• cümə, 26 Aprel, 22:42
  • Baku Bakı 22°C

ABŞ-dan Ermənistana sərt sillə

01.08.19 17:00 10017
ABŞ-dan Ermənistana sərt sillə
Nikol Paşinyan hökumətinin tək daxili siyasətdə deyil, xarici siyasətdə də fiaskoya uğradığı göz önündədir. Artıq Ermənistan hakimiyyətinin uğursuzluqları sırasına daha birini də əlavə etmək olar. Birləşmiş Ştatlar Paşinyan hökumətinə maliyyə yardımının azaldılması barədə qərar qəbul edib. "Qolos Armenii” yazır ki, 2020-ci ildə Birləşmiş Ştatların Ermənistana xarici yardımı cəmisi 6,75 mln. dollar təşkil edəcək. Məhz bu həcmdə yardım "Foreign Assistance” (Əcnəbi yardım) xətti ilə işğalçı dövlətə ayrılacaq. Amerika Tədqiqatları Erməni Mərkəzinin amerikanşünas əməkdaşı, politoloq Suren Sarkisyan bildirib ki, indiyə qədər ən böyük yardım 2011-ci ildə olub. Müqayisə üçün o, aşağıdakı rəqəmləri də misal çəkir: 2017-ci ildə bu rəqəm 26, 2016-cı ildə isə 23 mln. dollar təşkil edib. Gələn il üçün ayrılan vəsaitin 100 min dolları təhsil, 800 mini iqtisadi inkişafa ayrılacaq. Vəsaitin praktiki olaraq yarısı - 3 mln. dolları demokratiya və insan haqlarına dəstəyə ayrılacaq. Bir milyon yarım isə proqramların reallaşması üçün nəzərdə tutulub. Sarkisyanın sözlərinə görə, indiyə qədər "Foreign Assistance" xətti ilə ən çox vəsait 2011-ci ildə ayrılıb. O zaman bu vəsait 45 mln. dollar təşkil edib. Onun sözlərinə görə, 6,75 mln. dollar xarici dəstək büdcəsi çərçivəsində ayrılıb: "Düzdür, ola bilsin, hansısa bir əlavə paket olsun, lakin hələ ki, bu məsələdə irəliləyiş yoxdur”.
"Qolos Armenii” yazır ki, son ildə Birləşmiş Ştatlar tərəfindən maliyyə yardımı kifayət qədər azalmağa doğru gedir. 2017-ci illə müqayisədə isə praktiki olaraq dörd dəfə azalma müşahidə olunur. "Biz bunun səbəbləri ilə bağlı Suren Sarkisyanın fikirlərini öyrənməyə çalışdıq. Görəsən səbəblər nədir - erməni lobbi təşkilatlarının aktivliyinin və yaxud təsirinin aşağı düşməsi, Ermənistana və yaxud konkret olaraq indiki hakimiyyətə qarşı münasibətin dəyişməsi baş verirmi? Ya da ola bilsin Tramp administrasiyasının regional prioritetləri dəyişir”, -deyə "Qolos Armenii” sual verir. Sarkisyanın sözlərinə görə, həqiqətən də Donald Tramp hakimiyyətə gəldikdən sonra Birləşmiş Ştatların xarici siyasət prioritetlərində bir çox şeylər dəyişib. "Nəticədə bizim region, eləcə də, Ermənistan hər hansı bir nöqteyi-nəzərindən artıq prioritet hesab edilmir. Məhz bundan çıxış edərək xarici yardım büdcəsi də hazırlanır. Trampın gəlməsi ilə də bu büdcə ixtisar olunub. Bu, ilk növbədə "Amerika hər şeydən vacibdir” konsepsiyasının əks olunmasıdır. İndiki administrasiya üçün bu, sadəcə söz deyil - gündəlik işlə təsdiq olunan mövqedir, prinsipdir”, - deyə politoloq bildirib. O ki qaldı lobbiçilik fəaliyyətinə, Sarkisyan bildirib ki, vəziyyəti mürəkkəbləşdirən hal odur ki, erməni lobbi təşkilatları adətən Konqres və Ağ evdə Demokrat Partiyasının nümayəndələri ilə işləməyə öyrəşiblər: "Başa düşmək lazımdır ki, bizim lobbiçilər üçün respublikaçılarla işləmək bir qədər çətindir. Ənənəvi olaraq erməni icması əsasən demokratların seçildikləri ştatlarda aktivdirlər. Təbii ki, bu çətinliklər də lobbi təşkilatlarının effektiv iş aparmalarına mane olur”.
