• şənbə, 27 Aprel, 07:58
  • Baku Bakı 12°C

ABŞ-ın Azərbaycandakı ənənəvi qrant siyasəti

16.07.14 09:12 1126
ABŞ-ın Azərbaycandakı ənənəvi qrant siyasəti
USAID-ın (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycanda müstəqil medianın inkişafı üçün fantastik həcmdə - 2,4 milyon ABŞ dolları məbləğində qrant müsabiqəsi elan etməsi ciddi rezonans doğurub. Belə ki, bununla bağlı mətbuatda yayılan məlumatda elanın müddətinin çox qısa - 30 iyun - 7 iyul 2014-cü il tarixinə müəyyən edildiyi, eləcə də qrant elanının media və ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin olunmadığı xüsusi vurğulanır.
Belə ki, hətta ən təcrübəli QHT-lər də bir həftəyə 2,4 milyonluq nəhəng müsabiqə üçün layihə yaza bilməz. Bu elanı maraqlı edən başqa bir məqam isə bu barədə heç bir media qurumuna məlumat verilməməsidir. Başqa sözlə, ABŞ Azərbaycan mediasından xəbərsiz “Azərbaycan mediasının inkişafı üçün” qrant elan edib. Məlumatda qeyd olunur ki, USAID-in Azərbaycandakı ofisi bu elan barədə yalnız tenderdə qalib ola biləcək Qərb yönümlü bir neçə təşkilata təxminən bir ay əvvəldən məlumat verib. Şəffaflığın nümayiş etdirilməsi baxımından isə saytlardan birinin görünməyən yerində ictimailəşdirilməyən bir elan qoyub. Beləliklə də, elanda şəffaflıq prinspi pozulub, elan gizlin və xəlvəti şəkildə verilib. Qrant elanında qeyd edilir ki, bütün təşkilatlar bu elana ərizə ilə müraciət edə bilərlər. Amma bütün təşkilatlar deyərkən heç bir QHT və media qrumuna bu elan barədə öncədən məlumat verilməyib.
Əslində bu, ABŞ-ın Azərbaycandakı qrant siyasətində yeni deyildir. Bir müddət öncə «rəngli inqilablar» sahəsində ixtisaslaşmış ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyəti ilə bağlı yayılan məlumatlar da dünyanın fövqəldövləti adına iddia edən dövlətin Azərbaycandakı qrant siyasətinin heç də şəffaf olmadığını üzə çıxarmışdı. Diqqət yetirsək, Azərbaycanda fəaliyyət göstərən xarici donor təşkilatların əksəriyyəti ABŞ tərəfindən maliyyələşdirilir. Başqa sözlə desək, Azərbaycandakı QHT-lərə qrant ayıran donor təşkilatlar daha çox ABŞ-ın maraqlarının təmsilçisidirlər. Buna misal olaraq Milli Demokratiya İnstitutunu, Marşal Fondunu, Beynəlxalq İnkişaf Agentliyini, Demokratiyaya Dəstək Fondunu, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunu və s. göstərmək olar. Bu təşkilatların fəaliyyəti ilə bağlı kiçik bir araşdırma aparanda məlum olur ki, onlar daha çox müxalif fikirli QHT-lərə qrant ayırırlar. Onların ayırdığı pulların böyük əksəriyyəti radikal müxalifət partiyalarının peyk təşkilatı funksiyasını yerinə yetirən QHT-lərə çatır. Bunun üçün Ədliyyə Nazirliyi tərəfindən son 3 ildə qeydə alınmış qrant layihələri ilə bağlı məlumatlarla tanış olmaq kifayətdir. Hər zaman, xüsusilə, seçkilər ərəfəsində müxalifət düşərgəsi və onlarla əməkdaşlıq edən siyasiləşmiş QHT-lər xarici təşkilatların əllərində ən yaxşı siyasi vasitə kimi istifadə olunmaqdadırlar.
Daha dəqiq desək, Qərbin Azərbaycanda siyasi-iqtisadi maraqlarını təmin etmək istəyən bir sıra beynəlxalq təşkilatlar vasitə kimi məhz dağıdıcı müxalifət partiyalarından və onların peyk təşkilatı kimi formalaşmış QHT-lərdən bəhrələnməyə səy göstərirlər.
Məsələn, uzun illərdir ölkəmizdə fəaliyyət göstərən Milli Demokratiya İnstitutunun məqsədi guya müxalifətin fəaliyyətini «dünya standartları»na uyğunlaşdırmaq, yəni onlara demokratiya dərsi keçməkdir.
Ancaq nədənsə, adıçəkilən ABŞ təşkilatları, həmçinin, digər Qərb qurumları neytral mövqeyi ilə seçilən QHT-lərlə əməkdaşlığa can atmırlar. Hansı ki, Azərbaycanda kifayət qədər vətəndaş cəmiyyəti institutları, ictimai birliklər səmərəli işlər aparmaqda, layihələr keçirməkdədirlər. Qeyd edək ki, onların maliyyə hesabatları siyasiləşmiş qurumlardan fərqli olaraq şəffaf və demokratikdir.
Qanunvericilikdə göstərilir ki, QHT-lər, vətəndaş cəmiyyəti institutları, ictimai birliklər heç bir kommersiya və siyasi fəaliyyətlə məşğul ola bilməzlər. Lakin qanunvericiliyə məhəl qoymayan bəzi yerli təşkilatlar həm dağıdıcı müxalifətlə, həm də yuxarıda adları vurğulanan beynəlxalq təşkilatlarla əməkdaşlıqlar edir, onların təlimatlarını canla-başla gerçəkləşdirməyə səy göstərirlər. Əlbəttə ki, qrantlar, maliyyə donorlarının ayırdıqları vəsaitlər hesabına. Nəticədə Azərbaycan dövlətçiliyini təhlükə altına ala biləcək hadisələrə rəvac verən NİDA, RATİ, Media Hüququ İnstitutu kimi “təşkilatlar” qanun qarşısında cavab verməli olurlar.
Məsələn, aparılan araşdırmalardan məlum olub ki, Milli Demokratiya İnstitutunun son illərdə ayırdığı qrantlar öz çoxşaxəliliyi ilə radikal qurumlara sərf edilib. Xatırladaq ki, qrant verilən təşkilatlar ABŞ səfirliyi ilə dəqiqləşdirilir. Şübhə yoxdur ki, MDİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin hesabından çıxarılan 2 milyon dollardan artıq vəsait də məhz bu kimi təşkilatlara yönəldilib. ABŞ qrantı hesabına maliyyələşən yerli təşkilatlar ölkələrində insan hüquq və azadlıqlarının qorunması haqqında bəyanatlar verir, onların bu iddiaları, bəyanatları sonradan “Freedom House”, “Human Rights Watsh”, “Amnesti İnternational” və digər bu kimi insan haqları təşkilatların hesabatlarına daxil edilir.
Bax bu səbəbdən də xarici donorlar öz qrant müsabiqələrini şəffaf keçirməkdə maraqlı olmurlar. Bax bu səbəbdən də USAID-ın Azərbaycanda müstəqil medianın inkişafı üçün elan etdiyi qrant müsabiqəsi də qapalı saxlanılıb. Belə olmasaydı, onda ölkənin digər media quruluşları və jurnalist təşkilatları da bu müsabiqədə iştirak etmək arzusunu ifadə edə bilərdi. Bu isə qrant ayıranların marağında deyil. Çünki onlarda hər şey məqsədlidir.
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər