• cümə, 26 Aprel, 16:36
  • Baku Bakı 23°C

ABŞ-ın İrana hərbi müdaxilə etmək ehtimalı çox azdır

02.05.18 20:00 1038
ABŞ-ın İrana hərbi müdaxilə etmək ehtimalı çox azdır
İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və altılıq ölkələri-Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də planBMTTəhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. Lakin 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib və gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib. Bu il aprelin 30-da isə İsrailin baş naziri Benyamin Netanyahu "Mossad”ın İranın nüvə arxivini bütünlüklə ələ keçirdiyini bildirib. Baş nazirin sözlərinə görə, arxivlə tanışlıq zamanı İranın nüvə silahı proqramından imtina etmədiyi, beynəlxalq ictimaiyyəti aldatdığı bir daha üzə çıxıb. Hökumət başçısı bu sənədlərin ABŞ-a, digər Qərb ölkələrinə təqdim olunduğunu vurğulayıb.
Bunun ardınca B.Netanyahu Fransa prezidenti Emmanuel Makron, ABŞ prezidenti D.Tranmp və Almaniya kansleri Angela Merkellə İran məsələsinə dair fikir mübadiləsi aparıb, eyni zamanda Rusiya prezidenti Vladimir Putinlə telefonda danışıb. Bunun ardınca İranın İsrailə qarşı müharibəyə başlayacağı barədə məlumatlar da yayılıb. Bildirilib ki, hətta İsrail hökumətinin təhlükəsizlik kabineti təcili olaraq "Kiriya” iqamətgahında toplaşıb və müharibəyə hazırlığı müzakirə edib. Bütün bunları nəzərə alan bəzi ekspertlər, ABŞ-ın İrana hərbi müdaxilə edəcəyi barədə fikirləri də gündəmə gətiriblər. Bəs, bu, mümkündürmü? ABŞ İrana qarşı hərbi əməliyyatlara başlaya bilərmi?

Politoloq Natiq Miri İsrail baş nazirinin son açıqlamasını qondarma, əvvəlcədən hazırlanmış bir oyun olduğunu diqqətə çatdıraraq, bunun İranı nüvə proqramından tamamilə əl çəkdirməyə hesablandığını vurğulayıb. O bildirib ki, min illik dövlətçilik ənənəsi olan bir ölkənin məxfi sayılacaq yarım tonluq sənədləri hansısa xarabalıqda, yaxud nəzarətsiz anbarda saxlaması barədə iddialar gülüncdür: "İstənilən dövlətdə belə məxfi sayılacaq sənədlər xüsusi xidmət orqanlarında qorunur, gizli saxlanılır. Ona görə də İsrail baş nazirinin elan etdiyi məlumatları əvvəlcədən planlaşdırılmış bir oyun kimi qəbul edirəm. Bununla İran və altılıq ölkələri arasında əldə edilən məlum razılaşmanı pozmaq istəyirlər. İstəkləri bu müqaviləyə yenidən baxmaq, orada bəzi müddəaları yeniləmək, bir sıra tələblər irəli sürməkdir. Çünki bu razılaşmada ABŞ və İsraili qane etməyən müddəalar var. Sözügedən sənədin müddəti 7 ildir. Bu 7 ilin ardınca İran müstəqil formada nüvə proqramını inkişaf etdirə biləcək. ABŞ və İsrail də buna görə narahatlıq keçirir. Sırf bu səbəbdən İran və altılıq ölkələri arasında imzalanmış müqaviləni təzələmək istəyirlər. Donald Trampın Emmanuel Makronu və Angela Merkeli ABŞ paytaxtına dəvət etməsinin əsas səbəbi də budur. Məqsəd onları müqaviləyə yenidən baxılması üçün razılığa gətirməkdir. Lakin bu proseslərdə İranı dəstəkləyən Çin və Rusiya kimi dövlətlərin olmasını da nəzərdən qaçırmaq olmaz”.