Belə götürəndə, erməni politoloqun fikirlərində müəyyən həqiqət də var. Həqiqətən də respublikaçılar hakimiyyətdə olan zaman Ermənistana maraq və yardımların sayı azalır. Səbəb də odur ki, respublikaçılar dövlətlərin ərazi bütövlüyünün qorunmasının tərəfdarı, işğal siyasətinin əleyhinədirlər. Adi bir misal, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton regiona son səfəri zamanı verdiyi açıqlama ilə ermənilərin əməllicə xətrinə dəymişdi. Trampın, regionda siyasətinin formalaşmasında böyük rol oynayan Bolton, Ermənistanın işğal etdiyi ərazilərdən çıxmalı olduğunu bəyan etmişdi. Bundan əlavə, o bildirmişdi ki, Paşinyandan, parlament seçkilərindən sonra Dağlıq Qarabağ probleminin nizamlanması üzrə təşəbbüsçü addımlar gözləyirlər. Bolton eyni zamanda Ermənistandan, Rusiya ilə yanaşı, Amerika silahını almağı da bir növ tələb etmişdi. Boltonun "biz hesab edirik ki, silahlarımız Rusiya silahlarından daha yaxşıdır” fikri isə Yerevanda ciddi narahatlıq doğurmuşdu. Görünən odur ki, bu müddət ərzində qeyd olunan məsələlər ətrafında hər hansı bir irəliləyiş qeydə alınmayıb. Bu gün də yardımların azaldılmasının səbəblərini bunlarda axtarmaq gərəkdir.
O da qeyd olunmalıdır ki, ABŞ hökuməti üçün Paşinyan hakimiyyəti ilə əvvəlki arasında heç bir fərq yoxdur. Müstəqil xarici siyasət yürüdə bilməməsi, yenə də Rusiyanın forpostu kimi qalması və s. məsələləri də bura daxildir. Bundan əlavə, Vaşinqtonun narazılığına baxmayaraq, Ermənistanın, Suriyada rus hərbi kontigentinə kömək məqsədilə hərbi heyət göndərməsi də ABŞ-ın yadından çıxmayıb. "Sputnik Armeniya”ya açıqlamasında diaspora məsələləri üzrə komissar Zare Sinanyan da yardımın azaldılmasına səbəb kimi Ermənistanın Rusiya ilə Suriyada əməkdaşlığını göstərib. "Biz Suriyada Qərbin dəstəyini alan çox güclü bir icmadan məhrum olmuşuq”, - deyə o bildirib.
Bir faktı da qeyd edək ki, ABŞ tək Ermənistana deyil, separatçı DQR rejiminə də maliyyə yardımını azaldıb. Amerika Erməni Milli Komitəsinin yaydığı məlumata görə, ABŞ hökuməti iki ay ərzində marionet rejimə maliyyənin dayandırmağı planlaşdırır. Özü də Ermənistan tək ABŞ-dan deyil, erməni lobbisinin ən güclü fəaliyyət göstərdiyi Fransadan da zərbələr alır. Rəsmi Paris bu yaxınlarda separatçı Dağlıq Qarabağ Respublikasına yardım ayrılması barədə xartiyanı ləğv edib. Beləliklə də, ABŞ-ın separatçıları maliyyələşdirməsinin azaltması planı həqiqətən də ermənilər üçün çox ciddi bir siyasi mesajdır. Artıq Fransadan sonra ABŞ-da da erməni "qalası” ciddi məğlubiyyətlə üzləşir. Sözsüz ki, bütün bunlar Azərbaycan diplomatiyasının uğurlu siyasət aparmasından xəbər verir. Ermənistan anlamalıdır ki, uğursuzluqlardan qurtulmağın yeganə yolu işğal altında olan Azərbaycan torpaqlarını azad etməkdir. Nə qədər ki, işğal siyasətinə son qoymayıb, uğursuzluqlar seriyası davam edəcək.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər