• cümə, 26 Aprel, 11:44
  • Baku Bakı 12°C

ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı Bakıda dinləmələr keçirilib

15.01.15 17:43 1505
ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı Bakıda dinləmələr keçirilib
“Son günlər, son aylar ABŞ-da bir sıra dövlət qurumları, dövlət institutları Azərbaycanla bağlı çox qərəzli, həqiqəti əks etdirməyən bəyanatlarla çıxış edirlər. Bütün bunlar ABŞ-ın Azərbaycanla strateji əməkdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən addımlardır. Bu, yalnız bizim dövlət qurumları tərəfindən etirazla qarşılanmır, eyni zamanda Azərbaycan ictimaiyyəti tərəfindən də qətiyyətlə rədd edilir”. Bu fikirləri ötən gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən “ABŞ-da insan hüquqlarının vəziyyəti, ölkənin xarici siyasətinin paradoksları” mövzusundakı dinləmələrdə Şuranın sədri, millət vəkili Azay Quliyev bildirib.
O, qeyd edib ki, bu qərəzli bəyanatlarla bağlı Azərbaycan ictimaiyyətində ciddi narahatlıq var. Şura sədrinin sözlərinə görə, qeyri-hökumət təşkilatları tərəfindən rəhbərlik etdiyi quruma bu barədə çoxsaylı müraciətlər daxil olduğundan, belə dinləmələrin keçirilməsi zəruri sayılıb: “Gəlin baxaq görək, ABŞ-da insan haqları nə vəziyyətdədir və Azərbaycanla bağlı belə bəyanatlar səsləndirməyin hansı əsasları var. ABŞ-da irqi və dini zəmində insan haqları pozulur. Bir halda ki, Quantanamoda insan haqlarına qara ləkə olan həbsxana fəaliyyət göstərir, Ferqussonda insan haqları pozulur, nə üçün ABŞ-ın beyin mərkəzləri Azərbaycanı bu mövzuda hədəf seçir, təzyiq göstərirlər? Azərbaycan strateji tərəfdaş kimi bütün öhdəlikləri yerinə yetirib, amma fərqli münasibətlə qarşılaşıb. Azərbaycan apardığı müstəqil xarici siyasətlə həm milli maraqların, həm də ümummilli maraqların qorunması istiqamətində öz töhfəsini bu gün də verməkdə davam edir. Belə olan halda, bizə qarşı hətta geosiyasi nöqteyi-nəzərdən iradların tutulmasını, Azərbaycanın geosiyasi xəttində guya dəyişikliyin olması barədə yersiz ittihamları qəbul edə bilmərik. Hazırda Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvlüklə bağlı strateji qərar qəbul edib, çox ciddi siyasi kurs dəyişikliyi edib, əks istiqamətə geosiyasi addım atıb, amma ABŞ-da buna hər hansı etiraz, təzyiq olmayıb. ABŞ-da insan haqları və siyasi məhbus problemlərindən danışan bəzi təşkilat rəhbərləri, dövlət rəsmiləri nədənsə Ermənistanda QHT-lərin 78 nəfəri, Gürcüstanda QHT-lərin 102 nəfəri siyasi məhbus elan etməsinə əhəmiyyət vermirlər. Lakin Azərbaycanda ayrı-ayrı qanun pozuntuları ilə bağlı dövlətin atdığı hər hansı adekvat addıma siyasi don geyindirilir, sərt münasibət sərgilənir. ABŞ-ın ölkəmizdəki sabiq səfiri Riçard Kozlariç, Makkeyn İnstitutunda İnsan Haqları və Demokratiya məsələləri üzrə direktor Devid Kramer diplomatik etikadan kənar, Vyana konvensiyasının tələblərinə zidd olaraq Azərbaycana qarşı açıq çağırışlarda bulunurlar. Guya biz, onların arxasında dayanan qüvvələrdən xəbərdar deyilik? Keçmiş dövlət məmuru olaraq, onlar heç zaman özbaşına bu cür çağırışlar edə bilməzlər. Bəzi qüvvələr ABŞ-ın keçmiş diplomatlarının dilə ilə Azərbaycana mesajlar verməyə çalışırlar”.
A.Quliyev Prezident İlham Əliyevin daxili və xarici siyasətinə də toxunaraq deyib ki, bu siyasət yalnız Azərbaycanın milli maraqlarına söykənir: “Azərbaycan hər hansı bloka qoşulmamaq niyyətini açıq şəkildə bəyan edib. Azərbaycan bütün hallarda özünün milli maraqlarını qoruyur. Bu siyasət bundan sonra da davam edəcəkdir. Bu cür təzyiqlər və ya ABŞ-da keçirilən hər hansı dinləmələr Azərbaycanın kifayət qədər sağlam, milli maraqlara söykənən, prinsipial xarakter daşıyan xarici siyasi kursuna heç bir təsir göstərə bilməz”.