Politoloq bildirib ki, ABŞ və İsrail öz maraqlarına uyğun yeni razılaşmanın əldə edilməsinə, tamamilə fərqli sənədin hazırlanmasına cəhd edirlər: "Fikrimcə, İran qətiyyən bununla razılaşmayacaq. Çünki, bu sənəd dolayısı ilə İranın dövlət təhlükəsizliyini təhdid edəcəkdir. Bu da İranın dövlət maraqları ilə qətiyyən uzlaşmır. Bütün bunlara rəğmən, ABŞ-ın İrana hərbi müdaxilə etmək ehtimalı çox azdır. Amerikanın İsraillə birgə başlatdığı hazırkı prosesin məqsədi də İranla müharibə etmək deyil. ABŞ 2-3 cəbhədə müharibə aparmaq imkanına qadir deyil. Amerikanın 20 trilyon dollara qədər xarici və daxili borcu var. Trampın bütün iqtisadi və ticari layihələri ləğv edib onlara yenidən baxmasında məqsəd də dövlət büdcəsini doldurmaqdır. Belə olan halda, rəsmi Vaşinqtonun İrana uzunmüddətli müharibə elan etməsi və bu müharibəni idarə etməsi mümkünsüzdür. Bu məsələdə əsas tətikçi ölkə İsraildir. İsrail İranı özünün bir nömrəli düşməni hesab edir. Düşünür ki, İran hər zaman İsrail dövlətini yox etməyə çalışır. Ona görə də İsrail ABŞ kimi qüdrətli gücü rəsmi Tehran əleyhinə təşviq etməklə, İranı tamamilə zəiflətmək istəyir. Tel-Əviv hesab edir ki, İranın əlinə nüvə bombası keçərsə, ilk növbədə İsraili yox edə bilər. Ona görə də öz təhlükəsizliyini təmin etməyə çalışır”.

Siyasi şərhçi Vüqar Zifəroğlu da hesab edir ki, Vaşinqtonun Tehranla münasibətlərinin gərgin olmasına rəğmən, ABŞ-ın İrana hərbi müdaxiləsi gözlənilən deyil. O deyib ki, hazırda Yaxın Şərq böyük bir münaqişə ocağına çevrilib və belə olan halda əlavə bir münaqişənin də yaradılması heç kimə fayda gətirməz: "Belə bir fonda əlavə olaraq İrana hərbi müdaxilə edilməsi, olduqca mürəkkəb coğrafi və geosiyasi platformaya malik ölkədə hərbi münaqişəyə yol açılması çox ciddi fəsadlara səbəb ola bilər. Bundan yalnız ABŞ deyil, Avropanın özü də ziyan çəkər. Bu məqamda başqa ssenarilər işə düşə bilər ki, bunu da yaxın gələcəkdə biz daha aydın görə biləcəyik. Misal üçün, təxminən bir ay, ay yarım bundan əvvəl İranda dərvişlərlə bağlı bir proses başladı, qiyam oldu. Ardınca çadra məsələsi gündəmə gətirildi. Hal-hazırda da İranda demək olar ki, hər gün bir qadın çadraya etiraz etdiyinə görə həbs edilir. Əlavə olaraq etnik problemlər meydana çıxır. Bəllucistanda bəlluclarla, Əxvazda ərəblərlə çox ciddi konfliktlər yaşanır. Mümkündür ki, Qərb daha çox bu ssenariləri işə salsın, İranın daxilində problemlər yaratsın. Etnik, məzhəb, dini sektalarla bağlı müəyyən münaqişə variantları da ortaya atıla bilər. Dini, siyasi hüquqların qabardılması, qızışdırılması məsələsi gündəmə gətirilə bilər və sair. Qərb, xüsusən də ABŞ bütün bu və buna oxşar ssenarilərlə İran daxilində müəyyən proseslərin başlamasına, daha geniş vüsət almasına start verə bilər. Lakin birbaşa hərbi müdaxiləni ehtimal etmirəm”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər