiyası qaradərililərlə bağlı istənilən məsələyə reaksiya verir. Ferqyuson və Baltimorda yaşanan hadisələr, ölkəni bürüyən etiraz aksiyaları sadəcə, iki qaradərilinin ölümünə deyil, on illərdir davam edən polis zülmünə və şiddətinə, zorakılığına, irqi ayrı-seçkiliyə qarşı idi. Belə vəziyyətin yaranmasında məhkəmələrin də rolu az deyil. Çünki ABŞ-da bir ağdərilini öldürən qaradərilinin edam edilmə ehtimalı qaradərilini öldürən ağdərilinin edam edilmə ehtimalından iki dəfə çoxdur. Bu cür yanaşma 15 ildən artıqdır davam edir. Qanunlar, qadağalar afro-amerikalılara qarşı daha sərt şəkildə tətbiq olunur. 2002-ci ildə Çikaqo Universitetinin apardığı araşdırmaya görə, Amerikada işəgötürənlər ağdərililərə nisbətən qaradərililərin müraciətinə 50 faiz az baxırlar. Beynəlxalq İnsan Haqları Təşkilatının hesabatına görə isə, ABŞ-da 2 milyondan artıq Afrika əsilli qaradərili seçkidə iştirak hüququndan məhrumdur. Ümumilikdə qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. Ən maraqlısı isə ABŞ-dakı etiraz aksiyalarında medianın roludur. Qətl hadisəsi baş verən kimi media vurulan adama, polisə və buna etiraz edənlərə önəm verir, yalnız bununla bağlı xəbərlər ard-arda ictimailəşdirilir. Lakin az müddət sonra hər şey sanki yoxa çıxır, unudulur. Misal üçün, Baltimordakı hadisələri götürək. Bir nəfər etirazçı göz altına alındı və öldürüldü. Ardından kütləvi etiraz aksiyaları başladı. Polislər müdaxilə etdi, həbslər oldu, bununla da media hekayəni bitmiş saydı. Halbuki Baltimorda yaşanan hadisələr, etirazı doğuran səbəb yalnız bir və ya iki nəfərin həbsi, öldürülməsi ilə əlaqədar deyil. Hadisələri bu səviyyəyə gətirib çıxaran səbəblər illərdir ki, var.
Kamran
banner

Oxşar Xəbərlər