Deputat Zahid Oruc “ABŞ-da etnik, irqi və dini zəmində ayrı-seçkilik: ksenofobiya və islamofobiya təzahürlərinin güclənməsi” mövzusunda çıxışında Amerikada insan haqları ilə bağlı dinləmələrə təsir göstərən tezisləri dilə gətirib. Bildirib ki, bir çoxları ABŞ-dakı insan haqlarının vəziyyətindən danışmağa üstünlük vermir, bunu soyuq müharibənin qalığı, o dövrün dəbi kimi qiymətləndirir, indi bunu etməyin düzgün olmadığını söyləyirlər. Deputatın fikrincə, bu, çox yanlış baxışdır: “Bəzi adamlar isə bu barədə danışmağı karyera itkisi kimi dəyərləndirirlər. Ən nəhayət, bəzi adamlar bu barədə fikirlərini dilə gətirməkdən sadəcə olaraq qorxurlar. Ehtiyat edirlər ki, onların üzərinə müxtəlif yarlıqlar yapışdırılacaq, İran, Rusiya və digər dövlətlərə meyillilikdə günahkar bilinəcəklər. Yaxud elə təsəvvür var ki, əgər ABŞ tənqid olunursa, özünün geopolitik sistemində dəyişiklik etmək istəyir. Qeyd edilənlərin hamısı yanlış yanaşmalardır”.
Millət vəkili illər öncə ABŞ-ın siyasi və sosial həyatında baş verən önəmli prosesləri də diqqətə çatdırıb. Bildirib ki, ötən əsrdə olduğu kimi, indi də ABŞ-da ağ və qaraların problemi var. Onun sözlərinə görə, Barak Obamanın dərisinin rəngi ABŞ-da irqi ayrı-seçkiliyi aradan qaldırmayıb: “Amerikada polisin qeyri-adekvat güc tətbiq etməsi də var. Sosial problemlər özünü göstərdiyi təqdirdə, bu, aydın üzə çıxır. 11 sentyabr hadisəsindən sonra isə ABŞ-da yaşayan müsəlmanlar islamafobiyadan əziyyət çəkirlər”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət “Cəmiyyət üzərində total nəzarət sistemi: şəxsi həyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması” mövzusunda çıxışında 4-cü müddətə ABŞ-a prezidentlik edən Franklin Delano Ruzveltin 19 dekabr 1941-ci ildə xüsusi fərmanla senzura idarəsi qurmasına diqqət çəkib. Bildirib ki, bu idarə müstəsna səlahiyyətlərə sahib olub: “Qurum 1945-ci ilin avqust ayına qədər fəaliyyət göstərdi. Senzura İdarəsinin işi sadəcə media üzərində nəzarəti həyata keçirmək deyildi. Bu idarəyə həm də səlahiyyət və tapşırıq verilmişdi ki, ABŞ-ın istər daxili sərhədlərini, istərsə də beynəlxalq sərhədlərini keçən hər bir adi məktub belə açılaraq mütləq incələnməlidir. Bu isə ABŞ Konstitusiyasına 1-ci əlavə ilə (1791, 15 dekabr) daban-dabana zidd idi. ABŞ buna bənzər senzura və medianın işinin əngəllənməsini sonrakı illərdə də davam etdirib və bu gün belə həmin ölkədə jurnalistlər, sadə insanlar ifadə azadlığından tam istifadə edə bilmirlər. ABŞ bizə təbliğ edildiyi kimi insan hüquq və azadlıqlarının mübaliğəsiz təmin edildiyi ölkə deyil. Əksinə, bu ölkədə bu hüquq və azadlıqlar, o cümlədən ifadə və media azadlığı demək olar ki, hər gün kobud şəkildə pozulmaqdadır”.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru Elman Nəsirov “Leqal korrupsiya və lobbiçilik - ABŞ siyasi sisteminin əsas elementlərindən biri kimi” mövzusunda çıxışında Amerikanın keçmiş prezidenti Kulliçdən sitat gətirib, ABŞ-da amerikalıların işinin biznesdən ibarət olduğunu vurğulayıb. Deyib ki, böyük məbləğdə pul qarşılığında insanlar bu ölkədə pulun fövqündə deyil, ondan aşağıda dayanırlar: “Bu halda söhbət ABŞ-da korrupsiya faktından gedir. Əslində ABŞ-da korrupsiya leqal korrupsiyadır. Amerikada çox az-az hallarda başqa ölkələrdə rast gəlinən ənənəvi korrupsiya faktlarını müşahidə etmək olar. Bu ölkədə qanuni çərçivədə, hüquqi müstəvidə korrupsiya reallaşdırılır. Misal üçün, Prezident Barak Obamanın seçki kampaniyasına iri məbləğdə pul xərcləyənlər sonradan xərclədiyi pulun həcminə görə müxtəlif ölkələrə səfir getmək şansı qazanıblar. 2014-cü il noyabrın 4-də ABŞ Konqresinə keçirilən aralıq seçkilərindən sonra Vaşinqton Universitetinin professoru Aylin Lixmen də Dövlət Departamentində jurnalistlər qarşısında çıxışında bu faktı təsdiqləyərək deyib ki, ABŞ-da korrupsiya leqaldır. Ardınca bəyan edib ki, Konqresə keçirilən aralıq seçkilərə ABŞ 4 milyard dollar vəsait xərcləyib. Bunun səbəbi odur ki, hələ 2010-cu ildə ABŞ-ın Ali Məhkəməsi deputatlığa namizədliyini irəli sürən şəxslərə korporasiyaların, şirkətlərin istənilən miqdarda maliyyəsindən istifadə etməyə icazə verib. Yəni, çox böyük pullar müqabilində namizədlər deputat seçilir. Deputat seçilən şəxs isə bununla müəyyən öhdəliklər götürmüş, sonrakı fəaliyyətində pul xərcləyənin məqsədlərinə xidmət etmiş olur. İngilis yazıçısı Mark Tvenin fikrincə desək, ABŞ Konqresi sonuncu cinayətkar sinifdir”.
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov “ABŞ-ın müstəqil siyasət yürüdən ölkələrə təzyiq vasitələri: insan hüquqları ilə manipulyasiya, rəngli inqilablar, hərbi müdaxilə və onların fəsadları” mövzusunda çıxış edib. O, 1991-ci ildə SSRİ-nin süqutundan sonra ABŞ-ın dünyada tək fövqəlgüc olaraq qaldığını, bundan irəli gələrək XX əsrin son və XXI əsrin ilk onilliklərində Amerikada başgicəllənmə baş verdiyini vurğulayıb: “ABŞ-ın dünyada həyata keçirdiyi siyasətə qarşı hər hansı maneə yox idi. Bu dövrdə Amerika tərəfindən beynəlxalq siyasətdə, həmçinin beynəlxalq münasibətlərdə və hüquqda kobud pozuntu hallarına yol verildi. Bu isə presedent təşkil etdi. 2010-cu ildən sonra bir neçə regional dövlətlər bundan istifadə edərək beynəlxalq hüquqa, beynəlxalq münasibətlərə çox ciddi zərbə vurdular”.
AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın mövqeyi: ikili standartlar siyasəti” mövzusunda çıxış edib. Bildirib ki, soyuq müharibə dövründə dünya ölkələri və xalqları ABŞ-a hörmət edirdilər, inanırdılar, rəğbət bəsləyirdilər, gözləyirdilər, indi isə bunları etmirlər. Deputatın fikrincə, buna səbəb ABŞ-ın ikili standartlar siyasətidir: “Bu siyasət Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də özünü göstərməkdədir. 1990-cı illərin əvvəllərində İraq Küveytə müdaxilə edən zaman ABŞ dərhal reaksiya verir, müharibəyə başlayır, İraq Küveytdən vurulub çıxarılır. Ermənistan həmin dövrdə Azərbaycana hərbi təcavüz etməsinə, Naxçıvanı blokadada saxlamasına baxmayaraq, ABŞ buna biganə qalır, üstəlik, 1992-ci ilin payızında ölkəmizə qarşı azadlığa dəstək aktına 907-ci düzəlişi tətbiq edir. ABŞ Yuqoslaviya və Liviyaya qarşı BMT Təhlükəsizlik Şurasının qətnamələrini gözləmədən dərhal hərbi müdaxilə etdi. Lakin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsi olmasına baxmayaraq, bu sənədlərdə əks olunan tələblərin reallaşmasına səy göstərmir. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ABŞ Əl-Qaidə terror təşkilatı ilə mübarizə adı altında Əfqanıstana müdaxilə etdi. Amma Ermənistanın Azərbaycana qarşı 32 dəfə terror aktı törətməsinə heç bir reaksiya verilmir”.
Qeyd edək ki, dinləmələrdə millət vəkilləri Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Fəzail Ağamalı, Fərəc Quliyev, Məlahət İbrahimqızı, Rəfael Hüseynov, Asim Mollazadə, Aydın Mirzəzadə, İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və başqaları da çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər